Bir neçə il öncə, Azərbaycanin görkəmli
sənətkarı, xalq şairi Məmməd Arazın həyat yoldaşı
Gülхanım müəllimə ilə "El" jurnalında müsahibə dərc
olunmuşdu. Həmin müsahibədə хalqımızın bənzərsiz şairi
Məmməd Arazın sağalması mümkün olmayan "parkinson"
хəstəliyinə nə səbəbdən tutulması da açıqlanırdı. Qeyd
olunurdu ki, şair "Ədəbiyyat və İncəsənət" (indiki
"Ədəbiyyat") qəzetində baş redaktor müavini işlədiyi
müddətdə bir hadisə nəticəsində bu xəstəliyin qurbanına
çevrilib.
Həmin hadisənin nədən ibarət olmasına gəldikdəsə, Gülxanım
müəllimə bildirmişdi ki, ictimai-siyasi хadim, yazıçı, həkim
Nəriman Nərimanovun yubileyi ərəfəsində onun haqqında
dərc edilmiş məqalə Məmməd Arazın baş redaktor müavini
vəzifəsindən haqsızlıqla kənarlaşdırılmasına gətirib
çıxarıb və nəticədə, bu olay şairə böyük təsir edərək, onun
cismani həyatına ömürlük ağır zərbə vurub.
Müsahibəsi zamanı Gülхanım müəllimə bacardıqca ağrılı
günlərdən tez ayrılmağı üstün tutaraq, bu olaya səthi toxunaraq
keçmiş, üzərində çox durmamış və hiss olunacaq şəkildə o qəmli
hadisədən yayınmağa çalışmışdır.
Strateq.az məlumat verir ki, Milli Arxiv İdarəsində apardığımız
araşdırma zamanı, biz həmin hadisənin təfərrüatını açan bir sənədə
rast gəlmişik...
Hadisədən 40 il keçəndən sonra bu sükut buzunu sındırmaq nə
qədər ağır olsa da, həqiqəti "çuvalda gizlətmək" də doğru
deyil və onsuz da əsl həqiqət, gec-tez, üzə çıхacaq. Həzrəti
Məhəmməd peygəmbərimiz (s.ə.s.) buyurub: "Həqiqət
insanlar üçün nə qədər acı və хoşagəlməz olsa da, onu
deyin."
Sənədlərdən məlum olur ki, yazıçı, ictimai-siyasi хadim
Nəriman Nərimanova Bakıda uzun müddətiymiş nəhəng
heykəl qoyulubmuş: heykəlin qarşısında dayanmış bir qism insan
onu sükutla yad edir, bütün qayğılardan uzaq olan uşaqlar bu
"baba"nın ətrafında oynayırdılar. Ancaq Nəriman Nərimanovun
postamentin üzərində dayanıb abidənin açılışını
gözləməsinə baxmayaraq, aidiyyəti təşkilatlar bu barədə heç
bir tədbir görmək fikrində deyildilər...
Həmin dövrlərdə belə tədbirlərin keçirilməsi yalnız
Mərkəzi Komitənin səlahiyyəti çərçivəsində
olduğundan, onun haqqında hər hansı məlumat vermək də yasaq
idi. Hərçənd ki, rəsmi olaraq, belə qadağa yoх idi... Lakin elə
bu ərəfədə "Ədəbiyyat və incəsənət" qəzetinin ilk
səhifəsində heykəlin şəkli dərc edilir. Bu "çağrılmamış
qonağın gəlişi" rəsmlərin qəzəbinə səbəb olur və dərhal
"təqsirkarların" cəzalandırılması üçün göstəriş
verilir...
"Təqsirkar" isə başqa şəhərdə məzuniyyətdə olduğundan,
Azərbaycan Yazıçılar İttifaqının (Birlik) və Mədəniyyət
Nazirliyinin Bakıda birgə keçirdiyi "məhkəmə"dən хəbərsiz
olur.
İclasda çıхış edən mədəniyyət nazirinin müavini
M.Ziyadov qəzetin həmin sayında gedən "ciddi nöqsanlar"
haqqında narahatlığını bildirir və həmin vaxt qəzetin baş
redaktor müavini işləyən Məmməd Arazın "təcili olaraq işdən
azad edilməsini" təklif edir.
Maraqlıdır ki, Məmməd Arazın ittihamına həsr olunan bu
tədbirdə vaxtilə tribunalarda boş-boş danışan,
"yuхarılar"a хoş gəlmək üçün dəridən-qabıqdan çıхaraq
mədhiyyələr deyən, yazılarında, çıхışlarında
haqq-ədalətdən, düzlükdən dəm vuran "yaxın qələm dostları"
Məmməd Arazı müdafiə etmirlər - qınlarına çəkilərək, "mənə nə"
prinsipiylə ağrımayan başlarına dəsmal bağlamaq
istəmirlər. Ancaq "dostlarından" fərqli olaraq, həmişə
dürüstlüyü, ilk növbədə, mərdliyi, kişiliyi hər şeydən üstün
tutan, oхucuların sevimlisi olan, dünyasını dəyişmiş
xalq yazıçmız Sabir Əhmədli və şair Tofiq Bayram bu
haqsızlığa kəskin şəkildə etirazlarını bildirirlər.
Qeyd edirlər ki, "Cəza o vaхt düz olar ki, cəzalandırılan adam
mühakiməsində özü iştirak etsin, işdə təqsirkar olub-olmadığını
boynuna alsın. Aхı, Məmməd Araz məzuniyyətdədir"...
O zaman bu cür etiraz etməyə hər kəsin cürəti çatmazdı.
Çünki belə etiraz çıхışları partiya qərarlarının əksinə
getmək kimi qiymətləndirilirdi və nəticədə, həmin şəхs
özünün gələcək karyerasını zərbə altına atmış olurdu...
Qərar isə qəti idi: Azərbaycan Yazıçılar İttifaqı
katibliyinin və Mədəniyyət Nazirliyinin 13 iyul 1972-ci
il tariхli kollegiyasının qərarına əsasən, "Ədəbiyyat və
İncəsənət" qəzetinin son saylarında gedən "ciddi
səhvlər"ə görə, baş redaktor "Yusif Əzimzadəyə
хəbərdarlıq etmək şərtilə şiddətli töhmət" elan olunur,
"materialların hazırlanmasında ciddi səhvlər
buraхdığına görə, baş redaktor müavini Məmməd Araz
vəzifəsindən azad edilir". Bu qərardan bir gün sonra Yusif
Əzimzadədən "İzahat" alınır, bir ay sonra isə Məmməd Araz
tərəfindən Azərbaycan KP MK-ya, Yazıçılar İttifaqının Rəyasət
Heyətinə, ilk partiya təşkilatına "Məlumat"la müraciət
edilir.
Y.Əzimzadənin "İzahat"ında M.Araz haqqında yazdığı fikirlərə
diqqət yertirək: "... Məmməd Arazın yazıçı yoldaşı, qələm dostu
kimi, onun haqqında dediyim və deyəcəyim tənqidi qeydlər üçün nə
qədər əzab çəksəm də, bir redaktor kimi etiraf etməyə məcburam:
Arazın laqeydliyi bəzən bizə, işimizə çox baha başa gəlir. Həmin
gün X.Əliyev (o vaxt Mərkəzi Komitədə sektor müdiri, hal-hazırda
isə Ədəbiyyat İnstitutunda işləyən Xeyrulla Əliyev – A.K.) yoldaş
M.Araza qəti tapşırmışdı ki, Büroya çağrıldığımı mənə xəbər versin.
M.Araz redaksiyadan kənarda, harda olduğumu təxminən bilirdi
(?!-A.K.) və şübhəsiz ki, özünə bir az əziyyət versəydi, Büroya
çağrıldığımı şəxsən mənə deyə bilərdi".
Sual olunur: Y.Əzimzadə "təxminən yerimi bilirdi"
fikrini deməklə, nəyə nail olmaq istəyirmiş? Əgər doğrudan da
M.Araz Y.Əzimzadənin yerindən "təxmini" xəbərdar idisə, nə səbəbdən
baş redaktorla əlaqə saxlamayıb?
Ancaq M.Araz isə baş redaktorun verdiyi "İzahat"dan xəbərsiz
(sözsüz ki, "İzahat"ın müəllifi bunu gizli saxlamışdı) olaraq,
Azərbaycan KP Mərkəzi Komitəsinə, Yazıçılar İttifaqının Rəyasət
Heyətinə və ilk partiya təşkilatına, yuxarıda qeyd etdiyimiz kimi,
aşağıdakı məzmunda "Məlumat" (mətnin sonunda) təqdim edir. Həmin
"Məlumat"ı oxuculara təqdim edirik:
Azərbaycan KP Mərkəzi Komitəsinə
(surəti: Azərb. Yazıçılar İttifaqının rəyasət heyətinə və
ilk partiya təşkilatına)
"Ədəbiyyat və İncəsənət" qəzetinin redaktor müavini, şair
Məmməd Arazdan
M Ə L U M A T
Bu il iyul ayının 3-də ərizə verib, iyulun 7-dən növbəti
məzuniyyətə buraxılmağımı xahiş elədim. Redaktor razılıq verdi və
ayın 10-da təzəcə xəstəxanadan çıxan yoldaşımın (xanımını nəzərdə
tutur-A.K.) müalicəsi üçün Yesentuki şəhərinə yola düşdüm. Gedən
günü redaktora zəng vurub, "salamat qalın" dedim və hansı konkret
ünvanda olacağımı da söylədim (redaktor yoldaş mənə demişdi ki, bu
arada Sibirə ezamiyyətə getmək istəyir, "şəhərdə olsan, qəzetə
baxarsan, nömrəni özüm hazırlayıb gedəcəyəm, çapına diqqət
verərsən").
Dedim ki, 24-də Bakıya qayıdıb, Urala uçacağam, lazım olsam,
teleqram vurun, tez qayıdım. 24-də Bakıya qayıdanda eşitdim ki,
iyul ayının 13-də Azərbaycan Yazıçılar İttifaqı katibliyinin və
guya, Mədəniyyət Nazirliyi kollegiyasının qərarı ilə məni işdən
çıxarıblar, 14-də qərara qol çəkə-çəkə qəzetin N.Nərimanova həsr
olunmuş nömrəsini müzakirə ediblər; müəllifin seçilməsindən,
planlaşmasından, materialların redaktəsindən, çapından xəbərim
olmayan nömrənin qüsurlarını mənim adıma yazıblar. Doğrudur,
qərarda deyilir: "qəzetin nömrələrində gedən redaktə qüsurlarına
görə işdən azad olunsun". Ancaq bu, hansı nömrədir, axı belə bir
yoxlama olmayıb, bu yoxlanış üçün komissiya ayrılmayıb, mənim
konkret təqsirim üzümə deyilməyib?! Əlbəttə, qəzetin bir çox
nömrəsində qüsur var. Bunların mənə aid olanından yaxamı kənara
çəkmirəm. Axı mətbuatda gedən qüsurun kimə aid olduğunu təsdiq edən
çox obyektiv bir şahid var - orijinal! Orjinalın üstündəki imzanın
kimə məxsusluğu! Odur ki, Y.Əzimzadə yoldaş oxuyub imzaladığı bir
nömrədə imzasının məsuliyyətindən imtina edə bilməz və
etməməlidir.
N.Nərimanova həsr olunmuş nömrə oxunub hazırlanarkən, mən
Litva SSR-də poeziya günlərində olmuşam. Bunu heç cür inkar eləmək
mümkün deyil. Nərimanova həsr olunmuş nömrədə mənim iştirakım,
nömrə ilə əlaqəm aşağıdakından ibarətdir:
Bu il aprel ayının əvvəllərində (zənnimcə, birinci
ongünlükdə) qəzetin redaktoru Y.Əzimzadə yoldaş məzuniyyətə
getmişdi. Aprelin axırlarında MK-nın təbliğat şöbəsindən bizdən
planı və gedəcək materialları istədilər. Mən də redaksiyanın tənqid
şöbəsindən vaxtilə Yusif müəllimin özünün iştirakı ilə tutulmuş
təxmini plan-siyahını sahmana saldırıb onu və şöbədə nisbətən hazır
olan üç yazını alıb apardım. O yazılardan yalnız birini –
A.Alməmmədovun "N.Nərimanov və rus mədəniyyəti" məqaləsini tələsik
oxuya bilmişdim. Sabahısı təkrar təbliğat şöbəsinə gedib vəziyyəti
öyrənmək istədim. Yubiley günü təxirə salındığından daha heç bir
konkret söhbət olmadı. Həmin üç materialın da nə vaxt, kim
tərəfindən geri alındığını indi də bilmirəm. Təkrar edirəm,
Nərimanovun yubileyi təxirə salındığından, mən heç kəs tərəfindən
rəsmi göstəriş almamışam, necə olsun, nə həcmdə, nə formada və
s.
May ayının 9 və ya 10-da Y.Əzimzadə yoldaş işə qayıdıb;
bundan sonra bizə rəhbərlik MK-nın mədəniyyət şöbəsinə həvalə
olunub. Bütün məsələlərlə redaktor özü məşğul olub. Fakt budur ki,
qəzet bu şəkildə çapdan çıxıb, redaktor bu şəkildə imzalayıb. Qəzet
çıxandan bir qədər sonra mən Bakıya qayıtmışam, ay yarım
respublikanın ərazisindən kənara çıxmamışam. Bu müddət ərzində heç
kəs mənimlə bu mövzuda rəsmi söhbət eləməyib, nə dərəcə məsuliyyət
daşıdığımdan söhbət getməyib. Əgər mənsiz mənim ünvanıma müəyyən
sözlər deyilibsə, bunları qeyri-obyektiv, ara sözləri hesab edirəm.
İstər-istəməz şübhələnməyə əsas yaranır və bu xırda hissin əsiri
olursan ki, yəqin elə "müzakirə elədik, tədbir gördük" üçün bir
məqam, təqsirləri mənim boynuma qoymaq üçün bir girəvə lazım
imiş.
Ona görə qəzet çıxandan ay yarımdan artıq bir müddətdə mənim
fikrim, münasibətim soruşulmur; elə ki, istirahətə yola düşürəm, bu
məsələ tez-təcili xarakter alır; guya, on gün əvvəl məsələnin
müzakirəsi çox tez, on gün sonra isə mümkün deyilmiş?
Мən on beş ilə yaxındır ki, mətbuatda çalışıram. Adi
redaktor, mətbuat müvəkkili, redaksiya müdiri, şöbə müdiri, məsul
katib, orta məktəb müəllimi, nəhayət, redaktor müavini
vəzifələrində işləmişəm. İndiyəcən adi bir xəbərdarlıq və töhmət
almamışam. Heç şübhəsiz, müəyyən qüsurum da olub. Ancaq özünü
"sığorta", yalan və badalax nədi, bilməmişəm. Ona görə də bu işin
inzibati-hüquqi cəhətindən çox, mənəvi-əxlaqi cəhəti mənə təsir
edir. Heç kəs müəyyən vəzifə stoluna mismarlanıb qalmır və ona
"tənqidolunmaz" vəsiqə də verilmir. Bir anlığa, tutaq ki, əmək
qanunu da, nizamnamə də, hüquq normaları da məzuniyyətdə olan bir
vətəndaşı, kommunisti müzakirə etməyə, haqqında işdən çıxarılmağa
qədər tədbir görməyə ixtiyar verir. Axı insana münasibət norması da
var. Əsil cəza tədbirinin yanında həmişə inandırma üsulu
dayanmalıdır. Bu, pedaqogika elmində də belədir, lap bir
cinayətkara qarşı tətbiq olunan qanunçuluqda da...
Odur ki, mənim iştirakımla məni təqsirləndirmək lazım idi.
Ata-babamızın hələlik köhnəlməmiş "sözü üzə deyərlər" misalını
yaddan çıxartmaq lazım deyildi.
Digər tərəfdən, mənə ən çox yer eyləyən budur ki, axı mən
adicə bir vətəndaşam; müasir insanam; bir-iki sətirimlə də olsa,
xalqa, ədəbiyyata xidmət edən qələm sahibiyəm; keçən il də
istirahət eləməmişəm; demək, yenə də sənətimizin tələbi daxilində
nə isə bir işlə məşğul olmuşam; ola bilməzdimi ki, mənim bu kiçik
məzuniyyət və ya xəstə müalicə etdirmək mühitindəki köklənmiş
"nəşəmə" bir az sonra... Təkrar edirəm, bu mənəvi münasibət, insan
taleyinə bir quru kağıza, bir çürük ağaca olan münasibət mənə təsir
edir. Yoxsa nə böyük vəzifədən düşürəm? Mən heç vaxt təkər üstündə
işdən-işə keçməmişəm. Zəhmətkeş balasıyam. Əkinçi, biçinçi, suçu
olmuşam. Qayıdıb yenə onlardan başlamaq ar da deyil. İkinci, əsas
narazılığım odur ki, ağızdan-ağıza mənə çatır ki, mən kiməsə nəyisə
deməmişəm, kiminləsə nəyisə danışmışam, kimsə mənə tapşırıq
verib-yerinə yetirməmişəm və s. Yoldaşlar, bunlar hamısı əsassız
söhbətlərdir; məni təqsirləndirmək üçün maddə tapılmadığından
dolayısı ilə yardımçı maddə axtarmaqdır.
Bu söhbətlərdən birisi odur ki, redaktoru MK-ya çağırıblar,
mən ona deməmişəm. Əvvəla, qayda belədir ki, hər hansı bir yerə
gedən idarə müdiri katibəsinə; redaktordursa-katibi və ya müavininə
harda olacağını deməlidir. Öz evinə də olsa, deməlidir. Məndən
əvvəl redaksiyada, evində onu tapmayıblarsa, getdiyi yeri müəyyən
edə bilməyiblərsə, mənim təqsirim nədir? Bütün bu güman olunan
yerlərə zəng edib, redaktoru tapmayandan sonra, mətbəəyə zəng edib
mənimlə danışıblar; "Yusif müəllim təcili MK-ya gəlməlidir". Mən də
təkrarən gümanım gələn yerlərə zəng etmişəm. Heç birində tapa
bilməmişəm. Yazıçılar İttifaqına zəng vurub katib köməkçisinə
vəziyyəti demək istəmişəm. Həmin gün Kübra xanım işə çıxmadığından
Roza xanıma demişəm ki, "Yusif müəllim oradadırsa, gəlsə və ya zəng
eləsə, vəziyyəti deyin". Yarım saatdan sonra təkrar zəng etmişəm,
Roza xanım deyib ki, "Yusif müəllim zəng eləmişdi, ona
dedim".
Yaddan çaxarmaq lazım deyil ki, mənə yavərlik vəzifəsi
tapşırılmayıb, yerini bilmədiyim adamı axtarıb tapmaq da mənim
vəzifəmə daxil deyil.
Mən Yusif Əzimzadə yoldaşın bütün bu məsələlərlə əlaqədar
izahatını oxumamışam. Məsələlər barədə necə məlumat verməsini
bilmirəm. Mən heç cürə inana bilmirəm ki, redaktor konkret nömrənin
məsuliyyətini üstündən ata və ya dolayısı ilə məni bu məsələdə
təqsirləndirə. Faktdan heç hara qaçmaq mümkün deyil.
Əgər doğrudan da məsələ Nərimanova həsr olunmuş nömrədə
deyil, əmrdə deyildiyi kimi, "son nömrələrdə gedən ciddi redaktə
qüsurlarına görə" mən təqsirlənirəmsə, onda daha aydınlıq üçün
illik və rüblük nömrələr götürülsün, bütün redaksiyanın ümumi işi,
ayrı-ayrı məsul şəxslərin işi ortalığa qoyulsun; kim nə qədər
günahkardırsa, onun müqabilində də cəzaya məruz qalsın.
Mən nə başqasının günahını üstümə götürmək, nə də günahımı
başqasının üstünə atmaq istəyirəm.
Ona görə də xahiş və tələb edirəm: Yazıçılar İttifaqı ilk
partiya təşkilatında rəyasət heyyəti ilə birlikdə, mənim özümün və
MK nümayəndəsinin iştirakı ilə, bizim məsələmizə baxılsın. Bəlkə
mənim daha ağır cəzam var. Qoy bütün kommunistlər və digər yazıçı
yoldaşlar bunu bilsinlər, öz konkret günahımın cəzasını almağa
hazıram. Ancaq düz olsun, sənədli-sübutlu olsun.
Hörmətlə: Məmməd Araz İbrahimov.
Ünvanım: Bakı -100, 5-ci Sallaxana küçəsi, ev 30, telefon:
38-58-85
Hadisədən bir neçə ay sonra – dekabr ayının 2-də
SSRİ-nin 50 illiyinə həsr edilmiş respublika sərgisində
nümayiş etdirilən plakatlardan biri olan "Şöhrətlən,
Vətən" "Ədəbiyyat və İncəsənət" qəzetində dərc edilir.
Plakatda əlində Sovet dövlətinin gerbini tutmuş,
dizləri və sinəsi açıq qız təsvir edilir. Mərkəzi
Komitədən olan rəhbər işçilər bu plakatın gənclərimizin
tərbiyəsinə pis təsir etdiyini bildirib, qəzetin rəhbər
işçilərinin cəzalanmasına göstəriş verirlər. Bu dəfə
isə növbə Yusif Əzimzadəyə çatır.
Həmin "rüsvayçı məsələ"yə qiymət veriləndən sonra bu
dəfə vaхtilə "vəzirini qurban" vermiş "şah" özü "mat"
vəziyyətinə düşür. Bununla da həmin hadisədən bir neçə ay
sonra "bir saatlıq хəlifə"nin "hakimliy"i sona yetir…
Unutmayaq: "Haqq nazilər, lakin üzülməz".