Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix
İnstitutu elmi işlər üzrə direktor müavini, dosent Tofiq Nəcəflinin
millət vəkili Fazil Mustafanın fikirlərinə qarşı olan məqaləsini
yayıb.
Axar.az sözügedən məqaləni təqdim edir:
Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.
Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa
başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan
xalqı bu ərazidə zəngin və özünə məxsus mədəniyyət və dövlətçilik
ənənələri yaratmışdır. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi
kimi, "... Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan
vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi,
zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə,
həm də bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə
yanaşmalıdır".
Təəssüflər olsun ki, xalqın yaddaşında yüz illər ərzində özünə
layiqli yer tapmış zəngin dövlətçilik tariximizə, görkəmli dövlət
xadimlərimizə, tarixi şəxsiyyətlərimizə qara yaxmaq niyyəti güdən,
tarixçilərimizi aşağılayıcı ifadələrlə təhqir etmək yolunu tutan,
tarix yaddaşı kasad olan, məsuliyyət hissini itirmiş insanlar
Azərbaycanda hələ də rəsmi tribunalardan, kütləvi informasiya
vasitələrindən istifadə edərək xalqa tarix dərsi keçməkdədirlər.
Özünü "tarixçi" kimi qələmə verən, Azərbaycan Səfəvi dövləti
tarixinin bütün məsələlərinə "həvəskar" (əslində diletant)
"tarixçi" mövqeyindən yanaşdığını nümayiş etdirən belə insanlardan
biri də millət vəkili Fazil Mustafadır.
F.Mustafa "Teleqraf.com" müxbirinə 19 sentyabr tarixli
müsahibəsində Azərbaycan Səfəvi dövləti tarixinin bütün
məsələlərinə öz "tarixçi" baxışı ilə yanaşaraq Azərbaycan
türklərinin orta çağlarda yaratdığı möhtəşəm imperiyanın qurucusu
Şah İsmayıl Xətaiyə və onun ulu babalarına, bu dövlətin Azərbaycan
tarixindəki roluna açıqdan-açığa qərəzli mövqe nümayiş etdirməkdən
çəkinməmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin 2012-ci ilin dekabrında erməni
təbliğatına xidmət göstərən bu cür şəxslərə ünvanlanmış "Şah
İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı məqaləsində
qeyd etdiyi kimi, "öz keçmişimizə tənqidi münasibət bildirərkən
həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə
dərəcədə həmrəy yaşayırsa, o özü ilə də eyni dərəcədə həmrəy
yaşayır deyənlər haqlıdırlar. İnsan öz keçmişini inkar edəndə və
onu pisləməyə başlayanda fəlakət yaranır. Öz keçmişindən məhrum
olan insan mənəvi boşluq dilində danışmağa başlayır. O, nəsillərin
varisliyindən kənarda qalır, bununla da nəinki tarixin vəhdətini,
həm də tarixin özünü alt-üst edir. Öz keçmişi ilə həmrəyliyin
yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli
mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir". Həqiqətən də,
inkişaf etmiş mənlik şüuruna sahib olmayan, milli mənafe və
dəyərləri lazımi səviyyədə qiymətləndirməyi bacarmayan və özünü
"tarixçi" kimi təqdim edən insanlar Azərbaycan xalqının zəngin
dövlətçilik tarixinə, milli mənafelərimizə hansı zərbəni
vurduqlarının fərqində deyillər.
Bu bir həqiqətdir ki, bu gün hədəfə alınan nəsillərin və
Azərbaycan dövlətçiliyinin varisliyidir. Beş minillik dövlətçilik
tarixinə malik olan Azərbaycanımızın milli və dövlətçilik
əsaslarının vəhdətini pozmaq, xalqımızın yaratmış olduğu bu zəngin,
şərəfli tarixin üstündən xətt çəkməklə onu alt-üst etməyə çalışan
qüvvələr vardır. Təəssüflər olsun ki, tariximizə bu cür hücumlar
müstəqilliyimizin 25 illiyini qeyd etməyə hazırlaşdığımız bir
dövrdə baş verir. Xalqın millət vəkili seçdiyi şəxsin, öz doğma
xalqının tarixi şəxsiyyətlərinə, dövlətçilik ənənələrinə qara
yaxmasını heç cür anlamaq mümkün deyildir.
