Şəhərimizdə, ətrafımızda həmişə bir yenilik, sinə dolusu nəfəs
almağa bir nəfəslik axtarırıq. Belə bir yeniliyin sorağı ilə üz
tuturuq "ODA" teatrına.
Topçubaşov küçəsi-38 ünvanında yerləşən "Zirzəmi" adlı kiçik bir
kafedən içəri giririk. Bu kafedə olmağımızın da səbəbləri var. Heç
bir teatr onlara yer vermədiyindən, teatrın maddi imkanlarının
azlığından əllərində ancaq bu kafe var. "Zala" daxil olan kimi
təccüblənirəm. Bu, alışıq olduğumuz teatr mənzərəsi deyil. Kiçik
bir səhnə və səhnənin ətrafına düzülmüş ağ üzlü balaca döşəkçələr.
Sanki bir obaya qonaq gəlmisiniz. Bura doğurdan da kiçik bir yerdi.
Əlli nəfər ancaq yerləşər. Auditoriyanın çoxu gənclərdir. Bəzi
tanınmış ziyalılar da gözə dəyir. Alışıq olmadığımızdan birtəhər
bardaş qurub otururuq. Bir azdan tamaşa başlayacaq. Rumın
dramaturq, şair və nasir Matey Vişnekin bir pərdəli "Səncə
döyəcəklər" tamaşasını gözləyirik. Tamaşanın quruluşcu rejissoru
əməkdar artist İlqar Cahangirdir. Həyatda işıqların yanması ilə
başlayan hadisələr teatrda işıqların sönməsi ilə başlayır.
Azan səsi, kokteyl şüşələri...
Səhnəyə çıxan əşyalar öncə aktyorlardan çox diqqət çəkir –
Molotov kokteyli və narkotik maddələr. Güman ki, bura polis
bölməsidir.
Siyasi fəaliyyətlərinə görə polis məntəqsində saxlanılan iki
gəncin sorğu zamanı narahatlıqları, qorxuları ən yüksək səviyyədə
inandırıcılıqla əks etdirilir. Xüsusən Elmin Bədəlovun
canlandırdığı obraz, onun qorxudan böyüyən, dolan gözləri, tir-tir
əsən dizləri. "Səncə döyəcəklər" adı da iki gəncin arasında gedən
söhbətlərdən yaranır. Qırx dəqiqəlik tamaşa gənclərin naşı siyasi
fəaliyyətləri ilə güldürür, vəziyyətin çıxılmazlığı ilə ağladır
tamaşaçını. Tamaşanın göstərildiyi zirzəmiyə yaxında yerləşən bir
məsciddən azan səsi gəlir və adamda elə təəssürat yaranır ki, bu
səs də tamaşanın tərkib hissəsidir.
Tamaşadan sonra
Tamaşa bitdikdən sonra daha bir alışıq olmadığımız proses
başlayır. Tamaşaçılar aktyorlara yerindəcə fikir bildirib, suallar
verirlər. Ənənəvi teatrlara belə bir şeylə rastlaşmaq mümkün deyil
- öz çağında "Yuğ" tetatrının səhnə estetikası istisna olmaqla.
Əsərin tərcüməçisi Zamin Hacı söz alır:
"Gəncləri təbrik edirəm. Xüsusən Elmin bəy çox istedadlı
aktyordu. Bu, balaca bir əsərdi. Mən bu əsəri oxuyanda fikirləşdim
ki, bu, elə bizim ölkədi. Tamaşaya bəzi kiçik əlavələr olunub. Amma
bunlar çox uğurlu alınıb. Tamaşanı çox sevdim və sizin teatrın
daimi tamaşaçılarından birinə çevirildim".
Xoş sözlər və şəkil çəkdirmələrin ardından ODA boşaldı.
Aktyorlarla səhnə arxasına keçdik. Yox, gözünüzün qabağına
güzgülərin, masaların, qrim və kostyum avadanlıqlarının yığıldığı
qrim otağı-filanı olan səhnə arxası gəlməsin. Bura üç-dörd nəfərin
ancaq ayaq üstdə dura biləcəyi dar bir dəhlizdi. Aktyorların
hazırlaşıb səhnəyə çıxa biləcəyi yeganə yer tualet otağıdı. Elə bu
vaxt teatrın aktyoru Elmin Bədəlovdan təklif gəlir: "Yazıya belə
bir başlıq qoya bilərsiniz – Tualetdən səhnəyə..."
Bir peşəkarı olan ODA
Teatr haqqında aktyorlarla danışırıq. Sualları daha çox Elmin
Bədəlov cavablandırır.
- Bizim heyətdə hələlik professional aktyorluqdan gələn yalnız
İlqar Cahangirdir. Bizə həm aktyor, həm də dramaturq kimi müraciət
edə bilərlər. Biz əməkdaşlığa hazırıq. Fəaliyyətə təxminən səkkiz
aydı başlamışıq. Ancaq vaxtımız məşqlər və hazırlıq prosesinə
gedib. Bundan əvvəl Qoqolun "Evlənmə" tamaşasını təxminən min
nəfərə təqdim etmişik. Repertuarda hələlik iki tamaşamız var.
Yazarlar öz əsərlərini bizə facebook səhifəmiz vasitəsi ilə göndərə
bilərlər. Ancaq biz həm mövzuya, həm də teatrın imkanlarına uyğun
əsərləri seçməliyik".
Yer problemi
- Əlbəttə, teatr daha da böyüyər və inkişaf edərsə, öz binamızın
olmasını istəyərik. Biz buranı kirayə götürmüşük. Öz əllərimizlə,
daşı daş üstə qoyub buranı teatra çevirmişik. Mən bir neçə teatra
müraciət etmişəm. Ancaq onlar yer vermədilər. Bəlkə də mövzu
onların xoşuna gəlməyib. Biz İlqar bəyin psixo-realizm məktəbi ilə
davam edirik. Hər şey səhnədə baş verməli və maksimum inandırıcı
olmalıdır. Bizim səhnə effektlərimiz – səs, işıq imkanlarımız çox
deyil. Ona görə məcburuq ki, tamaşaçıya aktyor oyunu ilə çataq.
Azərbaycanda yenilik tez qəbul olunmur
- Məncə, problemi keçə biləcəyik. Bu tamaşanı hazırlayanda mənə
elə gəlirdi ki, tamaşaçılarımız daha çox ictimai sektorun gəncləri
olacaq. Ancaq bu belə olmadı. Tamaşaçıların çoxu, haqqımızda
eşidən, sosial şəbəkələrdən bizi tapan insanlar idi. İlqar
Cahangirin tamaşaçıları da onu izləməyə gəlir.