Respublikanın Əməkdar artisti, Prezident təqaüdçüsü,
Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi
kafedrasının müdiri Yalçın Rzazadə ilə müsahibəni təqdim
edirik.
Azərbaycanın səhəri mənimlə açılır
- Yalçın bəy, yaman başınız qarışıb, nə vaxt zəng edirik,
"tədbirdəyəm" deyirsiniz. Deyəsən sizsiz bir tədbir də keçmir?
- Bəli elədir. Hansısa tədbirə "gəlməyəcəyəm" deyəndə, etiraz
səsləri ucalır: "Yox, nə danşırsınız, Yalçın bəy, siz nəhəng
sənətkarsınız, tədbirlər sizsiz yaraşıqsızdır". İş çoxdur,
yubileylər keçirilir. Mən kafedra rəhbəriyəm. Müəllimləri, dərsi
nizamlamaq mənim işimdir. Həm də estrada fakültəsi ən ağır
fakültədir. Hamı oxumaq istəyir. Nəzər salsanız, görərsiniz ki,
muğam kafedrasına 10 uşaq sənəd verirsə, estradaya 500 nəfər sənəd
verir.
- İstənilmək, arzu olunan olmaq bir sənətçi üçün gözəl
münasibətdir?
- Bəli. Məni görən, tanıyan hər bir insan ifamı dinləyir, sonra
yaxınlaşıb söyləyir ki, sizi 10 il bundan əvvəl dinləyəndə də eyni
səs idi, bu gün də.
Mənə Azərbaycandan bir manat kömək yoxdur
- Müalicə üçün Türkiyəyə yola düşmüşdünüz. Yenə müalicə pulunuzu
türk vətəndaşları ödədi? Əsas olan məsələ, səhhətiniz necədir?
- Mənə tapşırıblar ki, özünü pis hiss etsən belə, "pisəm" demə.
Yaxşıyam, hələ ki, yaşayıram. Çox yaxşıyam, yaxşıdan da yuxarıyam
deyim ki, yaxşı olum. Bəli, yenə də türk vətəndaşları mənə kömək
elədi. Təkcə bilet pulumu düzəldə bildim. Bütün müalicəmin və 40
gün orada qalacaq yerimin, gəzməyimin pulunu türk qardaşlarımız
ödədilər. Mənə Azərbaycandan bir manat kömək yoxdur. Hətta nəzərdə
tutulmayan bir xəstəliyim də orda üzə çıxdı. Sol diz qapağıma su
yığılmışdı. Müayinə zamanı bilindi. Onu da müalicə elətdirdim. Hələ
ki, hər səhər duranda, şükür, "bu gün də yaşadım" deyərək, günə
davam edirəm.
Elə bildim gözlərimi əbədi yumacağam
- Gözünüz aydın olsun, oğlunuza toy edib gəlin gətirdiniz. Allah
sizə baba olmağı nəsib etsin. Oğlunuzun yaşı çox azdır. Niyə belə
tez evləndirdiniz?
- Üç övladım var. Allah bütün ata-analara övlad toyu görməyi
nəsib eləsin. Mən də istədim, gözüm arxada qalmasın. İki balamı
evləndirmişəm, tək bu qalmışdı. Bunu da evləndirib əlini-ayağını
yığdım. Ürəkdir açılır, yumulur. Elə dünən də tutdu, bir anlıq elə
bildim gözlərimi əbədi yumacağam, amma həkim gəldi, iynə vurdu,
handan–hana gözlərimi aça bildim. Ona görə də oğlumun toyunu tez
elədim.
Bu mənim sənətimin əsas sirridir
- Sənətinizdə nə yeniliklər var?
- Bir sənətkarın yeniliyi yoxdursa, bu onun sonu deməkdir. Bəli,
mən xəstə olmağıma baxmayaraq, yenə də yazıram. Yeni bir mahnım
var. Mən çox mahnı yazmıram, bir mahnını 3-5 aya ərsəyə gətirirəm.
O mahnının hər sözünü qəlbimdə özümünkü edib mənimsəyir, sonra ifa
edirəm. Məhz buna görədir ki, mənim ifam gələndə səsim yüz nəfərin
içindən seçilir. Bu mənim sənətimin əsas sirridir. Mənim ifamda
səslənən bir çox mahnıları bu gün başqaları oxuyur, amma möhürünü
mən vurmuşam. Gəlib deyirlər ki, Yalçın bəy, mən sizin "Dədə
Qorqud"da oxuduğunuz mahnını ifa etmək istədim, amma çox çətindir.
Dinləyəndə elə başa düşdüm ki, bu dəqiqə oxuya biləcəm, ancaq sonra
baxdım ki, yox, çox çətindir". Mən mahnımın hər hərfini
mənimsəməsəm oxumaram. Baxın, bu gün oxunan mahnıların hansının
sözü yadda qalır, hansı fonda salınacaq. Heç biri də yadda
qalmayacaq, çünki aylıq mahnılardır. Boğazdan yuxarı nəyinsə
xətrinə oxunan mahnılardır.
Yataq otağında, vannada klip çəkilməz
- Bir müsahibənizdə bu gün çəkilən klipləri sərt tənqid
etmisiniz. Sizcə, klip necə olmalıdır?
- Bu gün çəkilən kliplər açıq-saçıqlığına görə baxılır. Klip
mahnının izahını verməlidir. Yastığı qucaqlayıb yataq otağında,
vannada klip çəkilməz. Bu nədir, nə oyundur, anlaya bilmirəm. İndi
də "Əlvida"nı oxuyanda baxıram ki, tamaşaçılar ağlayır. Bu gün mən
klip çəkdirə bilmirəm, maddi gücüm çatmır, amma ifalarımın hamısı
"Qızıl fond"da saxlanılır və bu mənim üçün yetər.
Bu gün mənə soyuducumun dolu olmağı
lazımdır
- Maddi durumunuzla bağlı bir dəyişiklik var?
- Heç bir dəyişiklik yoxdur. Mənə sağlığımda qiymət vermək
lazımdır. Məni təqdim edəndə "təkrarsız sənətkar, adı dillər əzbəri
olan sənətçi, nəhəng səsli" və sair kimi şanlı–şöhrətli sözlər
söyləyirlər. Bunların heç birini istəmirəm. Bu gün mənə soyuducumun
dolu olmağı lazımdır. Müalicəmin getməsi üçün maddiyat lazımdır.
Mən öləndən sonra haqqımda deyilməsin ki, acından öldü. Dünən
ürəyim tutanda həkimlər evimə gəlib, iynə vurub, bir az
yaxşılaşmağımı gözlədilər. Gözləri divarlarda, tavanda qalmışdı.
Dedilər ki, gözümüzlə görməsəydik, inanmazdıq ki, sizin kimi bir
sənətkar belə bir evdə qalır. Biz Yalçın Rzazadənin evinə gedirik
deyəndə fikirləşdik ki, indi üç mərtəbəli bir evə gedəcəyik, amma…
Vallah utanıram. Mənim balkonumda iki dəqiqə durmaq olmur. Təmirsiz
olduğu üçün göydən başımıza nə gəldi düşür. Evimin də divarları
uçub-tökülür. Mən villa istəmirəm, sadəcə, rahat bir evdə, təmir
düşünmədən ömrümü başa vurmaq istəyirəm. Mən öləndən sonra ailəmin
aqibətini düşünürəm. Sənətkar iş düşünməlidir, soyuducusunun içini
necə doldurmağı yox.
Dünən bir yubileydə bir dostla danışırdıq. Deyirəm filankəs
böyük sənətkardır, qayıdıb nə desə yaxşıdır: "O, böyük sənətkardır,
siz nəhəng". Bu günüm üçün bu sözü qazanmışam, amma pul
qazanmamışam.
Nə olsun ki, deputatdır...
- Deputat Aydın Mirzəzadə mənə söylədi ki, siz ona zəng
edəsiniz. Mən də sizə Aydın Mirzəzadənin nömrəsini verdim.
Danışdınızmı?
- Çox sağ olun, vasitəçi oldunuz, danışdıq. Mənə söylədi ki,
məktub yaz, yazdım. Bir az keçdi yenidən zəng etdim, amma
get-gəldən başqa heç nə qalmadı, heç bir yardım olunmadı.
Deməsinlər, söz verməsinlər, mən boyda bir sənətkarı bu boyda aşağı
salmağa ixtiyarları yoxdur. Nə olsun ki, deputatdır? Bu gün onun
pulu məndən çoxdur, amma mənim mənliyim var, mən insanam, sonra
özümdən utanıram. Mən özüm ciddi adamam və hər kəsin də fikrinə
ciddi yanaşıram. Kişi eləməyəcəyi sözü deməməlidir. Axı mən ümid
edib, gözləyirəm. Bir də ki, toxun acdan nə xəbəri. Türk
vətəndaşları Səlim Güvənər, Osman Güvənər, Əlican bəy, Soltan bəy
qardaşları mənim öz millətimdən deyil, amma mənə qardaşımdan
doğmadırlar, çünki ən pis günümdə onlar yanımdadır. Məni İstanbulda
elə qarşılayıb, elə yola salırlar ki, özümü şah kimi hiss edirəm.
Mən bu günə kimi kiminsə qapısını döyməmişəm, dilənçilik etməmişəm.
Bu gün maddi durumum aşağıdırsa, bu mənim mənliyimin, səviyyəmin
aşağı olması deyil. Mən Azərbaycan üçün can qoymuşam, yalandan,
boğazdan yuxarı "Azərbaycana canım qurbandır" deməmişəm. Bu
torpaqda atam-babam yatır. Mən pulu vətənimdən üstün tutsaydım,
mənim üçün xarici ölkələrdə hər bir şərait quran dostlarımın sözünə
baxıb, vətənimi tərk edərdim. Bu torpaqda doğmalarımın qəbri var,
bu torpaqdan su içib, çörək yemişəm. Ac qalaram, amma mən vətənimə
haramzadəlik eləmərəm. Mənə yer edir ki, niyə türk oğulları bunu
edir, mənim öz millətimin oğulları gedib pulunu bivec yerlərə
xərcləyir, amma öz vətəndaşına bir yardım etmir.
Sağlığımda bir gecəmi keçirsinlər
- Azərbaycan səhnəsinə kişi geymlərinin dəbini sizin
gətirdiyiniz söylənilir. Düzdür?
- Bəli, mən Azərbaycana zövq gətirdim, kənd baryerini mən
sındırdım, səhnə geyimini mən öyrətdim. Mənim bu gün elə səhnə
geyimim, elə ayaqqabım var ki, qiymətindən xəbərsizəm. Hamısını
mənə türk qardaşlarım hədiyyə edib. Mən hər bir insan kimi hər
qidanı yeyən deyiləm. Tort, xəmir xörəkləri ömrümdə yeməmişəm.
Dadını belə bilmirəm. Mənim yeməklərim fərqlidir. Az və təmiz
yeyirəm. Eləcə də geyimlərim həmişə eksklüziv olub. Mən Azərbaycan
səhnəsinə zövq gətirdim. Belə baxıram ki, ölənlərə yubiley təşkil
edib, gecə keçirirlər. Ancaq mənim ən böyük arzumdur ki, sağlığımda
bir gecəmi keçirsinlər.
Yalçın Rzazadə - ev alverçisi?..
- Yalçın bəy, Mədəniyyət və Turizm Nazirliyinə məktub yazıb ev
istəyəndə oranın işçisi sizi ev alverçisi adlandırmışdı. Bu məsələ
nə yerdə qaldı?
- Məktubuma, kömək istəməyimə cavab olaraq bu mesaj gəldi. Mənim
ağrıyan ürəyim parça-parça oldu. O məktubu yazmağıma peşman oldum.
Bilirsiniz, o qıza zəng edib "bu, nə sözdür, demisiniz, ay xanım?"
soruşanda cavabında "mən də eşitmişəm" söylədi. Güya prezident mənə
üç ev verib, onları kirayə verib özüm kirayədə qalıram və indi də
yeni bir ev istəyirəm. Bəxtəvər başıma, yalansa, doğru olsun.
İnsandır da ağzına nə gəlir danışır. Heç məktubuma da bu cavabdan
başqa yaxşı bir söz gəlmədi.
Çalışıb-vuruşdum, sonunda ac qaldım
- Bu sənəti seçdiyiniz üçün peşmansınız?
- Sənətkar olduğum üçün çox peşmanam. Əvvələr pul istəməzdim,
kiçik bir xoş söz məni xoşbəxt edərdi. Elə xalq sevgisi üçün
çalışıb-vuruşdum, amma sonunda ac qaldım. Mənim pulum olsa, ancaq
gözəl kostyumlar alaram. Yenə də deyəcəksiniz, xalqın gözünü
oxşamaq sizə qalıb? Amma mənim xəmirim belə yoğurulub. Fikirləşirəm
ki, prezident təqaüdü almasayadım, mənim aqibətim necə olardı?
Yəqin dilənçilik edərdim. Mən sadə, təmiz, təmirli otaq istəyirəm
ki, orada yaradıcılığımla məşğul olanda divarı görüb fikirləşməyim
ki, bunu necə təmir etdirim. Otağımda kimlərisə dinləmək üçün bir
maqnitofon istəyirəm. Arzularım kimin üçünsə gülməli və kiçik
görünə bilər, amma mən bunlarla xoşbəxt olmağı bacarıram. Bunlar
olmayanda sınıqlıq əmələ gəlir.
Mən pafosla Azərbaycan deyə bilmirəm. Rəhmətlik anamı çox
sevirdim, ancaq sevgimi bircə dəfə dilimə gətirmədim. (Ağlayır.)
Onun yolunda gözümü qırpmadan canımı verərdim. Sevgimi dildə
bildirmirəm, amma canımı verərəm. Baxamayaraq ki, mən çətin
vəziyyətdə yaşayıram, ancaq prezident seçkilərində səsimi birinci
verdim. Bizi kişi sözlü, kişi əməlli öyrədiblər. Mən canlı tarixəm,
qiymətimi bilsələr də, bilməsələr də bu, belədir. Azərbaycan üçün
bütün ilklərin imzası mənə məxsusdu. İlk dəfə gitara ilə ifa edən,
ilk dəfə səhnəyə zövq gətirən. Sağ olun. Bu qədər bəsdir. Sağlıq
olsun, yenə sizinlə görüşək.