Millət vəkili Fazil Mustafa öz müsahibəsində Səfəvilərin tarixi
ilə bağlı məsələləri tarixi mənbələrə, elmi ədəbiyyata istinadən
təqdim etməyə lüzum görməyərək, öz duyğularına, gümanlarına,
ehtimallarına əsaslanaraq xalqa çatdırmağa üstünlük vermişdir.
Özünü "hər şeydən xəbəri olan tarixçi" kimi göstərən F.Mustafa
Səfəvi dövləti tarixinin bütün məsələlərinə "həvəskar" "tarixçi"
mövqeyindən yanaşaraq Səfəvi dövləti tarixini Azərbaycan
dövlətçiliyinin "fəlakət tarixi" adlandırır. "Klerikal ruhaniyyətin
başçılıq etdiyi bir məzhəb dövlətində Azərbaycan türkünün yeri
harada olacaqdı?" sualını qoyan F.Mustafaya İran tarixçisi Nəsrulla
Fəlsəfinin I Şah Abbasa həsr olunmuş çoxcildli əsərində Şah İsmayıl
və onun yaratdığı dövlət haqqında söylədiyi fikri xatırlatmağı
vacib hesab edirik. N.Fəlsəfi yazır: "Şah İsmayıl ata tərəfdən
özünü seyid Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi.
Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun nəvəsi idi və
haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi...
Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da
əsasən türkman və tatar tayfalarından olanlar idi. Hətta taxta
çıxdıqdan sonra belə o, İran mənşəyinə və dilinə – millətin iki
başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş
və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti
altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda
siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini
İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk
dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə
geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın
rəsmi dili olaraq qaldı. Buna görə də türk siyasi qurumlarını yıxan
və vahid dövlət yaradan Şah İsmayılın İranın milli və siyasi
birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir"
(Bax: O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007, s.
34). Göründüyü kimi, nüfuzlu İran tarixçisi də etiraf etməli olur
ki, Şah İsmayılın yaratmış olduğu dövlət Azərbaycanın dövlət
ənənələrinə əsaslanırdı, varislik hüququna ciddi əməl edilmişdi.
İran mənşəyinə və dilinə xor baxılmış, türk dili geniş yayılaraq
sülalənin hakimiyyətinin sonunadək saray və ədəbiyyat dili kimi öz
üstünlüyünü qoruyub saxlamışdır. Səfəvi dövlətinin İran dövləti
olmasının heç bir elmi əsası olmadığı xüsusi olaraq
vurğulanmışdır.
Həqiqətən də, Şah İsmayılın yaratmış olduğu mərkəzləşdirilmiş
Azərbaycan Səfəvi dövləti tarixi ənənələr, varislik hüququ
gözlənilməklə təsis edilmiş, onun rəhbərliyi altında ən yüksək
mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində
yalnız bir halqa olmuşdur. Bu tarixi gerçəkliklər tam aydın olduğu
halda, Azərbaycan dövlətçilik tarixində ən yüksək mərhələ olan
Səfəvi dövlətinin tarixinə, onu yaradan və inkişaf etdirən görkəmli
dövlət xadimlərimizə, tarixi şəxsiyyətlərimizə elmi əsası olmayan
hədyanlar söyləmək, onları aşağılamaq ermənilərin yüz illərdir
Azərbaycan əleyhinə apardığı təbliğata xidmət etmək, onların
dəyirmanına su tökməkdən başqa bir şey deyildir.
F.Mustafa müsahibəsində Türkiyə tarixçisi Faruk Sümerə
əsaslanaraq qızılbaşlığın "nə Qaraqoyululara, nə də Ağqoyunlulara
aid ünsürləri əhatə etmədiyi, bu təriqətin əsas kütləsini
Anadoludan gələn yeni türklər təşkil etdiyi"ni qeyd edir. O,
Türkiyə tarixşünaslığında XX əsrin 70-ci illərində yer almış bu
fikrin son illərdə Səfəvilər dövlətinin tarixi ilə bağlı
tədqiqatlarda elmi əsaslarla təkzib edildiyindən görünür
xəbərsizdir. Yoxsa, bu cəfəng fikri yenidən təkrar etməyə
çalışmazdı. Prof. Tufan Gündüz "Son Qızılbaş Şah İsmayıl" adlı
əsərində (İstanbul, 2010.) bu məsələyə aydınlıq gətirərək yazır ki,
İsmayılın yeni dövlət yaratmasına yardım edən Qızılbaş
tayfalarından olan Zülqədərlər Maraş bölgəsindən Zülqədər
bəyliyindən qatılmışdı. Əfşarlar Ağqoyunlu tayfa birliyində mühüm
mövqeyə sahib idi. Onların bir hissəsi hələ Şeyx Cüneyd dövründə
onun sadiq müridlərinə çevrilmişdi. Şamlılar da Osmanlı hakimiyyəti
altına keçməyən Hələb bölgəsi türkmanları idi. Çoxsaylı nüfuza
sahib olan Ustaclılar və Osmanlı hakimiyyətindən uzaqda olan Varsaq
türkmənləri də həmçinin Səfəvi dövlətinin yaranmasında yaxından
iştirak etmişdilər. Onlar Şeyx Cüneydin Anadolu səfəri zamanı
Səfəvi təriqətinə qatılmışdı (T.Gündüz, s. 52-53). T.Gündüzün
qənaətinə görə, Şeyx Cüneyd və Şeyx Heydər dövründə Rumlu və Təkəli
tayfaları Ərdəbilə gedərək Səfəvilərə qoşulmuşdu. Qaraca İlyasın
rəhbərlik etdiyi Bayburtlu tayfası Qızılbaşlara Qaraman bölgəsindən
qoşulmuşdu. Qacar, Qaracadağlı, Qaramanlı, Çepni, Alpout və digər
tayfalar Azərbaycanda məskun idilər. Buna görə də vaxtı ilə Faruk
Sümerin "Səfəvi dövlətini yaradan və onu qoruyub saxlayan başlıca
qüvvələrin Anadolu türklərinin təşkil etdiyi, Ağqoyunlu
tayfalarından olmadığı kimi, Qaraqoyunlularla heç bir
münasibətlərinin olmadığı, onların hamısının Orta və Cənubi
Anadoludan olan "yeni" bir türk topluluğu olduqları" barədə fikri
qəbul oluna bilməz (T.Gündüz, s. 54). Çünki, dövrün qaynaqlarının
təsdiq etdiyi kimi, Səfəvi dövlətinin yaranmasında iştirak edən və
bu dövlətin əsas hərbi qüvvəsini təşkil edən türkman tayfaları daha
çox Azərbaycan və İranın Ağqoyunluların nəzarətində olan
ərazisindən və Suriya bölgəsindən toplanmışdı. Osmanlı ərazisindən
qızılbaşlara qatılanlar onlara nisbətən çox az olmuşdur.
Qeyd etmək lazımdır ki, hələ XV əsrin sonlarında Şərqi
Anadolunun mühüm bir hissəsi Azərbaycan Ağqoyunlu dövlətinin
tərkibində olduğu üçün, bu bölgədə yaşayan oğuz-türkman tayfaları
arasında Səfəvi təriqətinə bağlı olan qızılbaşlar üstünlük təşkil
etmişdi. Məhz buna görə də, İsmayıl Qızılbaş müridlərini ətrafına
toplamaq üçün Ərzincanı özünə mərkəz seçmişdir.
F.Mustafanın müsahibəsində heç bir elmi əsası olmayan belə bir
fikir səsləndirilir ki, guya "Teymur bu təriqətin (yəni Səfəvilərin
– T.N.) gələcəkdə Osmanlının toparlanaraq Şərqə doğru
genişlənməsinə mane olacaq bir qüvvə kimi formalaşdırmaq üçün
Ərdəbil torpaqlarında xeyli ərazini və Anadoludan gətirdiyi
əsirləri onlara bağışlamışdı. Yəni Səfəvilər kimi onlarla yayğın
təriqətlər, təkkələr mövcud idi və Teymur strateji
planlaşdırmasında məhz Ərdəbil ekolunun dirçəldilməsinə qərar
vermişdir". F.Mustafanın dövrün heç bir qaynağına əsaslanmayan bu
fantaziyası oxucuda heyrət doğurmaya bilmir. Onun Səfəvi
təriqətinin fəaliyyəti, Azərbaycan Səfəvi dövlətinin tarixi ilə
bağlı hafizəsinin kasad olduğu, yazılmış tədqiqat əsərlərdən
bixəbər olduğu aydın hiss olunur. 1402-ci ildə Ankara savaşında
İldırım Bayəzidi məğlub edərək əsir alan, Osmanlı imperiyasını onun
oğlanları arasında mübarizə alanına çevirərək bölüşdürən Əmir
Teymur Osmanlılardan gələcəkdə ciddi təhlükə gözləniləcəyini
düşünmüş olsaydı belə, həmin dövrdə siyasi mübarizə aparmaqdan
çox-çox uzaq olan Ərdəbil sufi təriqətini dirçəltməklə görəsən nəyə
nail ola bilərdi?
Qeyd etmək lazımdır ki, "Səfəviyyə" sufi təriqətinin əsasını
qoyan Şeyx Səfiəddin dövrün qaynaqlarında "alimlərin böyüyü" və
"ariflərin şeyxi" adlandırılmışdır. O, türk tarixində Əhməd Yəsəvi,
Mövlana Cəlaləddin Rumi, Hacı Bəkdaş Vəli kimi irşad rəhbərləri ilə
müqayisə edə biləcəyimiz bir şəxsiyyətdir. Şeyx Səfiəddinin oğlu
Şeyx Sədrəddin Musanın (1305-1392) mürşidliyi dövründə təriqət
böyük nüfuz sahibi olduğuna görə Elxani hökmdarı Məhəmməd Olcaytu
(1304-1316) və baş vəzir Fəzlullah Rəşidəddin, Əmir Çoban və digər
siyasi xadimlər onunla yaxşı münasibətlər saxlamağa çalışmış və
hətta Səfəvi müridləri arasına girənlər də olmuşdur. Şeyx Xoca
Əlinin mürşidliyi dövründə təriqətin şöhrəti o qədər artmışdır ki,
ariflərə və şeyxlərə ehtiramı ilə seçilən Əmir Teymur 1402-ci ildə
Osmanlı sultanı İldırım Bayəzid üzərində Ankara döyüşündə qazandığı
qələbədən sonra Anadoludan qayıdarkən Xoca Əli ilə görüşmüş,
Ərdəbil bölgəsində "Həzrət Şeyx Səfi övladına və onun astanasına
vəkf olaraq" torpaqlar bağışlamışdı. O, şeyxin xahişi ilə
Anadoludan gətirdiyi otuz minə yaxın əsiri azad etmişdi. Azadlığa
çıxanlar Şeyx Səfi ocağının müridlərinə çevrildilər, onların bir
hissəsi Xoca Əlinin xidmətində qaldı, qalanları isə öz vətənlərinə
qayıtdılar. Əmir Teymur heç də, F.Mustafanın düşündüyü kimi
Səfəviləri Osmanlıların Şərqə doğru genişlənməsinin gələcəkdə
qarşısını almaq üçün qüvvətləndirmək məqsədilə yox, bu sufi
təriqətinə olan ehtiramını nümayiş etdirərək Xoca Əlinin arzusunu
yerinə yetirmişdir. Çünki, XV əsrin başlanğıcında Səfəvi sufi
təriqətinin nüfuzu Azərbaycandan çox-çox uzaqlara yayılsa da,
onların fəaliyyətində siyasi çalarlar hələ hiss edilməmişdi. Əgər
bu olsa idi, şübhə yoxdur ki, Əmir Teymur buna heç cür imkan
verməzdi.
F.Mustafa öz müsahibəsində "Şeyx Səfiəddinin konkret
görüşlərinin və hərəkətlərinin nədən ibarət olduğu barədə dəqiq
bilgilərin olmadığı" qənaətindədir. Onun Şeyx Səfiəddinin "Qara
məcmuə", Şeyx Sədrəddin dövründə yaşamış Təvəkkül ibn İsmayıl ibn
Bəzzazın "Səvfətüs-səfa" ("Saflığın saflığı"), Şeyx Hüseyn Zahidin
"Silsilətün-nəsəb-i Səfəviyyə" ("Səfəvilərin nəsil şəcərəsi") adlı
əsərlərdən xəbəri olsaydı, bu cür əsassız fikirləri söyləməyə
cəsarət etməz, özünü "tarix bilicisi" kimi göstərməzdi.
Müsahibədə özünü İran təəssübkeşi kimi göstərən F.Mustafa qeyd
edir ki, "Səfəvilər dövründə İran artıq keçmiş şairlər və
mütəfəkkirlərə nəinki yaxınlaşan, hətta xatırlanması mümkün olmayan
bir şair və mütəfəkkir yetişdirə bilmir". Göründüyü kimi, F.Mustafa
Azərbaycan dövlətçilik tarixində özünəməxsus yer tutan Səfəvi
dövlətini "İran" dövlətçiliyinə "bəxşiş" etməkdən belə çəkinmir.
Özünü "alim", "tədqiqatçı" hesab edən, tarixçilərə dərs verməyə
çalışan F.Mustafanın öz xalqının tarixi keçmişinə qara yaxmasını
milli mənəviyatsızlıqdan başqa nə adlandırmaq olar? Belə olmasa idi
XVI əsrdə Şah İsmayıl və Şah Təhmasibin sarayında dövrün tanınmış
alimlərinin, incəsənət xadimlərinin və ozanların dövlət tərəfindən
himayə olunduğu haqqında məlumatlara görməməzlikdən yanaşmaz,
Azərbaycan ədəbi dilinin, mədəniyyətinin inkişafını inkar etməzdi.
Şah İsmayılın sarayında Həbibinin rəhbərliyi altında keçirilən
şairlər məclisi və onun üzvü olan Azərbaycan şairləri Süruri, Şahi,
Matəmi, Tüfeyli və Qasimi kimi sənətkarların fəaliyyətini, xalq
dilindən, əruz və heca vəznlərindən, folklor nümunələrindən geniş
istifadə edərək özünün şah əsərlərini yaradan Şah İsmayıl Xətainin
yaradıcılığını inkar edərək, "Səfəvilər Şərq və bilavasitə türk
tarixi üzərinə dərin və fəlakətli təsirlər göstərməyi bacardılar"
fikrini söyləyən millət vəkilinin mövqeyini anlamaq
qeyri-mümkündür.
F.Mustafanın "Səfəvilərin əsas ordu bazasını Anadoludan gələn
türk tayfaları təşkil etdiyinə görə türk dilinin ünsiyyətdə
üstünlük təşkil etməsi labüd idi" fikri yalnız xəstə təxəyyülünün
məhsulu kimi qiymətləndirilə bilər. Çünki, problemə elmi əsasa
söykənməyən bu cür yanaşma tərzi, XVI-XVII əsrlərdə Azərbaycanda
türklərin yaşadığını, möhtəşəm divan ədəbiyyatının yaradılmasını,
ana dilli ədəbiyyatımızın özünün intibah dövrünü yaşamasını inkar
etmək deməkdir. F.Mustafanın fikirlərindən bu nəticə çıxır ki,
Azərbaycanda türk dilinin ünsiyyətdə üstünlük qazanması bilavasitə
Səfəvi ordusuna Anadoludan cəlb olunan türklərin sayəsində mümkün
olmuşdur. Bununla da o, XVI əsrdə Azərbaycanda türklərin yaşadığını
şübhə altına alaraq ermənilərin yüz illərdir apardığı "soy-köksüz"
Azərbaycan təbliğatına xidmət göstərmiş olmurmu? Onun bu mövqeyinin
XX əsrin 80-ci illərində Şah İsmayılın Azərbaycan şairi olmadığını,
türk dilində divan yaratmadığını, milli ənənələrə dayanan dövlət
yaratmadığını israrla qələmə alan fars millətçisi Firuz Mənsuridən
heç bir fərqi yoxdur.
