Rusiyanın SSRİ zamanından bu yana qoruyub saxladığı
müəyyən ballistik raket kompleksləri var ki, onların vasitəsilə bir
anın içərisində dünyanın sonunu yaxınlaşdırmaq
mümkündür.
Axar.az hazırda Qərbdə əsas qorxu mənbəyi olan bu rus raketinin
xarakteristikasını təqdim edir.
P-36M 4-cü nəsil raket kompleksləri sırasına aiddir. SSRİ
istehsalı olan bu raket qitələrarası ballistik raket xüsusiyyəti
daşıyır. Qəribə məqam orasındadır ki, bu Sovet istehsalı raket NATO
"SS-18 Mod.1,2,3 Satan" adı ilə təsnifləşdirmişdi.
Raketin hazırlanmasına 1969-cu ildə Ukraynanın Dnepropetrovsk
şəhərindəki "Yujnoye" zavodunda başlanılıb. Raketin hazırlanması
zamanı əsas üç mühəndisin rolu olub: Utkin, Yangel və Uralov.
İlk istehsal 1970-ci ildə olub. 1973-cü ildə isə P-36M ilk dəfə
Kamçatka yarımadasında yerləşən Kura poliqonunda sınaqdan
keçirilib. Bundan sonra raket 43 yoxlamadan keçib ki, onlardan
36-sında müsbət nəticə əldə olunub. 1975-ci ildə SSRİ Müdafiə
Nazirliyi "Satana" (Şeytan) raketlərini silahlanmaya qəbul etdiyini
bəyan edib.
SSRİ konstrukturları zaman keçdikcə P-36M raketlərini
təkmilləşdirməyə başlayıblar. Bunun nəticəsində P-36M-in yeni
versiyaları hazırlanıb. Bunlar Р-36М UТТХ (15А18), Р-36М2 (15А18М),
Р-36М3 "İkar" raketləridir.
Keçən ay Ukraynanın "Yujnoye" zavodu bu raketlərin istehsalından
tamamilə imtina etdiyini bəyan etdi. Buna əsas səbəb kimi Ukrayna
böhranı göstərildi. Kiyevin məhz bu addımı Moskvada narahatlıqla
qarşılandı. Rusiya hərbi ekspertləri isə təcili olaraq P-36M-in
istehsalı üçün bütün vasitələrdən istifadənin lazımlığı ilə bağlı
aktiv çıxışlar etdilər. Bəzi hərbi ekspertlər isə məhz bu
raketlərsiz dünyada yaranmış Rusiya hərbi gücü adlı anlayışın yox
olacağını bildirdilər.
Qərb hər zaman Rusiyanın hərbi bazalarında qalan bu raketlərdən
qorxduğunu bəyan edib. ABŞ-ın raketdən müdafiə sistemi Rusiya və
Çinin nüvə raketlərinə qarşı acizdir. Dünən çıxış edən ABŞ Müdafiə
nazirinin nüvə siyasəti məsələləri üzrə müavini Eleyn Bann da
Rusiyada olan bəzi raketlərin qarşısını heç bir raketdən müdafiə
sisteminin almaq ixtiyarında olmadığını bildirib.
Ən maraqlı məqam isə 1987-ci ildə SSRİ-nin ilk və son prezidenti
Qorbaçovun ABŞ-a ilk səfərindən sonra qeydə alındı. Məhz bu
səfərdən bir neçə gün öncə Kamçatkada yerləşən P-36M raketləri
Amerikanın ən məşhur 4 şəhərinə doğru istiqamətləndi. Həmin zaman
canlı yayım edən Amerika televiziyaları isə bu 4 "Satana" ilə ABŞ-ı
yer üzündən silməyin mümkün olduğunu bəyan etmişdilər.
P-36M "Satana" hazırda dünyada yeganə raketdir ki, onun
qarşısını dünyadakı heç bir müasir raketdən müdafiə sistemi almaq
imkanına malik deyil.