Yuxarı

İntihar edən Sevilin mesajlarının mənası nədir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntihar xəbərlərindən qaçıram, oxumamağa çalışıram.

Əvvəla ona görə ki, intihar edən şəxsi həddən artıq zəif iradəli sayıram, ikincisi isə Allahın qadağan etdiyi bir əməli törədənə heç cür haqq qazandıra bilmirəm.

Amma 20 yaşlı Sevilin özünü 20-ci mərtəbədən atması diqqətimi çəkdi. Hər şeydən öncə yaşın mərtəbəsindən özünü atmasına görə bu qızın heç də sıradan biri olmadığı haqda qənaətim yarandı. Sonra ictimailəşən mesajlarını incələməyə çalışdım; sonra atası Samir Atakişiyevin yana-yana, göz yaşı içində kameralara danışdıqlarını izlədim...

Sevil niyə özünü 20 yaşından yerə çırpdı ki?

Xaricdə oxumaq istəyirmiş, buna görə pul yığırmış, evə gec gələndə danlanırmış, anası, nənəsi də üstünə gedirmiş.

Tipik Azərbaycan ailəsi. Ailə səhvmi edib, qızlarını həyatından bezdiribmi?

Yox, Sevili düşdüyü mühitlə evdəki mühit arasındakı təzad və bir də ailənin son dərəcə həssaslığı məhv edib.

Sevil sadəcə, ailəsinin onu necə fanatcasına qorumaq istəməsini qiymətləndirə bilməyib.

Sevil yaşına güvənib, amma “şəklinə” baxmayıb.

Siz baxın onun fotolarına: bu ki lap uşaqdır! Nə olsun 20 yaşı var?! Bu uşağa körpə kimi yanaşmaq normal deyilmi?

Bir də lap 50 yaşın olsun: ata-ana üçün sən hər zaman uşaqsan!

Mesajlarında yazır: atasına, anasına, nənəsinə, bütün doğmalarına ölüm arzuladığını deyir. Bir də “mənə bir şey olsa, bu mesajlara diqqət çəkilməsini” istəyir.

Müstəqilliyə və azadlığa canatım, ailənin ciddi nəzarətindən qurtulma istəyi tam mənası ilə qisasa çevrilib: Sevil ailəsini cəzalandırmağın yollarını axtarıb, ailəsinin bu təzyiqlərinə qarşı nə edə biləcəyini düşünüb... Bəlkə də aylarla ailəsinə cəza vermək istəyib.

Bu da nəticəsi – ailə bir ömür cəzalandı. Hüquqi araşdırmanı, qanuni cəzalanmanı bir yana buraxın! Cəza o ailənin əlindən övladının alınmasıdır.

Sevil heç vaxt dərk etməyib ki, ailəsi onu nə qədər sevir, onun üstündə əsir, onu hazırkı mühitdə, Samirin özü demişkən, “çöl qızı” olmaması, gələcəyini məhv etməməsi üçün çalışır.

Sevil heç vaxt dərk etməyib ki, atası, anası, nənəsi onun şərəfli adına görə ona təzyiq edib, vaxtında evdə olmasını, “özbaşına” olmamasını istəyib.

Sevil heç vaxt ata-anasının sevgisini məhz bu cür ifadə etməsini başa düşə bilməyib.

Valideynlər isə hiss etməyiblər ki, onların övladlarını qorumaq üçün etdikləri getdikcə Sevili tənhalaşdırır, onu evdən daha da uzaqlaşdırır, ailəyə nifrətini artırır. Hətta o qədər ki, ailəsinə sidq-ürəklə ölüm arzulayır.

Sevil ata-ananın övladını qorumaq üçün etdiyi fədakarlıqları, xərclədiyi əsəbi, ömürlərini zəhərə çevirməsini anlayacaq yaşda deyildi.

Sevil yalnız ana olanda anlayacaqdı ata-anasının onu qorumaq istəyini, ona təzyiqlərinin səbəbini...

“Hərdən mənimlə mehriban olurlar” yazır Sevil. Anlaya bilmir ki, ata-ananın, nadir istisnalarla, övladını sevməməsi mümkün deyil. Ata-ana sənin ənənəvi vaxtdan bircə dəqiqə gec gəlməyindən narahatdırsa, deməli, səni evdə gözləyən var, səni sevən var, sənin yerini qoruyan, himayə edən, mümkün səhvinin qarşısını almaq istəyən var.

Sən bunu necə dərk etməyə bilərsən?!

Ata-ananın səhvi nədir? Onlar açıq danışmayıbmı Sevillə? 20 yaşlı bir qızla dünyanı, cəmiyyəti, reallığı necə varsa, eləcə, bütün rəngləri ilə müzakirə etməyibmi? Təcrübələrini bölüşməyibmi?

Biz bunu bilmirik! “Özü qanar” düşünüblərsə, “vaxtı çatanda anlayacaq” gümanı ilə təzyiq ediblərsə, yanıldıqları ortadadır.

Sevil o mesajlarını anasına “yazmalıydı”, anası hər şeyi ona rahat-rahat anlatmalıydı. Bəlkə də cəhd edib və qızının gənc, öz aləmində “dünyanı öz gözüylə görən” məntiqindən əsəbiləşib, rahat söhbət edə bilməyib. Ya da...

Ya da odur ki, ana öz övladından fərqli olaraq, təhsilsizdir: ana da ali təhsil alsa, o mühiti daha doğru qiymətləndirə və qızının hansı məntiqlə yaşadığını daha doğru anlaya bilərdi.

Əlbəttə, bütün bunlar Sevillərə ailəsinə və öz həyatına nifrət etməyə, ailəsini cəzalandırmaq üçün özünü öldürməyə əsas olmamalıdır. Əgər ana savadsızsa və “sizi başa düşmürsə”, demək, özünüzü daha doğru ifadə etməyə çalışın.

Ortada bir ailənin böyük bir faciəsi var və bu faciə Azərbaycandakı bəlkə də minlərlə ailəyə bir mesajdır.

Bu mesajı Sevil verdi...

Yeri gəlmişkən, ad mistikası da maraqlıdır: Sevil... Cəfər Cabbarlının “Sevil” adı ilə yaratdığı obraz!

Hər nəsə...

Sevillər, heç nə sizə yanlış düşüncədə olmağa haqq qazandırmır!

Bu dünyada insan üçün canından keçməyə hazır olan yalnız iki varlıq var: Ata və Ana!

Bu dünyada heç bir təmənna güdmədən, əvəz gözləmədən sizin yanınızda olan iki varlıq var: Ata və Ana!

Bu dünyada istisnasız olaraq bütün düşüncəsi ilə sizin xoşbəxtliyinizi istəyən və yalnız xoşbəxtliyiniz naminə özünü qurban etməyə hazır olan yox, məhz qurban edən iki varlıq var: Ata və Ana!

Siz bilmirsiniz ki, Ata və Ana sizin üçün hər gün nələrə qatlaşır, nələrdən keçir, nələri adladır!

Siz bunu heç zaman da bilməyəcəksiniz – ta özünüz ata və ana olana qədər!

İndi bilməli olduğunuz yalnız bir şey var: Heç vaxt unutmayın ki, Ata və Ana kimi sizi dünyada kimsə sevə bilməz, kimsə!!!

Heç vaxt böyüksüz yerdə oturmayın; Heç vaxt sizə qoyulan qadağaları qadağa kimi qiymətləndirməyin – onu sizi qorumaq üçün atılan addım sayın.

Bu gün səbəbini anlamasanız da, inanın: valideynin sizdən yalnız bir istəyi var – Xoşbəxt olmağınız!

Sadəcə, xoşbəxt olun, ata-ananızı sevin və onların sizi sevdiyini heç zaman unutmayın!

Tarix
2021.02.22 / 09:13
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla