Bəzən 150 santimetr boya malik bir adam özündə nəhəng
bir siyasi rejimin 150 illik sirlərini gəzdirir. Əksər hallarda
müharibənin taleyini böyük artilleriya qüvvəsi deyil, elə bu cür
partizanlar, kəşfiyyatçılar həll edirlər. Onlar meyvəni içindən
yeyən qurd kimi yavaş-yavaş, heç kimə bildirmədən qurbanlarının
sonunu gətirirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) casusu Ruzi
Nəzər də İkinci Dünya müharibəsinin gizli qəhrəmanlarından
idi.
Axar.az oxucular üçün maraqlı olacağını nəzərə alıb Ruzi Nəzərin
həyat və fəaliyyəti ilə bağlı türk yazar Murad Yetkinin yazısını
təqdim edir.
Sentyabr, 1954, Həcc ziyarəti vaxtı
Sovet ölkələrindən gəlmiş çoxu türk mənşəli olan 21 zəvvarın
getdiyi avtobusa, yenə türk mənşəli, amma Amerikadan gələn daha iki
adam minir. Minən kimi "Siz müsəlman deyilsiniz" deyə qışqırmağa
başlayırlar: "Siz kommunist təbliğatçılarısınız, Moskvadakı
allahsızların xidmətindəsiniz". Daha sonra Məkkə küçələrində də
Sovet müsəlmanlarına təcavüz davam edir, onlara çürük pomidor-filan
atırlar.
Bu mənzərəni 27 sentyabr 1954-cü il tarixli "Taym" ("Time")
jurnalından götürüb detallarıyla "Münhendə bir cami" kitabına
köçürən yazar Yan Consona görə, Kral Səud amerikalıların
tövsiyəsilə vəziyyətdən şikayət etmək istəyən Sovet səfiriylə
görüşdən imtina edib. "Taym" jurnalına görə, bu hadisə Rusiyadakı
əsarətdən Qərbə qaçmış müsəlmanların səmimi üsyanıdır. Sonradan
ortaya çıxır ki, bu, MKİ-nin (CIA) Sovetlərə qarşı müsəlmanlar
üzərindən başlatdığı ilk açıq, təşkil olunmuş hadisədir. MKİ-nin bu
təbliğat hərəkətinə qatılanların biri Hamid Raşid, digəri isə Ruzi
Nəzər olub.
Son üç-dörd ilini keçirdiyi Sidedə vəfat edən Nəzərin xəbərini
telefonla Ənvər Altaylıdan alanda ağlımdan ilk keçənlər arasında
elə bu Məkkə hərəkatı da vardı. Özü də bir kəşfiyyatçı, köhnə MİT
işçisi olan Altaylı 2013-cü ildə "Ruzi Nəzər – MKİ-nin türk casusu"
kitabını yazmışdı.
Ukrayna cəbhəsində
Altaylı kimi Nəzər də özbək əsilli idi. 1917-ci ildə Fərqanə
vadisində Margilan şəhərində doğulmuş, Daşkənd Universitetində
iqtisadiyyat və kimya üzrə təhsil almışdı. 1941-ci ildə Almaniya
Sovet İttifaqına hücum edəndə hərbi xidmətə çağırıldı və Ukrayna
cəbhəsinə göndərildi. Burada həyatının gedişatını dəyişdirən bir
şey oldu - o, Ukrayna milliyyətçilərilə tanış oldu. Ukraynadakı rus
nifrəti o dərəcədəydi ki, onlar Moskvaya qarşı faşist işğalçı
qüvvələri ilə əməkdaşlığa girib arxa cəbhədə döyüşürdülər.
Elə həmin vaxtlarda nasistlər Sovetlərdəki etnik qrupları rus
millətçiliyinə qarşı öz sıralarında təşkilatlandırma siyasətinə
başlamışdılar.
Ruzi Qırmızı Ordu formasını çıxardı, Vermaxt formasını geyindi.
Artıq Türküstan Legionunun zabiti idi.
Bundan 6-7 il əvvəl danışarkən "Mən heç SS olmadım" – demək
ehtiyacını duydu, "Faşist də olmadım, amerikalılar kimi onlarla
ruslarla mübarizə aparmaq üçün əməkdaşlıq etdim".
