31 iyul 1954 ci il. Tarixin
bu günü Novruzovlar ailəsində Cahangir adlı körpə dünyaya göz açdı.
Balaca oğlan böyük sənətkarların ətrafında yaşayaraq, həyatın və
sənətin sirlərini öyrənə-öyrənə teatra, kinoya, rejissorluğa qədər
gedib çıxdı...
Onunla görüşümüz İstanbulda baş tutdu. Söhbət zamanı Əməkdar
artistin hələ də həyat və sənət eşqi ilə yaşadığını hiss etdim.
Hamı kimi o da uşaqlıq illərindən maraqla danışırdı. Onun üçün
uşaqlıq illəri hər an arxadan kölgə kimi baxırdı. Kölgələr hərəkətə
gəldikcə o, daha çox Azərbaycan sənəti üçün çalışmaq istəyirdi.
Özünü Azərbaycanın bir parçası hesab edən satira ustası Nəsibə
Zeynalovanın oğlu Cahangir Novruzov hazırda Türkiyənin Adana
şəhərində Çukurova Universitetində Dövlət Konservatoriyasının
professoru kimi öz fəaliyyətini davam etdirir.
Balaca Cahangir və böyük sənətkarlar...
- Ömrün ən əziz, yadda qalan xatirələri uşaqlıq
illərində olur. Azərbaycanın görkəmli satira ustasının yanında
böyümüsüz. Saatlarla danışa biləcəyiniz xatirlərdən nə deyə
bilərsininiz?
- Bəli, uşaqlıq illərim və xatirələrimlə bağlı saatlarla danışa
bilərəm. Balaca vaxtımdan elə çevrədə böyüdüm ki, tanıdığım
görkəmli sənətkarlarla rəngli xatirələrim var. Bakıya getdiyimdə
Fəxri Xiyabana yollanıb Nəsibə xanımı və atamı ziyarət edirəm.
Anamı ziyarət etdiyim zaman oradan yatan unudulmaz yaradıcı
insanlara da baş çəkirəm və yadıma uşaqlıqda yaşadığım xatirələr
düşür!
- Bəs əbədi sənətkarların ətrafında böyüyüb həyatı dərk
etmək sizə nə verdi?
- Bu gün qarşısnızda gördüyünüz Cahangir olmuşam. O insanlarla
təmasda olmaq, onların davranışlarını, söhbətlərini, zarafatlarını
görmək başqa bir duyğudur. (Gülür) Hər sözlərinin içində zarafat
yox, zərafət var idi. Onlar zarafatın deyil, zərafətin nə olduğunu
bilən insanlar idi. Düşüncə tərzlərini hələ də xatırlayıram... Bu
yaşadıqlarım məndə dərin izlər buraxıb. Hər bir insan yaşadığı,
böyüdüyü mühitdən nəsə götürür.
Mən oranın bir parçasıyam...
- Uzun illərdi vətəndən kənarda yaşayıb Türkiyədə
fəaliyyət göstərirsiniz. Ümumiyyətlə, ölkədən kənarda yaşayan
azərbaycanlılar ölkəmiz üçün nə edir?
- Artıq 95-ci ildən Türkiyədə yaşayıram. Azərbaycan üçün ilk
günümdən bu günə qədər darıxıram. Sevimli vətənim üçün burnumun ucu
göynəyir. Azərbaycan mənim sevimli vətənimdir, mən oranın bir
parçasıyam. Biz Azərbaycandan çıxaraq sadəcə Türkiyədə deyil,
dünyanın bir çox ölkələrində yaşasaq da, ölkəmiz üçün çalışmalıyıq.
Hər birimiz istər Amerikada, istər Yaponiyada olaq, dünyananın
hansı köşəsində olur-olsun öz vətənimizin adının uca tutulması üçün
çalışmalıyıq.
- Başqa bir ölkədən, lap elə Türkiyədən baxanda
Azərbaycan teatrında və kinosunda baş verənlər necə
görünür?
- Həqiqətən bu mövzu dərin və vacib mövzudur. Amma bu mövzu
haqqında sənəti anlayan və dərk edən insanın danışmaq haqqı ola
bilər və belə insanlar bir araya yığışıb sənət siyasəti və xəritə
hazırlamalıdır ki, sistemli bir inkişaf olsun. Hardan gəldi,
təsadüfi olmaz... Sistemli şəkildə olması çox vacibdir. Bu gün
Azərbaycan kinosu və teatrı öz tarixi keçmişinə layiq bir yerdə
deyil. "Arşın mal alan" əsərinin 100 illiyi üçün yenilənən filmin
həyata qaytarılması bizim kinomuzun, teatrımızın 45-ci ildə hansı
səviyyədə olduğunu ortaya qoydu. O filmdəki çəkilənləri bugünkü
filmlərdə görmürsən. Bu gün də Azərbaycanda istedadlı, bilgili
insanlar var. Onu da deyim ki, Azərbaycan xalqı çox yetənəklidir.
Bu xalq qanı sənətlə yoğrulmuş xalqdır. Amma bir əksiklikyimiz var
- o istedadlı insanlar qızıl kimidir, ancaq qızıldan düzgün
istifadə olunanda nələrsə əldə etmək olur.
İşığ sənətkarın üstünə düşən zaman
Müasir gəncləri düşüncəsini, milli ruhunu qorumaqla
formalaşdırmaq lazımdır. İstedadlı insanları öyrətmək üçün bəlli
bir proqram olmalıdır. Bu proqramda "bu mənim oğlumdur, nəvəmdir,
dostumdur" olmamalıdır. Səhnə elə bir yerdi ki, sən kimin oğlu
olursan ol, ora çıxdınsa oradakı tamaşaçı sənin anana və atana görə
əl çalmayacaq. İşığ sənətkarın üstünə düşdüyü zaman sən heç yerdə
gizilənə bilməzsən! İstedadlı adam qapıda nizə tutsa belə
tanınacaq. Xaricdən peşəkarları dəvət edib Azəbaycan sənətini
yuxarı qaldırmaq olmaz. Gənclər başqa ölkələrə gedib yüksək
səviyyədə təhsil almalıdır.
Artur Millerin ofisində bizim əsərlər
asılıb
- Onu da deyim vətənimizdə rəssamlıq da var və bu sənətlə
Azərbaycan dünyada tanınır. Bu gün dünyanın hansı ölkəsinə
gedirsən-get, orada məşhur rəssamlarımızın əl işləri maraqla
qarşılanır və alınır. Yaddıma bir söhbət düşdü. Bu söhbəti yaxşı
xatırlayıram. Hüseynağa Atakişiyev o zaman Amerikaya gedib Artur
Millerin ofisində ölkəmizin məşhur rəssamlarının əsərini görür. Ona
da bu hədiyyəni Çingiz Aytmatov veribmiş. Baxın, bizim sənət baş
köşədə... (Sevinir, daha maraqla davam
edir). Azərbaycan rəssamlıq sənəti, ədəbiyyatı,
musiqisi, teatr sənəti zəngin olub. Bilirsiniz, bu nədəndir? Belə
insanların yetişməsi o zamandan, o dövrdə aldığı təhsildən asılı
idi. Bu gün zaman başqadır. Gözləməyin ki, yenidən belə bir şey
olacaq. Yeni potensialı olan gəncləri XXI əsrin səviyyəsində
yetişdirmək, qidalandırmaq lazımdır. Qida da təhsildədir. Çox gözəl
bir söz var. Bu gün hər hansı bir ölkənin qarşısına çıxan
problemlər dünənki təhsildən doğur. Əgər bizim təhsilimiz
zəifdirsə, sabah bizim qarşımıza ağlımıza gətirmədiyimiz problemlər
çıxacaq.
İstedadın işığı ilə getmək lazımdır...
Ona görə də Azərbaycan sənətinin inkişafı üçün peşəkar səviyyədə
fəaliyyət göstəilçəlidir. Hətta məni də sayıb, oraya dəvət
edərlərsə, sevinərəm, mən də öz düşüncələrimi, necə deyərlər, o
qabın içinə qoyaram ki, bizim millətimiz yararlansın bundan.
Hörmətli İlham Əliyevin sərancamına əsasən, yeni binalar, konsert
salonları tikilir. Bu binaların texnologiyasına uyğun kadrlar
yetişdirilib, hazırlanmalıdır, onları seçmək lazım olan yerlərə
göndərmək lazımdır. Burada tapşırıq olmamalıdır. Haqq eləyən,
Azərbaycan sənətini sabahlara götürən, ən əsası, yüksəklərə götürə
biləcək insanlara düzgün bir şəkildə yol göstərmək lazımdır. Mən
elə bilirəm ki, bu işlə məşğul olunsa, Azərbaycanın istər teatr,
istər kino sənəti beş-on il içində başqa yerlərədə olacaq. Son
illər Azərbaycan kinosu çox da yüksək səviyyədə deyil. Doğru demək
lazımdır. İstedadın işığı ilə getmək lazımdır. Bir də sənəti
analyan insanlar, sənəti içi ilə, ruhu ilə hiss edən insanlar idarə
etməlidir.
Palto geyinib oturur
- Türkiyədə təhsil alan tələbələrlə Azərbaycanda təhsil
alanlar arasında nə fərq var? Türk tələbəsi müəllimindən nə
istəyir?
- Mən on yeddi ildir dərsə gəlməyən tələbənin nə olduğunu
bilmirəm. Təbii, problemi olanda üzr istəyir, gəlmir. Mənim dərsimə
tələbəm xəstə olanda belə gəlir. Soruşuram ki, xəstəsən niyə
gəlmisən? Deyir, hocam, üşüsəm də, palto geyinim oturum, dinləyim.
Mən 89-ci ildə Azərbaycanda dərs demişəm və belə bir istəklə nadir
halda qarşılaşmışam. Biliyə istək olmalıdır, o da ailədən gələn bir
şeydir.
Balaca, ağ şamlar...
Biz müsahibəyə başlayanda hava işıqlı idi. Bir anlığa pəncərədən
bayıra baxdım ki, hava qaralıb, demə, İstanbulda artıq axşam düşüb,
hətta balaca, ağ şamlar ətrafa işıq saçırdı. Dedim, bəlkə bir
xatirə şəkili çəkdirək? Razılaşdı. Onun sol tərəfində oturdum, bir
şəkil çəkdirdik və beləcə, yaşıl jaketli adam uşaqlıq illərindən
xoş xatirə olan "Qayınana" filmini ağlından keçirə-keçirə məkandan
uzaqlaşdı. Yenidən yaxınlamşaq üçün...