Rusiyanın "Serebryanıy dojd" radiostansiyasının "Bon
voyaj" verilişinin aparıcısı və məşhur səyahətçi Aleksandr
Bunin Moskva-Baku.ru
saytının əməkdaşına müsahibə verib.
Axar.az xəbər verir ki, bütün dünyanı gəzib Yeni il tətilində
ölkəmizə səfər edən A.Bunin Azərbaycana səfər etməyin 5 əsas
səbəbini açıqlayıb.
Bunin bildirib ki, ölkəmizə səfər etməyinin birinci səbəbi
Azərbaycanın şərq mətbəxinin təamlarından zövq alınacaq bir ölkə
olmasıdır.
İkinci səbəb olaraq "Azərbaycan Hava Yollarının ən tələbkar
turisti belə yaxşı mənada təəccübləndirə bildiyi" qeyd olunub.
Səyahətçi səfəri zamanı ilk təcrübəsinin də elə buradan
başladığını, Azərbaycana məxsus yeni AZAL Boinq-767 təyyarəsinin
rahatlığı, yeniliyi, ideallığı, qonaqpərvərliyi və yeməklərin
çoxçeşidli olması ilə onu çox təəccübləndirdiyini bildirib. Bunin
Azərbaycana səfər edəcək olan hər bir turistə bu aviaşirkətə
müraciət etməyi tövsiyə edib.
Üçüncü səbəbi "Paytaxt Bakı qədimiliyin, müasir üslubda olan
memarlıq nümunələrinin və əzəmətli göydələnlərin birləşdiyi sehrli
bir şəhərdir" deyə bildirib. İçərişəhərin hələ də öz qədim sehrini
qoruyub saxlaması, bir zamanlar eşitdiyi və oxuduğu məlumatların
canlı şahidi olması onda böyük təəssürat oyadıb. Bakıda aparılan
tikinti işlərinin genişmiqyaslılığı, yeni binaların düşünülmüş
arxitekturası, mərmərdən və bürüncdən olan çilçıraqları ilə diqqəti
çəkən yeraltı piyada keçidlərinin möhtəşəmliyi onu heyran qoyduğunu
deyib. O, yeni memarlıq işlərinin Bakının müasir siması olduğunu da
vurğulayıb.
Dördüncü səbəb kimi "Azərbaycanın qonaqpərvərliyi hər bir xırda
detalda belə əks olunur", - deyə, qeyd edib. Qonaq oteldə və
restoranlarda qarşılaşdığı yüksək qonaqpərvərlikdən böyük
məmnunluğunu bildirib, eyni zamanda qiymətlərin münasib olduğunu
vurğulayıb.
Beşinci səbəb kimi isə "Şahdağda xizək tətili keçirmək heç də
Avropa kurortlarından geri qalmır", - deyə, qonaq bildirib.
Səyahətçi Şahdağ Turizm Mərkəzini özünün böyük kəşfi adlandırıb.
Səyahətçi bu mərkəzin dövlətin maliyyə vəsaiti hesabına inşa
edilməsindən təəccübləndiyini bildirib, buna görə Azərbaycan
hökumətinə təşəkkür edib: "Artıq görünür ki, Şahdağ istirahət və
bütövlükdə turizm üçün perspektivli məkandır, burada işlər yüksək
keyfiyyət və zövqlə görülüb, dünya səviyyəli kurortdur".
Müsahibənin sonunda Aleksandr Bunin maraqlı səfərlərindən sonra
sosial şəbəkələrdə insanlara məsləhətlərini mütləq verdiyini deyib
və bildirib ki, artıq onun bütün izləyiciləri Azərbaycan haqqında
yazdıqlarına müsbət münasibət göstərib, bu ölkəyə səfər
edəcəklərini qeyd ediblər.