İlıq aprel. Fəxri Xiyaban.
"Məzar səssizliyi"ndən doğan vahimə və ruhların görüş yerində ruh
qovarcasına bayatı deyən qəbiristanlıq xidmətçiləri... bir də
mən...
Bu fəxri məzarlıqda fəxrlə addımlayıb Azərbaycan tarixinin canlı
və ya əslində, artıq cansız bədəni ilə rastlaşmaqla ucsuz-bucaqsız
tarixin intəhasızlığına yuvarlanmaq qorxusuzluğu. Bu bir görüş idi
və öz istəyimlə gəlmişdim...
Darvazadan içəri girən kimi Rəşid Behbudovun qollarını açıb
nəzərlərimi qarşılayan məzarüstü heykəli marağımı onlarla
ictimai-siyasi və mədəniyyət xadimlərinin məzarlarına yönəltdi.
Səməd Vurğunla uzaqdan-uzağa göz-gözə gəlirik. Darısqal bir aralığa
yönəlib məmləkətin əzəli və əbədi sahibləri ilə görüşə tələsirəm.
Rauf Hacıyev, İsmayıl Şıxlı, Elçibəy, Ziya Bünyadov və Heydər
Əliyev... Dəyər verdiyim, təbiri-caizsə, hər bir azərbaycanlıya
doğma olan bu fikir adamları ilə sanki canlı, hər hansı bir
toplantı salonunun foyesində qarşılaşmış kimi əlimi cibimdən
çıxarıb pencəyimin yaxasını düymələyirəm... sayğı duruşunda,
qürurla.
Qəbir üstündə fəxarətli yazılar...
Məzar daşlarının üzərini oxuya-oxuya irəliləyirəm. Bütün
zamanların müdrikləri bir zamanların məşhurlaşdırılmışları ilə əvəz
olunmağa başlayır. Qandyurin İvan Yeqoroviç, Sabsai Pinxos
Vladimiroviç, Melnikov Mixail Piminoviç və adının altında Kommunist
Partiyasının üzvü olduğu xüsusi fərəh və böyük hərflərlə yazılmış
neçə-neçə tanınmamış petrovlar. Elə bu məqamda Sovetlər zamanı
tarix imtahanına hazırlaşan bir ustad jurnalistin əziyyətinə biganə
qalmayan nənəsinin sözlərini xatırlayıram:
"Əşşi, bu da işdir? Bu yazıq uşaqlar axı hardan bilsinlər ki,
hansı urus harda gorbagor olub?!"
... Deyəsən yerlərini tapmışam axı.
Sovetlər dönəmində onlara göstərilən tumarlı diqqət və ütülü
sayğı anlaşılandır. Axı indi Sovet yox, məhz həmin fərəh və böyük
hərflərlə Azərbaycan dönəmidir. Fikrimcə, mənsub olduğumuz dinin
təməl şərtlərini nəzərə alaraq həmin qəbirləri şəhərkənarı
qəbristanlıqlara köçürməklə məmləkətin fəxri məzarlığındakı yer
problemini yumşaltmaq olar.
Müsavat "cəlladları"...
Nəzərim təsadüfən şəkilsiz bir məzarın üzərində cəmləşir –
"Əksinqilabçıların əli ilə vəhşicəsinə öldürülmüş Sovet
hakimiyyətinin qurulması uğrunda qorxmaz mübariz Qasım İsmayıl oğlu
İsmayılov".
Qocamanlardan eşitmişəm ki, indiki Goranboy rayonu Sovet
hakimiyyəti dönəmindən müstəqillik alınana qədər Qasım İsmayılov
adlanıbmış. Və apardığım xırda araşdırmaya görə, Şəmkir rayonunun
Qasım İsmayılov kəndinin adı hələ də dəyişdirilməyib.
Məzar önündəki düşüncəli vəziyyətimə biganə qalmayan
qəbiristanlıq xidmətçisi - ağsaqqal məni fikirdən ayırır: "Necə
kömək edə bilərəm sizə?"
Jurnalist olduğumu bilib, işimə mane olacağını düşünərək onu
"başımdan etməyə" çalışıram: "Təşəkkür edirəm. Ehtiyac yoxdur.
Yorulmayasınız".
Canlılarla söhbət üçün darıxdığı hər halından bəlli olan, daha
sonra ali təhsilli olduğunu biləcəyim bu yaşlı insan əl çəkənə
oxşamır: "Elə məzarlardan burda çoxdur, ay oğul", - deyir və üzünü
çevirib gedir. Qeyri-ixtiyari dalınca düşürəm. Bax, bu da biri -
"Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş alovlu
bolşevik Əli Bayram oğlu Bayramov".
Hələ bura bax: "Müsavat qatillərinin əli ilə öldürülmüş
Mirfəttah Əli oğlu Musəvi", "1915-ci ildən Sov İKP-nin üzvü,
1919-cu ildə Müsavat qatillərinin əli ilə öldürülmüş Əliyev Həşim
Bədəl oğlu"...
Bəli, məmləkəti çar zülmündən qurtarıb insanımıza müstəqilliyi
ərməğan edən aydın müsavatçılar "qatil", "cəllad" təqdimatında. Və
tarixin davam edən sirk göstərisi. Cavab reaksiyası tələb edən
xarici qıcıqlarına məğlub olmuş, qardaş qırğınına qurban verilən bu
rəhmətliklərin baş daşlarını dəyişmək zamanıdır, cənablar. Məşhur
bir filmdə deyildiyi kimi: "Camaat baxır, ayıbdı".
Ucuz başa gələn demokrat
"Gəl, sənə Mirzə Cəlilin məzarını da göstərim", - deyib,
cavabımı gözləmədən yeyin-yeyin addımlayır.
Böyük Fəxri Xiyabanın ən sadə, sanki yad bir məzarı. Sinə və baş
daşı adi qara daşdandır. Daşın üzərinə Cəlil Məmmədquluzadənin
daşdan yonulmuş portreti yerləşdirilib. Baxdım, məzarı
çatlamamışdı. Böyük demokrata bəslənən bu təvazökar münasibət
ürəkparçalayan mənzərə yaradıb.
Öyrənirəm ki, mənə bayaqdan bələdçilik edən ağsaqqalın adı
İsgəndərdir. Dediyinə görə, hərdən ölülərlə də danışır. Bakı Dövlət
Universitetində oxuyub, təhsili yarımçıq qalıb. Fəxri Xiyabanın
xidmətçisidir. Gəlib-gedənin azlığından şikayətlənir. Deyir ki,
burdan bərk yapışmaq lazımdır, onsuz da hamı əvvəl-axır bura
gələcək: "Mən Dövlət Universitetini bitirməsəm də, özümü çox
diplomludan bilikli hesab edirəm. Çünki mən sərbəst düşünə bilərəm,
düşüncəmdə azadam".
Bu minvalda havanın işıqlı olmasına baxmayaraq, xiyabanın
darvazasından içəri daxil olan avtomobilin işığı görünür: "Deyəsən
gələn var. Nə isə..." - deyib, işıq gələn tərəfə doğru
uzaqlaşır.
Əslində, hər şey aydın idi. Aydın olmayan sadəcə bir şey var:
məzarların yeri niyə səhv düşmüşdü?