Uzun müddətdir səngimədən davam edən Anar-Ə.Əylisli
qarşıdurması yenə alovlanıb.
Azərbaycan Yazarlar Birliyi Əkrəm Əylisli ilə bağlı bəyanat
yayıb və Anar bu dəfə Ə.Əylislini "danosbaz" adlandırıb. Bu
məsələyə münasibət bildirən Əkrəm Əylisli isə bildirib ki, Anar
Rzayev 25 ildir ki, bu millətin ziyalısına yalan deyir: "25 ildir
ki, onun dilinə düz söz gəlməyib. Arzu edirəm ki, o, 25 il də
bundan sonra yalan deyə-deyə orada otursun. 25 ildə o bir dəfə
doğru söz demədi. Mən bunu eşitmədim".
Ə.Əylisli onu ermənipərəst adlandıran yazıçı Anara sərt cavab
verib: "Bu alçaq sözüdür. Ermənipərəst nə deməkdir? Anar gərək belə
sözü dilinə gətirməsin. Bu adam hər şeyi satıb, ağzına gələni
danışır. İndi də keçib erməni sözünə... Bədii əsəri bədii əsər kimi
oxu və dəyərləndir. Burada siyasət-zad yoxdur".
Biz bu qalmaqalla bağlı digər yazarlarımızın münasibətini
öyrənməyə çalışdıq. Əlaqə saxlaya bildiyimiz yazarlarımıza iki
sualla müraciət etdik:
1) Uzun müddətdir davam edən Anar-Əkrəm davasının
kökündə nə dayanır?
2) Bir-birinə qarşı mediada açıq şəkildə səsləndirilən
təhqiramiz ifadələri necə qiymətləndirirsiz?
Rəşad
Məcid bu məsələnin Əkrəm Əylisliylə Anar arasında şəxsi məsələ kimi
dəyərləndirib bildirdi ki, heç nə deyə bilməz:
"Mənim Yazarlar Birliyinin mətbuat xidmətinin yaydığı bəyanatdan
xəbərim var. Fikirləri oxumuşam. Əkrəm Əylisli qısqanc adamdı, ömrü
boyu istəyib ki, bu birliyinin sədri olsun. Əlbəttə ki, Anar həmişə
haqlıdır".
İki yaşlı adama "dalaşmayın" demək düzgün
olmaz
Şair
Qismət bu məsələdə kimim haqlı olduğunu deməyin çətinliyini
vurğuladı:
"Əkrəm Əylisli və Anar davası onların arasında davam edən uzun
illərin söhbətidir. Mənim bu haqda nə isə deməyim əslində gülməli
görünər. Bu davanın səbəbini də demək çox çətindir. Müxtəlif
zamanlarda bir-birinə qarşı belə ifadələr işlədiblər. Durub iki
kifayət qədər yaşlı adama "dalaşmayın" demək düzgün olmaz. Bu
onların şəxsi məsələsidir, bu məsələləri gündəmə gətirmək, mediaya
çıxartmaq da onların individual məsələsidir".
Əkrəm Əylisli radikal adamdır
Yazar
Qan Turalı bu məsələyə daha geniş münasibət bildirdi:
"Açığı, deyim ki, Əkrəm Əylisliylə Anar dost olanda mənim atam
da dünyada yox idi. Bu, 50 ildən də artıq tarixdi... Onlar əvvəl
uzun müddət dost olublar. Bu qədər uzun müddət dost olan adamların
indi belə düşmən münasibətdə olmaları mənə çatmır. Onların
münasibətlərinin bu qədər neqativ olmağı son dərəcə maraqlıdır.
Hamımıza məlumdur ki, bunların münasibəti 80-ci illərin sonlarından
gərginləşməyə başlayıb. Müxtəlif xarakterli adamlar dost ola
bilirlər, amma elə an gəlir ki, hərə öz xarakterinə uyğun hərəkət
edir və sonra bu adamların dost olmağı mümkün olmur.
Heç birini tərifləmək, tənqid etmək istəmirəm, amma açıq danışaq
ki, Əkrəm Əylisli və Anar xarakter etibarilə çox fərqli adamlardır.
Anar daha çox kompromisə getməyi sevən, hökumətlə və başqalarıyla
dil tapmağı bacaran, hər kəsə istədiyini verən adamdır. Əkrəm
Əylisli isə daha çox radikaldır. Əkrəm Əylisli sözü dərhal, birbaşa
üzə deyən, yazılar yazan, insanlarla dava etməyə, konfliktə meylli
adamdır. Anarsa düşündüyünü deyən adam deyil. O düşündüyünü ancaq
düşmən olanda deyər adama... Bu onların öz işidir, mənim o yaşım da
deyil ki, durub bu adamlara nəsə deyim, özləri bilərlər. Kiməsə xoş
gələ bilər, kiməsə yox, amma məncə, bu hadisələri təbii axarına
buraxmaq lazımdır. Adamların içindəkiləri belə açıq demələrinə də
normal yanaşmalıyıq".
Əkrəm Əlyisli cığallıq eləyir
Yazar
Elçin Hüseynbəyliyə görə isə, Əkrəm Əylisli cığal adamdır:
"Əkrəm Əylisli cığallıq edir, Anar da deyir ki, cığallıq
eləmə... Əlbəttə ki, bu məsələdə Anar haqlıdır. Ə.Əylisli
zaman-zaman xalqı təhqir edib. Anar müəllim də ona cavab
verir".
Bunların ədəbiyyata heç bir dəxli yoxdu
Seyran
Səxavətinsə köhnə dava-dalaşın yenidən alovlanmasından xəbəri yox
idi:
"Bu mənim üçün köhnəlmiş, keçmiş bir şeydi, bu məsələni yenidən
gündəmə gətirməyi sizə də məsləhət görmürəm. Onlar artıq
sakitləşib, oturub hərəsi öz yerində... Bu məsələlərin kökündə nə
dayanır, nə dayanmır, bunların ədəbiyyata heç bir dəxli yoxdu.
Mənimçün maraqsız sual olduğuna görə bağışlayın, cavablandırmaq
istəmirəm. Nəinki Anarla Əkrəm arasında, ümumiyyətlə, iki adam
arasında təhqir dolu ifadələrin işlədilməsini doğru saymıram".
Ədəbiyyatətrafı...
Kamal
Abdulla isə fikrini çox açıq və qısa ifadə etdi:
"Mən ədəbiyyatətrafı söhbətlərdə yoxam... Saytınıza hörmətim
var, təşəkkür edirəm".
Bu davada Əkrəmi qalib saymaq olar
Seymur
Baycan bu davada Əkrəm Əylislini qalib sayır:
"Yaxşı deyil, qoca kişilərdilər, gərək bir-birilərinə hörmət
etsinlər. Onlar elə eləyirlər, gənclər onlara baxıb nə götürəcək?!
Mənə elə gəlir ki, onların davası çoxdanın davasıdır. Çünki, Əkrəm
həqiqi yazıçıdır, Anarsa, elə-belə... Anar atasının hesabına yazıçı
olub. Süni, dekorativ yazıçıdır, bunların yola getməməsi normaldır.
Dava eləmələrinin də səbəbi budur ki, Anar dəqiq bilir ki, Əkrəm
əsl yazıçıdır. Əkrəm də bilir ki, Anar elə-belə yazıçıdır. Buna
görə də onların yola getməsi mümkün deyil. Ə.Əylisli sona qədər
barmaq boyda olsa da, azadlığını saxlayır, onu əldən vermir, bu da
həmişə onu xilas edir. Anarın isə daha azadlığı qalmayıb. Bu davada
Əkrəmi qalib saymaq olar".