Martin Lüter və onun sərt
qadını
1517-ci ildə alman keşişi Martin Lüter katolik
kilsəsini tənqid edən 95 tezisini istimaiyyətə təqdim edir. Bu
çıxış Almaniyadakı Reformların başlanğıcı olur. Xristianlıqda isə
yeni istiqamət – mahiyyəti etibarı ilə protestantlığa (latın
dilindəki protes-tans sözündəndir, "açıq-aşkar sübut edən" mənasını
verir) meyil edən lüteranlıq meydana gəlir.
Martin Lüter hər kəsə nəyi sübut edirdi? O, hesab edirdi ki,
mürəkkəb kilsə iyerarxiyasından imtina etmək, dünyəvi insanların
mənəviyyatına qarşı çıxmamaq, rahibliyi və daimi subaylığı ləğv
etmək, kilsə ibadətini sadələşdirmək lazımdır. Lüterin günahların
"ödənişli bağışlanması" fikri, indulgensiya (katoliklərdə:
günahların bağışlanması haqqında Roma papası adından pul ilə
verilən fərman) xüsusi etiraz doğururdu. İndulgensiya o zaman
katolik ruhanilərinin əlində varlanma vasitələrindən birinə
çevrilmişdi.
Lüteranlar indi də həmin prinsipləri dəstəkləyirlər. Lüteranlıq
xüsusilə, Almaniyada, ABŞ-da, Skandinaviya ölkələrində, Estoniyada
və Latviyada geniş yayılıb.
Lüter Vittenberqdə kilsənin qapılarından öz tezislərini asdıqdan
üç il sonra Roma Papası tərəfindən kilsədən qovulur. O, sonrakı
repressiyalardan ehtiyat edərək başqa ad altında gizlənməyə məcbur
olur. Lakin vaxtını boş yerə xərcləmir – Bibliyanın alman dilinə
tərcüməsi ilə məşğul olur.
Bu arada yeni xristianlıq təlimi bütün Almaniyada yayılmağa
başlayır. "Vittenberq bülbülü"nün (müasirləri Lüteri belə
adlandırırdılar) tezisləri dildən-dilə dolaşır, üzü köçürülürdü,
Lüterin dostu, o dövrün ən yaxşı rəssamlarından olan Lukas Kranax
onlara illüstrasiyalar çəkirdi.
Vittenberq isə qaçaq rahibləri qəbul edirdi. 1521-ci ildə
monastrların buraxılmasından sonra hər gün Lüterin yanına qaçqınlar
axıb gəlməyə başlayır. Ac qalmamaq üçün onlar yeni həyata başlamağa
məcbur idilər. Kişilər iş tapmalı, qadınlar isə ya valideynlərinin
yanına qayıtmalı, ya da ərə getməli idilər. Lüter onların taleyinin
məsuliyyətini öz üzərinə götürür, yeni həyata uyğunlaşmaqda onlara
kömək edir.
Onların sırasında Torqaudan gəlmiş doqquz qaçqın rahibə də var
idi. Lüter onların səkkizini yerləşdirə bilir, doqquzuncu, Katarina
fon Bora isə evsiz-eşiksiz qalır. Ailəsi onu geri qaytarmaqdan
imtina edir, ərə də vermək alınmır. Və Lüter qeyri-adi qərar qəbul
edir: biçarə qızla özü evlənir. XI əsrdə Papanın qərarı ilə
qoyulmuş daimi subaylıq qanununu (katolik kilsəsində bu qanun indi
də qalmaqdadır) pozmaq üçün böyük cəsarət lazım idi.
Bu, tarixdə yevangelist keşişinin nikaha girdiyi ilk hadisə idi
və lüteranlığın çoxsaylı davamçıları üçün nümunəyə çevrildi.
