Aslan Quliyev
80-cilər ölkənin və ədəbiyyatın xarabalıqları altından baş
qaldırdılar, çökən rejimlərdən, dağıntılardan, üsyanlardan,
müharibələrdən keçdilər, amma bəzilərinin kinli bir sevinclə izhar
elədikləri kimi qorxmadılar, çəkinmədilər, sınmadılar, özlərini də,
sözlərini də təsdiq elədilər. 60-cılar əllərində olan hər vasitə
ilə qabağımızı kəsdilər, onların çörəyinə, puluna, şöhrətinə,
imtiyazlarına şərik olmayaq deyə bizi çap təsərrüfatına yaxın
buraxmadılar. Əsassız səbəblərlə, bəhanələrlə, təkcə bir söz
adamına, yazıçıya deyil, insana yaraşmayan üsullarla. Bizsə
özümüzdən sonra gələnlərə heç bir halda və heç bir vaxt mane
olmamışıq, əksinə, bacardığımız qədər kömək eləmişik, ədəbiyyatda
öz yerlərini tapa bilsinlər deyə yardımımızı əsirgəməmişik. Elə isə
80-cılara olan bu əsassız və əsilsiz nifrətin kökündə nə
dayanır?
Bizə qarşı ən insafsız, ədalətsiz mövqeyi, münasibəti Mövlud
Süleymanlı göstərib. 80-cılardan kiminsə yolu üstünə bu adam
çıxıbsa, yolunu kəsmək məqsədiylə çıxıb. O cümlədən mənim də. Bir
dəfə "Azərbaycan" jurnalına getdim. Mövlud Süleymanlıya hər şeyi
danışdım, dedim ki, bircə qəzet, jurnal belə məni çap eləmir. Həm
də yazılarım zəif olduğuna görə yox, adamsız, imkansız, əyalətdən
olduğuma görə çap eləmirlər. Mövlud dedi, belə danışaq,
hekayələrindən birini ver oxuyum, əgər orda böyük ədəbiyyatdan
bircə cümlə belə olsa, çap eləyəcəyəm. "Həbsxanadan qaçmış cani"
adlı hekayəmi verdim və belə razılaşdıq ki, səhər tezdən
redaksiyaya gəlim, onda hekayənin müqəddəratı haqda mənə qəti söz
deyiləcək.
Bu artıq irəliyə doğru addım idi! Az qala respublikanın ən
nüfuzlu ədəbi jurnalında çap olunmaq ərəfəsində idim. İlk dəfəydi,
mənimlə konkret danışılmışdı, hekayəmin çapı üçün vur-tut böyük
ədəbiyyatdan bircə cümlə tələb olunurdu! Və mən hekayədə o cümlənin
olacağına əmin idim.
Səhər tezdən redaksiyaya getdim, dedilər, Mövlud yoxdu, harasa
gedib, ancaq hekayəni oxuyub, rəyini də yazıb. Hekayənin üstünə
tikilmiş bir parça boz kağızda qatmaqarışıq xətlə yazılmış rəyi
səbirsizliklə oxudum.
"Hər halda Böyük ədəbiyyata dəxli olan yazıdır. Bu məni hardasa
sevindirdi. Bunu sənin qorxmamağından elə ilk görüşümüzdə də hiss
eləmişdim. Yəni əsil ədəbiyyatın qorxusu böyükdü, xofu adamı basır.
Nə isə… keçim qeydlərimə.
1. Mövzu tanışdı, bu cür yazılar müxtəlif variantlarda çox
olub.
2. Sözə, kəlmələrə reaksiyan düz deyil, mənə elə gəlir. Məs:
şəxsən mən "cani" sözünü işlətməmək xatirinə bu yazını yazmaram
3. Sözü duymağın düz olmadığına görə əsərin dili tərcümə dilinə
oxşayır. "-Səsinizi çıxartsanız, (?) dərhal doğraram!"
4. Obrazları xarakterlərinə uyğun danışdıra bilmirsən. Hamı
kitab diliylə, biədəb ədəbi dillə danışır…
Bu qeydləri nəzərə alıb təzə yazı göndərsən, məncə nəsə eləmək
olar"
M. Süleymanlı"
Necə yəni, axı mənə deyildi, söz verildi, bəhanə nəyə lazımdı?
Böyük ədəbiyyata dəxli olan yazıydısa, burda böyük ədəbiyyatdan bir
yox, bir neçə cümlə olmalıydı. "Azərbaycan" jurnalı böyük
ədəbiyyata dəxli olan yazıları çap eləmirdisə, bəs nə çap eləyirdi?
Şedevrləri, bütün dünyanın hadisə kimi qeydə aldığı yazılarımı?
M.Süleymanlı "cani" sözünü işlətməmək xətrinə bu yazını yazmazdı,
düz də elərdi, çünki Azərbaycan ədəbiyyatı üçün bir belə yazıçı
kifayətdi, ikincisinə ehtiyac yoxdu. Mən isə yazırdım, mən başqa
yazıçıydım, üslubum, dilim təkcə bu yazıçıdan yox, digərlərindən də
fərqlənməliydi. Nəsr şöbələrində işləyənlər isə özləri kimi
yazmayan, onlar kimi düşünməyən qələm sahiblərini, - adamsız,
imkansız qələm sahiblərindən söhbət gedir, yoxsa sözü hər yerdə
keçənlərin qarşısında qırmızı işıq yandırmağa cürətləri nəydi,
yalandısa, qoy durub desinlər, biz filan məşhur yazıçını çap
eləmədik, - yaxın buraxmırdılar. Özlərini indi az qala dissident,
əzabkeş adlandıran bu yazıçılar o dönəmlərdə yazılarında "cani"
sözünü işlətməyə belə qorxurdular, sosializm cəmiyyətində cani ola
bilməzdi.
Sonuncu qeyddən Mövlud Süleymanlının vəd vermədiyi aydın
görünürdü, yeni yazı göndərsəydim də, vur-tut nəsə eləmək olardı və
elə bu "nəsə" ilə də çapın mümkünsüzlüyünə açıqca işarə vururdu, nə
təzə, nə də köhnə yazı göndərmə, çap eləyə bilmərik. Böyük
ədəbiyyata dəxili olan yazı verdim, çap eləmədi, hansı yazımı çap
eləyərdi?
Hər şeyi unudacaqdım, ancaq "Yazıçı" nəşriyyatında nəsr
şöbəsinin müdiri Mustafa Çəmənli birdən nə desə yaxışdı? Mövlud da
bura gəlmişdi, yazılarını oxuyub, dedi, səni çap eləmək olmaz.
Avropa təsiri var, təqlid eləyirsən, dilin tərcümə dilidir. Həyatda
belə işlər də olurmuş, heç vaxt adını pisliyə çəkmədyin bir yazıçı
verdiyi sözdən qaçıb səni çap eləmir, azmış kimi, başqalarının da
çap eləməsinə mane olur. Dişiylə, dırnağıyla ədəbiyyatda özünə yer
tutmağa çalışan yazıçıya beləcə veto qoymaq hansı insanlıq
qanunlarıyla izah oluna bilərdi?
Kitab çap ərəfəsindəydi, rəyi də Vilayət Quliyev yazmışdı, amma
M.Süleymanlının buralarda böyük nüfuzu, təsiri var imiş. Mustafa
Çəmənli kitabı Akif Hüseynova təzədən rəyə göndərdi, həm də
Mövludun xüsusi qeydləriylə. A.Hüseynov da mənfi rəy yazıb
qaytardı. Baş redaktor Cəmil Əlibəyovla görüşdüm. Mənə inanmadı,
necə yəni, bir halda Vilayət Quliyev rəy yazmışdısa, kitabı niyə
Akif Hüseynova verirdilər? Mustafanı çağırdı və Mustafa dedi ki,
Vilayət çox təntənəli rəy yazmışdı, məcbur qalıb Akifə göndərdim.
Cəmil müəllim çox hirsləndi, dedi, mən başa düşmürəm, siz burda nə
oyun oynayırsınız? Vilayət təntənəli rəy yazıbsa, müəllifin burda
nə günahı var? Mənə də dedi ki, heç narahat olma, ruhdan düşmə,
kitabı özüm oxuyacağam. Xoşum gəlsə, çapa gedəcək. Özü oxudu, məni
də çağırıb dedi ki, çox xoşum gəldi, sənə qarşı haqsızlıq
eləyiblər. Kitabın çap olunacaq. Heç kim mane ola bilməz.
Belə dedi. Amma kitab illərlə nəşriyyatda yatıb qaldı, çap
olunmadı. Heç kim mane ola bilməzdi, amma Mövlud Süleymanlı mane
oldu, öz işini görmüşdü və görürdü. Sonra da ölkə dağıldı,
nəşriyyat bağlandı. İndisə deyir, yaza bilmirdilər, ona görə çap
olunmayıblar. Sən bunu necə deyərsən, bunu necə yazarsan? Bəs nə
oldu, onda yaza bilmirdik, amma ədəbiyyat süquta uğrayandan,
sizlərin çap mexanizmlərinə təsir imkanlarınız yoxa çıxandan sonra
yazmağa başladıq?
Bu günlərdə heç bu sətirləri yazmaq da istəmirdim. Olan olub,
keçən keçib.
Amma bu insanlar bu yaşlarında da haqq-nahaq dirəşəndə, yenə də
haqsız, ədalətsiz işlərindən əl götürməyəndə, yazmağa məcbur
olursan.
Aznyus.az