Mirzə Fətəli Axundov "Üçüz"
layihəsində
MİRZƏ FƏTƏLİ AXUNDOV TARİXDƏ
Kamran
Əliyev (filologiya elmləri doktoru, professor): Mirzə
Fətəli Axundov Qafqaz canişinliyinin səliqə-sahmanlı əməkdaşı kimi,
ədəbiyyata novatorluq, bədii düşüncəyə yeni ideyalar, yeni janr və
üslub gətirən sənətkar kimi, şüurun və materiyanın növbələşməsinə
yanaşmada materialist kimi XIX əsrdə də, XX əsrin əvvəllərində də,
sovet dönəmində də hakimiyyət və cəmiyyətin əsas təbəqələri
tərəfindən qəbul edilib.
M.F.Axundov özündən sonra çoxlarına – N.B.Vəzirova,
Ə.B.Haqverdiyevə, C.Məmmədquluzadəyə, C.Cabbarlıya sələf ola
bildiyi halda, onun özünün sələfi yox idi.
M.F.Axundovu, ilk növbədə, Qafqazın geopolitik mövqeyi
düşündürürdü. O, 1834-cü ildə Rusiyanın Tiflisdəki baş hakimi baron
Rozenin yanında mütərcim idi. 1844-cı ildə Qafqaz canişinliyi təsis
edildikdən sonra vaxtilə Puşkinin də yaxşı tanıdığı Vorontsovun
rəhbərliyi altında işləmişdi və Rusiyanın Qafqaza geopolitik
marağının səbəblərini az-çox bilirdi.
Qızılbaş-Osmanlı dilemmasının aydın cizgiləri M.F.Axundovun
1852-ci ildə qələmə aldığı "Sərgüzəşti-mərdi-xəsis" komediyasında
Heydər bəyin dili ilə verilmişdi.
M.F.Axundov din üzərində fəlsəfi araşdırmalar aparıb. Gəlin,
əvvəlcədən etiraf edək ki, M.F.Axundov allahsız deyildi. O,
"Zəmanədən şikayət" şeirində "qaza həqdən gətirmişdir" sözlərini
işlədir. "A.S.Puşkinin ölümünə Şərq poeması" əsərində "Dostumuz
getdi o dünyaya, kömək et, allah!" misrasını yazır. Bir təcnisində
"ya rəb" müraciəti aydın görünür. Müxəmməsində "tərsa qızı" və
Məşhadan danışılır. Zakirə məktubunda epitetlərdən biri
"qibləgah"dır. Cəfərqulu xana yazdığı şeirlərin birində mollaların
Qurana etinasızlığından və qiyamət günündən bəhs edilir.
M.F.Axundovun dinə dair fəlsəfi görüşləri geopolitikanın klassik
qarşıdurması – müsəlman və kafir, islam və xristian
ətrafındadır.
M.F.Axundovun davası şəriətlə idi. O, 1875-ci ildə Mirzə Yusif
xan cənablarına yazdığı məktubunda ("Yek kəlmə haqqında")
"bütpərəstlərdən və müşriklərdən qul və kəndlər alıb-satmağa" qarşı
çıxırdı. Avropada isə "Tövratın fitvasına" baxmayaraq, bu
alqı-satqı dayandırılıb. Hətta bu barədə "Rus dövləti də bu yaxın
zamanlarda Xivədə özbək tayfası ilə bir şərt bağlayıbdır".
M.F.Axundov bir fikri də qəti söyləyirdi ki, "Mən oruc tutmuram,
namaz qılmıram, mənə cəza vermək allahın işidir, şəriət nə üçün
mənə hədd vursun və mənim haqqımda əzab və cəzanı, hətta ölümü belə
rəva görsün?"
M.F.Axundov "Nəzm və nəsr haqqında" məqaləsində yazır: "Füzuli
şair deyil və xəyalında əsla təsir yoxdur; ancaq nazimi –
ustaddır". Qəribədir ki, o, Füzuli ilə müqayisədə Firdovsi və
Nizamini şair hesab edir, onlara yüksək qiymət verir.
Axundovun əsərlərində belə bir mənzərə müşahidə olunur: :Müsyo
Jordan həkim-nəbatat, Frans Fok, kazaklar artıq Azərbaycanda –
Şərqdədirlər. Kəmalüddövlə Avropanı gəzib İrana-Şərqə qərbli kimi
qayıdır. Məsələ aydındır: "Şərq Qərbə doğru hərəkət etməlidir"!
MİRZƏ FƏTƏLİ AXUNDOV ƏDƏBİYYATDA
Çingiz
Hüseynov (yazıçı): Mövzuyla əlaqədar təkcə onu deyə
bilərəm ki, ədəbiyyatımızda Mirzə Fətəli Axundov barədə "Fətəli
fəthi" romanından savayı böyük əsər olmayıb. Keçən əsrin 50-ci
illərində yazıçı və mənim şahmat dostum Ənvər Məmmədxanlı
(saatlarla onunla oynayırdıq, uduzduqca daha da həvəslənirdi,
doymurdu oyundan) Mirzə Fətəli haqqında roman yazdığını hamımıza
bildirmiş, hətta romandan böyük bir parça da, məncə, "Ədəbiyyat və
İncəsənət" qəzetində dərc etdirmişdi. Əsərin adı "Səbuhi" idi.
Bir gün şahmat oynadığımız zaman (onda yaşım 26 ya 27 olardı,
Ənvər məndən on neçə yaş böyük idi) romanın taleyilə maraqlandım,
dedi, atdım romanı, yazmayacağam, Mirzə Fətəli gözümdən düşdü... Və
mənim təəccübləndiyimi görüb qəti əlavə etdi: "Çarın Qafqazda
casusuymuş"...
Bu söhbəti mən 15-20 il sonra – roman arzusu məndə alovlananda
xatırladım... Görünür, Mirzə Fətəlinin "poqonları" lirik yazıçımız
olan Ənvər Məmmədxanlını ("Bakı axşamları"!) çaşdırmışdı... Hələlik
bu qədər.
P.S. Mirzə Fətəli Axundov haqqında yazılmış ən
irihəcmli və sanballı əsər elə Çingiz Hüseynovun müəllifi olduğu
"Fətəli fəthi" romanıdır. Müəllif romanı arxiv mənbələri əsasında
yazıb – tarixi romandır.
Romanda hadisələr XIX əsrdə Qərbi Avropada, Qafqazda, Rusiyada,
Osmanlı və Fars imperiyalarında baş verir. Əslən türk mənşəli olan
rus zabiti, Azərbaycan yazıçısı Mirzə Fətəli Axundov Qafqazda üç
imperiyanın qarşıdurmasını müşahidə edir və siyasi həyatda iştirak
etməklə onun müstəmləkəyə çevrilməsinin şahidi olur.
"Fətəli fəthi" romanı günümüzdə Qafqaz mühitində baş verənləri
daha yaxşı müşahidə etmək və Axundovu daha yaxından tanımaq üçün ən
yaxşı nümunədir.
MİRZƏ FƏTƏLİ AXUNDOV FİLMDƏ
Aydın
Kazımzadə (kinoşünas): II Dünya müharibəsi ərəfəsində Bakı
kinostudiyasında bir neçə bədii ekran əsəri, o cümlədən böyük
Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli
Axundovun həyat və fəaliyyətindən bəhs edən "Səbuhi" filmi
istehsala buraxılmışdı.
"Səbuhi" filmində gənc Mirzə Fətəli öz xalqının sədaqətli oğlu,
dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilib.
Filmin ssenarisini görkəmli ədəbiyyat tarixçisi, Axundov
yaradıcılığının tədqiqatçısı Mikayıl Rəfili yazmışdı.
"Səbuhi" M.F.Axundovun ədəbi təxəllüsüdür, "sübh" sözündəndir,
"sübhə məxsus olan", "səhər adamı" deməkdir.
Filmdə qəhrəmanın həyatı və fəaliyyəti ilə bağlı çoxlu
faktlardan istifadə olunub: onun 1834-cü ildə Tiflisə gəlməsi, o
zamankı Cənubi Qafqazın qabaqcıl adamları və sürgündə olan rus
dekabristləri ilə yaxınlaşması, Qafqaz canişininin baş
dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi
vəzifəsində çalışması, mütərəqqi rus və Qərbi Avropa ədəbiyyatını,
ictimai-fəlsəfi fikrini öyrənməsi, evlənməsi, ərəb əlifbasının
latın qrafikası ilə əvəz olunması üçün mübarizə aparması və s.
hadisələr ekranda öz əksini tapıb.
Filmin elə ilk səhnələrindən gənc Fətəli ilə bağlı maraqlı bir
söhbətin şahidi oluruq. O, Tiflisin girəcəyində aşıq Səttara rast
gəlir. Aşıq mahnı oxuyur. Jandarm onun üstünə qamçı qaldırır.
Səbuhi jandarmdan soruşur: "Sən atana əl qaldırarsanmı?" Jandarm
deyir: "mənim atam ölüb". Bu səhnədə müəlliflər jandarmın simasında
çar üsul-idarəsinin özbaşınalığını tutarlı faktla açıb
göstərirlər.
Filmdə bir sıra maraqlı səhnələr olsa da, bütövlükdə əsər
dramaturji həllini tapa bilməyib. Elə ona görə də əsərin baş
qəhrəmanı olan M.F.Axundovun xarakteri tam açılmayıb. Bu obrazı
yaradan istedadlı aktyor İsmayıl Dağıstanlı nə qədər səy etsə də,
buna nail ola bilməyib.
"Səbuhi" filmində müəlliflər dinə mənfi münasibətlərini
açıq-aşkar bildirərək Səbuhinin dili ilə Şeyx Əliyə deyirlər: "Mən
sənin Quranına inanmıram, mən sənin şəriətinə inanmıram". Qəribə
orasıdır ki, bu sözləri qəhrəmanın adından rejissor A.Beknazarov
deyir. Həmin o Beknazarov ki, erməni filmlərinin birində ona türk
əsgəri rolunda oynamaq təklif olunanda bundan qəti şəkildə imtina
etmişdi.
Bununla belə, filmdə tamaşaçıları vətənpərvər olmağa səsləyən
səhnələr az deyil.
Ekranda pis güzərandan cana doymuş və öz hüquqları uğrunda
mübarizəyə qalxmış kəndlilərin jandarmlar tərəfindən silah gücünə
susdurulması təsvir olunub. Bu zaman iri planda, kəndlilərin ön
cərgəsində ölmüş balaca uşaq göstərilir. Onun sıxılmış ovcunda daş
var. Ustalıqla lentə alınmış bu epizoda həyəcansız baxmaq olmur.
Ana ölmüş balasını qucağına alıb fəryad edir.
Tamaşaçı ilə birgə bu dəhşətli səhnəni seyr edən Səbuhi azadlığa
gedən yolu mədəniyyətdə, maarifçilikdə aramağı qərara alır.
Belə bir təsirli epizodla biz Səbuhinin ərəb əlifbasının
dəyişdirilməsi layihəsi ilə Türkiyəyə gedib Osmanlı din xadimləri
qarşısında çıxış etməsində rastlaşırıq. Donmuş simalar, sərt və
şübhəli baxışlar. Kinokameranın obyektivi bir-bir bu qoca simaları
bizə göstərdikcə Səbuhi ilə birlikdə həyəcan keçirir, narahat
oluruq.
Tarixdən bizə məlum olan Axundovla filmdəki Səbuhi arasındakı
fərq birincinin xeyrinə olsa da, ümumiyyətlə, M.F.Axundov haqqında
bədii filmin çəkilməsi müsbət haldır.
Bu filmin ikinci rejissoru Rza Təhmasib, baş operatoru Dmitri
Feldman, ikinci operatoru Əsgər İsmayılov, bəstəkarı Tofiq Quliyev,
geyim rəssamı İsmayıl Axundovdur.
M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə Cəfər Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyasında böyük yazıçı-dramaturqun
həyat və yaradıcılığına həsr olunmuş "Sübhün səfiri" adlı
tammetrajlı bədii film çəkilib. Filmin ssenari müəllifi Anar,
quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan
Məmmədov, quruluşçu rəssamı Rafis İsmayılov, geyim rəssamı Tahir
Tahirov, bəstəkarı Cavanşir Quliyev, ikinci rejissoru Akif
Rüstəmov, icraçı prodüseri Adil Qulamovdur.