Şah İsmayılın yaratdığı Azərbaycan Səfəvi dövləti F.Mustafanın
düşündüyü kimi dini dövlət deyildi. Tədqiqatçı alim, sufi
ədəbiyyatının gözəl bilicisi Fəxrəddin Salim "Milli yaddaş
sistemində ürfan və təsəvvüf" (Bakı, 2010) adlı əsərində haqlı
olaraq yazır ki, "Zahirdə islam üləması dövlət işlərində müəyyən
qədər iştirak etsə də, bu dövlətin əsasını məhz ürfani dəyərlərə
sahib olan təsəvvüf ideologiyası təşkil edirdi" (F.Salim, s. 92).
Tanınmış şərqşünas alim Triminqem "İslamda sufi ordenləri" (M.,
1989) əsərində yazır: "İmamlar kimi, sufi böyükləri də ezoterik
bilgilərə sahib idilər. Lakin imamlardan fərqli olaraq, onlar həmin
bilgiləri genoloji yolla deyil, ruhani ötürmə ilə, ruhani xətlə
alırdılar" (s.116). "Buradan da aydın görünür ki, Şah Xətainin öz
dövründə həm hakimiyyət, həm də təkyə-orden statusu, çoxlarının
bəyan etdiyi kimi, nəsildən-nəslə deyil, məhz təsəvvüfdə nəzəri
əsaslara malik olan ruhani ötürmə yolu ilə keçmişdi. Şiəlikdə isə
bu belə deyildi. İmamlığın ötürülməsi məhz genoloji faktora
söykənirdi. Necə ki, Şah Xətaidən sonra siyasi hakimiyyət oğlu
Təhmasibə keçsə də, mənəvi-ruhani hakimiyyət başqalarına – yəni,
təsəvvüf elminin daşıyıcıları olan batini-nihan dərvişlərə,
övliyalara keçdi. Qısaca da olsa, bir məsələyə toxunmaq yerinə
düşərdi ki, sufiliyin şiəliklə əvəz olunması, yəni, təriqətdən
şəriətə qayıdış XVI əsrin sonlarında Şah Abbas Səfəvi zamanında baş
verdi" (F.Salim, s.92-93).
"Məhz Şah Xətai şəxsiyyətinin əzəməti ilə Türk xalq təsəvvüfü,
Türk ürfani mənəviyyatı bu günə qədər də görünməmiş bir kulminasiya
nöqtəsinə çatdı. Daha mütəsəvvüf və ariflərə mücadilə verərək,
saray əxlaqına qarşı çıxaraq, xalqın öz dilində, öz ruhunda ilahi
həqiqətləri bəyan etməyə gərək yox idi. Bu proses sarayın özündən
başladı. Şah özü ana dilində, heca vəznində şeirlər yazmağa
başladı. Özü saz çaldı, Haqqın hikmət və ürfan sirlərini öz sadə və
şirin dilində bütün xalqa əzbərlətdirdi" (F.Salim, s.93).
