Söhbətimiz bu dəfə şair Elnaz Eyvazlı ilə davam edir.
İncə ruhlu şerləri və səmimi etirafları ilə diqqəti cəlb edən bu
xanımın söhbəti maraqlı olar deyə düşündük.
Təmiz pəncərəmdən baxıb çirkli dünya
görürəm
- Elnaz xanım, dünya sizdən ötrü haradır, cənnət, yoxsa
cəhənnəm?
- Nə bilim... Bilmirəm cənnət, cəhənnəm var, ya yox. Hər kəs
dünyaya öz pəncərəsindən baxır. Kimin dünyaya açılan pəncərəsi
təmizdirsə, dünyanı da təmiz və gözəl görür. Kimin pəncərəsi
çirklidirsə, o da dünyanı çirkli görür. Mənim pəncərəm təmizdir.
Amma təmiz pəncərəmdən baxıb çirkli dünya görürəm. Dünya hər kəsin
görmək istədiyi yer deyil, bir məqamda cənnətdir, digər məqamdasa
cəhənnəm...
- Məsələn, gördüyünüz çirkinliklər
nələrdir?
- Baxıram ki, getdikcə insanlar bir-birinə qarşı qeyri-səmimi
olurlar. Dəyər hesab etdiyimiz nələr varsa, onlar itir. İnsanlara
etibar etmək olmur. Gördüyüm çirkinliklərdən biri də budur.
Soyuqqanlı, biganə olsaydım...
- Özünüzə qarşı insanlardan tez-tezmi etibarsızlıq
görürsünüz?
- O qədər olub ki....
- Əgər şer yaza, yaşadıqlarınızı ifadə edə
bilməsəydiniz, sizə daha çətin olardı?
- Təbii ki... Bu xarakterlə, bu iç dünyası ilə çətin olardı.
Başqa xarakterdə, soyuqqanlı, biganə olsaydım, yazıb-yazmamağın
mənə fərqi olmazdı.
Elə qadınlar var ki, onlarla kişini bədbəxt
edir
- Şeirlərinizdən belə hiss olunur ki, xanım kimi çox
problemlər yaşamısınız. Özünüzü bədbəxt qadın hesab edirsiniz,
yoxsa düşünürsünüz ki, bunları çoxları yaşaya bilər?
- Mən bədbəxt qadın deyiləm, əksinə, çox xoşbəxtəm! İstər qadın
olsun, istər kişi, mənim üçün insan anlayışı var. İnsanları
cinslərə ayırıb ucuzlaşdırmaq, xırdalamaq həmişə mənə yad olub.
Taleyi gətirməyən həm kişilər, həm də qadınlar var. Bir kişi bir
qadını bədbəxt edirsə, bir qadın da bir kişini bədbəxt edir. Guya
həmişə qadınlar yazıq, saf, duru və təmizdir? Xeyr, belə deyil. Elə
qadın var ki, onlarla kişini bədbəxt edir, evini yıxır.
- Taleyinizdən, yaşadıqlarınızdan
narazısınız?
- Yox qətiyyən... Nə yaxşı ki, hər şey belə oldu. Bir qadına
xoşbəxt olmaqdan ötrü mütləq ər lazım deyil. Bir qadını xoşbəxt
etməkdən ötrü mütləq onun yanında kişi olmalı deyil. Bu olmalı olan
şərtlərdəndir, vacib olanlardan biridir, hamısı yox.
Bizim cəmiyyətdə kişi olmaq da əzabdır
- Necə bilirsiniz, qadın olmaq hər yerdə və həmişə
çətindir?
- Başqa ölkələrdə, başqa cəmiyyətdə bilmirəm necədir. Amma bizdə
çətindir. Bizim cəmiyyətdə kişi olmaq əzabdır, o ki qala qadın
ola...
Mən istədiyimi Allahdan istəyirəm
- Bir qadın olaraq istəyiniz nədir?
- Heç nə istəmirəm. Ümumiyyətlə, heç bir bəndədən istəyim
yoxdur. Mən istədiyimi Allahdan istəyirəm.
- Yaxşı, bir gün Allahla üz-üzə qalsaydınız, ona
verəcəyiniz sual və istəyiniz nə olardı?
- Yəqin ki, nə istəmişəmsə, nə veribsə, ora qədərdir. Amma əgər
Allah məni o məqama çatdırarsa, daha mənə nə gərəkdir ki?!
Yazanda rahatlayıram
- Şairə olmağınız sizi daha da duyğulu edir, yoxsa şeri
yazıb bitirdikdən sonra normal həyata qayıdıb hamı kimi davam edə
bilirsiniz?
- Mənim şairə olmağım məni duyğulu etmir. Mən duyğulu olduğuma
görə yazıram, yaza bilirəm. O qədər duyğulu adamlar var, təbiətcə
şairdirlər. Amma yazmırlar, ya da yaza bilmirlər. Nə yaxşı ki, bu
təbiətlə yaza bilirəm. Allah məni belə yaradıb. Yazıram, yazandan
sonra rahatlayıram.
- Deyirsiniz ki, duyğulu olduğuma görə yazıram. Nə
vaxtsa bu duyğular bitsə, tükənsə, yaza
bilməyəcəksiniz?
- Yox, o bitəsi bir şey deyil ki... Bu mənim xarakterimdir. Bu
vərdiş deyil ki, bitsin. Duyğulu olmaq insanın xarakteridir,
inanmıram duyğusuz yaşayam. Əgər o duyğular nə vaxtsa bitəcəksə,
deməli, mən o gün yoxam. Ancaq mən həyatda olmayanda mənimlə
doğulan xüsusiyyətlər ölə bilər.
"Məndən ötdü qardaşıma dəydi"
- Niyə AYB üzvlüyündən çıxdınız?
- Orda mənə təzyiq, kobudluq olmadı. Başqalarına qarşı münasibətləri, təpkiləri
görürdüm. Mən ora tədbirdən tədbirə gedirdim, heç çoxu bilmirdi
oranın üzvüyəm. Heç bir məqamda "məndən ötdü qardaşıma dəydi"
prinsipinə uya bilmirəm.
Sevməsəm, vecimə də olmaz
- İnsanlarla ünsiyyətdə olmaq çətindir, yoxsa onlarla
paylaşmağı, birlikdə vaxt keçirməyi sevirsiniz?
- Mən əhval-ruhiyə adamı deyiləm. İnsanlar arasında olmağı
xoşlayıram. Ümumiyyətlə, insanpərvərəm, qəlbim sevgiylə doludur.
Etdiyim gileylər də, incidiyim məqamlar da, hamısı insanı
sevdiyimdən irəli gəlir. Sevməsəm, vecimə də olmaz. Paylaşmaq isə
hər adamla olmur. Həyatımda hər şeyi paylaşdığım yeganə adam var
ki, onun yanında olanda, onunla paylaşanda rahat oluram.
- Kimdir, bilmək olar?
- Rəfiqəmdir Leyla... Hətta rəfiqədən də artıqdır, biz onunla
iyirmi ildir dostuq. Ona olan hisslərimi heç kəslə müqayisə edə
bilmirəm. Tam fərqli biridir Leyla mənim üçün...
Mənə yazdığın mətn maraqlıdır, şəxsi həyatın
yox...
- Bəs Azərbaycan ədəbiyyatında baş verənlərə,
qalmaqallara necə baxırsınız?
- Hər halda, kənardan baxanda yaxşı görünmür. Məsələn, bu
günlərdə mənimlə söhbət edənlərdən biri dedi ki, sizin ədəbiyyatdan
iyrənirəm. Soruşdum ki, nə olub? Demə, hansısa saytda bir yazarın
yataq həyatı ilə bağlı material qoyulub, sonra da siliblər. Sözün
düzü, mən görməmişdim. Oxucu kimi yanaşanda, mənə sənin yazdığın
mətn maraqlıdır, şəxsi həyatın yox... Mən ümumiyyətlə, elə başlıqda
olan yazıları açmıram. Çünki saytlarda elə başlıqları rəqabət
xətrinə qoyurlar. Heç söz adamı kimi danışmıram, adi bir oxucu kimi
mənə sənət, mətn maraqlıdır, kimin kimlə harada yatdığı yox...
- Sizcə, daha çox yazmaq lazımdır, yoxsa daha çox yasaq
mövzularla gündəmdə olmaq... Hansı daha yaxşıdır?
- Ümumiyyətlə, həm xarakterimdə gözə girmək yoxdur, həm də
qalmaqalla gündəmdə olmağı sevmirəm. Sənətdə şou ilə gündəmdə olmaq
düzgün deyil. Götürək Yaşar Nurini, Səyavuş Aslanı, Markesi və
yaxud da Nizami Gəncəvini - bunları biz yaradıcılıqları ilə
tanımışıq. "Ədəbiyyat adamı" ifadəsi çox ağır ifadədir. Hər mənada
bunu daşımağı bacarasan gərək. Elə beş şeir, üç hekayə yazdımsa,
məni on adam oxudusa, deməli, mən oldum "ədəbiyyat adamı"? Xeyr,
bunu zaman ələyəcək.
- Dünyadan, hətta övladınızdan, yaxınlarınızdan
bezdiyiniz, tam olaraq uzaq bir yerə gedib təkliyə çəkilmək
istədiyiniz vaxtlar olub?
- Bezmək yox, amma bəzən yorulur adam... Təbii ki, yorulduğum,
baş götürüb getmək istədiyim vaxtlar olur. Leylamın yanında olmaq
istəyirəm. O da İstanbulda yaşayır. O, haradadırsa, orada olmaq
istəyərəm - hər şeydən, hamıdan yorulanda...
Allah insanı cəzalandıranda, onu müəllim
edər...
