Mart ayının sonuna Mərkəzi
Bankın xarici valyuta ehtiyatları 4 milyard 65 milyon dollar olub.
Bu əvvəlki ayla müqayisədə 39,5 milyon dollar və ya 1 faizə yaxın
artım deməkdir.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov
yazıb. Ekspertin sözlərinə görə, MB-nin valyuta ehtiyatlarını
qoruyub saxlaması ötən ay hərraclarda Dövlət Neft Fondunun dolları
təklif etməsi ilə bağlıdır:
"Hərraclara qatılmayan MB öz valyuta ehtiyatlarını qoruyub
saxlaya bildi. Eyni zamanda, Azərbaycanda dövriyyədə olan manat
kütləsi 6 milyard 535,8 milyon manata çatıb. Bu, fevral ayının
yekunu ilə müqayisədə 147,3 milyon manat çoxdur. Deməli, bir
tərəfdən MB-nin xarici valyuta ehtiyatlarında, digər tərəfdən isə
manat bazasında cüzi artımlar baş verib".
V.Bayramov son hərraclarda Dövlət Neft Fondunun satışa çıxardığı
dollara tələbin olduqca az olmasına diqqət çəkib:
"Hətta son hərracda fond 100 milyon dollardan cəmi 1 milyon
dolları sata bilmişdi. Bu isə dollarlaşma səviyyəsinin yüksək
olması və bazarın xarıcı valyuta təklifi nəticəsində hərraclara
çıxarılan pula tələbin olmaması ilə bağlıdır. Amma Dövlət Neft
Fondu öz xərcləmələri üçün dollarını manata çevirməlidir. Başqa cür
öz xərcləmələrini, o cümlədən, büdcəyə köçürmələri edə bilməz.
Banklar isə həmin pulu almırlar. Deməli, proses belə gedə bilməz.
Bütün hallarda Fondun dolları satılmalıdır. Banklar dollar almadığı
halda isə manata malik olan digər qurum MB-dir. Belə olan halda isə
güman olunur ki, baş bank növbəti hərraclarda artıq xarici valyuta
satışını deyil, dollar alışını həyata keçirəcək. Bu isə
manat-dollar məzənnəsinin yenidən stabilləşməsinə gətirib çıxara
bilər. Çünki bu halda dollara yenidən tələb formalaşacaq. Əgər MB
hərraclara mütəmadi alıcı qismində çıxarsa, bu, manatın
məzənnəsindəki möhkəmlənmələrin dayanmasına səbəb olacaq. Hətta bu,
yenidən dolların bahalaşmasına gətirib çıxara bilər. Bu, Mərkəzi
Banka öz xarici valyuta ehtiyatlarını artırmaq və manat bazasını
genişləndirmək imkanı verəcək. Manat bazasının artması isə yenidən
bazarda dollara tələbin yüksəlməsi deməkdir".