"Səs Azərbaycan" yarışmasında hansı çatışmazlıqlar
nəzərə çarpır və bu kimi halların aradan qaldırılması üçün
təklifləriniz varmı?
Axar.az-ın sorğusunu mədəniyyət yazarları cavablandırıb.
Musavat.com-un mədəniyyət yazarı Könül İbrahimovanın fikrincə,
münsiflərin hərəkətləri süni təsir bağışlayır:
"Bir neçə aydır ki, AzTV-də "Səs Azərbaycan" musiqi müsabiqəsi
yayımlanmağa başlayıb. Tamaşaçılar tərəfindən maraqla gözlənilən
müsabiqə ölkəmizdə böyük ajiotaj yaratmadı. Bunun da səbəbləri
çoxdur. Həm jurnalist, həm də tamaşaçı olaraq, "O səs Türkiyə" və
"Qolos"u izləyirəm. Dəfələrlə proqramlar haqda xəbərlər
hazırlamışam, həmyerlilərimizin çıxışlarını xüsusilə izləyirəm.
"Səs Azərbaycan"ın diqqətdən kənar qaldığını deyə bilmərəm,
izlənilir, sosial şəbəkələrdə müzakirə olunur. Azərbaycan
tamaşaçısının layihəyə az diqqət ayırmasının səbəbi başqa ölkələrdə
efirə gedən proqramları izləməsidir. Biz "O səs Türkiyə"yə
baxdıqdan sonra müqayisələr edirik. Verilişin Türkiyə versiyasında
xoş olan nüansları "Səs Azərbaycan"da görməyəndə tənqid edirik.
Münsiflərin süni davrandığı deyilirdi. İlk proqramlarda münsiflərin
narahat olduğu diqqətdən qaçmırdı, ona görə də hərəkətləri insana
süni təsir bağışlayırdı. Düşünürəm ki, layihənin reklamı azdır və
layihə rəhbəri media ilə mütəmadi əlaqədə olmalıdır. Jurnalistlər
çəkilişlərə dəvət olunmalıdır. Pərdəarxası məqamlar oxuculara,
izləyicilərə çatdırılmalıdır".
Big.az saytının baş redaktoru Əfruzə Ağayeva "O səs
Azərbaycan"ın maraq yarada bilmədiyini hesab edir:
"Bir neçə dəfə o verilişi izləmişəm. Elə bilmişəm ki, xarici
ölkələrin musiqi yarışmasına baxıram. Yarışmanın şərtləri odur ki,
xarici mahnılar üstünlük təşkil etsin. Çünki məlum olduğu kimi,
təşkilatçılar da əcnəbilərdir. Düzü, oturub həvəslə "O səs
Türkiyə"yə baxıram, amma "O səs Azərbaycan" məndə o marağı yarada
bilmədi. Manana və Tünzalə xanıma çox böyük hörmətim var, amma
düşünürəm ki, onlar münsif kimi maraqlı deyillər. Performans yarada
bilmirlər, bəlkə iştirakçılara kömək olurlar, amma mən bir tamaşaçı
kimi deyirəm".
MUZ TV-nin mədəniyyət müxbiri Rəvan Nasiroğlu münsifləri daha
diqqətli olmağa çağırıb:
"Öncəliklə Azərbaycanda belə bir layihənin keçirilməsinə görə
çox şadam. Çünki yetərincə yaxşı səslər gəlir və seçilir. Verilişin
dekorasiyası, işıqlandırma, səs effektləri - hər şey çox
möhtəşəmdir. Münsiflərimiz də öz sahələrində sözlərini demiş
şəxslərdir. Lakin fikir versəniz, tamaşaçılar daha çox Türkiyədəki
layihəni izləyirlər. Səbəb oradakı layihənin insanlara daha səmimi,
daha canayaxın olmasıdır. İstərdim ki, münsiflərimiz səs seçimində
daha diqqətli olsun, duellərdə eyni gücdə olan səsləri yan-yana
qoymasın. Qətiyyən bir münsif digər münsifin komandasındakı
iştirakçılardan hansının seçilməsinin vacibliyindən danışmasın.
