Elə maşından təzəcə düşüb ofisə yaxınlaşırdıq ki, anamdan zəng
gəldi. Telefonu açıb Mirişvari "salam-sağol"umdan vacib işim
olduğunu anladı.
- "Özüm zəng edəcəm" deyib-eləmə, hər dəfə deyirsən, amma
etmirsən.
Bu dəfə bacardı. Addımlarımı yavaşladıb dedim:
- Baxıcıya gedirəm. Nə ərzi-dilin var, deyim.
Ömür boyu məni baxıcılara inanmamaqda günahlandıran, hamının
"əməl-kitab"la həyatını düzüb-qoşduğunu deyən, bu mənada məni
əl-küt bilən, axır ki, "haqqın yolunu" tapmağımdan xoşnud olduğu
telefondan belə bu qədər bəlli olan anam sevinərək qayıtdı:
- Sən dədən goru, qardaşına da baxdır, gör, nə vaxt uşaqları
olacax?
(Xatırladım ki, qardaşım evlənəli iki ay deyil.)
Həmişəki kimi, anamın bu müdhiş zəkasına dözəmməyib telefonu
söndürdüm.
Artıq tanınmış ekstrasens, efirdən gördüyümüz Elşən Məmmədovun
ofisinə ("şəfa ocağı"na) çatmışdıq.
"Zümrüd prodakşn"
Yanındakı müştəri xanım çıxır. Biz giririk. İki-üç dəfə xüsusi
ədayla alnını ovuşdurub, dərindən nəfəs alır. Başını bulayıb, az
öncə çıxan qadına işarə ilə deyir:
- Dəhşətdi. - Bir neçə dəfə belə təkrar edir: - Necə
ağırdı!..
Söhbətin adamın aurasındanmı getdiyini soruşuram, başıyla təsdiq
edir. Artıq daha öncə yanında olduğumuz falçıların evində görməyə
alışdığımız diplomlardan burda da gözüm axtarır. Çox çəkmədən,
masanın küncünə qoyulmuş biri gözümə sataşır. Mətbuatın 138 illiyi
münasibət ilə "Zümrüd prodakşn" tərəfindən təltif olunub. Təbii ki,
Azərbaycanda yaşadığımızı unutmadığımız üçün falçının belə bir
əlamətdar gündə niyə diploma layiq görüldüyünə təəccüblənmirik.
Var əcəl, var əcələmayallaq
- Hə, bacı, eşidirəm.
Doğum tariximi, adımı soruşub, ərəb əlifbası ilə qarşısındakı
vərəqdə qeyd aparır. Ərəb əlifbasını bilməyimə baxmayaraq, nə qədər
baş sındırsam da, qeydlərindən bir zad anlaya bilmirəm. Telefonuna
zəng gəlir.
Sabah saat beş üçün görüş təyin edir.
- Kim desə ki, səndə cadu var, yalandı. Bir var nəfs bağlılığı,
bir də var "periodik" bağlılıq. Biri sənə baxıb köks ötürsə, bu
belə sənə mənfi təsir edir. Bu "periodik" bağlılıq ki var, bu
mərhələni mutləq yaşamalısan.
Zəng gəlir.
"Beş dəqiqə sonra "Fantaziya hamamı"nın yanına gəl. Mənim
telefonlarım "pasluşkadadı", qulaq asırlar, gəl, ətraflı danışaq.
Heç nə lazım deyil, sənin saqlığın. Axşamacan".
Anladğım qədəriylə bizi beş dəqiqəyə postalayacaq.
- Var əcəl, var əcələmayallaq. Əcəl Allahdandı, əcələmayallaq
bəndədən. Səndəki əcələmayallaqdı. Bal lazımdı ki, İmam Cəfər
Sadiqlə bu problemin üstündə işləyək.
Mən onlar kimi haqq vermirəm
Deyirəm:
- Bura gəlməzdən əvvəl məşhur baxıcıların bir neçəsinin yanına
getdim. Həm çox pul istəyirlər, həm də elədikləri əməllər üçün heç
bir zəmanət vermirlər. Ona görə gəldik sizin yanınıza.
Xarizmatik üzünə bir az da müdriklik verən ağ və gur saçlarını
əli ilə arxaya darayır. Qısa və koppuş barmaqlarındakı iri və
rəngli daş-qaşlı üzükləri adamın gözünə girir.
- Mən onların baş ekspertiyəm. Onlar şou göstərir, mən konkret
iş görürəm.
- Axı bəs ciddi adamlarla işlədiklərini, arxalarında Şeyxin,
MTN-nin, DİN-in dayandığını deyirlər?!
- Əşşi, onlar mənim adım gələndə qorxurlar. Yeganə "Banditizm"lə
işləyir. Mirqafarla. Almaz bütün günü gəlib mənim yanımda gözünün
suyunu tökür. Mənim adamım özüməm. Arxamda da özüm durmuşam. Onlar
kimi kimlərəsə altı aydan bir on altı min haqq vermirəm.
(Dəhşətə gəlmiş kimi oluruq)
Ayda qapıma iki maşın qoyurlar
- Siz onlardan fərqli olaraq, məni bütün problemlərimi yoluna
qoyacağınıza əmin edə bilərsizmi? Bir də bəlkə sonra məndən elə
məbləğ istədiniz ki, gücüm çatmadı?..
- Ay balam, ay bacım, mən sənə deyirəm ki, səndə cadu-madu
yoxdu. Bunu sənə kim deyirsə, qələt edir. İstəyir bunu Toma
(Tamilla Salamova) desin, istəyir Nadim… Mənə sənin pulun lazım
deyil. Mən heç kimi burdan əliboş qaytarmamışam. Adam gəlib ki,
burdan cibinə pul qoyub göndərmişəm. Mən böyüklərnən işləyirəm.
Ayda qapıma iki maşın qoyurlar. Baxıram ki, sən dağdan dərəyə enmiş
adamsan. İndi gərək sən pulun içində itəydin. Yaxşı perispektiv var
səndə, amma bağlılığın buna icazə vermir. Bu gün mən işləyərəm,
sabah gəlib götürərsiz. Bir şərtlə ki, evinizə xeyrinizə dair də
olsa heç bir dua aparmayasınız.
Ayaq dıqnağı, bir çəngə saç…
Gələsi olsanız, ayaq dırnaqlarınızı, bir də saçınızdan bir az
kəsib dörd yol ayrıcında çiyninizin üstündən atarsız. Saç və
dırnaqlarda ruh olmur. Sabah saat beşdə gəlin. Buranı tanıyırsız.
Unutma, sənə bir şey qadağan olunub. "İnsanlara inam". Heç kimə
inanma. Ürəyinə inan. O, həmişə sənə doğru yolu göstərir.
- Gəlin, belə danışaq. İşlərimi yoluna qoymasanız, pul-zad
verəsi deyiləm.
Siz jurnalistsiz… Elə bil səsimi yazırsız
- Adamlar məni ona görə çox istəyir ki, pul söhbəti eləmirəm.
Qulpundan nə çıxır, onu ver. Sizin söhbət lap buna bənzədi ki,
gedim bazara meyvə alıb gətirim, yeyim, xoşuma gəlsə, pulunu
verərəm. Axı sizin işiniz üçün almam gərəkən şeylər var.
İstəyirsiz, deyim, özünüz gedib alın. Nə lazımdı edəcəm, vaxt da
qoyacam düzələcək.
- Vergilisiz?
- Bundan sənə nə? Mənim ixtiyarım yoxdu danışmağa. Siz
jurnalistlər kimi danışırsız, elə bil səsimi də yazırsız.
Gülürük.
Üç ildi məni sınaqdan keçiriblər. Mən mövhumatçı adam deyiləm.
BDU-nun tarixini bitirmişəm. Sonra şərqşünaslığı. Musiqi təhsilim
var, ərəb-fars dillərini bilirəm. 13 yaşımdan vergiliyəm. Kitablar
yazmışam. İstəsəniz, sizə də bağışlaya bilərəm.
Bu jurnalist söhbətinin üstündə çox durmadığına görə, elə-belə
"havaya atdığını" fikirləşirik.
Səni salaram hipnoza!!!
Zəng gəlir, danışır:
- Eşidirsən, balam, mən məsələni həll elədim. İndi yanımda
adamlar var, sonra danışarıq.
Yenidən söhbətə qayıdır:
- Sona xanım, saat beş üçün gəlin, nə istəsəniz, götürün. Pul
sohbəti eləməyin. - Siz doğurdan da hər şeyi görürsünüzsə, axı
bilməlisiniz ki, məndə ekstra hiss var.
- Səni salaram hipnoza… Sadəcə, buna vaxtım yoxdu.
- Heç nə edə bilməzsiniz. Məni qoruyan qüvvə var.
- Hansı qüvvə qoruyur səni? Mən bilirəm səni nə gözləyir.
Heyvan dərisinin "lüboy" hissəsindən…
- Mən Allaha güvənirəm. Allah kimisə vuranda da, qoruyanda da
kiminsə əli ilə edir. Allah buyurur ki, neynirsizsə, özünüz-özünüzə
edirsiz. Pisliyi də, yaxşılığı da.
Zəng gəlir.
- Düzəldi? Kimliyinizlə pulu göndərdiz? Mən burda
gözləyirəm.
İkinci telefonuna zəng gəlir. O birini xətdə gözlədir.
- Onun əlinin ölçüsündə heyvan dərisinin "luboy" hissəsindən
verə bilərsiz.
