Sabiha Sertel Türkiyənin ilk peşəkar qadın
jurnalistidir. 1895-ci ildə Səlanikdə anadan olub. Atası ilə anası
boşandıqdan sonra çətin uşaqlıq dövrü yaşayan Sabiha 20 yaşında
ailə qurub. Əri Zəkəriyyə Sertel mətbuat adamı olub. "Cümhuriyyət",
"Rəsmli ay", "Tan" kimi Türkiyəyə damğasını vuracaq dərgilərin
yaradıcısı olan Zəkəriyyənin təsiri ilə Sabiha da jurnalistikaya
meyil edib.
Sabiha Sertel solçuydu. Kommunist fikirlərlə ilk dəfə 1919-23-cü
illər arasında Nyu Yorkda Kolumbiya Universitetində oxuyanda tanış
olub. Amerikanın müxtəlif yerlərində türk və kürd fəhlələrini
təşkilatlandırmaqla məşğul olan Sabiha Türkiyəyə qayıtdıqdan sonra
Nazim Hikmət və Səbahəddin Əli kimi məşhur şairlərlə yaxın dostluq
münasibətləri qurur. Engels və Lenin kimi ideoloqların əsərlərini
türk dilinə tərcümə edir.
Sabiha Sertel azadlıq carçısıydı. 1929-cu ildə yazılarına görə
məhkəməyə verilən ilk türk qadını olub. İkinci Dünya müharibəsi
ərəfəsində Türkiyədə yağışdan sonra artıb çoxalan göbələk hesab
etdiyi faşistlərə qarşı mübarizə aparırdı. 1945-ci ildə dövlətin
himayəsində olan dindar və faşist qruplar "Tan" qəzetini və
mətbəəsini yox etdilər. Amma həbsə atılanlar Sertel ailəsi oldu.
1950-ci ildə Türkiyədən çıxdılar. Sabiha Sertel bir daha geri
qayıtmadı və 1968-ci ildə Bakıda vəfat etdi.
Sabiha Sertelin avtobioqrafik kitabı olan "Roman kimi" ilk dəfə
ölümündən bir il sonra – 1969-cu ildə nəşr olundu. Kitabda İkinci
Dünya müharibəsindən və o dövr Türkiyəsindəki mətbuatdan,
ədəbiyyatdan danışılır.
Sabiha kitabında Nazim Hikmət və Səbahəddin Əlinin dostluğundan
məhəbbətlə söz açır.
"Roman kimi"dən bəzi qeydlər
"Səbahəddin Əli Almaniyadan təzə gəlmişdi. Bir gün "Rəsmli Ay"da
çap etdirmək üçün bir hekayə gətirdi. Nazimlə xeyli söhbət etdilər.
Nazim hekayəni oxuyandan sonra "Bu uşaqda nəsə var", – dedi.
Sonralar da Səbahəddinin gətirdiyi hekayələri diqqətlə oxuyur,
onunla mübahisə edirdi. Nazim Səbahəddinin yazılarının romantik
olduğunu deyir və ona realist hekayələr yazmağı məsləhət görürdü.
Səbahəddin sosialist düşüncəli bir gənc idi, ancaq bu sosializm
onun beynində hələ bəlli bir şəkil almamışdı. Nazim onu realizmlə
yanaşı, sosializmə tərəf də çəkməyə çalışırdı. Səbahəddini roman
yazmağa vadar edən də Nazim oldu. Onun ilk romanı "Kuyucaklı Yusif"
romanı "Rəsmli Ay" nəşriyyatında çıxanda Nazim Hikmət sevincindən
yerə-göyə sığımırdı. İlk nüsxə çıxanda sevinclə otağa girdi.
Gözlərində sanki "bu romançını mən yaratdım" ifadəsi var idi.
Nazim Hikmət Sədri Ərtəmi yazıçı kimi bəyənmirdi, ancaq onun
ədəbiyyat bilikləri və sosializm təlimləri Nazimi özünə dost
etmişdi. Sədri Nazimin təsiri altında idi. "Rəsimli Ay"da çıxan
"Bütləri qırırıq" mübahisəsində Nazimə qarşı edilən hücumlara ən
sərt cavabı verən də Sədri Ərtəm oldu.
O zamanlar ədəbiyyat müzakirələri bizim evdə olurdu. Kiçik qızım
Ulduz hər gecə şeir dinləyə-dinləyə sərbəst vəznin ahəngini
mənimsəmişdi. Bir dəfə xəstələndi. Nənəsi yerindən qalxmağa icazə
vermirdi. Ulduz bu kədərlə bir şeir yazdı. Şeiri Nazimə oxuduq. O
da bu haqda belə bir yazı yazdı:
"Ulduzun yeddi yaşı var. Fır-fır fırlanan gözləri, çox şey
düşünənə oxşayan geniş, bəyaz bir alnı var. Ulduz bu yaxınlarda
xəstələnmişdi, nənəsi heç yerə buraxmırdı. O isə çölə çıxmaq, qarda
küçədə qaçmaq istəyirdi. Bir gün kədərli halda düşünərkən ona baş
çəkməyə gələn şair Nail Vəhdətiyə:
– Nə olar, mən deyim, siz yazın, – deyir.
Şair Nail soruşur:
– Nə yazım, Ulduz?
– Şeir yazacaqsınız.
– Kimin şeirini?
– Mənim şeirimi.
– Vay-vaaay, sən şeir də yazırsan?
– Bəli.
Nail gülür.
– Buyur, de görək. Yazıram.
Ulduz şeirini deməyə başlayır:
***
Xəstəlik…
Yataqda bir xəstə var.
Bu xəstə istəyir ki,
Bir velosipedə minib
Uzaqlaşsın…
Əgər bir velosipedə minib
Uzaqlaşsa,
Arxasından bağıranlar çox.
Yeddi nəfər:
"Qaçma!
Xəstəsən, uzaqlaşma!"
Əhəmiyyət verən kim?
Mən qaçıram
İldırımlar kimi,
İldırım…
"Yeddi yaşındakı Ulduzun şeiri bitdi. Şair Nail heyrət
içindədir. Necə heyrət etməsin? Bu şeir yeni şeirin bütün texniki
incəlikləri nəzərə alınaraq yazılmışdı. Şübhəsiz ki, yeddi
yaşındakı Ulduz çox istedadlı, zəkalı bir uşaqdır. Ancaq onun bu
zəfərində yeni şeirin də əməyi olub. Çünki sərbəst şeir həyata o
qədər yaxındır ki, yeddi yaşındakı bir uşaq da onu yaxşı qavrayıb
və mükəmməl bir şeir nümunəsinə çevirib".
Beləliklə, "Rəsmli Ay" dərgisində Nazim Hikmət başda olmaqla
çağımızın bir çox yenilikçi şair və yazıçısından ibarət bir komanda
formalaşmışdı – hansı ki bu gün o imzalarsız XX əsr Türkiyə
ədəbiyyatını təsəvvür etmək olmur".