Fikir versəniz, bir müğənninin iki iştirakçısı çıxır dueldə ifa
edir. Seçməyə gəldikdə digər münsiflər hamısı bir ağızdan yalnız
bir iştirakçını tərifləyir və bu, digər iştirakçıya çox pis təsir
edir, qəlbi qırılır. Bunun həqiqətən də şahidi olmuşam. Aparıcımız
da bu dinamik verilişi daha da canlandıra, maraqlı edə bilər".
Ölkə.az-ın mədəniyyət yazarı İntiqam Valehoğlu iştirakçıların
Azərbaycan mahnılarına müraciət etməməsindən şikayətlənib:
"Səs Azərbaycan" yarışmasının texniki tərəfləri yüksək səviyyədə
təşkil olunub, ideya əladır. Ancaq sanki iştirakçılar Azərbaycan
bəstəkarlarının əsərlərinə müraciət etməyə utanırlar. Bəziləri də
Azərbaycan musiqisi oxuyanda xarici boğazlar eləməyə çalışırlar.
Bilmirəm, bu onlara münsiflərin tapşırığıdır, yoxsa təşkilatçılar
belə istəyirlər. Ancaq istənilən halda "Səs Azərbaycan" adı altında
keçirilən layihədə öz əsərlərimizə laqeyd münasibət yolverilməzdir.
Etiraf edim ki, bu layihəyə bir neçə dəfə baxmışam və dediyim
səbəbə görə daha baxmıram. Çox güman ki, mənim kimi düşünən
tamaşaçılar az deyil. Əgər layihəyə bu boyda vəsait qoyulubsa və
insanlarımızın marağında deyilsə, deməli, əziyyət böyük mənada boşa
gedib. Layihənin üstünlüklərinə gəlincə, bura səhnəyə gəlmək
mənasında gənclər üçün bir tramplin rolunu oynaya bilər. Nəzərə
almaq lazımdır ki, hazırda Azərbaycan estradasında iki aparıcı
nəsil var ki, onların hər ikisi müsabiqələrin iştirakçılarıdır. Elə
"Səs Azərbaycan"ın münsiflərindən olan xalq artisti Faiq Ağayev,
həmçinin Aygün Kazımova da 27 il öncə "Bakı payızı" müsabiqəsinin
iştirakçısı olub. Yanılmıramsa, Tünzalə Ağayeva da 2001-ci ildə
həmin müsabiqədən çıxıb. Deməli, bu cür layihələrdə iştirak etmək
gələcək karyeranın hansı istiqamətdə inkişafı baxımından da önəm
daşıyır".
Publika.az-ın mədəniyyət yazarı İsa Şükürov "Səs Azərbaycan"da
süni məqamlar olduğunu bildirib:
"Səs Azərbaycan" yarışmasını səbirsizliklə gözləyənlərdən biri
idim. Çünki xarici kanallardan həmin yarışmanı bir neçə ölkədən
izləmişəm və valeh olmuşam. Təəssüf, bunu "Səs Azərbaycan" haqda
deyə bilmərəm. Seçim turlarından artıq bütün iştirakçıları
münsiflər tanıyır. Bu, gülünc və biabırçılıqdır. Duellər başlayıb.
Yarışmanın şərtlərinə görə, bir nəfər getməlidir. Amma digər münsif
istəsə, uduzan iştirakçını öz komandasına qəbul edə bilər. Təsəvvür
edin, münsif digər münsiflərə rəsmən yalvarır ki, "Nolar, götür də
onu öz komandana. Çox yaxşı oxuyur". Bu nə biabırçılıqdır? Kimə
yazığınız gəlir və ya niyə artistlik edirsiniz? Güclüdürsə, niyə
getməyinə icazə verirsiniz?
İştirakçılardan isə danışmaq istəmirəm. Zəif iştirakçını
münsiflər elə tərifləyir ki, adama elə gəlir, hansısa dünya
ulduzudur. Nə isə, çox süniliklər var. Ümid edirəm, bu sözlərim
dost münasibətində olduğum münsiflərin xətrinə dəyməz. Bu, mənim
jurnalist mövqeyimdir".