Ana səhifə Kult |
Təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyevanın işdənçıxma səbəbi ilə bağlı yayılan informasiya yaman səs-küy yaradıb. Deyirlər, nazirin sabiq xanım müavini namaza başlayıb, hicaba keçib və namaz-qılıb, oruc tutan bir şəxs olaraq nazir vəzifəsi daşımağın haram olduğunu deyərək, istefa ərizəsi yazıb.
Həm də iddia edirlər ki, nazir müavinin bu cür radikal qərarının səbəbi islamın sünni məzhəbini seçməsi imiş.
Rəsmi məlumatda isə bildirilir ki, ötən ilin dekabr ayında Məhəbbət Vəliyeva səhhətində yaranan problemə görə vəzifəsindən getmək üçün ərizə yazıb.
İndi bütün media Məhəbbət Vəliyevanın peşində: xanımı tutub, sorğulamaq istəyirlər ki, bu nə söhbətdir, sən nə etmisən?
İndisə başlayaq düşünməyə: əcəba, bu söhbət hardan yaranıb?
Ordan ki, xanım 1968-ci il təvəllüdlü, yəni 52 yaşını yenicə tamamlayıb. Onun vəzifədən getməsi üçün səhhət məsələsi doğrudan da inandırıcı deyil. Qısa müddətdə parlayan və sürətlə vəzifə pillələrində irəliləyən, kifayət qədər də hörmət-izzət sahibi olan xanım niyə birdən-birə xəstələnsin və səhhəti işləməyə imkan verməsin ki?
Buna görə “əsl səbəb axtarışı”nı anlamaq olar. Yaxşı, bəs, “hicaba keçən” “məmurə”nin vəzifəni haram saymasının səbəbi nədir?
Bax, məsələ də bundadır.
Əslində necə olmalıdır? Xanım din-imana gəlib, Allah yoluna qədəm qoyubsa, elə vəzifədə işləməsi daha yaxşı olardı: daha sədaqətlə insanlığa xidmət edərdi, daha pak əməllər sahibi olub, yüzminlərin alğısını qazanardı, pis əməllərdən uzaqlaşardı – yəni rüşvətdən, korrupsiyadan, yeyintidən, dövlət və xalq malına xor baxmaqdan...
Bəs, niyə bu xanım vəzifədən dinə görə imtina etsin ki?
Gəldik çıxdıq əsas məsələyə. Deməli, mömin və möminələrin vəzifədə işləməsi harammış? Niyə? Çünki vəzifədə olan şəxs mütləq rüşvət almalı, haram yeməlidir? Onu kim deyir və harda yazılıb?
Xəbərin digər hissəsi də maraqlıdır: sünni məzhəbinə qulluq etdiyi üçün... Guya şiə məzhəbinə qulluq edənlər vəzifəyə gəlib, haram basışdıra bilərmiş.
Oysa Türkiyədə nə qədər desən, hicablı “məmurə xanım” vardır, and olsun Məhəbbət xanımın qıldığı namazın “əttəhiyatına” ki, hamısı da sünnidir. Onlar məgər hicab bağladığı üçün vəzifəni haram sanıb, istefa ərizəsi yazırlar?..
Məsələ həm də bu xəbərin qavranılmasındadır. Olduqca yanlış təsəvvür odur ki, vəzifədə olan mütləq harama bulaşmalıdır.
Ta bu barədə geniş danışmağa ehtiyac yoxdur – hamı hər zadı bilir və bu düşüncənin də Marsdan gəlmədiyi bəlli...
Tarix
2021.02.03 / 23:01
|
Müəllif
Şeyx Teymur
|