Yuxarı

MN-dən gözləmədiyimiz Anna açıqlaması

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Az öncə Müdafiə Nazirliyinin millət vəkili Qüdrət Həsənquliyevin ötəngünkü açıqlamasına rəsmi münasibəti yayıldı.

Oxudum və doğrusu, çox təəccübləndim.

Q.Həsənquliyev Milli Məclis üzvü və siyasi partiya sədridir. Ermənistan Baş nazirinin arvadının bizim işğal altında olan torpaqlarımızda əlisilahlı, hərbi geyimdə peyda olması və bizə hərbi meydanoxumasına bir partiya sədrinin və deputatın verdiyi reaksiya kifayət qədər normal və yerindədir. Mən də təxminən o yöndə bir yazı yazmışdım və siyasilərimizdən məhz bu mövqeni gözləyirdim. Təəssüflər olsun ki, sosial şəbəkələrdə Annanın “üstünə toz qondurmaq istəməyən” erməniqafalılar, “qeyrətli oğlanlar” tapıldı və onların deputatın açıqlamasına gözlənilməz əks-reaksiyalarıyla üzləşdik!

Əlbəttə, kimlərsə informasiya manipulyasiyası edirsə və sosial şəbəkələr üzərindən "hücuma" keçirsə, bunun qarşısını media və ictimai fəallar alacaq, lazım gəlsə, "manipulyatoru" ifşa edəcək - necə ki, cəbhədəki təxribatın qarşısını Müdafiə Nazirliyi alır və təxribatçını da əsir götürür!

Amma MN bu manipulyasiyalara münasibət bildirməməlidir.

Baxın: Q.Həsənquliyev İrəvanda, baş nazirin şəxsi xarabasında oturub, əri Nikola dolma və ya bozbaş bişirən Annanı mətbəxdən əsir almaq üçün əsgərlərimizin təşnədə olduğunu deməyib. Qüdrət Həsənquliyev Azərbaycanın əzəli və əbədi torpaqlarına – Qarabağa hərbi geyimdə gəlib, əlindəki snayperi Azərbaycan kəndlərinə və həm də mülki əhalisinə tuşlayan, başına “hərbçiləri” yığıb, təlimlərə qatılan və Azərbaycana qarşı döyüş təlimi keçən Annanın əsir alınmasından danışıb və bu, yetərincə aydın, məntiqli və izahlıdır. Bir millət vəkilinin siyasi təbliğatından ağır hərbi, informasiya yükü altında olan, ərazi bütövlüyümüzdən məsuliyyət daşıyan və həmişə bu ağırlıq səbəbindən sorğularımıza belə cavab vermədiklərini anlayışla qarşılamağa çalışdığımız Müdafiə Nazirliyimiz niyə narahat olub və işinin bu gərgin vaxtında açıqlama hazırlamağa necə və niyə vaxt ayırıb?

İndi necə başa düşək, bizim başımızın üstündə yeri olan Ordumuz Qarabağda “qadın batalyonu”na dərs keçən və snayperini Zəhralarımıza tuşlayan Annaya güllə atmamalıdır ki, oğlanlarını da Qarabağda hərbi xidmətə göndərən Anna-Nikol cütlüyünün xətrinə dəyər? Yaxud “dünya birliyi” Annanın Azərbaycana tuşladığı snayperi deyil, Qüdrət Həsənquliyevin açıqlamasını görüb, çox-çox rəncideyi-pəjmürdə olar?

Anna işğal altında olan qanuni Azərbaycan torpaqlarına qanunsuz gəlib, əlində silahı Azərbaycana tuşlayıb və seçdiyi hədəfə “qadın batalyonu” ilə atəş açıb!

Burda aydın olmayan bir məsələ varmı?

Anna silahını bizə - Azərbaycan əsgərlərinə və mülki vətəndaşlarımıza tuşlayıb. Nə edək, “əcəb edirsiniz” deyək? Siz Zəhranı güllələsəniz də, Ordumuzun generalını o snayper atışı ilə şəhid etsəniz də, biz “atan Annadır” deyübən, sakit qalmalıyıq?

Prezident İlham Əliyev - Ordumuzun Ali Baş Komandanı dedi ki, əgər Ermənistan beynəlxalq hüquqa məhəl qoymursa, biz niyə beynəlxalq hüquqa əməl etməliyik?!

Prezident burada açıq şəkildə mövqe ortaya qoymadımı? Siz bilirsizmi ki, erməni mediasında Prezident İlham Əliyevin son müsahibəsindəki fikirləriylə bağlı hər gün (bir daha təkrarlayıram: Hər gün!) onlarla mövqe, açıqlama, reaksiya dərc olunur. Hər kəs xalqa “narahat olmayın, qorxmayın” deyə “ürək-dirək” verir.

Bizim siyasətçimizin də Qarabağda silahını bizə tuşlayanlara “qorxmayın” deməyinimi gözləyirsiniz?

Qüdrət Həsənquliyevə cavab verməli olan bir yer varsa, o da Ermənistan Müdafiə Nazirliyidir! Qoy, erməni generallar Annaya desin ki, “qorxma” – necə ki, İlham Əliyevin bir açıqlamasına görə bir sürü erməni naziri gündə 30 dəfə öz əhalisinə “qorxmayın” deyir!

Biz Ordumuzu da, Müdafiə Nazirliyini də bu söz savaşından, informasiya manipulyasiyalarından çox-çox ucada görürük! Biz Ordumuzdan Qələbə, Müdafiə Nazirliyindən Zəfər bəyanatı gözləyirik! Və əmin olmaq istəyirik ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, ordusuna, mülki vətəndaşlarına, ümumiyyətlə, hər daşına, hətta çınqılına düşmən kəsilən annalar da, nikollar da Ordumuzun nəzərində yalnız düşmən əsgəridir, vəssalam!

Azərbaycan əsgərlərinə əsir düşmək istəməyən erməni qadınları, bir zəhmət, torpaqlarımızdan rədd olsunlar! Onların bu etdikləri sadəcə, müharibə cinayətləridir, humanitar fəlakətdir, beynəlxalq hüquqa, insan haqlarına ziddir. Bizim torpaqlarımızı, insanlarımızı kim hədəf alırsa, nişan alırsa, bizə silah tuşlayırsa, düşmənimizdir - fərqi yoxdur qadındır, yoxsa kişidir; fərqi yoxdur, Anna Akopyandır, yoxsa Tonoyandır. Sabah Tolstoyun Annası da qatar altından çıxıb, əlində silah Qarabağda peydə olsa və silahını Zəhralarımıza tuşlasa, o da düşmən sayılacaq və Ordumuzun hədəfi olacaq!

Tarix
2020.09.23 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla