Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun qrant dəstəyi hesabına Elmar
Məmmədovun rejissorluğu ilə çəkilən "Mənim hekayəm" bədii filminin
ssenaristi Şəfaqət Cavanşirli (Mirzəyeva) hüquqlarının
pozulmasından şikayətçidir.
Ssenarist Axar.az-a rejissor Elmar Məmmədovun onu və Gənclər
Fondunu aldatdığını bildirib.
Elmar Məmmədovla rəfiqəsinin vasitəsilə ilə tanış olduğunu deyən
ssenarist xanım rejissorun qadın zorakılığı ilə bağlı ondan ssenari
yazmağını xahiş etdiyini deyib:
"Avqust ayında rəfiqəm Elmar Məmmədovla bizə qonaq gəldi.
Elmarla onda tanış oldum. Ssenarini yazıb ona verdim. Bizə gəldi və
dedi ki, ssenari ürəyincədir. Lakin filmi öz cibindən çəkdiyi üçün
mənə pul verə bilməyəcəyini, bankdan pul götürüb çəkəcəyini
vurğuladı. Dedim, madam sənət üçün, kino üçün borc altına girirsən,
mən pul götürmürəm səndən. Amma filmin hansısa müsabiqədə qalib
olsa və ya harasa təqdim eləsən, pul düşsə, mənə düşən qonorarı
verəcəksən. Mən heç kimə pulsuz ssenari yazmıram".
Film çəkiləndən bir müddət sonra Feysbukda filmin əslində
Gənclər Fondunun maliyyə dəstəyi ilə çəkildiyini bilən Şəfaqət
xanım bu barədə rejissora yazaraq narazılığını bildirib:
"Elmar Məmmədova mesaj yazdım. Mənə cavab yazdı ki, bəs səni
tanıyanda filmin pulunu çoxdan alıb yemişdim. Gənclər Fondunun
sədri Fərhad Hacıyevə məktub yazdım. Onların da, mənim də Elmar
Məmmədovla həyat yoldaşı Bəyanə Səttarova tərəfindən
aldadıldığımızı məktubumda bildirdim".
Gənclər Fondunun məsələyə həddindən artıq soyuq münasibət
bəslədiyini bildirən ssenarist Fondun bu məsələni düzgün
araşdırmadığını deyib:
"Fərhad Hacıyevin və Gənclər Fondunun e-mail adreslərinə
yazdığım məktublar cavabsız qaldı. Məktubu yenidən rəsmi şəkildə
Gənclər Fonduna göndərdim. Nəhayət e-mail adresimə Gənclər
Fondundan Faiq Qürbətov adlı şəxsdən cavab məktubu gəldi. Lakin
onların cavabı məni qane etmədiyi üçün Gənclər Fonduna ikinci
məktubumu və əlaqə nömrələrimi göndərdim. Gənclər Fondunda çalışan
Mübariz Qədirov adlı şəxsdən nömrəmə zəng gəldi ki, bu, bizlik
deyil. Sizin müqaviləniz olmalıdır. Dedim, müqavilə hər zaman
maliyyə dəstəyi olan şirkətlə olur. Bir sözlə sübutlarıma baxmaq
istəmədilər və onlara heç bir aidiyyəti olmadığını bildirdilər.
Sonra Gənclər Fondu məni də, Elmar Məmmədovu da öz ofisinə çağırdı.
Mən Elmar Məmmədovun onları da, məni də aldatmasıyla bağlı
sübutları qarşılarına qoyanda, mənə Bəyanə Səttarovanın filmi artıq
təhvil verdiyini və Elmar Məmmədovun onlara təhvil verdiyi sənəddə
heç bir problem olmadığını dedilər. Mən isə onlara Gənclər Fondu
filmi hələ təhvil almamışdan əvvəl şikayət etmişdim, lakin
başısoyuqluq elədilər. Filmi araşdırmadan təhvil aldılar, Bəyanə
Səttarovanın hazırladığı sənədi isə sübut kimi qarşıma qoydular.
Lakin təqdim edilən sənədlərdə rejissordan tutmuş bütün heyət
işçilərinin adları olmalı idi. Gənclər Fondu bunu araşdırmadı".
Şəfaqət xanım Elmar Məmmədovun artıq Gənclər Fondundan başqa bir
layihə də aldığını qeyd edib: "Hal-hazırda Elmar Məmmədovun Feysbuk
səhifəsinin örtük şəklində başqa bir işlə bağlı Gənclər Fondunun
loqosu var.
Necə olur Gənclər Fondundan mənə deyirlər ki, sənədlərdə Elmar
Məmmədovun da, sizin də ad yoxdur, amma saytlarında adımız qeyd
olunub. Deyirəm, layihənin rəhbərini çağırın. Bəyanə Səttarovanı
çağıra bilməyəcəklərini deyirlər: "Çağırsaq, sonra bizdən şikayət
edə bilər". Gənclər Fondu nə üçün aldadılmasına göz yumur, nə üçün
Bəyanə Səttarovadan aldığı sənədi araşdırmayıb, bu mənə də məlum
deyil. Halbuki onların nizamnaməsində yazılıb ki, hər şeyi
araşdırmalıdırlar. Hal-hazırda Elmar Məmmədov həmin yazdığım
ssenarinin əsasında serial çəkmək istəyir. Başa düşmürəm, mənim
icazəm olmadan necə serial çəkə bilər. Ssenari mənə məxsusdur.
Elmar Məmmədov fırıldaqçıdır. Dövlətin gənclər üçün yaratdığı
şəraitdən sui-istifadə edir".
"Mənim hekayəm" filminin rejissoru Elmar Məmmədov isə məsələ ilə
bağlı Axar.az-a bunları bildirdi:
"Düzünü desək, mən adını belə çəkmək istəmədiyim adını ssenarist
qoyan qızı tanımırdım. Mənim layihəmdə ssenaristə pul ayrılmadığına
görə filmə ssenari axtaranda onun rəfiqəsi mənə pulsuz ssenari
yazacaq birini tanıdığını söylədi. Bu məsələ ilə bağlı onların öz
aralarında şifahi razılıq olub. Filmin çəkilməsi ilə bağlı Gənclər
Fonduna müraciət etdim. Film ərsəyə gələndən sonra ssenarist mənə
dedi ki, pul verməlisən. Sonra mənə irad bildirdi ki, niyə ondan
xəbərsiz fonda layihə vermişəm. Bildirdi ki, əgər filmi fond
maliyyələşdiribsə, onda mənə də pul düşməlidir. 700 manat istədi.
Axı mən onunla pul söhbəti etməmişəm. Fond bu filmin çəkilməsi üçün
3500 manat pul ayırıb. Filmin Bakıda çəkilməsi nəzərdə tutulsa da,
yaxşı alınması üçün biz onu Lənkəranda çəkdik. Çəkiliş zamanı hətta
cibimdən belə pul xərclədim. Hətta Gənclər Fondu ilk olaraq pulun
70%-ni ödədikdən sonra bankdan 1500 manat pul götürdüm ki, film
daha da uğurlu alınsın. Fondla aramda bağlanan müqavilədə
ssenaristə pulun verilməsi göstərilməyib. İndi ssenaristin məndən
pul istəməsi heç bir hüquq çərçivəsinə sığmır. Ssenarist mənim yeni
seriala başladığımı öyrəndikdən sonra elə düşünür ki, onun
ssenarisi əsasında serial çəkiləcək. Bildirmək istəyirəm ki, o,
ümumiyyətlə ssenarist deyil. Əlavə olaraq büdcə formasını da sizə
göndərirəm".
Xatırladaq ki, rejissor Elmar Məmmədov 2014-cü ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi
ilə "Mənim hekayəm" adlı bədii film çəkib. Eyniadlı ssenari
əsasında Gənclər Fondundan alınan layihənin rəhbəri Elmar
Məmmədovun həyat yoldaşı Bəyanə Səttarovadır.