Türkiyədə bütün dövrlərin ən yaxşı komediya ustası Kamal
Sunalın ölümündən 14 il ötdü. 14 il oldu və ötən bu dövr ərzində
həyat yoldaşı Gül Sunal onunla bağlı heç nəyi heç kimlə paylaşmadı.
Yaşadıqları barədə kimsəyə danışmadı... Dostları ilə də yalnız
sevincli anlarında görüşdü...
Və bu gün Gül Sunal Kamal Sunalı o evin çərçivəsindən çıxarıb
çox sevdiyi tamaşaçısı ilə görüşdürmək üçün bir kitab qələmə
aldı.
Axar.az "Hürriyyət.com"un Gül Sunaldan aldığı müsahibəni təqdim
edir:
"Gəl, bir qəhvə içək"
- Kitabı "Kamal, gəl bir qəhvə içək" adlandırmısınız,
bir-birinizə həmişəmi belə deyirdiniz?
- Bu, şüar kimi bir ifadədir əslində. Mən dayanmadan deyinirdim,
Kamal isə, sadəcə, qulaq asırdı, onunla dava etmək mümkün deyildi.
Sonra birdən, "Gəl, bir qəhvə içək" deyərdi. Amma mənim
sakitləşməyimi gözləyər, mən isə "Bir də səninlə danışmayacam"
deyər, qapını çırpıb gedərdim. Sonra dərhal yenidən qapını açar və
"bir qəhvə hazırlayım, içəkmi?" - deyərdim. "Səhvim var, bağışla"
yox a, "Bir qəhvə hazırlayım, içəkmi?" Çox şeyin əvəzinə deyilən
bir cümləydi bu. Özü də qəhvə lazım deyildi bizə, deyə
bilmədiklərimin bəhanəsiydi bu söz.
İki il yarım məktublaşdıq
- Neçə yaşında tanış olmuşdunuz?
- Mənim 20, Kamalın 29 yaşı vardı onda.
- Bəs necə tanış oldunuz?
- O səhnədəydi, mən isə tamaşaçılar arasında. Hovuz səhnəsi var
idi. O, hovuza girir, gözətçi gəlir, paltarları qucağında dururdu.
Eləcə, dayandığı bir səhnə idi və biz orada göz-gözə gəldik.
- Sonra?
- Sonra iki il yarım məktublaşdıq.
"Bu gün yaşasaydı nə olardı?"
- Onda ən çox nədən təsirləndiniz?
- Gözlərindən.
- Kamalın gözləri çoxuna cazibəsi olmayan bir cüt göz kimi gələ
bilər, amma çox dərin baxışları vardı.
- Kədərliydi?
- Anası hər zaman deyərdi ki, uşaqlığından bəri Kamalın üzündə
bir məsumluq var. Amma əlbəttə ki, çox şən adamıydı. İndiki
evliliklərə baxıram... Biz çox xoşbəxt yaşamışıq.
- "Bu gün yaşasaydı nə olardı?" - bu sualı özünüzə
verirsiniz heç?
- Bilmirəm, yəqin iş həyatında yaxşı bir yerdə olardı. Həyatında
da bir şey dəyişməzdi. Məsələ ondadı ki, biz ikimiz də çox
mühafizəkar olmuşuq.
- Necə mühafizəkar?
- Bu evdə 25-30 ildir ki, əşyalar eynidir. Həyat fikrimizi
dəyişmədi. Yenilik gözəldir, amma bizə görə deyildi. Biz mühafizə
etməyi sevirdik.
- Bu günə qədər də sevilməsini
görürsünüzmü?
- Kamal bir faktdı. Yalnız Kamalın heyranları deyil, iki yaşında
uşaq da onu izləyərkən zövq alır.
Siyasətdən danışmağı sevməzdi
- Sizcə, filmlərində siyasi sistemin tənqidi var
idimi?
- O, sistemə çox sadəlövh bir şəkildə qarşı çıxırdı. Siyasətdən
danışmağı sevməzdi.
"Çiçək Bar"a gedərdi
- Gününü necə keçirirdi?
- Çalışmadığı günlər səhər oyanıb yeməyini yeyər, sonra qəzet
oxuyardı. Bizdə ciddi bir günorta yeməyi hazırlığı olardı.
Televiziyaya baxar, kitab oxuyardı. Telefonla danışmağı sevirdi.
Həftənin 3-4 günü axşam üstü "Çiçək Bar"a gedərdi. Amma evə tez
qayıdardı. Hər kəs də elə bilərdi ki, günahkar mənəm, amma Kamal
yeməyi evdə yemək istədiyindən belə tez qayıdardı. O gələndə süfrə
hazır olurdu. Axşam isə mütləq bir türk ailəsi qonağımız
olurdu.
- Bu gün Kamal Sunala bənzətdiyiniz bir aktyor
var?
