Amerikalı yazıçı Cek London öz üzərində işləməyi sevən,
yaradıcı fəaliyyətinə şəxsi həyatından daha çox vaxt ayıran insan
olub. Lakin onun həyatında bir müddət sonra vəziyyət
dəyişib.
Yazıçı evli olmasına baxmayaraq, Anna Strunskiyə aşiq olub və
Anna ona öz xanımından boşanmağı təklif edib. Nə qədər paradoksal
olsa da, Cek Annaya qədər məhəbbətə inanmayıb. Buna baxmayaraq,
Axar.az-ın təqdim etdiyi bu məktubda Cek Annaya aşiq olduğunu
gizlədə bilmir:
Oakland, 3 aprel, 1901-ci il.
Əziz Anna!
Mən demişdim ki, insanlar kateqoriyalara bölünməlidir? Yaxşı,
əgər demişəmsə, icazə ver, fikrimi izah edim – bütün insanlar yox.
Sən məndən qaçırsan. Mən səni saxlaya, tuta bilmirəm. Mən insanları
başa düşürəm. Onların etdiklərinin, davranışlarının onda doqquzunu
anlayıram. Onların anladığım addımlarında ürəklərinin döyüntüsünü
belə hiss edirəm. Amma sən o onda doqquzun içində deyilsən, sən
anlamadığım onda birin içindəsən.
Nə vaxtsa iki ruh və lal dodaqlar var idi. Biz çox şeyi birlikdə
yaşayıb, birlikdə hiss etmişik. Əlbəttə etmişik! Və biz artıq
ikilikdə hiss edə bilməyəndə anladıq ki, bizim ümumi dilimiz
yoxdur. Deyilən sözlər bizə gəlib çatmadı. Biz anlaşılmazıq. Tanrı
bu maskarada baxıb gülməlidir.
Biz ikimiz də yüksək temperamentliyik, anlaşılması mürəkkəb
olacaq dərəcədə böyük enerji meydana gətiririk. Doğrudur, biz çox
vaxt tutqun işıqlı yollarla getməyi seçirik – ruhlar kimi. Biz
hisslərimizdən şübhə duyduqca onlar bizi öz həqiqətləri ilə şikar
kimi ovlayır. Və mən hələ də inanmağa cəsarət etmirəm. Sən hələ də
mənim üçün nə edəcəyini kəsdirmədiyim, anlaya bilmədiyim onda
birimsən.
Səncə, anlaşılmaz danışıram? Bilmirəm. Amma belə təsəvvür
edirəm. Mən ümumi dil tapa bilmirəm.
"Yüksək temperamentli" – bu sözdür. Bizi bir-birimizə bağlayan
da budur. Bizim vasitəmizlə yaranan və parıldayan bu enerji ikimizə
aiddir, ancaq sənə və mənə. Biz onu öz əllərimizlə yaratmışıq. Və
biz hələ də çox fərqliyik.
Sən vəcdlə böyüyəndə mən sənə baxıb gülümsədim? Bu, bağışlanmaz
təbəssüm idi. Daha dəqiq desəm, paxıl təbəssüm idi. Mən 25 il
repressiyaya məhkum edilməliyəm. Mən coşğulu olmamağı öyrənmişəm.
Bu, unudulması çətin olan bir dərsdir. Mən unutmağa başlamışam,
amma çətin alınır. Ölümümdən öncə nəyisə unudacağıma
ümidlənməməliyəm. Bu, yəqin ki, mümkün deyil. Mən indi öyrənmək
cəhdlərimlə öyünə bilərəm. Çalışıram, ikiqat çalışıram, bütün
gücümlə çalışıram. Amma bacarmıram. Bacarmıram. Mən indi aydın
danışıram? Sən məni anlaya bilirsən? Səsimi eşidirsən? Qorxuram ki,
yox. Burda ədəbazlar çoxdur. Mən onların ən uğurlusu
deyiləm.