"Mən bunu normal hesab eləmirəm, etikaya uyğun
deyil".
Bu sözləri tanınmış jurnalist, professor Qulu Məhərrəmli Mətanət
Əliverdiyevanın 19 mayda Binəqədi ərazisindəki yaşayış binasında
baş verən yanğınla bağlı "Biz o faciəni lap belə faciə
etməməliyik. Oldu, elə bil, bir külək idi, bir şey idi, bir film
idi baxdıq, getdi" sözləri və ANS kanalıyla ATV kanalı
arasında böyüyən qalmaqalla bağlı Axar.az-a danışarkən deyib:
"Bizim televiziyalar və bəzi reportyorlar çox fürsətcildirlər.
Mən elə hesab edirəm ki, bu məsələni o qədər də qabartmağa ehtiyac
yox idi. Çünki bir məsələ əndazəni aşanda, artıq başqa bir
keyfiyyət qazanır. Düzdü, aparıcı xanım çox yanlış olaraq o
ifadələri işlədib. Amma bunu şişirtməklə – aparıcının fikirləri önə
çəkilməklə məsələnin əsas mahiyyətini yaddan çıxarırlar. Mən bunu
normal hesab eləmirəm, etikaya uyğun deyil. Bilirsiniz ki,
televiziyalarımız bərbad gündədir. Orada – kanallarımızda
çalışanların peşəkarlığı aşağı səviyyədədir, ona görə də belə
mövzuları gündəmdə saxlamaq istəyirlər. Hesab edirəm ki, bu
məsələləri şişirtmək də etikaya uyğun deyil".
Qeyd edək ki, aparıcı Mətanətin Binəqədi rayonundakı 16
mərtəbəli binanın yanması ilə bağlı ATV kanalında yayımlanan
"Gündəlik" verilişində "Biz o faciəni lap belə faciə etməməliyik.
Oldu, elə bil, bir külək idi, bir şey idi, bir film idi baxdıq,
getdi" sözlərindən sonra sosial şəbəkələrdəki sərt tənqid
kampaniyasına ANS telekanalı da qoşulub və hazırda iki kanal
arasında qalmaqal yaşanır.