Yuxarı

Bəs qardaş ölkəyik? - Türkiyədə nələrlə rastlaşırıq...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan arasında siyasi, diplomatik və hərbi əlaqələrin çox yüksək səviyyədə olduğu qürur yerimizdir: tam doğrudur ki, Türkiyə-Azərbaycan qardaşlığı nümunədir, analoqu yoxdur – Türkiyə bütün milli məsələlərimizdə yanımızdadır və regional addımlarını yalnız və yalnız Azərbaycanla uyğunlaşdırır.

Azərbaycanın da bütün xarici siyasətində ən öndə tutduğu fakt Türkiyədir: Bakı artan iqtisadi təsir imkanlarından Türkiyə üçün səxavətlə istifadə edir və birgə addımların bəhrəsini də görürük.

Türkiyəlilər də, səmimi deyək, 3-4 il əvvəlki deyillər: xüsusilə 44 günlük savaşdakı böyük qələbədən sonra azərbaycanlılara sevgiləri qat-qat artıb. Zatən türklər ordu xalqıdır, Türkiyə ordu dövlətidir, qorxmaz, igid, torpağı uğrunda canını əsirgəməyən qardaşlarını da buna görə indi daha çox sevirlər.

3-4 il əvvəl belə deyildi, “azərimisin” deyib keçərdilər. İndi, “azərbaycanlımısın” (“azəri” sözünü daha az işlədirlər, bilirlər ki, qəbul etmirik) sorub, dərhal da “qardaş ölkəmiz” deyirlər: həm də hər yerdə - rəsmi idarədə, iaşə obyektlərində, yaxud da təsadüfən yol soruşmaq üçün müraciət etdiyin küçədə...

Ancaq “qardaş ölkə”, “bir millət iki dövlət”lə fəxr etməklə iş bitmir; bizi bir-birimizə bağlayan siyasi, hərbi, diplomatik əlaqələrin səviyyəsi hüquqi-ticari müstəviyə də keçməlidir.

Başlayaq ondan ki, Türkiyədə və Azərbaycanda qarşılıqlı olaraq milli valyutaların işlənməsi əmsalı həddən artıq aşağıdır. Məsələn, Azərbaycan Mərkəzi Bankı 1 manatı 10,92 lirə ekvivalentində götürür. Ancaq banklarımızda lirə almaq müşkül məsələdir.

Ən pisi odur ki, yalnız hava limanında lirə almaq “asandır”, orda isə MB-ın məzənnəsini vecinə alan yoxdur. Ən yaxşı halda 1 manata 7,5 lirə verirlər.

Niyə qardaş ölkəyə gedən şəxs özü ilə dollar aparmağa məcbur edilir? Niyə Bakıda bütün banklarda, bank filiallarında MB-nin elan etdiyi məzənnəyə uyğun lirə tapmaq mümkün deyil?

Analoji situasiya Türkiyədədir. Türkiyədə əksər valyutadəyişmə məntəqəsində manatı lirəyə çevirmək mümkündür, ancaq təəssüf ki, dəyərindən daha aşağı kursla...

Daha bir narahatlıq doğuran məsələ ilə əsasən tələbələr qarşılaşır – təbii ki, 18 yaşı olmayan yeniyetmələrdən söhbət gedir.

Qardaş ölkədə 3 aydan artıq qalmaq üçün oturum izni və müvəqqəti TC kimliyi alınmalıdır. 18 yaşdan aşağı olan – yəni orta məktəbi bitirib, Türkiyə universitetlərinə qəbul olunan yeniyetmələr ən qısa müddətdə Köç (Miqrasiya) İdarəsinə müraciət etməlidirlər. Orda isə ciddi narahatlıq doğuran maneələrlə rastlaşmalı olurlar.

Ən birincisi 18 yaşı tamam olmayan tələbəyə haminin (qəyyumun) tələb edilməsidir: mütləq Türkiyə vətəndaşı olan və minimal əmək haqqıdan 2-3 qat yüksək maaş alan bir şəxs uşağı himayəyə götürməlidir. Hami onun 18 yaşı olana qədər təhsil, yaşam və digər yarana biləcək xərclərini üzərinə çəkir, onun rəsmi qurumlardakı sənəd məsələlərini həll edir və s.

Əsasən, builki tələbələrdən belə bir hami tələb olunur, səbəblərinin birincisi yeniyetmənin “sığortalanmasıdırsa”, digəri dövlətin özünün təminat almasıdır – hər hansı problem yarandığı halda dərhal “hami” cavabdeh kimi çağırılsın deyə.

Ancaq azərbaycanlı tələbəni himayəyə götürəcək qəyyumu hər kəsmi tapa bilir? Bu, nə qədər praktik qərardır?

Digər tərəfdən, Köç İdarəsində sənədləşmə yalnız Bakıdan alınan “apostel”lərlə məhdudlaşmır: orijinal sənədlərin bəzilərini Türkiyə notariat kontorları təsdiqləməlidir.

Türkiyədə isə ASAN Xidmət yoxdur ki, bir idarəyə girməklə bütün problemləri həll edə bilməzsən.

Yeri gəlmişkən: ASAN Xidmət sisteminin mükəmməlliyi və sözün hər mənasında asanlığı, möhtəşəmliyini qonşu ölkələrə səfər edəndə bir daha dərk edirsən; yüksək təmirli, konfortlu bina, qapıdan içəri girən kimi üstünə qaçan və təmənnasız olaraq yardım edən könüllülər, tərcüməsi, foto-kopisi, təsdiqi, sığortası, bank xidməti... – hamısı bir yerdə cəmləşən və saat kimi çalışan mexanizm. Kimsə dəllalıq edə bilməz, kimsə sənə “hüquqi” yardım göstərmək təklifi edib, qazanc güdə bilməz; ərizə yaza bilməyəcəksən – könüllülər yardım edəcək; hansı sənədlərin lazım olduğunu məlumat mərkəzləri özləri həll edəcək; hansı pəncərəyə yaxınlaşmalısan – könüllü önünə düşüb səni aparacaq...

Çox nadir hallarda vaxt uzanarsa – təmirli, gözəl, işıqlı zalın rahat divan-kreslo-stulunda əyləş, pulsuz vay-faya gir, suyunu-çayını qoy böyrünə: gözünü bir də onda açırsan ki, sənədini vermək üçün nömrəni çağırırlar, şəklin də elan lövhəsində “gəl-gəl” deyir.

Yoxsa sovet dövründən qalan və az qala xatirəmizdən silinən, blokların dərinliklərindəki oturmağa yer tapmadığın yarımqaranlıq kontorlar, qarşısında düzülən dəllallar, ayaqüstü “sığorta” tələləri... Təsəvvür edirsinizmi ki, ASAN Xidməti görüb, qardaş ölkədə bunlarla rastlaşan azərbaycanlı üçün necə təəccüblü və zəhlətökən mənzərə açılır?

Ədliyyə Nazirliyi, DİN və s. qurumların qardaş ölkənin müvafiq strukturları ilə sıx işləməsinə, birgə sazişlər imzalamasına, hüquqi əngəlləri aradan qaldırmasına ciddi ehtiyac var.

Bir daha xüsusi vurğulayaq: suriyalılara məxsusi imtiyaz tanınıb – növbə yox, rüsum yox, sənəd problemləri dərhal həll edilir, əlavə sənədlər istənilmir və yaxud zərurət yarandıqda dövlət qurumları özləri həll edir və s.

Anlayırıq, Türkiyə milyonlarla “qonaq” qəbul edib və onlara müvəqqəti sığınacaq verib, problemlərinin də hamısını üzərinə çəkib. Ancaq qardaş ölkədə suriyalılara tanınan müstəsna hüquqlardan (türkiyəlilər bəzən rişxənd də edirlər onların bu imtiyazlarına, deyirlər ki, ölkəmizin birinci vətəndaşları suriyalılardır, biz “ikinciyik”) yarıbayarısına iddia etmək haqqımız var: həm türkiyəlilərin bizə son dərəcə isti münasibətinə, bizi özlərindən saymalarına, həm də dövlətlərimizin ən yüksək səviyyədə münasibətlərinə görə. Zatən, rəsmi idarələrdə üzə çıxan maneələrdən məmurlar “qardaşlarımız” deyib, yayınmağa çalışırlar, azərbaycanlıların sənədlərinə “lupa ilə” baxmırlar, mümkün qədər yardım etməyə, hansısa çatışmayan bir sənədə göz yummağa çalışırlar – sağ olsunlar. Ancaq hüquqi aspektdə qardaşlığımız niyə o səviyyədə olmamalıdır ki, hansısa formal sənəd narahatlığı da yaşansın!

Yəqin ki, türkiyəlilər də Azərbaycanda eyni problemlərlə rastlaşırlar. Təəssüf ki, bütün bunlar dərhal “bəs, qardaş ölkəyik axı” təəccübünü doğurur.

Siyasi-hərbi və diplomatiya müstəvisində mükəmməl bir birlik quran, “Burda Türkiyə yoxdursa, mən varam” prinsipi ilə xarici siyasət yürüdən, bir-birindən xəbərsiz heç bir addım atmayan, qoşa addımlayan qardaşların daxildə hüquqi maneələri götürməsi vacibdir.

Mən Türkiyə şəhərlərinə Gəncəyə, Şəkiyə, Naxçıvana gedirmiş kimi getməliyəm, ürəyim istədiyi qədər qalmalıyam – bir kimliyim və yaxud pasportum kifayət etməlidir.

Axı Türk Dövlətləri Təşkilatı da var, bizim birliyimiz onlara da nümunə olmalıdır – AB kimi...

Hər böyük şəhərdə konsulluğumuz olmalıdır və konsulluq sözün hər mənasında işləməlidir, daha zəng edəndə, “naharda” yatmamalıdırlar. Necə ola bilər ki, Türkiyənin 3-cü ən böyük, 5 milyonluq şəhərində konsulluğumuz olmasın?

Bir daha təkrarlamağa ehtiyac var: hətta “özəl qruplar” qəfil yoxlamalar keçirəndə cibindən “yaşıl rəngli pasport” çıxan kimi, “qardaşımız” deyib, heç sənədə baxmadan, üzünə gülüb keçir Türkiyə polisi (həmin vaxt Azərbaycan vətəndaşı olmağının qürurunu yaşamaqdan gözəl heç nə ola bilməz!). Bu qardaşlıq hər yerdə hiss edilir, var və qürur verir! Ancaq hüquqi formallıqları bir anda aradan qaldırmaq mütləqdir.

Türkiyə ilə əlaqələrin inkişafı hər keçən gün artmalıdır, qurumlar bir-birinə sistemini tamamilə açmalıdır.

Biz “yüksək səviyyədə əlaqələrimiz var” deyib, başımızın altına yastıq qoya bilmərik: hüquqi baxımdan çox işlər görməliyik!

Tarix
2022.10.06 / 12:33
Müəllif
Anar Niftəliyev
Oxunub
22 979
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla