Bütün sahələrdə kişilərin üstünlük təşkil etdiyi bir
cəmiyyətdə əslində qadın yazarı olaraq əsərlərində düşündüklərini
azad şəkildə ifadə edə bilmək, daxili senzura tətbiq etmədən əlinə,
qələminə sərbəstlik verə bilmənin öz çətinlikləri var.
Adətən hər zaman qadın yazarların özünə daha çox qadağalar
tətbiq etməsi, daha çox senzura qoyması fikri hakimdir. Hətta qadın
yazarların müəyyən kompleksləri olduğunu vurğulayanlar da yox
deyil.
Biz də yazar qadınlarımızla söhbətləşib eyni məsələni araşdırmaq
istədik.
Belə şeyləri düşünmək mümkün deyil
Elnaz
Eyvazlının fikirlərinə görə, yazıda istədiyini tam olaraq
izah etməyin cinsə heç bir aidiyyatı yoxdur. Onun fikrincə, kişilər
senzura baxımından qadınları daim üstələyib:
"Fikirlərini tam və istədiyin şəkildə yazmaq üçün hansı cinsə
mənsub olmağın önəmi yoxdur. Mənim üçün əsas olan mətndir, onu
yazanın qadın və ya kişi olması yox... Düşünmürəm ki, fikirlərini
aydın yazmaqda kişilər hər zaman qadınları üstələyir.
Özümə gəlincə, mənim içimdə senzura yoxdu, yəni nəyi lazım
bilirəmsə, onu da yazıram. Kiminsə xoşuna gələr, ya gəlməz deyə,
özümə diqtə etmirəm. Ümumiyyətlə, yazı prosesində belə şeyləri
düşünmək mümkün deyil".
Açıq-saçıqlıq səs salmaq üçündür
Gənc
yazar Sahilə İbrahimova isə ilk olaraq publisistikanı ədəbiyyat
hesab etmədiyini bildirdi:
"Öncə deyim ki, mən publisistikanı ədəbiyyat saymıram. Kimsə
bunu yanlış hesab edə bilər, lakin mənə görə, köşə yazarlığı ədəbi
fəaliyyət deyil. Yazılarda senzuraya gəlincə, hesab edirəm ki, məhz
nəsrdə, yaxud şeirdə açıq-saçıqlıqdan səs salmaq məqsədilə istifadə
edilir. Bəzən ədəbiyyatda açıq-saçıqlıq, tufeyli obrazlar
müəlliflər tərəfindən qəsdən uydurulur. Bu təkcə bizdə deyil, bütün
dünyada belədir. Amma bizdə belə müəlliflər çox azdır".
Yazarın fikrincə, səmimi və estetik olan hər şey gözəldir.
"Vifciniya Vulfa görə, qadınlar azad olmalıdır ki, öz
düşüncələrini də sərbəst ifadə edə bilsinlər. Sizcə də bu belədir?"
sualına cavab verən Sahilə İbrahimova bildirdii ki, hər kəs fərqli
düşünə bilər: "Vulf olmaq üçün onun həyatını geyinib yaşamamışam.
Onun kimi yazmağa daxili tələbatım da yoxdur".
Bu, yazarın azadlığını ifadə edən faktor
deyil
Aysel
Əlizadə isə kişi və yazar qadınlar arasında heç bir fərq
qoymadığını bildirdi:
"Bizim qadın yazarlar arasında da sərhədsiz yazanları var. Bu,
yazarın düşüncə diapazonu, maraq ölçüləri ilə əlaqəlidir. Məncə,
çox lokal bir mövzuda aşırı açıq ifadələrə yer vermək olar, amma
bu, yazarın azadlığını ifadə edən faktor deyil. Mən Afaq Məsud
mətninin sərhədsizliyinə bizim heç bir kişi yazarımızın əsərlərində
rast gəlməmişəm. Ədəbiyyatımızda Kafkanın və ya Coysun
sərhədsizliyinə yaxın olan iki yazar var. Afaq Məsud və Kamal
Abdulla.
Səni məhşər ayağına çəkə bilərlər
Sevinc
Elsever isə kişi yazarların heç də xanımları üstələmədiyini
deyir:
"İndi kişilər düşüncələrini açıq yazmaqda qətiyyən qadınları
üstələmir. Bu artıq geridə qaldı. Artıq yaradıcılıq problemləri
eynidi. Müəyyən tabu mövzular var ki, o mövzularda ya yaza
bilmirlər, ya da yazdıqları təqdirdə döyüləcəkləri, öldürüləcəkləri
ilə hədələnir, ən yaxşı halda məhkəməyə verilir, təhqir olunurlar.
Bu saat elə bir dövrdü ki, heç ağlına gəlməyən bir misra, bir
cümləndən yapışıb səni məhşər ayağına çəkə bilərlər.
Gözümüzün qabağında Rafiq Tağı boyda yazıçı öldürüldü, Əkrəm
Əylislini linç elədilər, bir çoxları qaçıb xaricə getdi.
Getməyənlər də qorxu altında yaşayır, yazıb-yaradırlar. Məncə,
yazarlıqda senzura olmamalıdır. "
Kişilər beyindir, qadınlarsa ürək
Sevinc
Çılğın isə məsələyə tam fərqli istiqamətdən yanaşır:
"Məncə, indi bizdə heç də qadın yazar, kişi yazar deyə bir bölgü
yoxdur. Hər hansı bir mövzuda istənilən fikri ifadə etmək üçün də
heç bir baryer görmürəm. Yazılara görə tənqidlərə gəlincə, kimsə
özündən qəhrəman düzəldib sosial şəbəkələrdə neqativ oxucu fikri
bildirirsə, bu, çox gülməlidir. Mənim üçün senzura anlayışı
yoxdur.
Bu sahədə kişilərin üstün olmasına gəlincə, kişilər nəinki bu
sahədə, hər sahədə qadınlardan üstündürlər. Qəbul etmək lazımdır
ki, kişilər beyindir, qadınlarsa ürək..."