Yuxarı

Od püskürən ulu sözlərimiz...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilçilikdə başlıca fikir belədir ki, ilkin söz kökləri yazıyaqədərki dövrlə bağlıdır. Morfonoloji qanunauyğunluqlar analoji derivatlar əsasında ilkin kökü bərpa etmək imkanları genişdir. Hər hansı bir qədim türk sözünün arxetipini onu qeyri-türk dillərindəki analoji sözlərlə tutuşdurmaqla, yəni xarici rekonstruksiyasının sərhədini aşmaqla da bərpa etmək mümkündür. Çağdaş türk dillərinin lüğət fondunda daşlaşmış çoxlu miqdarda elə sözlər elə leksemlər vardır ki, onlarda kök+şəkilçi sərhədini araşdırmaq üçün həmin sözlərdə tarixən baş verən fonomorfoloji, morfosemantik inkişaf proseslərini izləmək lazımdır. Əski kök morfemlər yüzlərlə düzəltmə sözün daxilində "ölü" köklərə çevrilmişdir.

Belə "ölü" köklərdən biri də Azərbaycan dilində "parıltı", "parlaq", "parlayış", "parıldamaq", "parlamaq", "par-par parıldamaq" kimi söz və ifadələrdə mühafizə olunmuş "par" morfemidir. Dilimizdə işlənən "par" sözünün ilkin fonovariantları maraqlıdır ki, müxtəlifsistemli dillərdə də "od", "işıq", "işartı", "alov", "qızartı" və s. mənalarda işlənir.

Hind-Avropa dilçiliyində ilkin söz köklərinin monosillabik quruluşda olması ideyası, əlbəttə, daha inandırıcıdır, çünki inkişaf hər zaman sadədən mürəkkəbə doğru getmişdir. Təbii ki, çoxhecalılıq dilin tarixi inkişafının sonrakı mərhələsinə aiddir.

"Par" kök morfemi müxtəlifsistemli dillərdə necə təzahür edir, hansı quruluş modelləri mövcuddur? Bəziləri "parıltı" sözünü sadə, bəziləri isə düzəltmə quruluşlu hesab edirlər. Başqa bir mübahisə doğuran məqam isə "par" sözünün təqlidi söz olub-olmaması ilə bağlıdır. İlkin söz köklərinin yaranmasında səs təqlidi amilinin xüsusi önəmi vardır, çünki ilkin sözlərin bir çoxu məhz səs təqlidinin nəticəsi kimi formalaşmışdır. Bu faktı dilin fonosemantik mahiyyəti də sübut edir. Protodildə sözlər deyil, məhz səslər hazır formada olmuşdur. Səs simvolikası da ilkin söz modellərinin yaranmasında əsas amillərdən biridir. Yəni, ilkin səslərlə onların ifadə etdikləri məna arasında bağlılıq vardır.

F.Cəlilov qeyd edir ki, "təkhecalı sözlər pratürkdə iltisaqi quruluşaqədərki dövrdə tonlarla fərqləndiyi üçün dildə xeyli omonim olmuşdur. Sonralar iltisaqi quruluş formalaşdıqca tonların mənafərqləndirici rolu zəifləyib öz funksiyalarını itirmişdir, lakin bir çox monosillabemdə eyni fonem tərkibi mühafizə olunmuşdur ki, bu da artıq dildə sinkretik köklər şəklini almışdır. Deməli, ad-feil oppozisiyasını əks etdirən sinkretizm pratürkdə iltisaqi quruluşda bərabər yaranmışdır. Ona görə də etimoloji təhlillərdə qədim dövrə getdikcə daha çox sinkretik köklə rastlaşmış oluruq".

Tədqiqatçılar türk dillərinə aid kök sözlərin ilkin strukturunun V, CVC, CV, VC formalarına, yəni təkhecalılıq modelinə əsaslandığını qeyd edirlər.

