Mərkəzi Bankın İdarə Heyəti "Azərbaycan Respublikasının
Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi
Qaydaları"nı təsdiq edib.
APA-nın məlumatına
görə, bu qaydalar Mərkəzi Bank tərəfindən Azərbaycanda fəaliyyət
göstərən banklara kreditlərin verilməsi qaydalarını müəyyən
edir.
Mərkəzi Bank banklara 3 növ - yenidənmaliyyələşdirmə, sonuncu
instansiya və məqsədli kreditlər verir. Yenidənmaliyyələşdirmə
kreditləri banklara 30 günədək, 360 günədək və 360 gündən yuxarı
müddətə verilə bilər. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri
Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə
verilir. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri birbaşa və ya
dolayı hərraclar vasitəsilə verilir. 30 günədək
yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə
faiz dərəcələri dəhlizinin yuxarı həddi arasında müəyyən edilmiş
faiz dərəcəsi ilə verilir. Yenidənmaliyyələşdirmə kreditləri
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş
qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında
yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro
və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər
qismində aktivlərlə təmin olunmalıdır. 30 günədək
yenidənmaliyyələşdirmə kreditləri birdəfəlik kredit formasında
verilir və müddəti uzadılmır. Təminat hərracın keçirildiyi gündən 5
iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina
olunur. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi
Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 360
günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot
dərəcəsi ilə verilir. 360 günədək verilən yenidənmaliyyələşdirmə
kreditləri dövlət zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən
siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın
internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda
ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir
hesablarındakı vəsaitlər, daşınmaz əmlak və qızıl külçə formasında
bank metalı qismində aktivlərlə təmin olunmalıdır. Makroiqtisadi
vəziyyət nəzərə alınmaqla 360 gündən yuxarı müddətədək
yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Bu növ kreditlərin
verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul
edilir. Belə kreditlərin verilməsi şərtləri hər bir halda Mərkəzi
Bankın İdarə Heyətinin qərarı ilə müəyyən edilir.
Mərkəzi Bank bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması
və likvidlik çatışmazlığı hallarında Maliyyə Bazarlarına Nəzarət
Palatasının müraciəti əsasında banklara 6 aydan artıq olmayan
müddətə sonuncu instansiya kreditləri verə bilər. Mərkəzi Bank
müraciət daxil olduqdan sonra 2 iş günündən gec olmayaraq kreditin
verilib-verilməməsi barədə qərar qəbul edir. Mərkəzi Bankın İdarə
Heyəti sonuncu instansiya kreditinin verilməsinə dair qərar qəbul
edərkən pul siyasəti hədəfləri, kreditin məbləği, müddəti və ödəmə
qrafikini nəzərə alır. Sonuncu instansiya kreditləri Mərkəzi Bankın
uçot dərəcəsi ilə verilir. Sonuncu instansiya kreditinin verilməsi
forması, müddəti və ödəniş şərtləri Mərkəzi Bankın İdarə Heyəti
tərəfindən müəyyən olunur. Sonuncu instansiya kreditləri dövlət
zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq
olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet
saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ
dolları, Avro və İngilis funt sterlinqində olan müxbir
hesablarındakı vəsaitlər, daşınmaz əmlak və qızıl külçə formasında
bank metalı qismində aktivlərlə təmin olunmalıdır. Sonuncu
instansiya kreditinin verilməsi üçün barəsində müraciət olunan
bankın sistem əhəmiyyətini və sektorun maliyyə sabitliyinin
qorunmasına təsirini nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 6
aydan artıq olmayan müddət çərçivəsində digər şərtlərlə də sonuncu
instansiya kreditinin verilməsi barədə qərar qəbul edə bilər.
Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin
maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə
dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında
banklara məqsədli kreditlər verə bilər. Məqsədli kredit üzrə borc
öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti
yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi
Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə
həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq
həmin qiymətli kağızları ilkin bazarda əldə edir. Banklara
kreditlər birdəfəlik və ya kredit xətti formasında verilir. Mərkəzi
Bank tərəfindən kreditin faiz dərəcəsinin elan olunması üsulu ilə
həyata keçirilən hərrac birbaşa hərrac, Mərkəzi Bank tərəfindən
veriləcək kreditin ümumi məbləğinin elan olunması üsulu ilə həyata
keçirilən hərrac dolayı hərracdır. Faiz dərəcələri dəhlizi Mərkəzi
Bankın açıq bazarda apardığı əməliyyatlar üzrə faiz dərəcələrinin
müəyyən olunmuş aşağı və yuxarı həddi arasında dəhlizdir.
Kredit hərraclarının keçirilmə tezliyi və forması, hərraca
çıxarılan kreditlərin həcmi, müddəti və birbaşa hərrac üzrə faiz
dərəcələri Mərkəzi Bankın daxili reqlamentinə uyğun olaraq müəyyən
edilir. Kredit hərracının keçirilməsinə dair məlumat hərracın
keçirildiyi gündən ən azı 3 iş günü əvvəl Mərkəzi Bankın internet
səhifəsində elan olunur. Birbaşa hərracda banklar tərəfindən
verilmiş sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq
olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca
çıxarılan məbləğdən artıq olduqda sifarişlər mütənasib qaydada
təmin edilir. Dolayı hərracda banklar tərəfindən verilmiş
sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olmadıqda
sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca çıxarılan
məbləğdən artıq olduqda, daha yüksək faiz dərəcəsi ilə verilən
sifarişlər ardıcıllıqla təmin olunur. Dolayı hərracda eyni faiz
dərəcəsi ilə verilmiş sifarişlər mütənasib qaydada təmin
edilir.
Kreditlər üzrə təminat predmetinin kredit öhdəliyinə (əsas və faiz
borcu) nisbəti ən azı aşağıdakı kimi olmalıdır:
- Dövlət zəmanəti və dövlət qiymətli kağızları - 100%;
- Müxbir hesablardakı vəsaitlər, dövlət qiymətli kağızları istisna
olmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq
olunmuş qiymətli kağızlar və qızıl külçə formasında bank metalı -
110%;
- Daşınmaz əmlak - likvid qiymətinin 150%-i.
Təminat qismində təklif edilən daşınmaz əmlak barədə müstəqil
qiymətləndiricinin rəyində təminatın bazar və likvid qiyməti
göstərilməlidir.