- Maraqlıdır, müəllim peşəsini sevirsiniz, yoxsa
məcburən müəlliməlik edirsiniz?
- Müəllimlik sənətini sevib gəlməmişəm, mənim arzum başqa sənətə
olub. Amma müəllimlik gözəl sənətdir. Hətta haqqında kifayət qədər
şişirdilmiş təriflər var. Amma bu gün bizim Azərbaycanda müəllim
olmaq, doğurdan da əziyyətdir. Yunan atalar sözü var, deyir ki,
Allah insanı cəzalandıranda, onu müəllim edər. Düşünürəm ki, onu
demiş dahi insanlar məhz bizim üçün deyib. Müəllim sənəti həkim
sənətindən də məsuliyyətlidir. Çünki müəllim mənəviyyatsız,
vicdansız, iç dünyası kasıb olsa, hər sinifdə ən azından iyirmi
vicdansız, mənəviyyatsız vətəndaş yetişdirəcək.
Hamımız günahkarıq
- Deməli, cəmiyyətdə mənəviyyatsız vətəndaşın
formalaşmasında müəllimin böyük rolu var. Heç müəllimə olaraq
özünüzü günahkar sayırsınız?
- Hamımız günahkarıq! Mən də, sən də, o da... Televiziya da,
məktəb də, ədəbiyyat da günahkardır. Bugünkü gün bütün televiziya
kanallarında seriallar çəkilir. Müasirləşirik, avropalaşırıq,
milyonlarla pul ayrılır seriallara... Nəyi aşılayır insanlara o
seriallar? Azərbaycan dilinin evini yıxıblar. Mən baxmıram, baxanda
da görürəm ki, mənim dilimi nə günə qoyublar. Gücüm çatmır, nə edə
bilərəm, necə ala bilərəm qarşısını? Dili bu qədər də məhv etmək
olmaz. Mənim borcum ləyaqətli vətəndaş yetişdirməkdir, mütləq alim
yetişdirmək deyil. Hər şagird gələcəyin atası, anasıdır. Hərəsi iki
uşaq tərbiyə eləsə, budur mənim qazancım, becərdiklərim.
Əgər millətin belini qırmaq istəmirlərsə...
- Müəllimə kimi Təhsil Nazirindən istəyiniz
nədir?
- Deməyəcəm ki, müəllimlərin maaşını artırmağını istəyirəm.
Onsuz da mənim deməyimlə deyil, özləri nə bilirlərsə, elə də
edirlər. Təhsil üçün xeyirli nədirsə, onu eləsinlər. Azərbaycan
naminə, onun gələcəyi naminə etsinlər etdiklərini... Belə bir söz
var, "bir millətin belini qırmaq istəyirsənsə, onun müəllimini
səfil vəziyyətə salıb, təhsilini də iflic etmək lazımdır". Əgər
millətin belini qırmaq istəmirlərsə, onun müəllimini səfil
etməsinlər, təhsilini iflic olmağa qoymasınlar. Vəssalam...
- Bəs nə vaxtsa dünya şöhrətli şair olacağınızı
düşünürsünüz?
- Qarşıma konkret məqsəd qoymamışam ki, mütləq dünya şöhrətli
şair olmalıyam, məni dünya tanımalıdır. Şöhrət elə bir şeydir ki,
sonradan adamın qanadlarını qırıb göylərdən yerə salır. O qədər
şöhrəti göz deşən adamları sonradan, əslində, sənətsiz biri kimi
"mükafatlandırıblar ki... Təkcə ədəbiyyatda deyil. Tutaq ki, biri
dəbdə olur, bir yazıçını hamıya oxutdururlar, həzm etdirirlər,
sonra da qusdururlar. Baxırsan, sadəcə şöhrətlənib, populyar
olub... Onun yazısı nədir ki? Ondan da yaxşı yazanlar var. Məsələn,
rəssam əlinə fırça alıb rəsm çəkəndə fikirləşsə ki, mənim əsərimi
hamı tanıyacaq, hamı bəyənəcək, buna kimlər baxacaq, bunu
alacaqlar, o əsər alınmayacaq... Əsəri işləyəndə ki, hər şey yaddan
çıxırsa, hətta şöhrət, qazanc, o zaman o əsər tanınacaq, şöhrət
qazanacaq.
Kim belə sevirsə, sevsin...
- Səmimisiniz, yoxsa cəmiyyətdə, insanlar arasında bir
maska daşımaq zorundasınız. Məsələn, ağlamaq istəyəndə gülürsünüz,
əsəbi olanda sakit görünmək zorundasınız... Belə hallar
olur?
- Nəyəmsə, buyam... Kim belə sevirsə, sevsin, sevməyən də sağ
olsun, sevən də... Ağlamaq istəyəndə ağlayıram, gülmək istəyəndə
gülürəm. Heç kəsin xətrinə rola girmək kimi borcum yoxdur. Mənim
maskam yoxdur, bacarırlarsa, özümü sevsinlər.