Keçmişlə, yaşanmış xatirələrlə ruhən görüşməkdir nostalgiya...
Amma bu dəfə keçmişimizə təkcə ruhumuzla yox, fiziki anlamda da
səyahət elədik. Çünki "Nostalji"nin budəfəki qonağı millətimizin
keçmişi, xüsusən son dövr tarixi ilə sıx bağlı bir insandır. Bəlkə
elə buna görə də bu müsahibədə şəxsi və milli nostalgiya bir-birinə
qaynayıb-qarışmış, çulğaşmış şəkildə özünü göstərib. Gözümüz önündə
sadəcə bir nəfərə məxsus şəxsi yaşantı silsiləsindən daha çox,
bizim hamımızın Keçmişimiz, İndimiz və Gələcəyimizlə yer aldığımız
bir "Ömür kitabı" vərəqləndi:
"...Ara-sıra öz uşaqlıq dünyasına dönə bilmək, ruhun, ürəyin
durulması üçün ən səmimi etiraflarını anaların südü və laylası ilə
qanımıza işləmiş doğma təbiətə, gözümüzü açanda ilk gördüyümüz
göylərin mavi sonsuzluğuna, köksümüzü ilk ötürəndə udduğumuz
havanın candərmanı ətrinə söyləyə bilmək böyük xoşbəxtlikdir. Mənə
elə gəlir ki, uşaqlıq xatirələri idillik bir dünyanın şəklini
çəkmək deyil, əksinə, xalq tərbiyəsinin köklərini göstərib, nəyi
harda itirdiyimizi araşdırmaqdır. Hər yerin öz nişanəsi, öz əlaməti
var..."
Meydan hərəkatının banilərindən biri, millət vəkili, Xalq şairi
Sabir Rüstəmxanlı ilə söhbətimiz boyu vaxtı və zaman anlayışını
itirməməyə çalışdıq...
"...Mənə elə gəlir ki, öz ömrümdə həm də yurdumun tarixini
yaşayıram. Doğulandan ölənə, öz neçə min illik yolu, təcrübəsi,
dərdi, qələbə və itkiləri ilə Vətən bizim içimizdən, ömrümüzdən
keçir..."
("Ömür kitabı")
"Atam mənə həyatı sevdirmişdi, ölümü də sevdirdi. Beləcə
günlərin birində ömür boyu "yoruldum, bezikdim" demədən çalışan,
müharibənin sızıltılı "yadigarlarına" və taleyin vurduğu yaralara
baxmayaraq övladlarını sınmağa qoymadan mərd, gözütox böyüdən, atam
olduğuna görə yox, ağlasığmaz nəcibliyinə görə də çox istədiyim bir
adamın qaçılmaz ayrılığını seyr etməli, başının üstündə ölümlə
nəfəs-nəfəsə dayanmalı oldum..."
("Atamın ruhu")
"Türkün bir tapınağı da dağlardı. Onu qoruyub ölümdən
qurtardığına görəmi, ucalığına, göylərə, Tanrıya yaxınlığına
görəmi? Kim bilir...Çox-çox əski çağlara dayandığından, örtülü,
açılmaz bir gizlindi..."
("Göy Tanrı")
"Atamın canı ağzından çıxanda üzümü qarsalayan hava dalğası yenə
az qala səsi duyulacaq bir sürətlə başıma dolandı, dolandı və
qüsulun sonuncu kəlməsiylə birdən-birə məndən ayrıldı, uçub getdi.
Bu, atamın ruhuydu...Zərrə-zərrə havaya qarışdı.Sonra o yenə
gələcək, yuxuma, həyatıma...amma belə bütöv yox, zərrələr şəklində.
Görünür, bədən torpağa qarışdığı kimi, ruh da bəlli vaxt ərzində
əriyib, zərrə-zərrə bizi bürüyən havaya çevrilir. Dünyanı qoruyan
hava ölənlərimizin ruhundan başqa bir şey deyil!.."
("Atamın ruhu")
Yaşanan duyğuları qəzet səhifələrinə gətirməyin həm yaxşı, həm
də bir az çətin tərəfləri var. Əslində, yazıçı bütün ömrü boyu
yaşadığı nostalgiyanı, xiffəti yazır. Şeirlərimin də, nəsrimin də
böyük əksəriyyəti həm millətimizin keçdiyi tarix baxımından, həm də
şəxsi ömür yolumun xiffəti ilə doludur, hər yerdə o nostalgiyanın
ifadəsi var.
"Ömür kitabı" əslində mənim ömür kitabım olmaqdan əlavə,
həm də Azərbaycanın ömür kitabıdır.
Orada mənim öz uşaqlığımla yanaşı, Azərbaycanı anladan, Vətənin
taleyi ilə bağlı olan hissələr, millətin keçmişinə tarixdən üzübəri
şaquli bir baxış var və o keçmişlə bağlı uydurmalara cavablar
verilib. Bir də üfüqi baxış var- Azərbaycanın coğrafiyası vizual
şəkildə olsa da gözdən keçirilir. Sondakı "Dəniz damla olub
buluddan keçir" fəslində Azərbaycan adlı böyük okeanın bir balaca
damlası olan mənim ocağım, evim, doğulduğum kənd, dağlar barəsində
söz açılır. Əslində, o hissə daha çox şəxsi nostalgiya duyğusu ilə
yazılıb. İnsan kasıb, yaxud bəsit bir həyat yolu keçsə belə,
müəyyən yaşa dolduqdan sonra ailə, böyüklər, ata-babalar yada
düşdükcə yaşadıqları hamısı insana dəyərli və zəngin görünür.
Mən balaca bir evdə dünyaya gəlmişəm, uşaqlığım çətin keçib.
Təsəvvür edin, doğulduğum kəndə asfalt yolunun çəkilişi bugünlərdə
başa çatıb. İşıq, radio, televiziya kimi bugünkü dünya üçün adi
olan bir çox texnoloji yeniliklər o kəndə çox gec çatıb və çoxu da
bizim gözümüzün qabağında olub. Amma buna baxmayaraq, bəlkə də o
kənd mənim üçün dünyanın ən zəngin bir guşəsi, insanları da
dünyanın ən nəhəng, ən böyük adamları idi. Kasıb idilər, amma bu
millətin xarakterini, simasını qoruyub saxlayırdılar. Mənim ocağım,
doğulduğum yurd Azərbaycanın sifətini, ruhunu qoruyan, neçə
minillik gələnək-görənəklərini, adət-ənənələrini qoruyan bir
məkandı. Ona görə də nostalji duyğularımın böyük hissəsi doğulduğum
ocaqla bağlıdır.
Bütövlükdə "Ömür kitabı" özü artıq mənim üçün xiffət
mənbəyinə çevrilib.
Kitabın yazıldığı günlərdə biz hələ Sovetlər Birliyində
yaşayırdıq və məndə o ittifaq üçün qətiyyən, zərrə qədər də
darıxma, xiffət, nostalgiya yoxdu, çünki ağlım kəsəndən onun
dağılmasını arzulamışam. 16-17 yaşlarımda yazdığım balaca bir şeir
dəftəri bu günlərdə rayona gedəndə anamın köhnə sandığından çıxdı,
qoruyurmuş. Orada "Qalx üsyana, ey millət!" tipli şeirlərim var.
Bizim içimizdə o üsyankar ruhu, milli şüuru müəllimlərimiz,
oxuduğumuz kitablar oyatmışdı. Sərhəd bölgəsində yaşamaq da öz
təsirini göstərmişdi. "Ömür kitabı"nın yarandığı dövr üçün qətiyyən
xiffət keçirmirəm, çünki o dövr bitməli, imperiya dağılmalı idi.
Amma kitabın yarandığı dövrdə içimdə bəslədiyim ümidlərin xiffətini
çəkirəm. Mən gözləyirdim ki, sovet ideologiyasından qopmuş, yeni
yaranan milli ədəbiyyatımız ən qısa bir müddətdə millətin ümumi
xəttinə, düşüncə tərzinə çevriləcək və tezliklə o ədəbiyyat
millətin köhnə sovet ənənələrinin çökdüyü şüurlarda bir inqilab
eləyəcək, yeni yanaşma tərzi olacaq, tariximizin yeni dərki
başlayacaq, uşaqlarımızı yeni ruhla böyüdəcəyik... "Ömür kitabı" bu
ümidlərlə- qatı pərdəni cırmaq, qara buludları dağıtmaq, keçmişin
üstündən dəmir qapağı götürmək məqsədilə yazılmışdı. İstəyirdim
millət görsün ki, kimdir, haradan gəlir, ona qarşı hansı böhtanlar
var, onu necə kiçiltməyə çalışırlar, hansı faciələri yaşayıb...Və
bundan sonra öz həyatını ayrı cür qursun, ayrı cür yaşasın. O dövr
böyük ümidlərlə dolu idim, Güney Azərbaycana gedib oranı gəzə-gəzə
o kitabın ikinci hissəsini yazmağı da düşünürdüm. O, bəlkə də ömrüm
boyu yazacağım bir kitab olacaqdı... Və sonrakı dövrlərdə bəzən
axıra kimi duruş gətirə bilməyib torpaqlarımızı qorumağı
bacarmayanda, dövlət başçılarının millətə xəyanət
elədiyini-əhalinin əlindən ov tüfənglərini də yığdığını, kəndləri
başsız-yiyəsiz qoyduğunu, Rusiyadan gələn istintaq işçilərinin
basqılarını, özüm haqqında qəsdən uydurma cəfəngiyyatları
yaydıqlarını görəndə, arxadan atılan güllələrə tuş gələndə bildim
ki, o kitabı yazarkən bəslədiyim ümidlərimin bir hissəsinin
doğrulmağına hələ çox qalır...
Amma bununla yanaşı, 1988-ci ilin erməni xəyanəti, torpaq
iddiaları başlananda o kitabın təsirini də gördüm. O vaxt həmin
kitab bütün metro çıxışlarında satılırdı. Birinin evində 4 qızı
vardı, cehiz vermək üçün hərəsinə birini alırdı. Sonra boynumuza
kəfən geyib getdiyimiz Meydan Hərəkatında "Ömür kitabı"nın oradakı
insanların çoxunun meydana gələn yolunu açdığının, onlara təkan
verdiyinin şahidi oldum. Onda zavodlarda, fəhlə yataqxanalarında,
universitetlərdə, ail məktəblərdə, bölgələrdə kitabın müzakirələri
bəzən bir gündə 2-3 yerdə keçirilirdi. Min nəfərin toplaşdığı salon
bir şeirimizlə, bir sözümüzlə ayağa qalxırdı... Hər halda xalq
Meydana öz haqqını müdafiə eləməyə və bir də o haqqı müdafiə eləyən
sözün işığına gəlmişdi. O tribunada, o kürsüdə dayananda pilləkən
olmaya-olmaya uşaqların necə atılıb dırmanmaları, avtoqraf
istəmələri, sonra kitabı əllərində bayraq kimi tutmaları bir
yazıçının ömrü boyu yaşayacağı ən böyük xoşbəxtlikdir və mən bu
xoşbəxtliyi Meydana gələn yollarda yaşamışam. Bir kitabın o boyda
təsirini görmək bir yazıçı üçün əslində bütün ömrü boyu nostalgiya
hissi yaşamağına bəs eləyir. Kitab mağazalarından ermənilər o
kitabdan onlarla alıb Yerevanda Teatr Meydanında, Xankəndində
tonqal çatıb yandırır, güllələyirmişlər... Yəni o kitabın
düşmənləri də var idi. Əslində elə o da mənim məqsədlərimdən biri
idi ki, ermənilər orada özlərini görsünlər, güzgünü sındırmaq
əvəzinə özlərini düzəltsinlər, öz yazdıqları kitabların nə qədər
mənfur xislətli olduğunu, yalan mənbələrə, uydurma tarixlərə
söykəndiyini nəhayət, dərk etsinlər. Şübhəsiz, o dövrün həm
sevincini, həm ağrısını ömrümüz boyu yaşayacağıq...
"Ömür kitabı" mənim şəxsi həyatımın
nostalgiyasıdır...
Məndə milli tariximizin nostalgiyası da var. Yəqin ki, bütün
xalqlar öz keçmişi üçün həsrət çəkir, həmişə o keçmişi
ideallaşdırmağa, böyütməyə çalışır.Bu, bəlkə də normal bir şeydir.
Dünya ədəbiyyatına da nəzər salsaq, Homerin poemalarında da, 3 min
il bundan əvvəlin yazılarında belə onlar da özlərindən əvvəlki
dövrün həsrətini çəkirlər. Qədim Misir və Şumer yazılarında da
zəmanədən, gənclərin yaşlıları bəyənməməyindən şikayətlənirlər.
İndi də belə deyirlər, görünür bu, daima belə olacaq.İnsan
gələcəyini bilmir, amma keçib gəldiyi keçmişi, onun
yaxşısını-pisini görür və həmişə yaxşıların həsrətini çəkir.
"Göy Tanrı" millətin milli nostalgiya
kitabıdır.
Orada oğuzların bir cahan dövləti qurduqları və Doğudan, Çindən
başlayıb mərdliklə, kişilklə, ağılla Avrasiyanı bürüdükləri bir
vaxt təsvir edilib. Onlar sehirli, göydən gələn bir qüvvə, Allahın
yer üzündə ordusu kimi hər yerə ədalət, düzlük, haqq aparıblar. Ona
görə də oğuzları hər yerdə sevinclə qəbul ediblər.Onların
bildikləri ədaləti, qurduqları dövlət sistemini o biri xalqlar
bilmirdilər. O kitabda adı çəkilən Yağmur Daşı türklərin
mifologiyasında çox böyük yeri olan bir anlayışdır. O daş Ərdəbildə
də olub. Yağış yağmayanda onu meydana çıxarıb döyəcləyib xüsusi
mərasim keçirirmişlər, ondan sonra yağış yağırmış.Sözarası deyim
ki, bu sirlər hələ də açılmayıb. Bu sirlə bağlı bir nostalgiyam
var... Kəndimiz Ağçayla Qaraçayın ortasında yerləşir.Kəndin
arxasında da Qoşunyurdu deyilən böyük bir yurd var. Şah İsmayıl ova
gələndə qoşununun oturduğu bir yerdi.Kəndimizin yanında bir Heyvan
piri var. Üstündə niyyət tutub heyvan kəsildiyinə görə belə
adlanırdı. Yadıma gəlir, 5-6 yaşım olanda uzun müddətdi kəndə yağış
yağmırdı. Yağışın yağması üçün camaat orda qurban kəsməyi
niyyətlədi. Gənc, igid bir dayım vardı, kəndin əks istiqamətinə
özlərinin və bizim qoyunlarımızı otarmağa aparırdı. Həmin dayım
dedi ki, gəl, bir yerdə gedək qoyunları otarmağa. Hətta əlimdən də
yapışdı. Getmədim, çünki qurban kəsilməsi mənim üçün maraqlı idi,
ona baxacaqdım, yoxsa gedərdim. Anam da dayıma dedi ki, işin
olmasın, getmirsə, aparma, özün get. Dayım tək getdi...Qurban
kəsilib paylanandan təxminən 1 saat sonra göyün üzünə qara bulud
gəldi və görünməmiş bir leysan başladı. Təxminən saatyarımdan sonra
da xəbər gəldi ki, dayımı sel aparıb...
Adını çəkdiyim o Heyvan pirində də daşlar var. O daşlar nədirsə,
onlarda bir sirr var və o, yağmur yağdırır...
Həm "Ömür kitabı", həm də "Göy Tanrı" elə nostalgiya
kitablarıdır. Biri uzaq keçmişin, o biri də Azərbaycanın, böyük
türkçülüyün nostalgiyasıdır.
Mənim ruhumu ən çox tərpədən dağlardır.
İçimdə bir dağ kultu, dağa sitayiş var. Dağlara gedəndə hansı
bulağın başında hansı arzularla oturduğum da yadımdadır...Bəzən
gedib o yerləri axtarıram. Elə bilirəm, heç nə dəyişməyib, hər şey
öz qaydasında qalıb. Nə vaxtsa yaşadığım, çoxdan tərk elədiyim bir
evə girəndə elə vaxt olub ki, görmüşəm, divarlar başıma dolanır...
Ümumiyyətlə, göz yaddaşım və yaşadığım hisslərin yaddaşı çox
güclüdür. 30 il əvvəl keçdiyim cığırla addımlayanda o vaxt hansı
hisslər keçirdiyimi, hansı duyğular yaşadığımı xatırlayıram. Mənim
üçün nostalgiya məkanla yanaşı, həm də insanlarla ehtiva
olunur.Həsrətini, xiffətini çəkdiyim adamlar var...Adam həmişə öz
valideynlərinin həsrətini çəkir.
Valideynlərin sözü, nəfəsi, bəzən hətta tənbehi üçün
darıxırsan...