Belə bir qərar Lüterə asan başa gəlmədi. O, başa düşürdü ki,
həyatına risk edir. "Kişiyə xas olan arzular mənə yad deyil, mən
daşdan deyiləm", - deyə o, səmimi etiraf edirdi:
"Ancaq dərk edirəm ki, hər an kafir kimi tonqalda yandırıla
bilərəm".
Lüteri nə üçün kafir adlandırırdılar? Çünki o, müqəddəs dini
kitabı katolik kilsəsinin diktə etdiyi kimi deyil, başqa cür
oxumağa cəsarət etmişdi. O, məhəbbətlə yaşamaq və nəsil artırmaq
yolunu seçdi. "Mənim məzlim bir qızcığaza mərhəmət göstərməyimdən
Tanrı məmnun qalıb, - deyə Lüter sonralar yazırdı. – Hər şey
düşündüyümdən də yaxşı alındı. Mən sadiq və vəfalı həyat yoldaşı
qazandım".
Ərinə sadiq və vəfalı olan Katarina fon Bora isə özünün bir çox
həmyaşıdları kimi hələ uşaq ikən monastra verilmişdi. Bununla onun
məzlumlaşmış valideynləri iki problemi birdən həll etmiş olurdular:
qızları təhsil alacaqdı və ailədə yeyən ağızlardan biri azalacaqdı.
Katarina səkkiz il rəhibə həyatı yaşamış və onun bütün
qayda-qanunlarına alışmışdı. Asketik tərbiyə, əlbəttə ki,
Katarinanın bütün həyatında öz izini qoymuşdu. Lüterin bir çox
bioqrafları onun həddən artıq ciddi və quru olduğunu yazırlar.
Hətta deyirlər ki, o, ifrat qaraqabaqlığı ilə ərini və uşaqlarını
təngə gətirmişdi. Martin Lüteri yüksək qiymətlədirən bioqraflar onu
belə təsvir edirdilər. Yəqin ki, hər şeyə qadının gözü ilə baxmaq
heç onların ağıllarına da gəlmirdi.
Lüter və Katarina birliyi ehtiraslı sevginin nəticəsi deyildi.
Bu nikahın əsasında borc dayanırdı, başlıca məqsəd isə Tanrının
təqdir etdiyi nəslin davamı missiyası idi.
Nikah mərasimi 1525-ci il iyunun 3-də baş tutur. Lüterin 42,
Katarinanın isə 26 yaşı vardı. Yeni evli cütlük baxımsız qalmış
köhnə monastrda məskunlaşdılar və ömürlərinin sonunadək də elə
burada yaşadılar. Əgər kurfürstun (imperator seçmək hüququna malik
olan nüfuzlu knyaz – tərc.) toyda onlara bağışladığı gümüş bokalı
nəzərə almasaq, onların heç bir əmlakı yox idi.
Sahib olduqları bu yeganə qiymətli əşyanı Lüter dəfələrlə
hədiyyə etmək istəmişdi. "Mən sənə xatirə üçün kiçik bir gümüş
bokal göndərmək istəyirdim, - deyə o, fin islahatçısı Mikael
Aqrikoleyə yazırdı, - lakin Kete (Lüter zövcəsini belə çağırırdı)
onu əlimdən aldı və gizlətdi. Bir az gözlə, tezliklə onun doğuşu
başlayacaq, o zaman mən onu tapmağa çalışaram".
Katarina bir möcüzə sayəsində bokalı xilas edə bilir və zaman
keçdikcə o, ailənin rifahının mənbəyinə (daha doğrusu, rəmzinə)
çevrilir. Hər halda böyük islahatçının vəfatından sonra onun
əmlakının siyahısında gümüş bokaldan əlavə ev, kiçik kəndli
təsərrüfatı, beş baş inək, on baş daha, iki oğlağı olan bir keçi,
doqquz erkək və üç balası olan iki dişi donuz da var idi.
Ailənin maddi rifahını təmin etmək üçün Katarina təkcə qənaətcil
sahibə deyildi, həm də əməksevər, zəhmətkeş və eyni zamanda, bir
qədər də sərt olmaq lazım gəlirdi.
