Tanınmış tele-jurnalist Telli Pənahqızıyla İstanbulda
Türkiyə-Azərbaycan dərnəyində onun qardaş ölkədə nəşr olunmuş
"Yaddaşım qaval daşı" kitabının təqdimat mərasimində
görüşdük.
Telli xanımla söhbətimizi Axar.az-ın oxucularına təqdim
edirik.
Aktrisa olmaq həvəsi
- Telli xanımla İstanbulda görüşürük və bu dəfə şair
kimi…
- Hələ orta məktəbdə oxuyandan yazı-pozuya böyük həvəsim olub.
Ancaq bunu da deyim ki, mənim heç vaxt jurnalist olmaq fikrim,
həvəsim olmayıb. Bütün gənc qızlar kimi aktrisa olmaq həvəsi ilə
yaşamışam. Amma günlərin bir günü oxuduğum kitablar sırasına bir
kitab da əlavə olundu və həyatıma yön verdi. Əlfi Qasımovun
"Adilənin taleyi" romanı. Əmim Tibb Univerisitetinin professoru
idi, istəyirdi, mən də həkim olum. Ömrümdə ilk dəfə qəbahət
işlətdim. Əmimdən xəbərsiz sənədlərimi apardım verdim ovaxtkı
Azərbaycan Dövlət Univerisitetinə - indiki BDU-ya. İlk imtahanı
bizdən Bəxtiyar Vahabzadə götürürdü. İki imtahandan beş aldım.
Birinci kursdan qəzetlərdə çıxış etməyə başladım. Unversiteti
bitirəndə artıq kəfayət qədər populyar idim. Təyinatımı verdilər
Şamaxıya. Demək yolla qanıqara gedirəm, axı necə olacaq - Şamaxıda
kimsəni tanımıram, ədəbi mühitdən ayrı düşəcəm. Bu vaxt Xalq
rəssamı Kamil Nəcəfzadəylə qarşılaşdım. Bir neçə gün öncə ondan
müsahibə almışdım. Kimsəyə problemlərimi danışmağı sevmədiyimdən
heç nə bilmirdi. Fikirli olmağım nəzərindən qaçmadı. Soruşdu, israr
etdi. Qolumdan tutub düz rəhmətlik Yusif Smədoğlunun yanına
gətirdi. Yusif Səmədoğlunun tələbnaməsi ilə "Ulduz" jurnalına
təyinat aldım və işə başladım.
"Ulduz"dan TV-yə
- Sonra televizya?
- İlk dəfə telefizya ilə tanışlıgım belə oldu: "Tələbə klubu"
verlişində bir blok apardım, amma ondan öncə də Aydın Qaradağlı
radioda mənim "Ad günü" hekayəmi oxumuşdu. "Gənçlik" redaksiyasında
ştatdankənar çalışırdım. Azərbaycan Televizyasınin "Xəbərlər"
proqramında kiçik redaktorluqdan başladım. Müdir mavinliyinə
yüksəliş və karyerada son dayanacaq. Amma bizim sənətin pik nöqtəsi
olmur. Sadəcə, bütün sahələrdə olduğu kimi, zəhmət və istedad,
üstəgəl obyektivlik və savad yaradır jurnalisti. Bir zaman sən
imzan üçün çalışırsan, sonra imzan sənə şöhrət gətirir. Bu özünü
sənətində tapmış insanların həyatında baş verir. Bir də
jurnalistika yalanı sevmir. Çünki söz müqəddəsdir.
Gülcamalın bağçası
- Sizin "Xəbərlər"dəki sujetlər də ən çox bədiiliyi ilə
yaddaşlara köçürdü.
- Xəbərlər proqramının pozulmayan qaydaları var - hər süjet 2
dəqiqədən çox çəkə bilməz. Mən sujetləri bədiilik üzərində qurudum.
Məsələn, Şəkiyə gedirdim, soruşurdum ki, burada qeyri-adi
qabiliyyəti olan kim var, amma bunun xəbər proqramına dəxli yox
idi, biz kənd təsərrüfatıyla baglı süjetlər hazırlayırdıq. Mən isə
mədəniyyət şöbəsinə rəhbərlik etdiyimə görə həmişə çalışırdım ki,
bir mədəniyyət xəbərini də xəbərlərin gözünə qatım. Nəysə, dedilər
ki, burada Gülcamal adında bir kişi var. Mən də bu Gülcamalın gül
bağçasına getdim, çəkdim və baxdım ki, bu bağçada qızılgülün ağı,
qırmızısı, sarısı, qarası var. Mən çox qəribə şey yazırdım,
məsələn, Şəkidə Camal adında onlarla insan tapmaq olar, amma
Gülcamalın gül bağçasını kimdən xəbər alsan, bu ünvanı nişan
verəcək. Bax belə bir söz oynatmasıyla bunu təqdim edirdim, sonra
ikinci dəfə o Gülcamalla görüşü fərqli təqdim elədim və dedim ki,
qızılgülün ağını dərmişik, qırmızısını sevgilimizə vermişik,
qarasını isə Gülcamalın bağçasında gördüm, yəni bütün bunların
hamısının içində bir bənzətmə, bir bədiilik vardı… Bizim baş
redaktorumuz vardı - Ənvər məllim. Mənə həmişə deyirdi ki, bəsdir
sən bu bədiiliyi gətirdin bura, axı bu, sırf xəbər proqramıdır,
mənsə dedim, başqa cür yaza bilmirəm. Bax mənim bədii yaradıcılıqla
məşğul olmagımın mayası məhz burdadır ki, adi sözü də çalışıram ki,
insalara gözəl çatdırım.