Biz onların tayı ola, onlar kimi yaşaya bilmərik. Onlar tamam
ayrı bir həyatdan gəlmişdilər... Kəndin icma həyatı, bütövlüyü üçün
darıxıram.Kənddə birlik havası vardı.Camaat birgə çalışırdı,
xeyir-şər bir yerdə olurdu.İndi gedəndə o icmanı çox
axtarıram.Ata-ana ilə birgə onların bir çoxunun sehri dağılıb
gedib. O sehr gedib, ancaq gərək növbəti nəsillər üçün o sehri biz
özümüz yaradaq. Yadıma gəlir, kənddə xalq teatrı vardı, bayramdan
bayrama teatrlar olardı, camaat üz-gözünü qaralayıb geyimini
dəyişib müəyyən süjetlər ətrafında tamaşalar göstərərdi. Kəndin
özünə Bakıdan ilk kinonun, ilk teatrın gəldiyini xatırlayıram. Çox
gözəl məktəbimiz vardı, 30-cu illərin yadigarı olsa da, bölgədə o
cür gözəl məktəb yox idi... Yardımlıda elə kəndlər vardı ki, Sovet
İttifaqı dağıldı, amma o kəndlərdə bilmədilər, sovet hökuməti
gəlmişdi ya gəlməmişdi?
Dostluqlar vaxtın qədrini bilmədiyimiz dövrlərdə
yaşanıb...
Dostlar azalıb...Rayonda çox az dostum qalıb. Bir yerdə oxuduğum
dostlardan ədəbiyyat müəllimi İbad müəlim var, o həm də gözəl
müğənnidir, indi də yanıma gəlib-gedir. Bakıya gələndən sonra dost
olduğum adamlar var. Təəssüf ki, bir hissəsi dünyasını dəyişib.
Amma o dostluq mənasında ki, hər gün göruşəsən, hər gün bir yerdə
olasan- belə dostluq bu gün mümkün deyil.İndi elə bil insanların
dostuna sərf elədiyi vaxta heyfi gəlir. Sonrakı dövrlərdə biz dost
oluruq, yaxınlığımızı, hisslərimizin doğmalığını bilirik, amma dost
kimi hər gün bir yerdə olmağa vaxt çatmır. Artıq dünyasını dəyişmiş
Siyavuş Sərxanlı, Fərman Kərimzadə, Nüsrət Kəsəmənli, Eldar Baxış
ilə dostluğum olub.1-ci kursdan bəri Ramiz Rövşən, Çingiz Əlioğlu,
Rustəm Behrudi, Kamal Abdulla, İntiqam Mehdizadə, Hidayətlə dostluq
eləyirəm. Yaşda məndən böyük olsa da həmişə bir yerdə olduğumuz
Söhrab Tahiri, Musa Yaqubu, Məmməd Aslanı özümə dost bilirəm.
Lənkərandan Musa Babayev, Əli Bayramlıdan şair Tofiq Hüseynov kimi
dostlarım var. Baxmayaraq ki, çox tez-tez görüşmürük, amma
dostlarımla o illərin havasını qoruyub saxlaya bilirəm. Elə
dostlarım var ki, 40-50 ildir dostuq, aramızda zərrə qədər inciklik
olmayıb.
Nə vaxtsa uzaqlaşdığım adamlar, tərk elədiyim xanımlar
var...
Onlar inciyib küsüb getməliydilər bəlkə, amma illər keçib, 20-30
il üzünü görməsəm də, o illər ərzində harda olsam, axtarıb tapıb
davamlı mənə zəng ediblər. O cəhətdən mən özümü dostluqda,
yoldaşlıqda etibarlı adam hesab edirəm. Mərhum Fərman Kərimzadə sağ
olanda hər gün onunla bir yerdəydik. Az qala bütün Azərbaycanı
onunla birgə gəzib dolaşmışdıq. "Ömür kitabı"nda da bu var. Çingiz
Əlioğlu, Nüsrət Kəsəmənli və mənim az qala mifik bir dostluq
qrupumuz vardı. Bizə bəzən Yazıçılar Birliyində "velikolepnaya
troyka" deyirdilər.Günlərlə bir yerdə olurduq, boş vaxtlarımızı
birgə keçirirdik, şahmat oynayırdıq, yazılarımızı bir-birimizə
oxuyurduq, yaradıcılıq evlərinə bir yerdə gedirdik.Bunlar hamısı o
günlərin acılı-şirinli xatirələrindəndir. Sonra Nüsrət aramızdan
getdi, o mifik üçlük, o birgəlik dağıldı...
Çox təəssüf ki, sonradan qazandıqlarımız
itirdiklərimizin heç də hamısının yerini doldurmur.