Onların evini "kasıblar karvansarası" adlandırırdılar. Bu evin
qapıları yardıma ehtiyacı olanlara hər zaman açıq idi. Onlarının
süfrəsi başında nəinki təkcə yoxsullar, həmçinin yüksək rütbəli
əcnəbi qonaqlar da əyləşirdilər. Evdə olan hər nə vardısa, Lüter
paylamağa və bölüşməyə hazır idi.
Evdə həmişə yemək olmasını təmin etmək üçün Katarina
təsərrüfatla məşğul olurdu. O, mal-qara saxlayır, buğda becərir,
süni nohurda balıq yetişdirirdi. Müasir iqtisadçılardan biri Lüter
ailəsinin xərclərini hesablayıb. O, belə bir nəticəyə gəlib ki,
evdə ailə başçısının qazandığından üç dəfə çox artıq vəsait
xərclənirdi. Fərqi Katarinanın apardığı təbii təsərrüfat ört-basdır
edirdi.
Lüter zövcəsinin apardığı təsərrüfat işinə böyük dəyər verərək
məktublarında ona belə müraciət edirdi: "Hörmətli cənab Kete".
Toydan düz bir il sonra onların birinci övladı dünyaya gəlir.
"Mən xoşbəxt insanam, - Lüter dostlarına yazırdı. – Katarina çox
yaxşı və sevimli həyat yoldaşıdır, mənə oğul, balaca Hans Lüteri
bağışladı". Doqquz ildə onların altı uşağı dünyaya gəlir. Lakin
qızlarından ikisi uşaq ikən ölür. Lüter sevimli qızı – on üç yaşlı,
çox istedadlı qız olan Maqdalenanın ölümünü çox ağır keçirir.
Oğulları isə onun nəslini davam etdirirlər və hazırda da Almaniyada
və İsveçdə Lüterin nəslinin münayəndələri yaşayırlar.
Bu evlilik sevgi və mənəvi borc duyğusuna əsaslanan əsil
protestant nikahı idi. O, bütün sınaqlardan – yoxsulluqdan,
təqiblərdən və çətinliklərdən keçmişdi. Katarina ideal həyat
yoldaşının bütün tələblərinə cavab verirdi. O, həm ciddi, həm də
mehriban və bütün ailənin qayğısına qalan qayğıkeş ana idi. Ən
çətin anda məhz Lüterin onu xilas etdiyini Katarina heç vaxt
unutmadı. Kim bilir, bəlkə də mənəvi borc duyğusu, dərin inam və
ehtiram, minnətdarlıq hissi ailə üçün, nikah üçün ən yaxşı əsasdır,
ehtiras və romantik sevgidən daha möhkəm bir bünövrədir!
Lüter və Katarinanın hər kəsə kənardan maraqsız görünən həyatı
onlar üçün dərin mənalı bir ömür idi. Onları dostları və
məsləkdaşları əhatə edirdi, daima süfrə arxasında fəlsəfi söhbətlər
gedərdi, çox vaxt musiqi səsləndirər, oxuyar və hətta rəqs
edərdilər. Ən böyük sevinci isə əlbəttə, uşaqlar bəxş edərdi.
Katarina Lüterin ailənin dostu Lukas Kranax tərəfindən çəkilmiş
bir neçə portreti bu günədək qorunub. Üzünün ciddi ifadəsi,
diqqətli baxışlar, sıxılmış dodaqlar... Bu qadını gözəl adlandırmaq
olmaz, ancaq onun simasında xüsusi ləyaqət cizgiləri var. O, öz
həyatı ilə bir daha təsdiqlədi ki, mənəvi borc ağır yük deyil,
mühüm həyati vəzifədir.
Martin Lüteri sərt olsa da, bu sədaqətli və vəfalı qadın olmadan
təsəvvür etmək çətindir.
Tərcümə etdi:
Təhminə C.B.