Daha çox kədər
- Şeirlərinizdən qüssə yağır...
- Acı hər kəsin həyatında var. Bəzən bir nəslin, millətin tale
payına da heç vaxt keçib getməyən bir qüssə düşüb. Zamanla
ölkəmizin başından gəlib keçənlər, torpaqlarımızın bölünməsi,
yaşadığımız faciələr taleyimizə təsirsiz ötüşməyib. Qüssədən
payımız biçilib, şirinimiz acımıza qatılıb və bunlar
yaradıcılığımızda əksinin tapıb. İnsan yalnız xoşbəxtlikdən şeir
yaza bilməz. Ədəbiyyat, şeir daha çox kədərin ifadəisidir.
Bundan belə qismətinə acıma
Əslində xoşbəxtlik nisbi anlayışdır, bəlkə də bizim köks
ötürdüyümüz o şey bizim xoşbəxtliyimizdir, amma hər bir şeirin
mayasında bir dərd, bir əlçatmazlıq var. Söhbət konkret mənim sevgi
şeirlərimdən gedirsə, onların ünvanı yoxdu. Hətta ünvan olsa belə,
bu artıq maddi, mənəvi olmaqdan çıxmış, ilahiləşdirilmiş hisslərin
tərənnümüdür ki, bu sətirlərdə sevənlər özlərinin tapırlar. O
şeirlər hər kəsin könül çırpıntısına çevrilir, dillər əzbəri olur
və sənin həsrətinin şeiri səni xoşbəxt edir.
- Məsələn, Türkmənbaşı bir şeirinizə yazılmış mahnını
oxuduğu zaman olduğu kimi, eləmi?
- Əlbəttə. Bu mənim "İnanımmı" şeirim idi. Bizim qəzet və
televiziyalar bu məsələni şouya çevirmək istədilər. Ona görə mən
heç bir münasibət bildirmədim. Mənə şou gərək deyil. Mən Azərbaycan
tamaşaçısının tanıdığı və sevdiyi Telli Pənahqızı imicini dəyişmək
istəmirəm. İllərlə xidmət etdiyim, zəhmətimin və sevgimin hesabına
qazandığım bir obrazı hay-küyçü şou atəşfəşanlığına dəyişmək mənə
lazım deyil.
Kişilər xanım kimi…
- Siz də bugünkü şou hay-küyünün
əlyhinəsiniz?
- Əlbəttə. Televiziya, ümumilikdə media böyük bir qüvvədir.
Millətin təfəkkürünün yuyulması, zövqünün aşılanması, tarixinə
istehaza ilə yanaşması, tabularının dağıdılması yönündə yarışa
giriblər sanki bizim televiziyalar. Şou prqoramları sirk
oyunbazlarının meydanına çevrilib. O çığır-bağırdan, hoqqabazlıqdan
nə götürür tamaşaçılar?
Vəziyyət ağlamalıdır. Kişi aparıcılarımız özlərini xanım kimi
aparmaga çalışır. Sanki kişiliklərini unudublar. Xanım aparıcılar
da maniken kimi soyunublar. Bu, dogurdan da biabırçılıqdır.
- Telli xanım, "Nə mən bağışladım, nə o qayıtdı" - bir
şeirinizdə belə bir misra var.
- Bilmirəm... Səni anlamayan, duymayan insanla ailə
qurulmaqdansa qurmasan daha yaxşıdır. Axı bu müqəddəs ocaq yalnız
dünyaya uşaq gətirmək və bir süfrə başında əyləşmək üçün qurulmur.
Bu iki könlün bir düşünməsi, bir döyünməsidir.
- Televizyada çalışanların çoxu sonradan millət vəkili
oldu. Siz niyə kənarda qaldınız?
- Mənim içimdə bir qızcığaz var. Məsum, gələcəyə inanan, xəyal
quran və arzu edən. Düşünürəm ki, bu böyüməyən körpə hər kəsin
içində var. Amma insanlar addım-addım irəlilədikcə, mərtəbələri
qalxdıqca, cəmiyyətin arasından sıyrılıb çıxdıqca o körpəni bir az
daha öldürürlər. Mən içimdəki qızcığazı öldürmədim, onu öldürməyə
əlim gəlmədi. Onu incitmədim belə. Nail olduğum hər şeyi özüm
qazandım və bu gün mənim ən böyük uğurum içimdəki o qızcığazın
yaşamasıdır.