Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman
Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə 17-22
noyabr 2014-cü il tarixində Nizami Kino Mərkəzində II Bakı
Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF)
keçiriləcək.
Axar.az xəbər verir ki, festivalın məqsədi bütün idman növlərinə
həsr olunan, idmanın inkişafına təkan verə biləcək filmləri təbliğ
etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.
Festival 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya
Oyunları ərəfəsində ölkəmizin idman potensialına diqqəti cəlb
etməyi də qarşısına məqsəd qoyub. Təqdim olunan filmlər
kinematoqrafçılar və idman ekspertlərindən ibarət 7 nəfərlik
beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Münsiflər heyəti hər 5 kateqoriya üzrə (İdman və dünya, İdman və
şəxsiyyət, Bədii film, TV filmləri və proqramları, Milli film) üç
filmi müəyyən edəcək. Qaliblərə diplom, priz və pul mükafatları
nəzərdə tutulub. Festivalın ən yaxşı filminə isə QRAN PRİ
veriləcək.
II BBİFF müsabiqə proqramları ilə yanaşı seminarlar, film
müəllifləri ilə idman mütəxəssisləri və KİV təmsilçiləri arasında
müzakirələr keçirəcək. Filmləri festivalın www.bisff.az saytı
vasitəsilə təqdim etmək mümkündür.
Xatırladaq ki, II BBİFF mənzil qərargahı Milan şəhərində
yerləşən İdman Kino və Televiziya Filmləri Beynəlxalq
Federasiyasının (FİCTS) üzvüdür.