Müxtəlifsistemli dillərdə "işıq", "od", "işartı", "istilik", "qızartı", "buxar", "isti su", "parıltı", "bürkü", "parlaqlıq" və s. mənalarında işlənən "par" kök morfeminin əsasən aşağıdakı tiplərini və fonetik variantlarını müşahidə edirik:

1. “Par" kök morfemi ilə kökdaş olan "bal" (CVC) və onun analoji derivatları ("ban", "bul", "pal" və s.) pratürkdə "su" anlayışı bildirmişdir: bulaq, balıq, bulud, balina, Balkan, Baltik (dəniz), palçıq və s.

B.Əhmədov qeyd edir ki, tuva dilində "bılça" feili var və "мазать" (suvamaq) mənasında işlədilir. "Palçıq" kəlməsinin sonundakı -ıq şəkilçisi həmin sözün feildən törədiyini göstərir. Deməli, "palçıq" və "bılça" kəlmələri tarixi baxımdan eyni kökə malikdir. Müəllifin fikrincə, "balıq" sözü "palçıq" (su) sözü ilə bağlıdır, "sudayaşayan" mənasını verir. Bəzi türk dillərində "palçıq" sözünün yerinə "balıq" iş­lədirlər. Bu da hər iki sözün "su" ilə əlaqədar olduğunu sübut edir. "Balıq" sözü ilə bir kökdən yaranmış "balina" sözü dilimizin izahlı lüğətində fransız mənşəli söz kimi verilmişdir: "Bədəncə balığa oxşar çox iri dəniz məməlisi; kit".

"Türk dilinin etimoloji sözlüyü"ndə qeyd olunur ki, latınca "nəhəng balıq" anlamına gələn "balaena" qədim yunan dilindəki "phállaina" sözündən yaranmışdır. Hind-Avropa dillərində yazılı örnəyi bilinməyən "bhel" - "şişmək, qabarmaq" feilindən yarandığı ehtimal olunur.

Tədqiqatçılar "balkan" sözünün mənşəyindən danışarkən bu sözün iki mənada işləndiyini qeyd etmişlər: 1. palçıq, bataqlıq. 2. dağ adı. Qeyd olunur ki, bu söz qədim türk dilində "bal" ("ıslaq, palçıqlı") sözündən yaranmışdır.

"Ərəb və fars sözləri lüğəti"ndə isə "balına" sözünə "bal" şəklində ərəb mənşəli söz kimi rast gəlirik. Dilimizin izahlı lüğətində "bal" sözünün 7 mənası verilmişdir. Burada həmin sözün "balina" mənası da qeydə alınmışdır: "Arxaizm. Böyük ağır çəkili su məməlisi; balina".

Osmanlı mətnlərində bu sözün yunan dilindən alınma "falyanos" variantı da qeydə alınmışdır. Şübhəsiz ki, eyni anlama gələn ingilis dilindəki "whale", almanca "wal" sözləri də "bal" morfeminin fonovariantlarıdır. "l - n" əvəzlənməsi ilə bu sözün "isti su" mənasında "ban" və "van" variantları da mövcuddur. Məsələn, "vanna", "banya" ("hamam") sözləri bu qəbildəndir.

Aydın olur ki, "hamam" sözündəki "ham", "vanna" sözündəki "van" və "banya" sözündəki "ban" morfemləri arasında fonosemantik əlaqə mövcuddur.

"Hamam" sözü dilimizdə iki mənada işlənir: 1. çimmək üçün isti və soyuq suyu olan xüsusi bina; vanna otağı, hamamxana. 2. isti. Məsələn: Otaq hamam kimidir (yəni istidir). Bu söz ərəb dilindəki "həmim" sözü ilə kökdaşdır. "Ərəb və fars sözləri lüğəti"ndə sözün "yerdən çıxan isti su" və "tər" mənaları da qeydə alınmışdır. Feil kimi "həmmə" "isinmək", "qızmaq" deməkdir. "Balneologiya" (lat. balneum – vanna, çimmə + logiya) termininin izahı da bu fikri təsdiq edir.

2. Par (CVC, samit+sait+samit) şəklində:

Parıldamaq f. parıltı vermək, bərq vurmaq, parlamaq, işıldamaq. İşıq düşər qar üstünə, parıldar, Tapdalayan vaxtda olu xarıldar (A.Səhhət)

Pardaq (fars. pərdaxt) Düz səth üzərində parıltı, parlaqlıq. cila.

Pardaqlı sif. Üzərinə pardaq verilmiş, pardaqlanmış, cilalanmış, işıldadılmış.

Parıl-parıl parlamaq bax: par-par parıldamaq («par-par»-da) Hanı parıl-parıl parlayan gözlər? Samovarlar parıl-parıl parlayaraq qaynayırdılar (S.Rəhman).

Parıltı is. Qığılcım kimi saçan gözqamaşdırıcı işıq. Qaranlıq otaqda paqonların parıltısından özünü itirən...tüfəng - tapançalı Ələmdardan çəkinən Alagöz udqundu (S.Rəhimov).

Parlayış is. parlama, parıldama,işartı, işıq. Eldən qanad aldım, şimşəkdən sürət, Günəşdən parlayış, mühitdən qüvvət (A.Şaiq).

Para is. Pul. Keçən gün (Zeynal) səhər evdən çıxarkən vədə vermişdi ki, bu gün ən aşağısı üç yüz manat para alacaqdır (S.Hüseyn). Bu söz klassiklərimizin əsərlərində parə şəklində işlənmişdir.

Rus dilində:

Пар I – buxar, buğ.

Парение – 1. pörtmə, pörtülmə 2.buğa vermə, buğa verilmə 3. Qaynar su ilə, buğla qırma.

Парить I –1. pörtləmək, pörtmək 2.buğa vermək, buğla bişirmək, dəmlə bişirmək 3. qaynar su ilə (buğla) yandırmaq, qırmaq (taxtabitiləri və s. 4.bərk isti olmaq, bürkü olmaq, istidən boğulmaq.

Паркий – (dan.) isti, boğanaq, bürkü.

Парча/ парчовый – zərxara, zərxaradan tikilmiş.

Maraqlıdır ki, "par" kökü dilimizdə həmin mənaları saxlasa da fərqli fonetik şəraitdə təzahür etmişdir.

3. Pil şəklində:

Piləmək f. Odu üfürüb alışdırmaq, yaxud nəfəsli musiqi alətlərini səsləndirmək üçün ağzını hava ilə doldurub püfləmək. Birisi saçın altını gah piləyir, gah ətəkləyirdi (Ə.Vəliyev).

Pilətə (rus.plita) Üstündə xörək bişirmək və ya evi qızdırmaq üçün ağneftlə yanan fitilli cihaz; kerosinka.

Pilik is. Ocaq,tonqal və s.-ni yandırmaq üçün neft hopdurulmuş alışqan.Əskidən pilik. Ocağın altına pilik qoymaq.

Pilək (f) Üzükdə, qolbaqda və s.bəzək kimi sallanan qızıl tel, zəncir və s.

Pilpilə is. məh. Palçıq vulkanı.

Piltə is. 1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan.

4. Pol/pul (CVC) şəklində:

Polad is.(fars) Dəmir ərintisi ilə karbondan ibarət gümüşü boz metal. Bu söz klassik Azərbaycan ədəbiyyatında işlənən fars-ərəb sözləri lüğətində pulad şəklində işlənmişdir.

Fikrimizcə, "filiz" sözünündəki "fil" morfemi "polad" sözü ilə kökdaşdır.

5. Pör (CVC) şəklində:

Pörtmək f. 1. qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, qızarmaq. 2. üzdən yanmaq, yanıb qızarmaq, qarsaqlanmaq. 3. qaynar suya salıb çıxartmaq, üstünə qaynar su tökmək, pörtləmək.

6. Pul (CVC) şəklində:

Alqı-satqı vaxtı qiymət ölçüsü kimi işlədilən metal və ya kağız parçası; bank bileti. Pul kəsmək - metal pul zərb etmək, kağız pul kəsmək. Pula dönmək - qıpqırmızı olmaq, bərk qızarmaq. Pultək (kimi) qızarmaq (olmaq); Pul-pul olmaq - qızarmaq (istidən, xəcalətdən, hirsdən və s.).

B.Əhmədov qeyd edir ki, pul sözünün mənşəyi yunan dili ilə bağlıdır, bizə fars dilindən keçib, dəyərinə görə tengənin beşdə birinə bərabər olub. Tengə isə türk sözüdür, "dəmir" deməkdir.

"Bizə məlum olan pul nominallarının adları araşdırmalara görə əslində onların pulaqədərki vasitələrinin funksiyalarını özündə saxlamaqdadır. Bu qəbildən qədim Yunanıstanda istifadə edilən pul nominal "obol" – hərfi tərcümədə "dəmir çubuq" deməkdir, draxma bir ovuc, daha dəqiq, 6 ədəd belə çubuq kimi tərcümə olunur. Beləliklə, 1:6 nisbətində olan draxma-pul nominalı kimi qədim Yunanıstanda, Sasanilər dövlətində pul sisteminin əsasını təşkil etmişdi".

"Tengə" və "pul" sözlərinin mənşəyinin "dəmir"lə bağlılığı şübhə doğurmur.

Tədqiqatçıların fikrincə, "farsça pūl پول sözü arami dilində eyni anlama gələn pōlus sözündən alınmışdır. Bu söz qədim yunan dilində obolós və ya obelós "1. mıx, mil, şiş, 2. en kiçik mis para birimi, drahminin altıda biri" sözündən yaranmışdır".

Dilimizdə işlənən pul kəsmək, pula dönmək, pultək qızarmaq, pul-pul olmaq ifadələrinin tarixi Azərbaycanda hələ miladdan öncə mövcud olmuş tökmə sikkə və zərbetmə sənəti ilə bağlı yaranmışdır. Elmi ədəbiyyatda zərbetmə işinin aşağıdakı əməliyyatlardan ibarət olduğu göstərilir: 1.Sikkə zərbi üçün lazım olan qədər metal xüsusi sobalarda yüksək temperaturda əridilirdi və bununla da onun təbii tərkibindəki hər cür qarışıqlar təmizlənirdi. 2.Əridilmiş kütlə uzunsov formalara salınırdı. 3. Daha əlverişli iş prosesinə keçid üçün bu kütlədən hələ isti-isti mil kimi uzun çubuqlar hazırlanırdı. 4. Bu çubuqvari metalı müəyyən ölçüdə hissələrə bölürdülər. 5. Kəsilmiş hissələri zindanın üzərində kəlbətin, qısqac və çəkic vasitəsilə dairəvi formaya salırdılar. 6. Alınan dairəvi formada olan hissələr xüsusi məhlulun içərisində mütləq ağardılırdı. 7. Ağardılmış dairələri xüsusi tərəzilərdə lazımi çəkiyə salırdılar, yəni artıq çəki kəsilib götürülürdü. Hər bir dairənin diametri, hətta kənar çərçivələri, yəni, "qurt" dəqiqləşdirilirdi. 8.Sikkənin əsas əlaməti olan avers və reversin, yəni, üz və əks tərəfin möhürləri –ştempelləri vurulması işinə başlayırdılar. Zərb olunan sikkələr xüsusi bir yerə yığılırdı və quruduqdan sonra sayılıb götürülürdü".

Bu, bir daha sübut edir ki, pul sözü dəmirin, misin yüksək temeraturda qızardılması, əridilməsi ilə bağlıdır. Fikrimizcə, "pul" anlamında vaxtilə dilimizdə işlənmiş "aqça/axça" sözü metalın xüsusi məhlulun içərisində ağardılması prosesi ilə bağlı yaranmışdır.

Tədqiqatçı-alim Q.Qəmbərova bu barədə yazır: "Axça//ağça Azərbaycan dili şivələrində, əsasən arxaizm və ya metaforikləşmiş variantlarda həm pul, metal pul, gümüş pul kimi, ümumişlək söz kimi, həm də balığın pulcuğu mənasında işlənir. Ağ (VC) rəng bildirən sifət və -ca (CV) qüvvətləndirici şəkilçiləşmiş ədat morfemdən ibarət olan bu sözün canlı danışıqda yalnız metaforikləşmiş pul anlayışı bildirməsi müşahidə olunur. «Kasıb axça tapdı, boğça tapmadı» məsəlində axça və boğça sözlərinin fonomorfoloji uyğunluğundan başqa, semantik əlaqələnməsi də müşahidə olunur: Axça – pul; boğça – pulun qorunduğu bükülü parça. Əslində boğ(x)ça – boğça «qadınlara məxsus səliqə-sahman» mənasında metaforiklik qazana bilmişdir. Bəzi şivələrdə, xüsusilə Kür və Xəzər dənizi sahillərində yaşayan əhalinin dilində axça «balığın pulcuğu» mənasında ümumişlək söz kimi işlənir. Balığın axçası ilə gümüş ağ pulun analoji yaxınlığı da xalq təfəkküründə maraqlı müqayisələr aparmağa əsas vermişdir.

7. Bür (CVC) şəklində:

Bürkü is. Nəfəs almağı çətinləşdirən isti hava, boğanaq hava. Dolu çox isti və bürkü olan zamanda nüzul edir (H.Zərdabi).

Bürkülü sif. Boğanaq, nəfəsi çətinləşdirəcək səviyyədə isti. Bürkülü bağlarda adam istidən boğulurdu (M.Cəlal).

Büryan sif. (fars) Odda qovrulan (qovrulmuş), odda yanan (yanmış); Büryan eyləmək (etmək) 1) odda yandırmaq, qovurmaq; 2) məc. kabab etmək, yandırmaq.

Ayrılıqdan yar mənim bağrımı büryan eylədi,

Özünü bir yana saldı, məni bir yan eylədi (Nəsimi).

Büryan olmaq 1) Odda yanmaq, qovrulmaq; 2) məc. kabab olmaq, yanmaq; Əyyami - vüsalə yetdi hicran, Vəqt oldu ciyərlər ola büryan (Füzuli);

Bürc (ə) ikinci mənası: Göydə Günəş dairəsinin bölündüyü 12 hissədən hər biri.

8. Pir (CVC) şəklində:

Pir is. Ocaq mənasında. Şəhərdə böyük möcüzələr görünmüşdü: çoxlu ocaqlar, pirlər zühur etmişdi (Çəmənzəminli).

Bundan başqa, "pir" sözü vaxtilə dilimizdə "qoca", "çox yaşlı kişi", "ixtiyar" və "təriqət banisi, başçısı" mənasında işlənmişdir:

"Pirə ata dedim, cavana qardaş, Ana-bacı bildim qızı-gəlini" (A. Ələsgər).

Pir sözü rus dilində isə vaxtilə böyük qonaqlıq, ziyafət, kef məclisi mənasında işlənmişdir".

Piroksilin (yun. pur - od və oxys- ağac). Partlayış işlərində və tüstüsüz barıt hazırlanmasında işlədilən partlayıcı maddə və s.

A.Paşayev "od", "ocaq", "pir" və "bir" komponentli beynəlmiləl onomastik vahidlər» adlı məqaləsində C.Məmmədovun "Pir sözünün izi ilə" adlı məqaləsinə istinad edərək yazır: "Maraqlıdır ki, keltlər evə, qədim yunanlar isə oda pir demişlər. Açıq-aydın görünür ki, ev-pir-od sözləri araasında zəncirvari əlaqə vardır". "Hələ qədim yunanlar da ildırıma – səma oduna "pir" demişlər. Slavyan mifologiyasındakı ildırım tanrısı Perun da, baltik mifologiyasındakı ildırım tanrısı Perkunas da, görünür, bir kökə bağlanır. "Pir" sözünün müqəddəs anlamı isə ... qədim Misir dilində də vardır: tədqiqatçılar "piramida" sözünün əsasında "perema" sözünün dayandığını göstərir və bu sözü "müqəddəs yüksəklik" kimi tərcümə edirlər. Müəllif qeyd edir ki, türk dillərində geniş işlənən "pir" sözü həm olduğu kimi, həm də "per", "pur", "pr" və s. formalarda dünyanın bir çox mifologiyasında, onomastik sistemində, hətta terminologiyasında geniş yayılmışdır". Müəllif piranoqraf (yun. "pur"-od+"ano"- yuxarıda +...qraf), piranometr (yun. "pur"- od+"ano"-yuxarıda+...metr), pirargirit (yun. "pur"-od+"arguros"-gümüş), pirit (yunanca "od çıxaran daş"), pirogen proseslər (yun. "pur»-od+...gen), purometallurgiya (yunanca "pur"-od+metallurgiya), pirometr (yun. "pur"-od+metr) və s. terminləri nümunə gətirərək "per", "pur", "pr" fonovariantlarının "od"la bağlı olduğunu qeyd edir (15, 131-133).

