Axar.az aktyor, şoumen Azər
Axşamla müsahibəni təqdim edir.
Əgər bir insan kiminləsə sevgisiz
birlikdədirsə...
– Daha çox komediya aktyoru, şoumen kimi tanınan adamın
Hamleti canlandırmağı çətin olmadı ki?
– Təbii ki, hər bir işdə çətinlik var. "Ən gözəl eşq zor
olandır" deyirlər. Bir işə ki əmək sərf olunmur, o işin bəhrəsi də
olmur. Çətinlik oldu, amma bu, eləyə bilməmək çətinliyi yox, eləmək
çətinliyi idi. Şükürlər olsun ki, indi Hamleti rollarımın sırasına
qırmızı hərflərlə yaza bilərəm. Bəxtiyar Xanızadəyə
təşəkkürlər...
– Çoxdankı arzunuz idi Hamleti oynamaq...
– Elə də böyük bir arzu deyildi. Amma istək var idi. Bu istəyi
yaradan da Bəxtiyar Xanızadə idi – 96-cı ildə. Sonra teatrdan
uzaqlaşdım. 16 il teatrdan kənarda fəaliyyət göstərdim. Ayrı-ayrı
rejissorlar tərəfindən Hamlet tamaşasını qurmaq təklifləri gəldi.
Sadəcə, o vaxt Bəxtiyar müəllim demişdi ki, Hamleti necə qurmaq
istəyir, mən o quruluşda qalmışdım, başqa quruluşda Hamleti görə
bilmirdim. Şükürlər olsun ki, bu, 16 il sonra olsa da, həyata
keçdi.
– "Hamlet" kimi bir klassik dram qəhrəmanını
canlandırmaq, bir də "Qız atası" serialında Çingiz rolunu... Mənə
elə gəlmir ki, bunun ikisinə də sevgi eynidir. Yəqin, birini
qonorar üçün qəbul etmisiniz, elədi?
– Xeyr, hər ikisinə sevgi var. Mən sevgisiz iş görmürəm. Əgər
bir insan kimləsə sevgisiz bir yerdədirsə, ondan doğulan uşaq
eybəcər olacaq. Bir işi ya sevgi ilə etmək, ya da etməmək lazımdır.
Mən sənətimdə "xaltura" kəlməsi tanımıram. Bəzi zəif oynayan
aktyorlar deyir ki, "mən pula görə çəkilirəm, ona görə belə
oynamışam". Ona demək lazımdır ki, "oynaya biləcəyin odur, bundan
artığını bacarmırsan". Əgər pula görə belə oynayırsa belə, bu,
alçaqlıqdır, oynadığı rola naxələflikdir. Bu cür hərəkət təsadüfi,
içində sənət yanğısı olmayan adamlara məxsusdur. Aktyor rolunu
yana-yana oynamalıdır. Ola bilər, "Qız atası"ndakı Çingiz Hamlet
deyil, amma Hamletə gedən yoldur.
Afaq xanımın məqsədi təkcə güldürmək
deyil...
– Amma özünüz demişdiniz ki, mən dram aktyoruyam, dram
rollarını oynamağı daha çox sevirəm.
– Bəli, dramatik rolları çox sevirəm. Mənə elə gəlir ki, əgər
bir aktyor dramatik janrda rollar oynamırsa, o, aktyor deyil. Bizim
Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Afaq Bəşirqızı kimi
komediya aktyorlarımız həm də dramatik səhnələr oynayıblar. "Bəxt
üzüyü"ndə Afaq xanım Söylünün dramatizmini verir. Burda anlaşılır
ki, Afaq xanımın məqsədi təkcə güldürmək deyil, həm də Söylünün
dramını verməkdir. Səyavuş Aslanın axır vaxtlar dramatik rolları
var idi, çox xoş gəlirdi mənə. Əslində, mənim üçün komediya
aktyoru, dram aktyoru bölgüsü yoxdur, yalnız bir kəlmə var: aktyor!
Mənim üçün yaxşı aktyor o kəsdir ki, o, komediyanı da, faciəni də,
tragikomediyanı da, qroteski də özündə birləşdirməyi bacarsın.
Birtərəfli inkişaf mənə çatmır.
– Bir dəfə qəza keçirmişdiniz. Ölümün bir addımlığından
qayıtdınız. "Hamlet"də də "olum-ölüm" fəlsəfəsindən danışılır.
Sizcə, olumla ölümün arasındakı məsafə nə qədərdir?
– Çox qısadır. Olumla ölüm arasındakı zaman bir göz qırpımıdır.
Allahın iznində olan bir şeydir. Mən daha çox realistəm,
fantaziyalarla, xülyalarla yaşamağı sevmirəm.
– Hər şeyin Allahın əlində olduğunu deyirsiniz axı, bu
necə realizmdir?
– Nəticə etibarilə Allahın əlindədir. Amma bir çox şeydə Allah
insanlara seçim verib.
– Alın yazısı, tale və s. məfhumlara
inanırsınız?
– Yox, yox, elə şeylərə inanmıram. Məsələn, narkoman bir insan
ölür, yasında deyirlər, onun da qisməti belə imiş. Allah kimə belə
qismət yazar?
Danmaq kafirlik olar
– Belə çıxır ki, yaxşı olan nə varsa, Allah edib, pis
olanları özümüz?
– Bəli. Quranda da belə bir ayə var: "Bütün yaxşılıqlar
Allahdan, bütün pisliklər sizdəndir". Yəni əgər mən pis
düşünmürəmsə, deməli, mən pis yaşamayacağam, pis addım atmayacağam.
Allah neyləsin, o, mənim qarşıma seçim qoyub. Mən rolumu oynayanda
"xaltura" da eləyə bilərəm, yaddaşlarda da qala bilərəm. Mənim
atamın yaxşı bir sözü var: "Yaxşı şagird bilir ki, imlanı neçəyə,
hansı qiymətə layiq yazıb". Özünü öldürmək lazım deyil, "4" alıbsa,
demək, buna layiq yazıb. Yaxşı aktyor da bilir ki, necə oynadı
rolunu. Əgər bacarmırsansa, əyləci çək, rejissora de ki, mən hiss
edirəm bu, mənlik deyil. Bəlkə, rejissor da sənə minnətdar oldu ki,
"halal olsun sənə, deməli, sən peşəkar aktyor kimi yetişmisən ki,
belə etiraf edirsən". Bunun özü də peşəkarlıqdır. Bu gün Hamlet
tamaşasını Azər tək oynamayıb. Bəxtiyar Xanızadənin əməyini danmaq
kafirlik olar. Oynaya bilirdimsə, 16 il ərzində oynayardım da.
Bəxtiyar Xanızadənin quruluşunda oynamışam, məhz o, Azərə yaraşan
Hamlet rolunu verib. Bəlkə, başqa rejissor olsa, bəyənməyəcəkdi
mənim oynamağımı. Bəxtiyar Xanızadə məni yaxşı tanıyır, tələbəsi
olmuşam. Bilir ki, Azərin müsbət və mənfi tərəfləri hansılardır və
onu nə qədər yükləyə bilər.
– Pantomimada başladınız teatr
fəaliyyətinizə?
– Bəli, sonra 16 il ayrı düşdüm, maddi duruma görə televiziyaya
getməli oldum, təzədən yenə qayıtdım teatra, sabah yenə gedə
bilərəm. Həyatda mütləq bir şey yoxdur. Sabah başqa bir təklif gələ
bilər, mən deyərəm ki, "Bəxtiyar müəllim, haqqınızı halal edin,
icazə verin, mən filan yerə işləməyə gedirəm". Nə deyəcək ki
Bəxtiyar müəllim? Zorla saxlamayacaq ki.
– Təqdimetmənin fərqi var sizinçün? Aktyor, yoxsa
aparıcı, şoumen?
– Mən həmişə deyirəm ki, məni bu cür təqdim etsinlər: "Aktyor,
şoumen Azər Axşam". Birinci növbədə mən aktyoram, ikinci növbədə
isə şoumen. Bəzən sadəcə, aktyor deyirlər, bu da mənə qəbuldur.
Çünki mənə görə aktyorluq şoumenlikdən daha yüksəkdədir. Mən həmişə
deyirdim ki, qoy mən Hamleti oynayım, mənim haqqımda aktyor kimi
danışsınlar, nəinki şoumen kimi.
Qüsursuz olan yalnız Allahdır
– "Teletaym" (Teletime) və "Milyonçu"nun aparıcısı kimi
daha çox tanınırdınız.
– Mən orada da peşəkar kimi çalışdım, televiziyada da özümü
sübut elədim ki, mən bunu bacarıram. Bacarmasam, çəkilərdim kənara,
17 il efirdə olmazdım. Bacarmasan, mənə "Milyonçu"nu verməzdilər,
ingilis bəyənməzdi, məktub yazmazdı ki, birinci dəfə milyonçu
veriləndə niyə bu aparıcı deyildi? Televiziyadakı uğurlarım da
Bəxtiyar Xanızadənin sayəsində idi. Mən ondan öyrənmişdim ağı
qaradan seçməyi.
– Hamletlə bağlı tənqidlərlə də
qarşılaşdınız.
– Şükürlər olsun ki, mən özümə qarşı tənqid eşitmədim. Bu haqda
məqalələri oxudum. Aydın Talıbzadənin tənqidi məqaləsini də oxudum.
Şəxsi fikirləridir. Aydın müəllim peşəkar bir insandır. Məqaləsində
mənim haqqımda tənqid yox, tərif yer alıb, bu da mənə çox xoş təsir
etdi, sağ olsun.
– Obyektiv yazı idi. Çox doğru olaraq qeyd eləyir ki,
Pantomimanın aktyorlarının qəflətən dram aktyorları kimi dil açıb
danışması qəribə görünür, yəni yad təsir bağışlayır. Axı onlar
jestlər, mimikalarla dostdurlar.
– Bəli, elədi. Amma mənim ifamda olan Hamlet haqqında hələ ki,
tənqidi fikrə rast gəlməmişəm. Bunu uzağı Bəxtiyar müəllim deyə
bilər. Yeri gəlmişkən, bu gün siz Hamleti başqa variantda
gördünüz.
– Bəli, tamaşa başqa cür başladı, bəzi yerlərdə
ixtisarlar gözə dəydi və s.
– Hamleti ixtisar etmək özü böyük bir qəhrəmanlıq tələb edir.
Keçmişdə olsa, belə deyərdilər: "Buna bax e, Şekspirə düzəliş
edir". Fikri itirmədən düzəliş etmək asan məsələ deyil. Bəxtiyar
müəllim hələ də bu tamaşanın üzərində çalışır. Bəlkə də, sentyabrda
gəlib tamam başqa bir tamaşa ilə qarşılaşdınız. "Real Madrid" gözəl
klubdu, amma hərdən elə oyun nümayiş etdirir ki, fikirləşirsən,
budur "Real Madrid"? Qüsursuz iş yoxdur. Qüsursuz olan yalnız
Allahdır.
Ofeliyanın heç bir günahı yoxdur axı...
– Hamlet sanki acizdir. Bəlkə, buna görə mənə elə gəlir
ki, o, tamaşanın gedişatında çox ağladı. Hətta bu haqda bir
məqalədə də oxumuşdum ki, məhz iradəsizliyinə, çıxış yolu tapa
bilməməsinə görə fəlsəfi monoloqlarına sığınır.
– O monoloqlar çarəsizlik monoloqlardır. Əmini öldürmək asan
deyil axı, əmi artıq kraldır, sonra nə cavab verər? Kölgənin
dediklərinə inanmaq çətindir axı. Hamı ona dəli kimi baxır.
Cəsarətsizliyi var, bəli. Hamlet daha ağıllı hərəkət edə bilərdi.
Məsələn, Ofeliyanı qoltuğuna vurub "haqqınızı halal edin, biz
getdik" deyə bilərdi. Yəni hərdən meydandan çəkilməyi bacarmaq
lazımdır. Meydandan çəkilən həmişə məğlub sayılmır. Elə bir vaxtda
çəkilə bilərsən ki, o çəkilmə böyük bir inqilaba səbəb olar. Hamlet
hamını məhv elədi. Ruhun, kölgənin deməyi ilə inqilab eləmək çətin
işdir.
– Bu sizin başınıza gəlsəydi, başqa cür hərəkət
edərdiniz?
– Bəli, əgər mənim anam bu rüsvayçılığı qəbul etsə, mən ondan üz
döndərib tərk edərdim evi, sevdiyim qızı götürüb gedərdim. Taxta
sahib çıxmadım, heç olmasa, sevgimə sahib çıxardım. Ofeliyanın heç
bir günahı yoxdur axı, onu kukla kimi oynadırlar.
– Siz də əksər həmkarlarınız kimi ancaq oynadığınız
rolları oxuyursunuz, yoxsa klassiklərdən, eləcə, müasirlərdən
nələrisə oxuyursunuz?
– Yox, oxumuram.
– Əksəriyyəti deyir ki, vaxt yoxdur.
– Yox, vaxt var, o, boş söhbətdir. Amma mən 10 ildir ki, heç nə
oxumuram. Oxuyanda ağıllanırsan, sonra da yaşamaq çətin olur. Özün
etdiklərin öz gözündə alçala bilər. Bundan artığını etməyə gücüm
çatmırsa, niyə özümü incidim axı. Mən çox bədii əsər oxumamışam.
Daha çox detektiv və insanların taleyi, tanınmış, görkəmli
insanların yaşayışı ilə bağlı kitablar oxumuşam. Bədii əsəri
oxuyanda başlayır için qaynamağa – aktyorsan axı. Fikirləşirsən ki,
bunu kim quracaq və sən oynayacaqsan? Sonra düşünürsən ki, elə
oxumasan yaxşıdır.
Heç kimi bəyənməsən, inkişaf edə bilməzsən
– Sizin qrup yoldaşlarınızdan çoxunu tanıyıram –
bəziləri Azərbaycan mədəniyyətinin tanınmış simalarıdır, amma
onlarla yanaşı tanınmayanlar da var. Nədir bunun səbəbi?
Tanınanları istedad çəkib qabağa?
– Şans. Tanınmaq üçün istedadlı olmaq lazım deyil.
– Sizin üçün intellektual gülüş nədir? Məsələn, Cem
Yılmazın gülüşü intellektual gülüşdür mənə görə. Onun alternativi
var Azərbaycanda?
– Mən deməzdim, Cem Yılmazın gülüşü intellektual gülüşdür.
İntellektual gülüşdə söyüş olmur. Demirəm, pisdi, müsbət tərəfləri
də var, amma öz tamaşaçısı üçündür. Elə zarafatları var ki, onlar
tərbiyəsizdir. Mən komediyada tərbiyəsizliyi sevmirəm. Komediyada
sən sözü atmalı, amma açıqlamasını verməməlisən. Cem Yılmazın
zarafatını körpə də başa düşər, mən bu yumorun tərəfdarı
deyiləm.
– Bizdə kimlərdir intellektual gülüşü olan?
– Bizdə hərdən olur intellektual gülüş, hərdən də olmur.
– Deyəsən, heç birini bəyənmirsiniz.
– Yox, hamını bəyənirəm. Çünki heç kimi bəyənməsən, inkişaf edə
bilməzsən. Rəqabət apara biləcəyin adam olmalıdır ki, inkişaf da
olsun. Mən heç vaxt demərəm ki, Azərbaycanda özümə rəqabət
görmürəm. Bunu demək yekəbaşlıqdır. Onu deyən adam gəlsin bu gün
Hamleti oynasın. Dünyada rəqabət görməməyə çalışmalısan, Azərbaycan
çox kiçikdir. "Azərbaycanda ulduzam" demək kənddə "kəndxudayam"
deməyə bənzəyir. Ulduz göydən hər kəsin görə biləcəyi bir zirvədir.
Azərbaycanın sərhədlərindən kənarda da tanına bilən adama ulduz
deyərlər.
Ağlaşma qurur ki, qurban olum...
– Kompleksiniz var? Məsələn, cinsi azlıq və ya erməni
rolunda çəkilərdiniz?
– Yox, kompleksim yoxdur. Obrazı doğru-düzgün yaratmaq lazımdır.
Bəxtiyar müəllim mənə dedi ki, sənin ən böyük komplimentin o olacaq
ki, tamaşadan sonra sənə "elə həminki Azərsən, mırtsan yox, mən
səhnədə başqa bir insanı gördüm, Azər sanki Hamletləşmişdi" –
desinlər. Həyat yoldaşım da dedi ki, mən bu səkkiz ildə bilirdim
ki, sənin bu qabiliyyətin var, bacararsan, amma mən tamam başqa bir
adam gördüm səhnədə.
– Hamletdən sonra planda hansı tamaşa var?
– Hələ ki heç biri. Elə güman edirəm ki, gələn mövsüm üçün
Hamlet kifayət edir. Hamletdən dərhal sonra nəsə oynasam, Hamletə
bənzəyə bilər. Əslində, mən elə aktyor deyiləm ki, tamaşa bitəndən
sonra da o rolun təsirində qalım. Kim elə hiss edirsə, o, aktyor
deyil.
– Gənc rejissorlardan filmlərində çəkilməyiniz üçün
təklif gəlib?
– Təklif olanda mən mütləq ssenarini oxuyuram. Dəfələrlə olub
ki, gələn təklifi rədd etmişəm. Çünki bilmişəm ki, məqsəd heç də
ortaya yaxşı iş çıxarmaq deyil. Sadəcə, pul qazanmaq istəyir, Azər
də onlara ayrılan pulları silmək üçün seçilmiş qurbanlardan
biridir. Məsələn, 5000 yazıb, min vermək istəyir, özü də ağlaşma
qurur ki, qurban olum, mənim birinci işimdi. Belə adamlar çoxdur.
Amma elə təklif də var ki, qəbul etmişəm. Şahin Zəkizadə "100
kağız" filminə dəvət eləmişdi, çəkildim.