"100 böyük kitabdan biri"
layihəsində:
Stendal "Qırmızı və qara"
Stendal – gələcək üçün yazan yazıçıdır (Qorki onun
kitablarını elə "gələcəyə məktublar" adlandırmışdı). Sağlığında
tanınmayan, müasirləri tərəfindən az oxunan və təbii ki, az da
pərəstiş olunan yazıçı doğru olaraq bilirdi ki, əsl oxucuları onu
gələcəkdə gözləyirlər!
"Mən – insan qəlbinin müşahidəçisiyəm", - özü haqqında belə
demişdi yazıçı. Çox gözəl esselərinən birini Stendala həsr edən
Stefan Sveyq bu sözləri "oynadaraq" fransız yazıçısını "qəlbin
astronomiyasında yeni Kopernik", bütün zamanların ustad psixoloqu
və insan qəlbinin böyük bilicisi adlandırır:
"Stendal bəziləri kimi psixoloqun bu ehtirasından xəbərdar idi,
görkəmli əqlə sahib insanların bu zərif şəhvət hissinə sanki bir
qüsur kimi meyilli idi; fəqət onun qəlbin mübhəmləri ilə
həssaslıqla məst olması necə də gözəldir, onun psixoloji sənəti
necə yüngül, necə ilhamvericidir! Onun marağı, hər şeyi bilmək
həvəsi öz caynaqlarını uzadır – dərrakəli əsəb sistemi, incə səs
duyumu, iti baxışlar – və hansısa yüksək həssaslıqla canlı
əşyalardan ruhun şirin beynini sorur. Onun elastik və iti
intellektinə uzun müddət yapışmağa (dişləri ilə, caynağı ilə -
tərc.) ehtiyac yoxdur, o, sistemi prokrust yatağına (düz
gəlib-gəlməməsinə baxmayaraq hamını zorla bir əndazəyə salma -
qədim jynan qulduru Prokrustun adından – tərc.) uzatmaq - onu məhv
etmək üçün öz qurbanını boğmur, onun sümüklərini sındırmır;
Stendalın təhlili qəfil xoşbəxt kəşfin gözlənilməzliyini və
təsadüfi görüşün yenilik və təravətini qoruyub saxlayır".
Stendalın ən məşhur romanının epiqrafı yazıçının bütün
yaradıcılığına uyğun gəlir. Bu, Dantonun sözləridir:
"Həqiqət, acı həqiqət". "Qırmızı
və qara" iki hissəyə bölünür: birinci hissədəki hadisələr əyalətdə,
ikinci hissədəki olaylar isə Parisdə postnapoleon dövründə baş
verir. Dülgər oğlu Jülyen Sorel – özü özünü adlandırdığı kimi
plebey (orta əsrlərdə Qərbi Avropada şəhər yoxsullarına verilən ad
– tərc.) — öz üzərində işləyərək təhsilini artırması sayəsində
"yüksək dünya"ya düşür: əvvəlcə Alpın ətəyindəki kiçik şəhər
merinin uşaqlarının mürəbbisi kimi çalışır; sonra isə Burbonların
bərpa illərinin qüdrətli əyanı, markiz La Molun katibi olur. Həm
orda, həm də burda 19 yaşlı gənci həyatda hər şeyi unutduran bir
sevgi gözləyir: Veryerdə o, merin arvadı xanım de Ranalın sevgilisi
olur; Parisdə isə markizin qızı Matildanı başdan çıxarır.
Yaş və xarakter etibarilə tamamilə fərqli olan hər iki qadın
Jülyeni fədakarcasına sevirlər, onun naminə nəinki şərəf və
ləyaqətlərini, həmçinin həyatlarını da qurban verməyə hazırdırlar.
Onların yorğun duyğularının, qeyri-iradi hərəkətləri və qəti
qərarlarındakı şübhə və tərəddüdlərinin təsvirində Stendal elə bir
yüksəkliyə qalxır ki, ona qədər heç bir yazıçıya o zirvəyə qalxmaq
müəssər olmamışdı. Ondan sonra isə... bir çox belletrist yazarlar,
o cümlədən də rus yazarları onun ovsunlu təsirini öz üzərlərində
hiss etmişlər. Lev Tolstoy Stendalın şagirdi olduğunu etiraf
etməkdən qorxurdu. Və həqiqətən də Jülyen Sorelin sevgililərinin
sözləri və davranışları arasından açıq-aydın gələcək Anna
Kareninanın obrazı boylanır. Xanım de Ranalın ehtiraslı məktubundan
kiçik bir parça gətirmək kifayətdir:
"Bu gecə məni içəri buraxmaq istəmədin? Elə anlar olur ki, mənə
elə gəlir, əslində, sənin qəlbində nələr baş verdiyini heç vaxt
sonadək dərk edə bilməmişəm. Sən mənə baxırsan və sənin baxşların
məni qorxudur. Mən səndən qorxuram. Ulu Tanrım! Doğrudanmı sən heç
vaxt məni sevməmisən? Əgər belədirsə, onda qoy ərim bizim sevgimiz
haqqında hər şeyi bilsin və qoy bütün ömrüm boyu məni kəndə,
zindana, uşaqlarımdan uzaq bir yerə qapatsın. Bəlkə də elə bu,
Allahın iradəsidir. Nə etmək olar, mən tezliklə öləcəm. Bəs sən!
Sən müdhiş bir yırtıcı olacaqsan. Belə, deməli, sevmirsən? Mənim
çılğınlıqlarım və daim əzablar içində qovrulmağım səni bezdirib?
İnsafsız! Məni məhv etmək istəyirsən? Bax, ən sadə usül budur.
Veryerə get, bu məktubu bütün şəhərə göstər, ən yaxşısı isə apar
bunu cənab Valnoya göstər. Ona de ki, mən səni sevirəm – yox, yox,
Allah səni bu çapqınlıqdan qorusun! – ona de ki, mən sənə səcdə
edirəm, mənimçün həyat ancaq səni gördüyüm gündən başlayıb, hətta
ən ağılsız arzulara aludə olduğum gənclik çağlarımda da heç vaxt
belə bir xoşbəxtlik haqqında xəyal etməmişdim. Bununçün sənə
borcluyam. Mən həyatımı verdim sənə, qəlbimi fəda etdim – bəli, sən
bilirsən ki, mən səninçün daha böyük qurbanlar verməyə
hazıram".
Çılğın və müəmma dolu Matildanın da məhəbbəti bundan daha az
təsirli və dərin deyildi:
" - Müdhiş qüruruma görə məni cəzalandır, - sanki öz ağuşunda
onu boğmaq istəyirmiş kimi bərk-bərk qucaqlayaraq deyirdi, - sən
mənim hökmdarımsan, mənsə sənin kölən, mən üsyan etdiyimçün
ayaqlarına çöküb dizüstə səndən üzr istəməliyəm. — Və qollarını
boşaldaraq onun ayaqlarına çökür. – Hə, sən mənim hökmdarımsan! -
o, xoşbəxtlik və məhəbbətdən bihuş halda deyirdi. – Həmişə mənə
hakim ol, əgər üsyan etməyə qalxsa, öz quluna aman vermədən
cəzalandır.
Bir neçə andan sonra onun ağuşundan qoparaq şamları yandırır,
Jülyen onu güclə saxlayır: o, saçını çəngələyib kəsmək istəyir, az
qala tən yarısını...
— Mən istəyirəm həmişə xatırlayım ki, sənin xidmətçinəm və əgər
nə vaxtsa mənim mənfur qürurum yenidən gözlərimi tutsa, bu saçları
mənə göstər və de: "Məsələ sevgidə deyil və indi sizin qəlbinizə
hansı hisslərin hakim olması da mühüm deyil; siz mənə itaət etməyə
and içmisiniz, zəhmət çəkin, sözünüzü tutun".
Jülyenin məhəbbəti daha çox məqsədli və xeyirgüdəndir. Gənc,
ümumiyyətlə, həddən artıq lovğa və şöhrət düşkünüdür. Napoleonun
gizli pərəstişkarı olan Jülyen zənginlərə nifrət edir və eyni
zamanda da var-dövlət hərisliyilə tutuşub yanır. O, dəqiq bilir ki,
bu sərvət ona insanlar üzərində hökmranlıq gətirəcək (Stendalın baş
qəhrəmanı özünün bu sirli niyyətində Dostoyevskinin "Cinayət və
cəza" və "Yeniyetmə" romanlarının baş qəhrəmanlarını qabaqlayır).
Yalnız romanın sonunda, qətlə təşəbbüs etdikdən sonra onda
peşmançılıq hissi baş qaldırır. Bax elə buna görə də Stendalın
romanı dahiyanədir – bu əsər, hər şeydən əvvəl, Qadın
Məhəbbətinin heykəlidir. Bu romanda qadının nə vaxtsa
məhəbbət haqqında dediyi bəlkə də ən səmimi və ən təsirli sözlər
yazılıb: "Mən bütövlükdə - başdan-ayağa sənə sevgidən
ibarətəm. Hətta, deyərdim, "sevgi" sözü çox
zəifdir".
Xanım de Renal bu misilsiz ifadəni artıq romanın lap sonunda,
razvyazka yetişəndə və Jülyen Sorel özünün ilk sevgilisini
uğursuzcasına güllələməyə cəhd edərkən səsləndirir. Xanım de Renal
sağ qalır, ancaq çox qısa bir müddətə. Jülyenin edamından üç gündən
sonra o da uşaqlarını qucaqlayaraq ölür. Matildaya isə
gilyotinlənmiş sevgilisinin başı qalır. Qızcığaz onu qarşısındakı
mərmər masanın üzərinə qoyaraq uzun müddət öpüşlərə qərq edir, gecə
isə dağ mağaralarının birində dəfn edir.
Budur, artıq 170 ildir ki, oxucular və şərhçilər mübahisə
edirlər ki, romanın sərlövhəsinə çıxarılmış bu rənglər nə deməkdir?
"Qırmızı" nədir, "qara" nə? Ən ağlagəlməz versiyalar irəli sürülüb
– az qala "inqilab" və "əksinqilab"a kimi gedib çıxıblar. Axı
nədən? Hər şey daha sadədir. Həyat və romanın kulminasiya nöqtəsi
hər şeyi aydınlaşdırır: "qırmızı" – Məhəbbətdir, "qara" isə - Ölüm.
Onlar heç vaxt bir-birinə qarışıb çulğaşmır. Lakin nədənsə həmişə
yanaşı addımlayırlar. Həqiqət budur... Stendalın bir daha
təsdiqlədiyi həqiqət...