Zaman ötdükcə itirilən gəncliyin yerini qocalıq, kənd həyatının
təmizliyinin yerini şəhərin mürəkkəb havası, polad kimi sağlamlığın
yerini yanından yel keçəndə xəstələnmək, uşaqlıq dostlarının yerini
mənfəətpərəst, öz gəlirini-çıxarını düşünən bic-vələdüzna
yoldaşlar, ümidlərin yerini acı reallıqlar alır. Bəzən itirilən bir
gün həftə qədər, aylar il qədər uzun görünür, amma onun yerinə ay
qədər sürətlə keçib gedən illər gəlir-yəni, çox təzadlı bir
itirmə-qazanma prosesi gedir... Mən 13 yaşında evimizdən çıxıb
rayon mərkəzinə, 17 yaşında da ordan Bakıya gəlmişəm. Elə o vaxtdan
üzü bəri bu sıxıntılar- evsizlik, ehtiyac, ana xörəyi yeməmək,
doğma üzləri görməmək, şəhər həyatı, buranın bizim yerlərin havası,
suyu ilə müqayisə olunmayan havası, suyu, adamlarının münasibətləri
ömrümüzü baltalamaqla məşğuldu...Hələ ki, o ilk illərin, o kəndin
verdiyi sağlamlığın, bəlkə də genetik sağlamlığın hesabına duruş
gətiririk.
Keçmişi xatırlayırsansa, ondan ibrət
almalısan...
Ən azı bilirsən ki, bu gün də nə vaxtsa keçmişə dönəcək.Bir vaxt
kimlərsə bu günü də o cür xatırlayacaqlar. Bu günü yaşayanda gərək
keçmişdə elədiyin səhvlərə yol verməyəsən. Çalışasan ki, başqa cür
yaşayasan. Öz uşaqlarımıza o keçmişi, tərk edib gəldiyi o yurdları
sevdirməliyik. Azərbaycanı gəzəndə köçürülmüş köhnə yurd yerlərini,
tərk olunmuş kəndləri, Ermənistanda qoyub gəldiyimiz yurdları
düşünəndə, Dağıstanda azərbaycanlıların yaşadığı və indi boşalmaqda
olan, yurddaşlarımızın azaldığı obaları görəndə, Gürcüstanda, Güney
Azərbaycanda yaşayan soydaşlarımızla qarşılaşanda (bu yaxınlarda
Doğu Türküstana-Urumçi və Kaşqara da getmişdim) ürəyim ağrıyır.
Harda türkün izini görürəmsə, bu, həm qürur, həm də ağrı yerimdi...
Düşünürəm ki, biz niyə bu boyda dünyamızı, bu böyük şöhrətimizi
qoruya bilməmişik? Niyə Azərbaycan bu bölgənin ən böyük xalqı, o
boyda tarixin sahibi ola-ola buna yiyə çıxıb saxlaya bilməyib? Orta
əsrlərin fəlsəfə tarixinə, təsəvvüf ədəbiyyatına, yaranmış çoxlu
cərəyanlara nəzər salanda görürəm ki, hamısının mərkəzində
Azərbaycanın böyük şəxsiyyətləri dayanıb.
Azərbaycan türk dünyasının ruh mərkəzidir.
Bura qeyri-adi sehirli bir məkandır. Bir çuvaş şairəsi ilə
söhbətimiz zamanı o dedi ki, (sonralar o, mənim qonağım olaraq
Bakıya gəlmişdi) uşaqlıqda həmişə Azərbaycan sözünün özü sehirli
təsir bağışlayırdı, məni özünə çəkirdi. Ancaq belə bir yer bizim
laqedliyimizin, öz birliyimizi qoruya, iradəmizi ortaya qoya
bilməməyimizin, qurban getmək, şəhid olmaq vərdişlərimizi
unutmağımızın sayəsində paramparça olub, bir parçası da bir ovuc
erməni tərəfindən işğal olunub. Həmişə bizim əlimizə baxan,
qapımızı qoruyan, zəmilərimizi biçən erməni kilsə küncündə özünə
yalançı tarix uydura-uydura, olmayan "tarix"ləri uşaqlarının
beyninə yeridə-yeridə, dünyanı da o yalanlara inandıra-inandıra
indi gəlib Azərbaycanın qabağında at oynadır...Bu, çox
üzücüdür...Ona görə də bundan sonra elə yaşamalıyıq ki, sabah
gələcək nəsillərimiz bizim elədiyimiz səhvlərə görə utanmasınlar və
bugünün yaxşı tərəflərinin nostalgiyasını xatırlasınlar.