9. Bul (CVC) şəklində:

Bulaq2. məc. Mənbə, qaynaq, qaynayıb daşan şey:

Şərabxanədə baş xum ayağına qoydum,

Nə bak düşməyə gər kövsərin bulaği ələ (S.Ə.Şirvani).

Fikrimizcə, "səmada toplanan su buxarı" mənasında işlənən "bulud" sözü "bulaq" sözü ilə kökdaşdır.

10. Pr (CC) şəklində:

Prizma sözünün 2-ci mənası: "Mürəkkəb işığı spektrlərə ayırmaq, işıq şüalarının istiqamətini dəyişmək və başqa məqsədlər üçün müxtəlif optik, spektral və başqa cihaz və aparatlarda işlədilən şəffaf maddədən qayrılmış həmin şəkildə cisim". Prometey (Prometheus) – qədim yunan mifologiyasında odu allahlardan oğurlayıb insanlara gətirmiş titan. Tanrıların dərgahından odu oğurlayıb insanlara bəxş edən Prometey haqqında həm Qərb, həm də Şərq xalqlarının əsatirlərində müxtəlif rəvayətlər yaranmışdır.

Bu fikirdəyik ki, "Prometey" adındakı "pr" elə "pir" sözü ilə bağlı olub "Midiya piri" anlamındadır.

Q.Kazımov "Kitabi-Dədə Qorqud" eposunu Homerin poemaları ilə müqayisə edərək yazır: "Budur, e.ə. XIII əsrin hadisələrindən bəhs edən Homer poemaları "İliada" və "Odisseya" ilə müqayisələr göstərir ki, "Kitabi-Dədə Qorqud" Homerin yaşıdıdır və bu cəhət o qədər zəngin faktlarla təsdiq olunur ki, təkzibi heç cür mümkün deyil. Troyalıların türk, Troyanın türk şəhəri olduğunu göstərən faktlar isə misilsizdir. Müəllif Troyanın son çarı olmuş Priam (yun.Priamos) adının türk dillərindəki börü, o cümlədən şor, saqay türklərinin dilində pürü – "qurd, börü" və am-"ana" sözlərindən olub "ana qurd" mənasında işləndiyini qeyd edir. Müəllifin fikrincə, Priamın oğlu Paris adı "bars" (pələng) sözündəndir.

Bu qənaətdəyik ki, poemalardakı istər Prometey, Priam, Pir, istərsə də Paris adındakı "pr", "par" fonovariantları "od" anlayışı ilə bağlıdır.

11. Vol (CVC) şəklində:

Volt is.(İtalyan fiziki Voltanın adından) Elektrik cərəyanı gərginliyinin ölçü vahidi.

Volt qövsü fiz. Bir-birinə yaxın duran iki elektrondan keçən cərəyanın əmələ gətirdiyi yüksək hərarətli ağ işıqlı qövs.

12. Vul (CVC) şəklində:

Vulkan (lat). 1. Təpəsindəki deşikdən, od,qaz püskürən konusşəkilli dağ; yanar dağ. 2. Qədim Roma mifologiyasında Od allahı.

13. Br (CC) şəklində:

Brilyant (fr.) 1. Cilalanmış, (taraş edilmiş) almas, çox baha qiymətli parlaq daş. 2. Brilyantdan qayrılmış, üzərində brilyant qaşlar olan.

Bra (fr.) Divar şamdanı, qəndili.

Browning [brauniᶇ] 1.qızartma, qovurma 2. şirələmə (saxsı qabları) [10,183].

14. Pər (CVC) şəklində:

Pərvin (f) Ülkər (ulduz), Yeddiqardaş (ulduz).

15. Bül (CVC) şəklində:

Büllur (ər. əsli yunan). 1.Şəffaf və parlaq daş. 2. Xüsusi parlaqlığı və işığı sındırmaq qabiliyyəti olan əla şüşə növü.3. Şəffaf, dumduru, parlaq, təmiz, saf mənasında.

16. Bar//bər (CVC) şəklində:

"Bar" sözünün 4-cü mənası "od", "ocaq".

Bərat (ə). 1) Bir yerdən başqa yerə göndərilən pul və ya qiymətli şey; 2) Təhvil kağızı, təhvil qəbzi; 3) Məhəmmədə peyğəmbərlik xəbərinin verilməsi. Məhəmmədin qızı Fatimənin toyu, 12-ci imam Mehdinin anadan olduğu gün və gecə (bu hadisələr müxtəlif illərdə, lakin eyni gündə -- şaban ayının 15-də olmuşdur.

Bərq (ə) 1) ildırım, şimşək. 2) parıltı, parlama.

Eyni anlamda işlənən "Bəraq" (at) sözü ilə kökdaşdır. İslam inancına görə Hz. peyğəmbər bu atla Meraca getmişdir.

17. Pül (CVC) şəklində:

Pül (f) -körpü. Püli-sirat, yəni Sirat körpüsü (qiyamətdə imtahan üçün hamının keçəcəyi qıl körpü).

18. Bl (CC) şəklində:

Rus dilində:

Блик – 1. işıq ləkəsi, işıq zolağı 2. saf (xalis) gümüş parıltısı.

Блеск – parıltı, işıltı, şəfəq, şölə nuru.

İngilis dilində:

Blaze [bleiz] is. alov, parlaq, işıq, atəş.

Blaze [bleiz] f. 1. alovla yanmaq, alovlamaq. 2. məc. od tutub yanmaq, parlamaq, şəfəq vermək (saçmaq), yanmaq.

19. Pal (CVC) şəklində:

Rus dilində:

Пал I məh. 1.meşə yanğını, çöl yanğını 2. çəməndə və tarlada köhnə və quru otlağın yandırılması 3. Bax: паль.

Палёние 1. ütmə, ütülmə 2.yandırma, yandırılma, qarsalama, qarsalanma.

Палильный (mex.) – yandırma (ütmə), – i (– ı) yandıran, ütən, qarsalayan.

Палильщик – yandıran (ütən) fəhlə.

Палить I – 1.ütmək, oda vermək 2. qarsalatmaq 3. yandırmaq.

Пальник – (köhn.) fitil çubuğu (köhnə toplarda).

Палящйй – 1.yandıran 2. atəş açan, güllə atan 3.yandırıcı, qızğın, çox isti.

20. Pl (CC) şəklində:

Rus dilində:

Пламенеть – alovlanmaq, alışmaq, yanmaq.

Пламенник –(köhn.) məşəl.

Пламя – alov.

Планета – (astr.) planet, səyyarə (Günəş ətrafında fırlanaraq ondan işıq və hərarət alan göy cismi və s.

Belə qənaətə gəlmək olur ki, "söz köklərindəki variantlılıq sonradan yeni köklərin yaranması, təşəkkülü üçün qaynaq olmuşdur. Söz köklərində yeni allomorfların yaranması söz yaradıcılığı ilə nəticələnmişdir".

