Heydər Əliyev Fondunun
dəstəyi ilə faşizm üzərində qələbəyə həsr olunan "Hədəf Bakıdır"
adlı film istehsal çəkilib.
Ans press-in məlumatına görə, "Hədəf Bakıdır. Hitler neft
uğrunda döyüşü necə uduzdu" sənədli filminin mayın 4-də təqdimat
mərasimi keçiriləcək.
İlk nümayiş Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Faşizm
üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan filmin baş
prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville),
rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).
Filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində
qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə
illərində strateji əhəmiyyətindən bəhs edir. 1941-1945-ci illər
Böyük Vətən müharibəsi zamanında Azərbaycandan 700 min adam cəbhəyə
yollanıb, onların 400 mindən çoxu döyüşlərdə canından keçib. Amma
Azərbaycan bu müharibədə təkcə insan resursları ilə iştirak
etməyib. Həmin illərdə Azərbaycan nefti qələbənin əldə edilməsində
müstəsna rol oynayıb. Belə ki, Böyük Vətən müharibəsi zamanında
SSRİ-də hasil olunan neftin 72 faizini Bakı verirdi. Bu isə o
deməkdir ki, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si
Bakı nefti ilə işləyirdi.
"2015-ci il mayın 9-da faşizm üzərində qələbənin 70 illik
yubileyi qeyd edilir. Bu Qələbənin qazanılmasında Bakı nefti
əvəzsiz rol oynamışdır"-deyə filmin baş prodüseri Arzu Əliyeva
izləyicilərə müraciətində qeyd edir.
Arzu Əliyevanın sözlərinə görə, "Hədəf Bakıdır. Hitler neft
uğrunda döyüşü necə uduzdu" sənədli filminin yaradılmasında əsas
məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə
olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır. "Bu film,
eyni zamanda, müharibənin ağrı-acısını yaşayan bütün insanların –
ön cəbhədə döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin əməyi ilə
böyük qələbəni yaxınlaşdıran insanların xatirəsinə dərin hörmət və
ehtiramımızın təzahürüdür", - deyə filmin baş prodüseri
bildirib.
Qeyd edək ki, filmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın
sənədli film istehsalı sahəsində tanınmış "Clarke Costelle&Co"
(CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.
"Clarke Costelle&Co" şirkətinin İkinci Dünya müharibəsindən
bəhs edən digər filmini – "Apokalipsis: II Dünya müharibəsi" adlı
ekran əsərini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.
İstehsalı 14 ay davam edən "Hədəf Bakıdır" sənədli filmi
çərçivəsində Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa,
Rusiyada tədqiqatlar aparılıb, bu ölkələrin arxivlərindən 200
saatdan çox videomaterial, foto və digər sənədlər araşdırılıb.
Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış
bucağından – neft uğrunda savaş prizmasından baxılır. Tamaşaçılar,
həmçinin İkinci Dünya müharibəsinin ayrı-ayrı döyüş səhnələrinə
dair bu günə kimi nümayiş etdirilməyən video kadrları yeni
təqdimatda – bərpa olunmuş rəngli formatda seyr edəcəklər.
Bu sənədli ekran əsəri Azərbaycan dili ilə yanaşı rus, ingilis,
fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.
Heydər Əliyev Mərkəzindəki təqdimat mərasimindən sonra filmin
mayın 8, 9-u və 10-da "National Geographic" kanalı vasitəsi ilə 26
ölkə üzrə nümayişi keçiriləcək.