F.Mustafa müsahibəsində Səfəvilərin "sonralar aparılan
müharibələrinin kökündə məzhəbçiliyin yayılması hədəfi güdüldüyünü"
xüsusi vurğulayır, Səfəvilərlə Osmanlılar arasında müharibənin məhz
bu səbəbdən başladığını, Sultan Səlimin oğlu Süleymana məktubunda
qeyd etdiyi kimi fətva verib onu məhv etmək qərarına gəldiyini
oxucuya çatdırır. Qeyd etmək lazımdır ki, dövrün heç bir qaynağında
Səfəvi-Osmanlı müharibələrinin dini zəmində baş verdiyini təsdiq
edən məlumat yoxdur. Sultan Səlimin Şah İsmayıla ünvanladığı dörd
məktubda, eləcə də oğlu Süleymana Çaldıran döyüşündən sonra
göndərdiyi məktubunda Azərbaycana yürüşünün əsas səbəblərini
gizlətməyə çalışdığı açıq-aydın görünməkdədir. Sultan Səlim oğlu
Süleymana ünvanladığı məktubunda Şah İsmayılla cərəyan etmiş
münaqişənin tarixçəsindən söz açaraq, dəfələrlə Səfəvi hökmdarını
Azərbaycanı ələ keçirməklə hədələdiyini, lakin sonuncunun onun
təhdidlərini qulaqardına vurduğunu nəzərə alaraq Şah İsmayılı açıq
döyüşə çağırmaqdan savayı çarəsinin qalmadığını yazır: "Ərsənsə
(igidsənsə) meydana çıx, Allahın iradəsi nədirsə o da gerçəkləşmiş
olsun – deyə buyurmuşdum. Səadət və xoşbəxtlik ilə Azərbaycan
diyarı fəth bayrağımın dalğalanması şərəfinə nail olacaqdır" (Geniş
məlumat üçün bax: Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər
toplusu. Fars və ərəb dillərindən tərcümə: Şahin Yəhyayev, Elmin
Əliyev. Bakı: Şərq-Qərb, 2014, s. 95-96). Əsla nəzərdən qaçırmaq
lazım deyil ki, həmin məktubunda Sultan Səlim İsmayıl Səfəviyə
xitab edərkən, Azərbaycanı onun "məmləkəti" adlandırır və onun ələ
keçirilməsi ilə öyünür.
Səfəvi-Osmanlı qarşıdurmasının siyasi-iqtisadi maraqlardan
qaynaqlandığına deyil, sünni-şiə qarşıdurması kimi təqdim edənlərə
Türkiyə tarixçisi Mustaf Ağdağ vaxtı ilə tutarlı cavab vermişdir.
O, yazır: "Əgər sünniliyə qarşı bir sünni-qızılbaş üsyanı olsa idi,
çoxluq təşkil edən sünni əhali də cavab verməyə qalxar, beləliklə
iki məzhəb arasında qanlı mübarizə çıxardı. Belə bir hadisənin
olduğunu göstərən heç bir sənəd yoxdur. Hadisəni bir qızılbaş
hərəkatı kimi bizə çatdıran çağdaş qaynaqlar da belə bir ifadə
işlətmirlər. O halda şiəlik-qızılbaşlıq, rafizilik-mülhidlik üsyanı
deyilən hadisədə üsyançılar ələvi-qızılbaş türkmanlar olsa belə,
onların qaldırdıqları üsyan bir məzhəb ayrılığı iddiası deyildir"
(Geniş məlumat üçün bax: Akdağ M. Türk halkının dirlik ve düzenilik
kavgası "Celali isyanları". Cem Yayınları, İstanbul: 1995,
s.120).
"Səfəvilər dövrü özündən əvvəlki Dədə Qorqud mədəniyyətinin
izlərini necə itirdiyini" söyləyən F.Mustafa unudur ki, Azərbaycan
dastan ədəbiyyatı, aşıq yaradıcılığı Səfəvilər dövründə özünün
çiçəklənmə dövrünü yaşamışdır. Məhəbbət və qəhrəmanlıq
dastanlarımız məhz bu dövrdə geniş yayılmağa başlamışdır. Bu da
səbəbsiz deyildi. Çünki, Şah Xətainin saza, aşıq sənətinə
vurğunluğu bu sahəyə mühüm milli çalarlar gətirməklə yanaşı, onun
inkişafını təmin etmişdir. Şah İsmayıl Xətai əksər şeirlərini məhz
aşıq üslubunda yazırdı. Onun əsərlərində ən çox adı xatırladılan
musiqi aləti məhz sazdır. Onun nüfuzlu simasında aşıq sənəti ən
dərin ürfani qaynaqlarla zənginləşmişdi.
F.Salimin yazdığı kimi, tənburdan fərqli olaraq, sazdakı
çoxcəhətli improvizə imkanları, gur tembr, coşqun intonasiya məhz
Azərbaycan-türk təsəvvüfünə, bu bölgə insanına məxsus olan hal və
zikr keyfiyyətlərinə artıqlaması ilə cavab verirdi. Nemətullahi,
Qadiri, Mövləvi təkyələrindəki sakit musiqi, dinamikadan bir qədər
uzaq olan zikr və hal keyfiyyətləri Qızılbaş sufilərinin simasında,
sazın müdaxiləsi ilə şəklini dəyişərək, coşqulu və dinamik bir hal
aldı. Bu məntiqi müstəvi ilə şeirlərin dili də, mahiyyəti də,
fəlsəfi-ürfani cəsarəti də dəyişərək, ən yüksək mərtəbəyə yetişdi.
Azərbaycan sufilərinin zikr və kəlam olaraq yazılmış şeirləri bütün
təsəvvüf dünyasında yeni bir mərhələnin, yeni ürfani ənənənin
əsasını qoydu. Bu möhtəşəm tarixi olay məhz Azərbaycan sazının,
aşıqlarının əli ilə baş verdi" (F.Salim, s.98).
Səfəvi Qızılbaş ideologiyasının mahiyyətini özünəməxsus şəkildə
izah edən F.Mustafa onu müasir dövrün İran şiəliyi kimi təqdim
edərək, "qızılbaşlığı İslam olaraq təqdim etmək nə qədər
yanlışdırsa, türk məfkurəsinin daşıyıcısı olaraq təqdim etmək də
bir o qədər yanlışdır" qənaətinə gəlir. Lakin "Səfəviliyin və Şah
Xətainin özünün şiə yox, məhz sufi dünyagörüşünə sahib olması
danılmaz bir həqiqətdir. Şah Xətai şəriətin haram bildiyi saza,
musiqiyə dərindən bağlı idi. O, sarayında dərvişlərə xüsusi
hücrələr ayırır, zikr və başqa rituallar üçün təkyələr saxlayırdı.
Ümumiyyətlə, türklərdə məzhəbçilikdən daha çox təriqətçiliyin –
təsəvvüfün geniş rəğbət qazanması danılmaz bir faktdır". Azərbaycan
Səfəvi dövlətinin ideoloji əsasını F.Mustafanın qeyd etdiyi kimi
şiəlik deyil, məhz ürfani dəyərlərə sahib olan təsəvvüf
ideologiyasına söykənən Qızılbaşlıq təşkil edirdi. Şərqşünas alim
V.F.Minorskinin fikrincə, Qızılbaşlığın ən mühüm qaynağını
bilavasitə Şah İsmayılın "Divanı" təşkil edir. Qızılbaşlığın şiəlik
olmadığını aydın dərk etmək üçün F.Mustafanın sadəcə Şah İsmayılın
"Divanını" oxuması kifayətdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan türkü Şeyx Səfiəddinin
yaratmış olduğu Səfəvi sufi təriqəti siyasi hakimiyyətə yüksəlmiş
yeganə sufi təriqətlərdən biri olmuşdur.
Burada bir xatırlatmanı F.Mustafanın nəzərinə çatdırmağı vacib
hesab edirik. "Tarix bir millətin yaddaşıdır. Tarixini bilməyən
millət yaddaşını itirmiş insana bənzəyir". Millətin yaddaşında yüz
illər ərzində özünə möhkəm yer tutmuş tarixi həqiqətlərə qara
yaxmağa çalışmaq səlahiyyəti heç kimə verilməmişdir. Yalnız milli
mənlik şüurundan məhrum olan bir insan belə bir təşəbbüs edə
bilər.