YARAT Müasir İncəsənət Mərkəzi "Ürək tənha ovçudur" (The
Heart is a Lonely Hunter) adlı qrup sərgisini təqdim
edib.
Axar.az xəbər verir ki, sərgiyə YARAT Müasir İncəsənət
Mərkəzinin baş kuratoru Suad Qarayeva və Nyu-Yorkda yerləşən "New
Museum"un nəzdində fəaliyyət göstərən "Rhizome" təşkilatının bədii
rəhbəri Maykl Konnor kuratorluq edirlər.
Azərtac-ın xəbərinə görə, tədbirdə Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayevin qızı, baş kurator Suad Qarayeva çıxış edib:
"YARAT Müasir İncəsənət Mərkəzində biz mühüm və ən müasir
incəsənət nümunələrinin nümayiş etdirilməsi üçün çalışırıq. "Ürək
tənha ovçudur" sərgisi incəsənətin xüsusi istiqamətini –
post-rəqəmsal cərəyanını araşdırır və bizim tamaşaçılara sürətlə
inkişaf edən bu bədii təsvir təcrübələrini təqdim edir".
Qeyd edək ki, Suad Qarayeva əvvəllər Londonun "Sotheby's"in
Rusiya və MDB ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis və
kurator vəzifələrində çalışıb. O, 2013 və 2014-cü illərdə Qafqaz və
Mərkəzi Asiyanın müasir incəsənətini təqdim edən, ilk dəfə
keçirilən "At the Crossroads" ("Yolların kəsişməsində") adlı
sərgilərə rəhbərlik edib. S.Qarayeva, həmçinin Londonda yerləşən
"Tate Modern" müasir incəsənət qalereyasında Rusiya və Şərqi Avropa
üzrə Nəzarət Komitəsinin üzvüdür.
YARAT Müasir İncəsənət Mərkəzində təqdim olunan sərginin adı -
"Ürək tənha ovçudur" Karson MakKalersin ABŞ-ın cənub ştatı olan
Corciyada yerləşən kiçik şəhərcikdəki həyat haqqında 1940-cı ildə
yazdığı romanından götürülüb. Sərgidəki əsərlər, həmçinin normal
bədənlərin ekranda deformasiyaya uğrayıb anormal formalara keçərək
kadrdan kənara çıxmasının yollarını əks etdirir.
"Ürək tənha ovçudur" adlı qrup sərgisi 2016-cı il yanvarın 9-dək
davam edəcək.