Yeganə Kərimzadə ilə görüşə gedərkən, onunla nədən
danışacağımı belə bilmirdim. Evlərinə doğru yaxınlaşdıqca
həyəcanlanırdım. Mənə elə gəlirdi ki, mən təkcə Yeganə xanımla
deyil, eyni zamanda Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadə
ilə görüşə gedirəm. Bu gün ən azı mərhum Fərman müəllimin ruhu şad
olacaq! Axı Yeganə onun qızıdır.
Yeganə xanım məni gözəl, ikimərtəbəli evlərinin qarşısında
gözləyirdi; onu şəxsən tanımasam da, uzaqdan bir-birimizi çoxdan
tanıyırmışıq kimi gülümsədik. İlk sualım ənənəvi oldu:
- Salam, Yeganə xanım, necəsiniz?
Təbəssümlə cavab verdi:
- Sizi gördüm, mən də yaxşı oldum.
Evə keçəndə çox gözəl mənzərə ilə qarşılaşıram - mərhum
yazıçımız Fərman Kərimzadənin divardan asılmış iri portreti, rəfdə
səliqə ilə yığılmış kitabları, əslində, ev muzeyini xatırladır.
Suallarımda ənənəyə sadiqlik davam edirdi:
- Bu gün hava da çox xoş keçir.
- Hə, amma insanlar kimi o da dəyişkəndir.
- Yəni, insanlar daimi xüsusiyyətə malik deyillər,
eləmi?
- Əlbəttə, həyatda daimi heç nə yoxdur.
Həyəcanım əbəs yerə deyildi. Yeganə xanımın dünyaya fəlsəfi
yanaşmasından məlumatlı idim. Odur ki, bu görüşün də qeyri-adi
keçəcəyini düşünürdüm:
- Həyat demişkən, Yeganə xanım, həyatınızdan
razısınızmı?
- Nəyəsə can atmaq varsa, məmnuniyyət sual altındadır.
- Elə isə həyatda nəyi arzu edib, əldə edə
bilməmisiniz?
- Əlli-əlli deyərəm. Axı hər arzuladığımızı əldə edə bilmirik!
Nə vaxtsa yazdığım bir şeirdəki kimi: "Evimiz bir dəniz, mən isə
gəmi, tənha üzürəm..."
- Tənhalıq özünü tez- tezmi yada salır?
- Qətiyyən. İnanın səmimiyyətimə, hərdən mənə elə gəlir ki, ev
dolu insandır və mən onlara həyat bəxş edirəm. Onlar mənim
yaratdığım obrazlardır: bu evdə "doğulub", "yaşayır", "mübarizə
aparırlar" və mən də onlarla birgə yenidən dünyaya gəlirəm.
- Hadisələri o qədər gözəl təsvir edirsiniz ki, insan
dinləməkdən doymur. Əslində, mən bu hisləri Sizi tanımadan öncə
yaşamışam; "Bayıl simfoniyası" romanınızı oxuyarkən. Roman özü elə
bütövlükdə bir fəlsəfədir. Yeganə xanım, bir oxucu kimi mənim üçün
maraqlıdır: Romanın baş qəhrəmanının prototipi kimdir?
- O. Sadəcə, "o": naməlum, sirli və ecazkar.
- "Onu" yaratmaq çoxmu çətin idi?
- Bəlkə də.
- Əsərinizdə baş qəhrəman olan gənc xanım həyatın
keşməkeşlərindən qurtularaq, sona qədər ona olan haqsızlıqlara
qarşı mübarizə aparır. Necə düşünürsünüz, həyatda da insanlar
onlara üstün gələn çətinlikləri dəf edə bilirlər, yoxsa bu, yalnız
əsərlərdə baş verir?
- Həyat, ümumiyyətlə, mübarizədir. Mənim qəhrəmanım isə özü-özü
ilə mübarizə aparır və yasaq həyatı ilə barışmır. Deməli, bu
insanın daxilində hələ də pak dünya yaşayır və o bu dünyaya,
mənəviyyatının təmizliyinə doğru can atır. Həyatla isə mübarizə
aparmaq mümkün deyil! Məncə, bu dünyada sevgidən də üstün mənəvi
paklıq yaşayır ki, qəhrəmanım o yolu seçir.
- Real həyatımzda bu cür qəhrəmanlarla
qarşılaşmısınızmı?
- Fikir vermisinizsə, əsərin baş qəhrəmanları ümumiləşdirilmiş
obrazdır. Konkret ad yoxdur. Bu əsər bir ədəbi material olsa belə,
oradakı obrazlar hər birimizə aid ola bilər. Bu mən də ola bilərəm,
siz də və ya digər bir başqası. O qədər əziyyətlərdən keçən
qadınlarımız var ki. Və bu əsərdəki "mən" ümumi qadın
obrazıdır.
- Son zamanlar mətbuatda Sizin "Şah" adlı romanınızdan
parçalar oxumuşam. Necə oldu ki, birdən-birə "Bayıl simfoniyası"
kimi müasir mövzulu bir əsərdən sonra tarixi səpkili əsərə keçid
aldınız?
- Mən yazıçıyam və narahat olduğum mövzuya hər zaman müraciət
edə bilərəm. Təbii ki, bunun üçün illər lazım olur. Tarixi əsəri
yaratmaq üçün, müəyyən detallar gərəkdir, ən azından arxivlərdə
çalışmaq, salnamələr, tarixi əsərlər oxumaq, tarixi dərindən bilmək
lazımdır. Mən ömrümün dörd-beş ilini müəyyən fasilələrlə bu işə
həsr etdim və Sankt-Peterburqda, Türkiyədə İstanbul İslam
kitabxanasında son iki ildə əsəri işləyib bitirdim və mənə elə
gəlir ki, mən müəyyən mənada istədiyimə nail oldum. Bu romanı
bitirər-bitirməz "Nağıl" romanına başladım.
- Bəs bu roman nədən bəhs edir?
- "Nağıl" - keçmişdən bu günə gəlir və gələcəyə də gedə bilər...
ömür vəfa edərsə... Onu işlədikcə zövq alıram. İlk oxucum da
oğlumdur.
- Oğlunuzun yolunuzu davam etməsini
istərdinizmi?
- Əlbəttə.
- Deyirlər, yazıçılıq çətin peşədir.
- Çətin olsa da maraqlıdır. Yazıçının öz dünyası var.
Görmürsünüz, necə çəkilib oturmuşam öz dünyamda? Bütün tıxaclardan,
qarışıqlıqlardan, xaosdan uzağam. İndi hər yerdə qarışıqlıq var -
hətta ədəbiyyatda da. İndiki yazarlar 60-cıları qınayırlar,
60-cılar müasir yazarları, 70-cilər, 80-cilər hamısı qarışıb
bir-birinə. Halbuki hər bir dövrün özünün öndə gedən, sözünü deyə
bilən yazarı olub və olacaq.
- Sizcə bu günün "sözünü deyə bilən" gənc yazarı
kimdir?
- İstedadlı və inandığım "işıqlı gənclər" çoxdur: Mövlud Mövlud,
Şərif Ağayar, Cəlil Cavanşir, Şəhriyar Del Gerani, Aysel Əlizadə,
Könül Səid, Cavidan və digərləri. Amma məni narahat edən bir məqam
var: istəyərdim ki, gənc yazarlar ciddi ədəbiyyatla məşğul
olsunlar. Onların aludə olduqları dəbin dərdi hesab etdiyim "köşə
yazıları" yaradıcılıqlarını parçalayır. Bugünkü müasir əsərlərdən
kirayə ev, içki, siqaret və intim həyat "qoxusu" gəlir. Bu məni
haradasa narahat edir. Doğrudur, sadaladıqlarım həyatımızın bir
parçasıdır və ədəbiyyatda öz yerini tuta bilər, amma baxır necə və
hansı məqamda.