Susmağın, eşitməməyin, görməməyin fəsadları
"Üç meymun"
Türk kinorejissoru Nuri Bilgə Ceylanın quruluş verdiyi "Üç
meymun" filmində (ssenari müəllifləri Ərcan Kesal, Nuri Bilgə
Ceylan, 2007) qaranlıq gecədə meşə yolunda avtomaşını ilə piyadanı
qətlə yetirmiş, iş adamı, millət vəkilliyinə namizəd Sərvət bəyin
(Ərcan Kesal) aradan çıxması mənfi personajı hadisəli ekspozisiyada
təqdim edir. Şəhərə çatmaqla pul boyun olmaq bahasına, törətdiyi
cinayəti, kasıb sürücüsü Əyyubu (Yavuz Bingöl) öz üzərinə götürməyə
təhrik edən Sərvət bəy şər daşıyıcısı olduğunu həmən isbata
yetirir. Səhər anası Həcərin (Xədicə Aslan) birtəhər yuxudan
durmağa vadar etdiyi yeniyetmə oğlu İsmayılın (Əhməd Rıfat Şunqar)
küçədəki elektrik dirəyinə dırmanaraq hündür hasarı keçməklə
hərəkətdə olan elektrik qatarına minərək yollandığı həbsxanada
atası ilə görüşündə növbəti ildə universitetə daxil olacağına söz
verməsi bir-birindən dəmir barmaqlıqlarla ayrılan ata-oğulun
psixoloji portretləri ilə həllini fabula mexanizmində tapır. Və
həyatın davam etdiyini bildirən süjet xəttində ertəsi gün, səhər,
anası ilə söhbətində Sərvət bəyin verəcəyi pul hesabına avtomobil
almaqla xırda uşaqları məktəbə aparıb-gətirməklə pul qazanmağı
təklif edən İsmayıla qarşı çıxan Həcərin aşpaz kimi çalışdığı
restorandan kimlərəsə telefon açıb iş axtarması ilə gecə oğlunun
döyülüb gəlməsi ilə sonuclanmaqla sərt mühitin təzyiqi də ortaya
atılır.
Növbəti epizodda qatıldığı seçkidə uduzan, pulları əlindən çıxan
və az qala evini satmaq məcburiyyətində qalmaqla əsəbləri az qala
yerindən oynayan Sərvət bəyin yanına gələn Həcərin mobil
telefonundan, türk müğənnisi Yıldız Tilbənin ifasında səslənən "E
mi?" mahnısının: "Sənin də qəlbini çalsın başqaları mal gibi.
Sevdan ayrılmasın qapından kölə gibi..." mətni emosional durumu
dramaturji struktura daxil edir. Az sonra israrla küçədə
avtomobilinə götürdüyü Həcərin qadınlıq hisslərini ustalıqla ələ
ala bilməklə biçarə Əyyubun namusuna da təcavüzə meyllənən Sərvət
bəy mələk timsallı şeytanı əməli fəaliyyətdə göstərir. Hələlik
boyun olunan pulu ala bilməsə də ərinin müvəqqəti də olsa
itirilməsinin baiskarı Sərvət bəylə görüşündən məmnun qayıdan
Həcərin qadınlıq hisslərinin oyanması anatomik tələbata söykənən
psixologizmi önə çəkməklə baş qaldırmış ilanın açıq ağzına doğru
uçan sərçəni də xatırladır. Axşam anası ilə birgə iştirak etdiyi
toy məclisində içib şənlənən İsmayılın səhər həbsxanadakı atasına
ərzaq apararkən vağzalın gözləmə salonundakı oturacaqda qusub
köynəyini batırmaqla evə qayıtması və Sərvət bəyi anası ilə bir
yataqda görməklə mətbəxdə gözünə sataşan iri çörək bıçağı ilə namus
məsələsini həll etməkdən həmən vaz keçməsi psixologizmi dəyişkən
fabulada qabardır. Mənəvi dəyərlərini bir andaca itirən anasını
sillələməklə həqiqəti aşkarladan biçarə İsmayılın psixoloji durumu
vəziyyətin çıxılmazlığını psixoloji qarşıdurmada göstərir. Dəmir
barmaqlıqlar arxasındakı atasına işlərin qaydasında olduğunu
bildirmək zorunda qalaraq, Sərvət bəyin qoyub getdiyi pula məhəl
qoymayan İsmayılın vaxtı ilə dənizdə batmış kiçik qardaşını
xəyalında canlandırması keçmişin də, daxili sarsıntılarını
dramaturji struktura qoşur.
Nəhayət ötüb keçən doqquz aydan sonra həbsxanadan çıxan Əyyubun
onu qarşılayan oğlunun sükanı arxasında əyləşdiyi, Sərvət bəyin
hesabına alınmış avtomaşına oturmaqla, pulun kim tərəfindən
alınması ilə maraqlanması, övlad məzarına baş çəkməsi fonunda süjet
xəttinin səbəb-nəticə əlaqələrini nizamlayır. Və bu məqamda Həcərin
deyəsən vurulduğu Sərvət bəylə telefon əlaqəsi yaratmaq cəhdləri
hadisələri əksliklərin vəhdətində qızışdırır. Həcərin ailəsinin
qayğıları ilə yaşayan Sərvət bəyi onun həyətində, evində seyr
etdiyi məqamda mobil telefonunda "E mi?" mahnısının yenidən
səslənməsi qadın qəlbində yaranan sevgini tanrı qarğışı
kontekstində səciyyələndirir. Mənzilində ərinin gəlişi münasibəti
ilə hamamxanada məxsusi yuyunan Həcərin çantasından gələn zəngin
səsinə telefonu axtarıb götürən Əyyubun, yad kişinin, Sərvət bəyin:
"Nə etdiyini zənn edirsən? Mənim evimdə nə işin var?" suallarını
eşitməklə şaşırması hadisələri dramaturji istiqamətdə tələsdirir.
Hamamxanadan çıxan Həcərin özünü halal ərinə təslim etmək istədiyi
məqamda Əyyubun az qala onu boğmaq istəməsi ilə "E mi?" mahnısının
fonda səslənməsi tanış musiqini "E mi?" struktura yerində qoşmaqla
psixoloji kontrapunktu gücləndirir. Uzun müddət ayrı yaşadığı
arvadını gah əzizləyib, gah özündən itələyən zavallı Əyyubun gecə
üz tutduğu çayxanada gecələyən, kimsəsiz xidmətçi Bayramı dinləməsi
və sonra Sərvət bəydən vaxtilə boyun olduğu pulun qalığını alması
fabulaya işləyən süjeti tamamlayır. Və dəniz sahilində görüşdüyü
Sərvət bəydən onu atmamağı yalvarıb xahiş etməklə qurbanlıq qoyuna
bənzəyən Həcərin hərəkətləri fabula mexanizmini qatılaşan yeni
münasibətlər sistemində canlandırır. Sərvət bəyi qətlə yetirmiş
İsmayılın gecəyarı evə gəlişi ilə, keçmiş sürücü kimi istintaqa
çağırılmış Əyyubun, mərhumun telefonunda arvadı Həcərdən gələn
mesaj barədə öyrənsə də yaxasını kənara çəkməsi fabulanı gündəmdə
saxlayır. Bu epizodda dindirməni aparan müstəntiqin sifətini
göstərməyən kinorejissor, hadisələri istər-istəməz üzə çıxan
dedektiv janrdan psixoloji drama həmən qaytarır. Və gecə yatağında
dənizdə batmış kiçik oğlunun əllərini çiyinlərində hiss edən
Əyyubun xəyal dünyası, qaysaq bağlamış yaranın, ailəvi dərdin bir
daha strukturu zənginləşdirməsinə şərait yaradır. İsmayılın Sərvət
bəyi öldürdüyünü anasına bildirməsi ilə, Əyyubun arvadının intihar
etməsini, ölmüş oğlunu təsəvvüründə canlandırması reallıqla
irreallığı bir müstəviyə gətirir. Törənmiş qətlin şahidi
olub-olmadığı ilə maraqlanmaqla tələsik evdən çıxan Əyyubun həmən
geriyə qayıdaraq özünü hündür damdan atmaq istəyən arvadı Həcərə
mane olması hadisələri ailə münasibətlərini reallıq müstəvisinə
gətirir. Gecəyarı artıq tamaşaçıya tanış çayxanaya gələn Əyyubun,
oğlu İsmayılın törətdiyi cinayəti öz üzərinə götürməyə biçarə
Bayramı (Cəfər Kösə) filmin əvvəlindən bizə tanış, Sərvətin mətni
ilə təhrik etməsi sosial məsuliyyətdən uzaq olmaqla ictimai
mahiyyətini unudaraq vətəndaşdan sakinə çevrilərək özünü mənəvi
cəzaya ömürlük məhkum edən yeni personajın timsalında filmi bədii
çərçivədə qapayır. Beləliklə də, klassik sənət, o cümlədən hüquqi,
qanunları inkar edən postmodernizmin nihilist çalarları özünü bəyan
edir.
2008-ci ildə Kann kinofestivalında "Ən yaxşı rejissor işi"
ödülünü qazanan, lallığın, karlığın, korluğun timsalını adında
daşıyan "Üç meymun" filmi modernizm cərəyanının tələblərini
cavablandırmaq iqtidarında olan psixoloji dram janrında peşəkarlıq
göstərən Nuri Bilgə Ceylanın və qloballaşma prosesində sözünü deyə
bilən, mənəviyyatın itirilməsinə qarşı həyəcan təbili çalan türk
sinemasının yetərincə dəyərləndirilməsidir.