Paulo Koelyo
Hamıdan güclü
Çox-çox illər bundan əvvəl Yaponiyada Humi adlı bir cavan oğlan
var idi. O çörək pulunu qayaları çapıb daş sındırmaqla qazanırdı.
Güclü və sağlam olmasına baxmayaraq, Humi özünü xoşbəxt hiss
etmirdi, gecə-gündüz elə hey bəxtindən gileylənirdi.
Milad bayramında o ürəkdən dua etdi və nəhayət, onun himayəçi
mələyi onun qarşısında peyda oldu.
- Sən sağlamsan, gələcəkdə səni firavan bir həyat gözləyir, -
himayəçi mələk dedi. Bütün gənc insanlar həyata atılanda hər hansı
bir işlə başlayırlar. Nə üçün sən həmişə şikayətlənirsən?
- Tanrı mənə qarşı ədalətsiz olub, mənə imkan verməyib ki,
xoşbəxt olum, - Humi cavab verdi.
Təlaşlı, həyəcanlanmış mələk Tanrının yanına getdi. Tanrıdan
xahiş etdi ki, onun himayə etdiyi oğlanı mükafatlandırsın.
- Necə istəyirsən elə də olacaq, - Tanrı dedi. Bu Milad
günlərində Humi nə istəyirsə, onunla da təmin olunacaq.
Növbəti gün Humi daş sındırırdı, birdən gördü ki, qiymətli
daş-qaşlarla bəzədilmiş bir faytonda kral gedir. Tərli, çirkli
əlləri ilə alnını silən Humi acı-acı dedi:
- Mən nə üçün kral olmayım, mənim qismətim kral olmaqdır!
- Sən kral olacaqsan! - himayəçi mələk sevinclə dilləndi.
...Humi dəbdəbli sarayı, çoxlu malikanələri olan, həmişə
qulluqçularla, atlarla əhatə olunmuş bir krala çevrildi. Hər gün o
təkəbbürlə yoldan gəlib keçir, köhnə dostlarının yol boyunca
düzülüb hörmətlə ona baxmasından həzz alırdı.
Belə günlərin birində isti çox dözülməz idi, onun qızıldan
düzəldilmiş çətiri olmasına baxmayaraq o yenə də daş sındırdığı
vaxtlarda olduğu kimi tər içində idi. O dərk etdi ki, onun
əhatəsində bu qədər nökərlər olsa da, o heç də hamıdan böyük deyil.
Bütün imperatorların, şahzadələrin başı üstündə Günəş var...
- Əsl kral Günəşdir, - Humi dedi.
- Ey mənim mələyim! Mən niyə də Günəş olmayım? Mənim qismətim
Günəş olmaqdır! - Humi gileyləndi.
- Sən Günəş olacaqsan! - onun bu cür tələblərindən qəmlənən
mələk dedi.
...Və Humu Günəş oldu. Mer-meyvəni yetişdirən gücünə heyran olan
Günəşi nəsə qara bir şey izləməyə başladı. Qara kölgə böyüdü,
böyüdü... Humi onda gördü ki, onun Yeri görməyinə əngəl olan
buluddur.
- Ey mələk, bulud Günəşdən güclüdür! Mənim qismətim Bulud
olmaqdır!
- Olacaqsan!- mələk cavab verdi.
...Humi buluda çevrildi və ona elə gəldi ki, bütün arzuları
həyata keçib.
- Mən güclüyəm, məğlubedilməzəm! - deyərək o Günəşin üstünə
kölgə saldı.
... Ancaq nəhəng bir qaya parçası suya düşdü, o qaya parçası elə
bil dünya boydaydı. Humi gördü ki, qaya parçası suya çırpılanda elə
böyük dalğalar əmələ gəldi ki, belə bir dalğa heç vaxt görünməyib.
Nəhəng dalğalar qayaya çırpılırdı ki, az da olsa ondan nəsə qopara
bilsin.
Amma qaya yerindəcə tərpənməz dururdu.
- Ey mələk! – Humi hönkürüb ağladı, - qaya buluddan güclüdür!
Mənim qismətim qaya olmaqdır!
...Bir anın içində Humi qayaya çevrildi.
- İndi kim məni döyə bilər? - o, özü-özünə sual verdi.
İllər gəlib keçdi. Bir gün Humi özünün daş bədənində bir dürtmə
hiss etdi. Elə bil bədəninin bir hissəsi parça-parça olmuşdu. Sonra
davamlı zərbələr endirilməyə başladı.
Humi qorxusundan dəli kimi qeyzləndi, bağırdı:
- Mələk, kimsə məni öldürmək istəyir. O kimdirsə məndən
güclüdür, mən də onun kimi güclü olmaq istəyirəm...
- Onun kimi olacaqsan! – mələk sevinclə dilləndi.
Bax beləcə Humi təzədən daş sındırmaqla məşğul oldu.
Orijinaldan tərcümə etdi: Sevil
Gültən
4 Noyabr, 2012