Almaniya məğlub olanda amerikalılarla əməkdaşlıq edən başqaları
da var idi. Adolf Hitlerin Hərbi Kəşfiyyatının başçısı Reynhard
Gehlen Mərkəzi və Şərqi Avropa, Rusiya, Yaxın Şərq, Orta Asiya və
Qafqazdakı bütün casus təşkilatları ilə birlikdə Amerikanın
sıralarına keçdi. MKİ belə quruldu, Ruzinin MKİ karyerası də belə
başladı.
Türkeşlə dostluğu
Nəzər Münhendə iki təbliğat radiosunun qurulmasına dair tapşırıq
aldı: "Azad Avropa Radiosu" Şərqi Avropa və rusyönlü, "Azadlıq
Radiosu" isə Orta Asiya və Qafqazyönlü verilişlər yayımlayırdı. Bir
müsahibəsində "Amerikanın səsi kimi idimi?" – deyə soruşdum. "Yox",
– dedi özbək vurğusu ilə: "Amrıkanın Avazı leqal nəşrlər edər idi,
biz daha başqa işlərdik".
Vaşinqtonda olduğu illərdə türkçülüyə meyilli türklərlə təmas
yolları axtardı. İlk tanış olduğu adam Türkiyə səfirliyinin Mətbuat
nümayəndəsi Altemur Qılınc oldu. Onun vasitəsilə NATO-da
əlaqələndirici zabit olaraq Pentaqonda bir türk zabiti ilə tanış
oldu: Alparslan Türkeş. Türkeş onsuz da türkçülüyə görə yatıb
çıxmışdı – illərlə davam edən dostluqları belə başladı.
Bir də Türkiyə illəri var Nəzərin, hansı ki həm öz karyerasının,
həm də Türkiyənin ən qaranlıq illəridir. 1959-cu ildə – 1960
çevrilişindən əvvəl gəldi, 1971 çevrilişindən sonra getdi.
Rəsmi vəzifəsi belə qulağa qeyri-adi gəlirdi: Nəzər Sovetlərlə
mübarizə mövzusunda ABŞ-ın Ankara səfiri ilə Amerika hərbi heyəti
arasındakı əlaqə məmuru idi.
Amma yalnız əsil məsuliyyət sahəsi olan Sovet coğrafiyasındakı
anti-kommunist fəaliyyətlərlə məşğul olmurdu. Türkiyədə
qeyri-hökumət, media, universitet və idarələrdə kommunizmlə
mübarizəni və siyasətdə islamçı və milliyyətçi axınların
yüksəlməsini təmin etmək üçün yüksək büdcəli fondlar da onun
idarəsi altında idi.
Altaylı kitabında 12 Mart 1971-ci il çevrilişindən əvvəl 9 Mart
çevriliş cəhdi ortaya çıxan Camal Madanoğlunun belə Nəzər ilə
əlaqəyə keçməyə çalışdığını yazıb.
Sovetlər Əfqanıstanı işğal edəndə Nəzər onlara qarşı islamçı
qəbilə rəhbərlərinin bir müqavimət hərəkatı yaratmaqlarına cəhd
göstərməkdə ön sıralarda idi. Mücahidlər Sovetləri məğlub etdi –
Sovetlərin yıxılmasında pay sahibi oldu, amma o mühitdə ortaya
çıxan Taliban, Əl Qaidə kimi təşkilatlar bu gün dünyaya köks
ötdürür.
Bu günlərə asan gəlmədik – Nəzərin də bunda payı var. Soyuq
müharibənin döyüşkən casuslar nəslindən (gizli sağ qalıb yaşayanı
yoxdursa) sonuncusuydu.
Nəzəri kitabını yazmağa razı etmək üçün çox səy göstərdim.
Altaylı bir qismini yazdı. O isə həmişə qızının yazmasını
istəyərdi. Qızı, baş rolunu Rassel Krounun oynadığı "Ağıl oyunları"
filminin romanını yazan Silvia Nəzərdir.
"Əsil adı Zülfiyyədir" – dedi bir müsahibəsində: "Amma
amrıkalılar asan söyləsin deyə, Silvia dedik".