Çingiz Aytmatov deyirdi ki, yaxşı kitab müəllifin
insanlara ən yaxşı hədiyyəsidir. Bəs bizim yazarlarımız necə,
insanlara hədiyyə edə biliblərmi?
Azərbaycan yazarları arasında xarici müəlliflərin əsərlərinə
maraq daha çoxdur. Bəs görəsən yazarlarımız özümüzünkülərdən kimi
oxuyur?
"Axar.az" xəbər portalı olaraq yazarlarımız
arasında kiçik sorğu keçirdik. Sorğuda iştirak edən yazarlarımızın
fikirlərində bənzərliklər olsa da, fərqli düşüncələr də vardı.
Rafiq
Tağıya Allah rəhmət etsin deməyəcəm...
Baba Vəziroğlu bildirdi ki, ona gənc yazarları Rafiq Tağı
oxutdururdu. Ona "Allah rəhmət eləsin" deməyəcəm, çünki bu sözü
başa düşmürəm. Ona "çox sağ ol" deyirəm ki, mənə gənc yazarlarımızı
sevdirdi: "Ən çox Aqşin Yenisey, Sevinc Çılğını oxuyuram. Çünki
onların poetik düşüncə tərzləri, ovqatları, daim yenilik
axtarışında olmaları məni cəlb edir, onları oxuyanda dəyişirəm.
Onlar məni özümdən alıb, tam başqa yerlərə apara bilir. Bununla
yanaşı, oxuyub bəyənmədiyim yazarlar da kifayət qədərdir. Sadəcə,
heç vaxt onların adını çəkmirəm. Çünki düşünürəm ki, oxucu özü
oxuyub müəyyənləşdirməyi bacarmalıdır".
Sayman
Aruz: "Aqşini yazar kimi
bəyənmirəm..."
"Mən ən çox Zümrüd Yağmur, Kənan Hacı, Aqşin Yeniseyi oxuyuram.
Cavanlardan əksəriyyətini oxumuşam və hələ də oxuyuram. Hətta
Səxavət Sahilə qədər oxumuşam. Əlimə düşəni oxuyuram. Zümrüd
Yağmurun qələminin özünəməxsusluğu var. Onu peşəkar hesab edirəm.
Cəlil Cavanşirin yazılarını bəyənirəm. Bir az yaşlılardan Kamal
Abdullanı daha çox oxuyuram. Kifayət qədər yazarlarımız var ki,
əminəm, onlar hələ ki, axtarışdadırlar. Aqşinə gəlincə, yaxşı
şairdir, amma onu yazar kimi bəyənmirəm. Bəzi yazarlarımız yazıda
ardıcıllığı qoruya bilmir. Seymur Baycanın "Quqark" əsərini oxudum,
əvvəlini bəyəndim, amma sonra tələsiklik hiss olunur, hətta
hadisələrin rabitəsi pozulur. Sanki yazar hansı hadisənin necə baş
verdiyini unudub. Nərmin Kamalın "Aç mənəm" əsərini oxuyanda da
dəhşətə gəlmişdim, ritm tamam pozulmuşdu. Onda mən anladım ki,
gənclərimizin əksəriyyəti hələ ki, axtarışdadır. Bunun da bir
səbəbi kifayət qədər mütaliənin olmamasıdır. Yazıçılıq istedad,
savadla və zəhmətlə baş tuta bilər. Yazar gərək kəlmələrin nökərinə
çevrilsin".
Ən
mükəmməl yazarın belə maraqsız yazısı olur...
Qismət də yazarlarımızın əsərlərini oxuduğunu bildirdi. Amma Qan
Turalı, Mirmehdi Ağaoğlu, Seymur Baycan, Şərif Ağayarı daha çox
oxuduğunu qeyd etdi: "Daha çox ədəbi yazılara üstünlük verirəm.
Favoritlərim isə QanTuralı, Mirmehdi Ağaoğlu, Seymur Baycan, Şərif
Ağayardır. Sevmədiklərimə gəlincə, xüsusi olaraq sevmədiyim yazar
yoxdur. Ən mükəmməl yazarın belə, maraqsız yazısı olur. Bu siyahıya
adlarını çəkdiyim yazarlar da aiddir. Başdan-başa bəyənmədiyim
yazar yoxdur. Yararsız yazmaqdansa, az yazıb daha gözəl yazmaq
lazımdır. Məsələn, Nərmin Kamal az yazır, amma mən onun bütün
yazılarını səbrsizliklə, maraqla gözləyirəm".
Kənan
Hacı: Cəmi 5-10 yazarımız var onsuz da...
"Şərif Ağayar, Seymur Baycanı daha çox oxuyuram. Elə də çox
yazıçımız yoxdur onsuz da... 5-10 yazıçımız var ki, onların da
əsərlərini mütaliə edirəm. Qan Turalı, Cəlil Cavanşir, Pərviz
Cəbrayil, Etimad Başkeçidi oxuyuram.
Dedektiv
əsərlərin müəllifi Elxan Elatlıya gəlincə, o,
gənclərdən daha çox Fərid Hüseyni oxuduğunu bildirdi. Onun
fikrincə, gənclərdə olan cəsarət, müasirlik romanlara bir az da
rəng qatır: "Ən çox Fərid Hüseyni oxuyuram. Gənclərdə müasir
elmlərə maraq, dünyagörüşlərinin zəngin olması məndə romanları
oxumağa stimul yaradır. Ola bilər onlar bədii cəhətdən mükəmməl
əsərlər yarada bilməyiblər, amma kifayət qədər uğurlar qazanırlar.
Ən çox oxuduqlarımsa Müşfiq Xan, Ramiz Cəfəroğlu, Fərid Hüseyn,
Çingiz Abdullayev və Sabir Rüstəmxanlıdır.