Azərbaycanın Xalq artisti, kamança ustası Habil Əliyevin
müsahibəsi
-Habil müəllim, səhhətiniz necədir?
-Allaha şükür çox yaxşıyam. Allah hamını yaxşı etsin. Xalq yaxşı
olanda mən də yaxşı oluram. Səhhətim də qaydasına düşür. Amma birdə
baxırsan ki, özümün-özümə gözüm dəyir.
-Səhhətinizdə problemlər olduğu zaman sizinlə
maraqlananlar oldumu? Sənət dostlarınızdan bu diqqəti görə
bildinizmi?
-Gəlməyən adam oldu ki? Hamıdan razıyam. Telefon da susmadı. Elə
bir adam omadı ki, mənimlə maraqlanmasın. Hətta deyirdim, xahiş
edirdim ki, gəlməsinlər. Onlara da çətindi axı... Əziyyət
çəkmələrini istəmirdim. Hamısından xahiş edirdim ki, əhvalım
əladır. Məni də ağsaqqal seçiblər. Deyirəm ki, hələ ağsaqqal olmağa
yaşım çatmır, 90 yaşım var. Ağsaqqal olmaq üçün hələ 10 il də
yaşamaq lazımdır. Allah hamısını var eləsin.
-Yaşadığınız bu illər ərzində unuda bilmədiyiniz hadisə
varmı?
-Məni kövrətməyin, indi ağlayaram.
-Niyə, sizi ağladan nədir?
-Xəstə olanda bircə şey keçdi könlümdən, "evlənmək" istədim.
(gülür) Adam yaşa dolanda çox kövrək olur. Kövrəklik də nədən əmələ
gəlir? Evdə arvad adama ərkəsöyün münasibət göstərir. Qohumlar da
arvaddan betər. Bundan da ərkəsöyünlük yaranır. Adamı o qədər şirin
danışdırırlar ki, kövrəkləşirsən. Mən də sağlığınıza, kövrəkliyi də
keçmişəm. Dindirən kimi ağlayıram. Bax indi müsahibə uzansa uşaq
kimi ağlayacağam. Uşaqlarım da yanımdadır, yanımdan bir an olsun
ayrılmırlar.
-Artıq səhhətiniz normallaşıb. Yəqin ki, istirahət üçün
vaxt ayırmaq da olar. Xəstəliyin rahatsızlığını unutmaq üçün
istirahətə getməyi düşünürsünüzmü?
-Mən onsuz da elə istirahətdəyəm. Evdəkilərin isə istirahətə
pulları yoxdur. Ona görə də heç hara gedə bilmədilər,
yanımdadırlar. Uşaqlarım isə artıq həkimdir. Hərdən deyirəm ki,
sizi də həkim etdim.
-Tədbirlərə necə, yenə dəvətlər gəlirmi?
-Yəqin düşünürlər ki, artıq gələ bilməz. Odur ki, çox yerə dəvət
etmirlər. Bəzən zəng edib, məni həmin tədbirə çağırmamalarının
səbəbini soruşuram. Onlar da deyir ki, Habil müəllim, düşündük ki,
gələ bilməzsən. Allaha şükür olsun ki, mən yaşıdlarımla müqayisədə
yaxşıyam. Doğrusu yaşıdlarımdan çoxu burda deyil, o dünyadadır.
-Belə mühit sizi darıxdırmır?
-Yox, indi doyunca arvadıma baxıram. Hələ arvadımı indi
görmüşəm. Əvvəldən onu belə görsəydim heç almazdım. (gülür)
-Ötən günləri – yaradıcılığınızın lent yazılarına
yenidən baxırsınızmı?
-Baxmıram. Əvvəllər baxardım, sonra da ürəyim xarab olurdu.
Cavanlığımı xatırlayardım. Yadıma elə şeylər düşür ki, baxmasam
daha yaxşıdır.
AzNews.az