Kimsə ideal deyil və bu, kimsənin şübhə etmədiyi adi
həqiqətlərdən biridir. İnsanların bir-biri ilə münasibətində özünü
sübuta yetirmiş bu həqiqəti hər bir insana tətbiq edəndə onun
xarakterində olan naqisliyi və yaxşı cəhətləri üzə çıxarmaq
mümkündür.
Adətən tanınmış insanları sadə insanlardan daha çox
ideallaşdırır, onlardan örnək götürməyə çalışırıq. Amma təbii ki,
onlar da adi insanlar kimi yaxşı və pis keyfiyyətlərə
sahibdirlər.
Biz bu dəfə yazarlarımıza iki sualla müraciət etdik. Onlar
özlərini çoxmu sevirlər? Və sevmədikləri hansı xasiyyətləri
var?
Seyran
Səxavət:
"Sevmədiyim xeyli xasiyyətim var. İnsan heç vaxt kamilləşmir.
İnsan yarımçıq yox, dörddə-birlə doğulur və indiki abı-havada
kamilləşmək çox çətindir. Hər adam özünü təsdiq edə bilmir. El
arasında bir söz var, bu tək adamın işi deyil. Hələ bir məşhur söz
də var: "Olduğun kimi görün". Bəzən bütün insanlar çalışır olduğu
kimi yox, uydurduğu kimi görünsün".
Əkrəm
Əylisli:
"İnsan həmişə eyni ovqatda olmur ki, özü haqqında və başqaları
haqqında eyni cür fikirləşsin. İnsanın ovqatı tez-tez dəyişir.
Xüsusən də yazıçının. Mən hardasa özüm haqda yaxşı və pis fikirdə
ola bilərəm, yəni bunun bütöv bir ovqatı yoxdur. Ola bilər ki, bir
ovqatımda bir xasiyyətimi xoşlayam, o biri ovqatımda pis xasiyyət
bilib, xoşlamayam. Amma dəqiq xoşalmadığım cəhətim var. O da ki,
bəzən tənbəl və biganə olmağımdır".
Elnaz
Eyvazlı:
"Sevmədiyim o qədər xasiyyətim var ki, saymaqla bitməz. Onlardan
biri də hədsiz narahat biri olmağımdı. Məsələn, xırda bir şeydən
çox narahat oluram. Bu da diqqətcil və məsuliyyətli olmağımdan
irəli gəlir, bu qayğını kimsədən görməyəndə istər-istəməz
inciyirəm. Bu xasiyyətimlə ancaq özümə əziyyət verirəm, başqa heç
kəsə. İstəmişəm bu xasiyyətimi dəyişəm, hətta buna cəhd də
eləmişəm, amma boşa çıxıb. Bir sözlə, alınmayıb".
Aydın
Xan:
"Mən 25-ci əsrin adamıyam, bu əsrin adamı saymıram özümü.
Məsələn, mən heç vaxt təkrar dünyaya gəlmək istəmirəm. Sosial
şəbəkədə xeyli vaxt keçirdirəm, dostlarıma vaxt ayırmıram, onlarla
görüşmürəm və s. Xoşuma gəlməyən cəhətlərim çoxdur, onları dəyişmək
istəmirəm də. Amma mən həmişə xoşlamışam boz qarğa, ağ qarğa
olmağı. İstəyim də budur, yaşamaq istəyirəm və buna davam da
edirəm".
Seymur
Baycan:
"Çoxdur, özümdə sevmədiyim xasiyyət, çoxdur. Bir deyil, iki
deyil, üç deyil, yəni cəm şəkildə desəm, nizamsız həyatı sevmirəm,
yaltaq ola bilmirəm. Bu da mənə həddindən artıq problem yaradır.
İstəyirəm kimisə aldadım, satım, irəli gedim, bax, bunu bacarmıram.
Hansılar ki, bizim cəmiyyətdə çoxdur. Bunlar mənim sevmədiyim
şeylərdir. Hamısı da başıma gəlib, məsələn, bunlardan biri
sevməkdir və bundan möhkəm əziyyət çəkirəm. Mənim belə xasiyyətim
də var - sevəndə xəstələnirəm. Ürəyimə hökm edə bilmirəm və bu da
məni çox əsəbiləşdirir. Necə olur ki, mənim hisslərim ağlımdan
üstün çıxır və mən buna sahib ola bilmirəm? Mən bu xasiyyətimi çox
dəyişmək istəmişəm, amma alınmayıb, çünki bu özümdən asılı
deyil".
Cavid
Zeynallı:
"Sevmədiyim xasiyyət - hamıya inanıram, sadəlövh biriyəm. Bəzən
olub ki, bu xasiyyətlərimin altını çəkəndə, problem yaşayanda
dəyişmək istəmişəm. Ancaq yazıçı bir az da avam, sadəlövh və belə
xüsusiyyətlərə malik olmalıdır".