- Xeyr. Heç o gözlə baxmıram da ki, bənzəyən varmı. Müqayisə
etməyi də sevmirəm. Hər kəs özünəməxsus nəsə etməyə çalışır. Kamal
Sunala bənzəyən də, Cem Yılmaza bənzəyən də olmayacaq.
- O qədər film çəkirilirdi, amma siz evinizə bir
soyuducu alan zaman bunu bir bayrama çevirirdiniz. Burada nəsə
bizim anlamadığımız bir şey yoxdur ki?
- 1975 ci il yanvarın 19-da evlənməyə qərar verəndə bir ev
tutduq. Orada yaxşı keçinirdik. Ancaq hamilə olanda həkim dedi ki,
sənə rütubətdə qalmaq olmaz. Evdə o qədər rütubət qoxusu var idi
ki! Qonaq-qara gələndə kartof qızardardıq ki, qızartma qoxusu
rütubət qoxusunu itirsin. Amma biz xoşbəxtdik. Bu gün yenə də həmin
evə gedirəm.
Çox gözəl qadınlarla filmə çəkilirdi
- Bir-birinizi qısqanırdınız?
- Bunu ötən gün uşaqlar da soruşdu. Vallah, heç ağlımıza da
gəlməyib bir-birimizi qısqanmaq. Çox gözəl qadınlarla filmə
çəkilirdi. Amma mən, məsələn, heç vaxt film mərkəzinə getməmişəm
ki, görün nə var, nə yox. İkincisi, ərinə güvənmirsənsə,
boşanmalısan. Mənə ağır gəlir, "yanında kim var" deyə soruşmaqdan.
O da heç soruşmazdı.
- Böyük sevgi, yoxsa dostluq?
- Mənim üçün dostluq çox əhəmiyyətlidir. Çox yaxşı dost idik.
Etibar çox vacibdir. O öləndən sonra da çantasını açmamışam. Elə
şeydən xoşu gəlməzdi. Biz bir-birimizə güvənirdik.
- Ətrafınızda Mətin Akpınar, Sezen Aksuya qədər bir çox
şöhrətli dostlar olub. Bu gün onlarla görüşürsünüz?
- Təbii ki, görüşürəm. Heç bir şey olmasa da, telefonla
danışırıq.
İnəyin uşaqları
- "İnək Şaban" filmi uşaqlarınızın həyatında problem
yaşatmırdı ki?
- "İnəyin uşağı" deyə çox lağa qoyurdular. Qonşuluğumuzda lisey
vardı. Həmişə Kamal ilə arxamızdan "Mö, mö" deyə qışqırırdılar.
Kamal buna fikir vermirdi, amma uşaqlara təsir edirdi. Bir gün Əli
məktəbdən gəldi, çantasını yerə atıb, mənə: "Hamısı sənin
günahındı", - dedi. Anlamadım. "Elə Cüneyd Arkına ərə gedərdin", -
dedi. Ona "Baqqal Qazi" deyirdi. O, güclü olduğuna görə onunla
evlənməyimi istəyirdi.
- Paltarlarını siz seçirdiniz?
- Əlbəttə, Kamal çox rəngli geyinməyi sevirdi. Qaraları, göyləri
yerə atardı: "Yenə də qara, yenə də göy" deyə. Alış-veriş etməkdən
xoşu gəlmirdi, amma rəngli paltarları sevirdi.
- Xəsis olduğunu deyirlər, doğrudurmu?
- Heç elə deyil. O xəsislik haradan çıxdı, bilmirəm. Bəlkə
toplayıb hamını qonaqlığa aparmırdı, amma bizim evimiz hər kəsə
açıq idi. Vəfatından sonra çox uşaq oxutduğunu öyrəndim. Danışmağı
sevməzdi.
- Hansı musiqiləri dinləyərdi?
- Hər şeyə qulaq asardı. "Yeni çıxıb, bunu da alıb dinləmək
lazımdır" deyirdi. Pop da dinləyirdi. Ən çox İbrahim Tatlısəsi
sevirdi.
- "Ölməsəydi, kaş bunu da edərdik" dediyiniz bir şey
varmı?
- Çox şükür ki, yox. Mən ölsəydim, o da eyni şeyi
söyləyərdi.
- Oğlunuz Əli Sunal üçün çox çətin olub. Gecə yarıları
məzarın üstünə uzanırmış. Necə yaşadınız bunları?
- Psixoloji dəstək almamışam... Ezonun İngiltərəyə getməsi də
mənlik deyildi. Ezo Kamal ölən gün "Səni incidəcək heç bir şey
etməyəcəyəm" deyə, atasına məktub yazıb. Biz bir-birimizə
arxalanırıq. Çox sıx bağlıyıq bir-birimizə.
- Həyat yoldaşınızı itirəndən sonra maddi çətinlik
çəkdinizmi?
- Zaman- zaman pul sarıdan korluq çəkdim, amma borcum yoxdur. Bu
yaşımda başladığım iş, həyatımda uğurlu olduğum deyilir. Kimsəyə
möhtac olmadan yaşayıram. Bundan çox xoşbəxtəm.