Səməd Vurğunun müsavatçılara və Məmməd Əmin Rəsulzadəyə
münasibəti və əsərlərində Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti
barədə yazdıqları yenidən gündəmə gəlib. Qeyd edək ki, bir müddət
əvvəl ADP sədri Sərdar Cəlaloğlu Səməd Vurğun yaradıcılığı haqqında
bu sözləri dilə gətirmişdi.
Bəs görəsən, şairi Xalq
Cümhuriyyəti və cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə
haqqında tənqidi fikirlər yazmağa vadar edən nə idi - şairin
Rəsulzadə daxili nifrəti, yoxsa dövrün tələbi? "Yeni Müsavat"
qəzeti bu barədə Müsavat başqanının müavini Mehman Cavadoğlunun və
şairin qardaşı nəvəsi, hüquqşünas Səməd Vəkilovun fikirlərini
öyrənib.
Həqiqətlər üzə çıxmalıdır
Müsavat başqanının müavini Mehman Cavadoğlu bildirib ki, Səməd
Vurğunun Rəsulzadə və cümhuriyyətçilər haqda söylədiyi fikirlər,
yazdığı əsərlər siyasi sifarişin məhsulu olub: "Həqiqətən də
tarixdə belə bir fakt mövcuddur ki, Səməd Vurğun öz şeirlərində,
poemalarında Rəsulzadə və müsavatçılar haqqında təhqiramiz fikirlər
səsləndirib. Ancaq bütün bunlara baxmayaraq, Rəsulzadə onun
fikirlərinə loyal yanaşaraq Vurğunu Azərbaycan dilinin inkişafında
xidmətləri olan böyük şair kimi qiymətləndirib. Onun dəyərini
verib".
M.Cavadoğlu həqiqətlərin üzə çıxmalı olduğunu da söyləyib: "Bu
məsələlər bilinməli, yaddaşlarda qalmalı və nəticə çıxarılmalıdır
ki, gələcəkdə bu kimi hallara, tarixi şəxsiyyətlər haqda bu kimi
təhqiramiz fikirlərə yol verilməsin. Ancaq inanmıram ki, nə Səməd
Vurğun, nə də bir başqası öz arzusu, istəyi ilə belə şeirlər
yazıblar. Çox təəssüf ki, bu gün də belə siyasi sifarişləri yerinə
yetirən sənətkarlar, ziyalılar mövcuddur".
Babam ədəbi priyom işlədib
Səməd Vəkilov S.Vurğunun Rəsulzadə haqda yazdıqlarını ədəbi
priyom adlandırdı: "S.Vurğunun M.Ə.Rəsulzadə haqda yazdıqlarına
M.Ə. Rəsulzadənin özü çox gözəl şəkildə münasibət bildirib.
Sadəcə, bəzi insanlar var ki, Roma papasından daha çox katolik
olmağa çalışırlar. Rəsulzadə haqda tək S.Vurğun deyil, hətta öz
silahdaşları arasında da tənqidi fikirlər söyləyən olub. Vəkilovlar
nəslinin böyük əksəriyyəti M.Ə.Rəsulzadənin qurduğu hökumətdə ən
yüksək vəzifə daşıyırdılar. Onlar Cümhuriyyətin qurucuları olublar.
Bu nəslin nümayəndəsi Rəhim bəy Vəkilov "Azərbaycan Xalq
Cümhuriyyətinin yaranma tarixi" əsərinin müəllifi olmaqla yanaşı,
həm də İstiqlal Bəyannaməsinin müəllifi idi. Vəkilovlar nəslinin
nümayəndəsi olan və 23 yaşında Cümhuriyyətdə daxili işlər naziri
postunu tutmuş Mustafa bəy Vəkilovu da buna misal göstərmək olar.
Bütün bunlar isə Vəkilovlar nəslinin müsavatçı, milli hökumətə
bağlı olmasından xəbər verir. Ona görə də M.Ə.Rəsulzadə deyirdi ki,
Səməd Vurğun canı ilə, qanı ilə milli hökumətə, Müsavata bağlı olan
bir insandır. Sadəcə, dövrün tələbi Səməd Vurğunu belə bir addım
atmağa vadar etmişdi. Ancaq Rəsulzadə o ailəni, o nəsli çox gözəl
tanıyırdı. Rəsulzadə deyirdi ki, qapalı sovet cəmiyyətində yaşayan
bir şair əlbəttə ki, məni tərifləyə bilməz. Səməd Vurğun nəslindən
repressiyalara məruz qalanların sayı da kifayət qədərdir. Ancaq onu
tənqid edən dılğırların nəslindən bir dənə də olsun repressiyaya
qurbanı yoxdur".
Səməd Vurğunun Hüseyn Cavid, Cəfər Cabbarlı və bu kimi ədiblər
haqda səsləndirdiyi fikirlərə gəlincə, Səməd Vəkilov qeyd etdi ki,
Səməd Vurğuna qarşı da eyni addımlar atılıb: "Biz Səməd Vurğun
əleyhinə yazılan donosları, tənqidləri çap etdirsək, çoxcildlik
əsər alınar. Səməd Vurğun Azərbaycan türkdilli poeziyasının şah
əsəridir. Bütün bu ittihamlar haqda mən yazı hazırlayıram, yaxın
gönlərdə də onu mətbuata təqdim edəcəyəm".