Bəzi media səhifələrində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Tamilla Əliyevanın vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Tamilla Əliyeva AQTA sədrinin müvafiq əmri ilə Agentliyin Aparatında heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul vəzifəyə təyin edilib:
"Bu təyinatadək o, heyvan sağlamlığı və bioloji təhlükəsizlik sahəsində elmi əsasların formalaşdırılması, beynəlxalq təcrübənin tətbiq edilməsi, bir sıra nüfuzlu təşkilatlarda ölkəmizin təmsil edilməsi, baytarlıq preparatlarının və onlara aid sənəd, eləcə də materialların ekspertizası sahəsində fəaliyyət göstərib. Bu fəaliyyət çərçivəsində T.Əliyeva Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya və Baytarlıq Preparatlarının Nəzarəti üzrə Milli Əlaqələndiricisi kimi bioloji təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verməyən baytarlıq preparatlarının, o cümlədən vaksinlərin, antibiotiklərin, terapevtik preparatların dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirib.
Bundan sonrakı dövrdə də T.Əliyeva AQTA-nın heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul şəxsi kimi baytarlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eləcə də heyvan xəstəliklərinin profilaktikası üzrə tədbirlərə nəzarət istiqamətində fəaliyyətini davam etdirəcək".
Bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində xüsusi təhlükəli xəstəliklərin aşkarlanması üzrə yüksək biotəhlükəsizlik tələblərinə cavab verən, ölkədə yeganə beynəlxalq akkreditasiya və səriştəlilik sınaqlarından uğurla keçərək qabaqcıl standartlara uyğun fəaliyyət göstərən laboratoriyaların məsul şəxsləri cari funksiyalarının icrasını davam etdirirlər.