Tədqiqatçılar qeyd edirlər ki, Ön Asiyada Hind-Avropa dil birliyinin parçalanması zamanı burada prototürk (yaxud pratürk) etnosu yaşayırdı. Bunu xüsusilə qədim Azərbaycanın ərazisi ilə əlaqədar müəyyən edilmiş prototürk ünsürlər və şumer dilinə keçmiş prototürk leksikası aydın göstərir. Çox güman ki, pratürk dil birliyinin parçalanması e.ə. VIII-VII minilliklərdə baş vermiş və bu dövrdə Hind-Avropa dili ilə ünsiyyətdə olmuşdur. Bu etnosların arasında qarşılıqlı leksik mənimsəmələr prototürklərin ilk vətəni Ön Asiyada baş vermişdir. Hind-Avropa və türk dillərində bir sıra ümumi oxşar, yaxud bir kökdən əmələ gəlmiş sözlərin olması vaxtilə belə bir fərziyyəni ortaya atmışdı ki, Hind-Avropa tayfaları ilə birlikdə Ural-Altay etnosları da hərəkət edirdilər. Güman etmək olar ki, hind-avropalılarla birlikdə müxtəlif istiqamətlərdə erkən türk etnosları da qismən yayılmışlar.

Hələ bir çoxları nəzərə ala bilmir ki, bəşərin doğuluşu Ön Asiya – Aralıq dənizi hüdudları ilə bağlıdır - vahid dil, ulu insan burada doğulmuş, Yer üzünə buradan yayılmışdır. Ulu dil tipoloji cəhətdən fərqlənən dillərə buradan parçalanmışdır. Türklər Ön Asiyanın əzəli və əbədi sakinləri olmaqla yanaşı, şimala, şərqə və qərbə buradan yayılmışlar. Hind-avropalılar da Yer üzünə buradan yayılmışlar, samilər, qafqazdillilər və başqaları da. Türk qolunun bir hissəsi Ön Asiyadan ayrılıb Şərqə getdikdən sonra monqolları, tunqusları, yaponları, koreyalıları və lap elə çinliləri də doğurmuşdur.

Dilimizdə "ocaq" min illərdir ki, "yurd", "mənzil", "vətən", "nəsil" mənalarında işlənir. Odla bağlı bir çox mifik təsəvvürlərin Azərbaycanla bağlı olması, eləcə də ölkəmizin "Odlar diyarı" adlandırılması təsadüfi deyildir. Bu baxımdan "od", "alov", "par", "bürkü" və s. anlayışı bildirən qədim sözlərin müxtəlifsistemli dillərdəki izləri göstərir ki, "br", "pr", "bur", "bar", "par", "fr", "bər", "bir", "bür", "vol" və digər fonovariantlar Ön Asiyada ayrılmış ulu dilin qalıqlarıdır. Bunu yuxarıda verdiyimiz çoxsaylı nümunələrdən də görmək mümkündür.

Maraqlıdır ki, bu morfemlər müxtəlifsistemli dillərdə həm də "r – l" şəklində də təzahür edir. Məsələn, "пальник", "блеск", "пламя", "blaze", "pul", "polad" və s. Bu baxımdan "r-l" əvəzlənməsi Azərbaycan dili üçün yad deyildir. Məsələn, dülgər sözündəki "dül" morfemi əslində "дерево" (rus), "door" (ing.), "dər" (fars) və s. sözləri ilə kökdaşdır və söz kökündəki (dül+gər) "l" səsi "r" səsinin derivatı kimi çıxış edir. Bundan başqa, müxtəlifsistemli dillərdə "od" anlayışı bildirən "br", "pr", "fr", "vul", "bar", "par", "bür" və s. morfemləri ilə dilimizdəki ümumişlək "alov", "ulduz", "çıraq", "qor", "zər" sözləri arasında əlaqə şübhəsizdir.

Nümunələrdən aydın olur ki, söz əvvəlində gələn səslər daha çox fonosemantik dəyişikliyə uğramış, (məs., y, ç, ş, j, z və s.) söz kökündəki sonrakı samit səs isə "r" və "l" səsləri ilə işlənmişdir: a(l)ov, u(l)duz, çı(r)aq, qo(r), zə(r) və s.

Tədqiqatçılar feillərin tarixən sait, samit+sait, sait+ samit quruluşlu köklərdən təşəkkül tapdığını qeyd edirlər.

Tədqiq etdiyimiz "par" mənşəli sözlərdə isə quruluş modelləri fərqli formalarda təzahür edir.

Tarix
2022.04.02 / 22:10
Müəllif
Şahlar Göytürk
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla