Azərbaycan kinosunda öz yeri olan, amma son dövrlər daha
çox maddi çətinliklər və səhhətində olan problemlərlə gündəmdə
gələn aktrisa Nuriyyə Əhmədova ilə onun kirayədə yaşadığı evdə
görüşüb-söhbətləşdik.
Amma kirayədə yaşadığına görə utanmır, eyni zamanda dövlətin
onu evlə təmin edəcəyinə də ümidini itirmir.
- Hardan hara gəldiniz, Nuriyyə xanım?
- Həmişə özümü bu sənətdə görmək istəyirdim, amma aktrisa kimi
yox, müğənni olmaq istəyirdim. Anam bu istəyimə etiraz edirdi. O,
məni başqa sahədə görmək istəyirdi, atam isə tam əksini deyirdi.
Musiqili Komediya Teatrına da müğənni kimi gəldim. 1968-ci ildə
məktəbi təzə bitirmişdim. İlk işim elə ora oldu.
"Məmmədəli kurorta gedir" adında tamaşa hazırlanırdı. Həmin
tamaşanın musiqisi Tofiq Bakıxanova aid idi. O, məni tamaşada kiçik
bir rola dəvət etdi və rol uğurlu alındı. Bundan sonar Şəmsi
Bədəlbəyli, Süleyman Ələsgərov məni teatra qəbul etdilər. Həyat
təsadüflərdən ibarətdir. Bu kiçik roldan sonra mən düz 15 il orda
işlədim.
- Müğənni ola bilmədiyinizə görə məyus
deyilsiniz?
- Mən heç vaxt təəssüf eləmirəm. Müğənni olmadımsa, bu, son
demək deyil. Çünki boğazımdakı zoba görə səsimdə problem olacağını
bilirdim. Zobdan qurtulmaq üçün əməliyyata girməli idim. Amma mən
əməliyyata getmədim, qorxdum. Sonda səsimdə dəyişiklik oldu.
Müğənni olmadığıma görə heç də peşman deyiləm. Oxuyanlarımız onsuz
da çoxdur, amma aktyor, aktirisa çox azdır. Gələnlər də böyük
çətinliklərə görə bu sahədə qala bilir.
Teatra gələndə mənim ali təhsilim yox idi
- Bir gün tamaşalarımın birində İncəsənət Universitetinin
müəllimi yaxınlaşıb dedi ki, siz nə əcəb universitetə girmirsiniz?
Adil İsgəndərov yeni kino fakültəsi açmışdı. Mən də özümü sınadım.
Getdim, imtahan verdim, alınarkən heç özüm də inanmadım. Çünki
gözləmirdim.
Deyirlər ki, bizdə demokratiyadır...
- Sizin sənətə gəldiyiniz vaxtlarda bu sahədə xanımlar
indiki kimi çox deyildi. Bu sizə çətinliklər yaratmadı
ki?
- Hər şeyin başlanğıcı çətin olur. Mənim də sənətə atılmağım
belə bir zamana təsadüf etdi. Biz sənətə gələndə hər şey çox çətin
idi. Düz deyirsiniz, o vaxt çox az sayda qızlar bu sahəyə gəlirdi.
Mən çətinliyə baxmadan irəliləyə bildim. Amma indi vəziyyət
fərqlidir. Kifayət qədər qızlar bu sənətə gəlir. Hətta indi bu
axının qarşısını almaq olmur…
- Nuriyyə xanım, Avropada sizin kimi peşəkar aktirisalar
milyonlara sahibdirlər, amma bizdə tam fərqlidir. Sizcə bizdə
alınmır, ya başqa səbəb var?
- O, quruluşdan asılıdır. Onların quruluşu bəllidir. Amma bizdə
hələ də nə olduğu bilinmir. Bəzən mənə deyirlər ki, bizdə
demokratiyadır. Amma mən bu fikirlərlə razı deyiləm. Bizdə yalnız
biznes var. Xaricdə aktyorluq təsadüfidir. Orada əyyaşlar da filmə
çəkilib, məşhur ola bilər. Amma bizdə yox.
Sponsor tapanda efir olmur, efir olanda
sponsor
Mən və həmkarlarım tez-tez belə çıxışlar edirik ki, imkanlı
şəxslər, sahibkarlar sənətə qiymət versinlər. Heç olmasa bir az
maliyyə buraxsınlar. Təbii ki, bu sahəyə dövlət az-çox maddi dəstək
edir. Mən inanmıram ki, xaricdə hansısa aktyor ya aktrisa məktəb
görüb. Sadəcə, rejissorun xoşuna gəlib, rola uyğun olub, oynayıb.
Bizdə hələ indi-indi filmin alışı, satışı inkişaf edir. Amma onlar
o vaxtdan bu sahədən gəlir əldə etməyin yollarını bilirlər. Bizdə
isə sponsor tapanda efir olmur, efir olanda sponsor...
- Məşğul olduğunuz işlə maddi ehtiyaclarınızı ödəyə
bilirsizin?
- Yaşayan yaşayıb, qazanan qazanıb. Amma təbii ki, qazananların
bir əmması var. O qazancların qarşısında nə qədər nida, nə qədər
sual işarəsi və nöqtələr dayanır.
Xaricdə bir filmə çəkiləndə böyük məbləğ qarşısında müqavilə
bağlayırlar. Bildirirlər ki, bu müddət ərzində heç bir film və ya
seriala çəkilməyəcəklər. Əlbəttə, belə olanda o sabah villa da,
maşın da alacaq, daha nələr nələr... Bizdə aktyorlara verilən pul
çox azdır. Yeni çəkildiyim serialdan ("Mamaça") üç aydır heç nə
almıram. Gənclər bu cür vəziyyətə dözmür, amma biz hər çətinliyə
dözürük.
Prezidentə evlə bağlı müraciət etmişəm, cavab
verilməyib
Hazırda kirayədə qalıram. Bunu deməkdən heç vaxt utanmamışam.
Bilirsiniz, seriallar elə bizim maddi ehtiyaclarımızı ödəmək
üçündür. Amma mən maddi olaraq çox şey qazanmamışam. Hazırda
kirayədə qalıram. Nolsun ki? Mən səhnə ilə yaşayıram. O mənə həyat
verir.
Prezidentimizə bir-neçə dəfə mənə ev verməsi ilə bağlı müraciət
etmişəm. Amma hələ ki, cavab yoxdur. Bilirəm ki, ona o məktubu
versələr, çoxdan məni evlə təmin edərdi.
Pulsuz oynadığım rollar da olur
Bəzən təklif olunan rollarda filmin büdcəsi az olur, amma mənim
rol xoşuma gələndə heç nəyə baxmadan pulsuz oynayıram. Biz bu gün
varıq, sabah yox… Amma gənclər kinonun, serialın gələcəyidir. Ona
görə də onlara maksimum dərəcədə kömək etməliyik.
- Sizin adınız gəldiyində ilk göz önünə gələn "Həm
ziyarət, həm ticarət" filmindəki obrazınız olur. Sizcə, nəyə görə
bu obraz tamaşaçılara daha yaxındır?
- Çünki mən hər obrazımı oynayanda içimdəki Nuriyyədən birini
qoyuram. Təkcə o filmdə yox, həm də "Bəxt üzüyü"ndəki obrazım heç
kəsin yadından çıxmır. Baxmayaraq ki, orda çox kiçik rol
almışdım.
- Necə etmək lazımdır ki, Azərbaycan filmləri xaricdə
uğur qazansın?
- O vaxt bizdə "Direktor kartina" var idi. Filmin bütün
məsuliyyəti onun üzərinə düşürdü, bütün inzibati işləri o təşkil
edirdi. Amma indi kino sahəsində mən o işlə məşğul olanı
görmürəm.
Ancaq kifayət qədər filmlərimiz var ki, onlar yayımlanır.
Məsələn, bu yaxınlarda çəkildiyim "Yoxlanma" filmi mükafat gətirdi
Azərbaycana. Təkcə o deyil, "Sahilsiz gecə" filmi də böyük uğur
qazanıb. O film hələ də Hollandiyada göstərilir. Gərək film
çəkərkən rejissorlar onun təkcə ölkədə yox, həm də dünyada
göstərilə bilməsini düşünsünlər.
Bir Zeynəb xanım, bir də Nuriyə xanım heç
dəyişmədi
- Heç vaxt saç düzümünüzdə, imicinizdə dəyişiklik etməmisiniz.
Bundan sonra gözlənilirmi?
- Heç vaxt dəyişməyəcəm. Mən aktrisayam, onu müğənnilər edə
bilər. Axı tamaşaçının gözündə belə görünmüşəm. Tamaşaçı məni bu
cür xatırlayır. Mən istəyirəm elə bu tərzdə də yaşlanım. Hərdən
mənə deyirlər ki, bir Zeynəb xanım, bir də Nuriyə xanım heç
dəyişmədi. (Gülür) Məni məktəb vaxtlarımdan da belə tanıyırlar.
Məncə, sənətə gələn hər bir kəs öz imicini qorumalı, xarici
görkəminə diqqət etməlidir. Mən hər zaman qidalanmama diqqət
edirəm, heç vaxt saat 6-dan sonra yemək yemirəm. İnsan gərək
nəfsini saxlamağı bacarsın.
Azərbaycanda ilk şalvar geyinən mən
olmuşam…
O vaxt şəhərdə hər kəs şalvar geyinə bilmirdi. Amma mən
geyindim. Maraqlıdır ki, o vaxt bizimkilərdən çox əcnəbilər-ruslar
mənim şalvarıma irad tuturdular. Mən heç onlara əhəmiyyət
vermirdim. Artıq şalvara münasibət normaldır. Amma bəzən
xanımlarımız özlərinə uyğun geyimlər seçmirlər.
Lasin geyinən qadınları görəndə ətim
tökülür
Ətlər qat-qat sallanır, amma lasin geyinirlər. Təkcə qadınlar
yox, həm də kişilər özlərinə uyğun geyinmirlər. Zaman gələcək dar
lasinlər, qeyri-adi saç düzümləri unudulacaq. Amma insanın gözəl
imici heç vaxt unudulmayacaq. Mən sənətə özümü gətirdim, hamı da
məni Nuriyyə kimi qəbul etdi.
Vəfa Zeynalova erotik səhnəyə çəkilib
- Azərbaycanda erotik səhnələr niyə qəbul
olunmur?
- Mən də filmlərdə açıq-saçıq, erotik səhnələri sevmirəm. Bəlkə
də bu mentalitetimizlə bağlıdır. Bu yaxınlarda mənə dedilər ki,
Vəfa Zeynalova erotik səhnəyə çəkilib. Mən də dedim ki, o,
sənətkardır. Bunu deməzdən öncə bir şəhərə çıxın, görün qızlarımız
necə geyinir?!
- Oynamaq istədiyiniz, amma sizə qismət olmayan rol
olub?
Mən heç vaxt baş rol arzusunda olmamışam
- Rol mənim arxamca qaçıb. Çünki mən bilmişəm ki, məndə həmişə
rol olacaq. Uyğun rol özü gəlib məni tapib. İndiki gənclər filmə
çəkiləndə ilk verdikləri sual bu olur ki, "mən baş rolda
oynayacam?". Amma anlamırlar ki, hansı rolu oynamasından asılı
olmayaraq verilən rolu yaxşı oynadıqda o həmişə yaddaşlara həkk
olur. Mən filmə ailə kimi yanaşıram. Bizdə aktyorlar sənətdə
qocalmır. Çox az aktyor var ki, qocalanda səhnədə qala bilir. Gərək
insanda obraz, tərz olsun.
Bizdə kameranı başa düşən yoxdur
Hər zaman istəmişəm ki, kamera mənə işləsin. Sovetin vaxtında
bir kamera var idi, amma o səndən istədiyini ala bilirdi. Amma indi
4-5, hətta 10 kamera işləyir, amma kadrı tuta bilmirlər. Məncə,
hələ bizdə kameranı başa düşən yoxdur.
Xaricdə ən eybəcər aktrisanı kinoda gözəl kimi təqdim
edirlər, amma bizdə gözəlimizi eybəcər kimi ortaya
çıxarırlar.
Mən xarici festivallarda aktirisalarla üz-üzə gələndə onların nə
qədər eybəcər olduqlarını gördüm. Amma onlar filmdə elə təqdim
olunur ki, hər kəs onları dünya gözəli hesab edir. Çünki onlarda
hər şey inkişaf edib. Nəinki stilistlər, hətta qrimçilər də
mütəxəssisdirlər. Amma bizim qrimçilər gözəllərimizi də eybəcər
hala salır.
Mənim kinoda qalmağımın səbəbi üzümün kameraya düşməsi oldu.
Mənim üz cizgilərimin sırf kino üçün yarandığını həmişə deyirdilər.
İnsanda əsas gözdür, gözləri donuq oldusa, o aktrisa heç bir rol
oynaya bilməz.
- Peşmançılığınız varmı?
- Mən heç vaxt ailə qurmaq istəmirdim. Çünki
bilirdim ki, ailə qursam, müəyyən çətinliklər yaranacaq. Mənim
sənətim elədir ki, gərək həyat yoldaşım məni maksimum anlasın.
Təbii ki, məndə bunlar var idi. Amma övladımı itirdikdən sonra
bütün qazandıqlarım bir anda məhv oldu. Həyat daim itirib tapmaq
üçündür. Övlad itkisi çox ağırdır. İnsan daim nəyinsə əksik
olduğunu hiss edir. Məni sənətim yaşadır, işləməsəm yaşaya
bilmərəm.
- Sağlamlığınız necədir?
- Demək olar ki, hər yerimdə problem var. Xəstəliklərimi özüm
müalicə edirəm. Zob, təziq, ürək o qədər xəstəliklərim var. Turş
yeyən kimi qaraciyərim ağrıyır, buna görə də ardınca şirniyyat
yemək məcburiyyətində qalıram. Qan dövranımda problem var. Əlbəttə,
soyuq havada çəkilişlər olarsa, belə də olar.
- Özünüzü digər aktrisalardan nə ilə
fərqləndirirsiniz?
- Mən film, kino sahəsinə təbiilik gətirdim. Bunu hər zaman mənə
deyirlər. Filmdə, kinoda əsas reallıqdır. Təbii ki, başqa fərqləri
tamaşaçılar verməlidir.