Əlini uzadıb çantamın üzərindəki detalı göstərir:
- Bu işarə massonlarındı. Çalış, üzərində belə şeylər daşıma,
uğursuzluq gətirir.
Yol boyu maşında savaşdığımız üçün bayaqdan qaş-qabağını töküb
oturan sürücümüz nəhayət yorulduğumu görüb, yumşalır və sükutunu
pozur:
- Bayaqdan dinləyirəm, sizdə zərrə qədər mövhumatçılıq,
basıb-bağlamaq… ay nə bilim, cin belə gəldi, şeytan belə getdi-zad
olmadığından sevdim sizi. Bəlkə mənə də bir baxasınız?
Bu dəfə gələn zəngi söndürüb, alnını
ovuşdurur.
40 yaşında Mehdi əz-Zəman
olacam
- Bəlkə məni özünüzə katibə
götürəsiniz?! – görücümüzə deyirəm. - Bu qədər telefona cavab
verməkdən ekstra hissləriniz tükənər. (Burda artıq dodağına qonan
Freydist gülüşdü.)
Tez özünü yığşdırıb ciddiyətə
keçir.
- İkiniz də səmimi adamlarsız.
Sürücü tikanlarını çıxarır:
- Mən səmimiyəm, bunu deyəmmərəm.
- Yox əşi, mən Sonanı çözmüşəm artıq.
Nəyi var, dilindədi. Ürəyi çox təmizdi. Əsil dostluq ediləsi
xanımdı. – Sözünə bir az ara verib davam edir: - Bilirsiz, yanıma
hər kateqoriyadan adamlar gəlir. O gün biri gəlib ki, bəs mən
anadan olanda anam yatıb yuxuda görüb ki, 40 yaşında Mehdi əz-Zəman
olacam. Dedim, get, bir il sonra gəl. Bir il sonra gələndə deyəcəm
ki, artıq sənin 41 yaşın var. Nə oldu?..
Həbsxanaya İvan adıyla
"Astra" siqareti, quru çay göndərirəm
- Mən camaata yaxşı baxmasam, burda,
Şahmat Akademiyasının qarşısında belə bir ofisi beş yüz manata
kirayələyə bilməzdim. Bütün nazirliklər məni sınaqdan keçirib.
Artıq əl içi, ayaq altı işləyirəm (yəqin ki, xiromantiya demək
istəyir).
Bu qədər gəlirlə kimlərəsə əl
tutub–tutmadığın soruşuram.
- Mənim külfətim var, iki bacım… dörd
ailəyə baxıram. Bir nömrəli uşaq evinə yeddi ildi ki, ayaqqabı
göndərirəm. Həbsxanaya "Astra" siqareti, quru çay göndrirəm. Özü də
İvan adı ilə.
- Dindarsız? Bu işləri o biri
dünyanız üçün edirsiz, yoxsa necə?
- O biri dünya üçün yox, sadəcə,
fikirləşirəm ki, bir gün onların yerində mən də, mənim övladlarım
da ola bilər.
Zəng gəlir. Artıq yorulduğumdan nə
danışdığına qulaq verə bilmirəm. Him-cimlə sürücüyə deyirəm ki,
gedək.
Deyəsən "Fantaziya"nın yanında
çürüyən bədbəxti unudub.
Mən sənə sübüt edəcəm ki,
mistik qüvvələr var
Telefonu bağlayıb deyir:
- İnanc tibbi işdi. Axı biz təbabətlə
paralel işləyirik. Dünən "Semaşko"da bir nəfər ölürdü. Tanımırdım
e… əlini kəsirdilər. Üzərində işlədim, kəsmədilər, əlini tikdilər
üstünə.
Gülməyimi boğuram:
- Siz tikdiz?
- Yox, zəng elədim, düzüb-qoşdum,
həkimlər kömək etdi.
- Sona, bala, sabah gəl. Heç nəyə
ehtiyac yoxdu. Mən sənin işlərini yoluna qoyacam. Və sənə sübut
edəcəm ki, mistik qüvvələr var. Bunu da unutma: "könlü balıq
istəyənin quyruğu suda gərək".
Jurnalistlər mənim
dostumdur
Yerimizdən qalxıb minnətdarlıq
edirik. Anidən soruşuram:
- Mən kiməm?
Bunu da mənim növbəti zarafatım kimi
qəbul edib özü də zarafata keçir və qafiyə tutur:
- Balaca bir həkiməm.
- Elşən bəy, mən jurnalistəm.
Təmkinini heç pozmur:
- Lap yaxşı, jurnalistlər mənim
dostumdu. Özüm də zamanında "Təbriz" qəzetinin redaktoru olmuşam.
Sonacan, həmişə yanında olacam sənin. Danışdığımız kimi, sabah saat
beşdə gəl.- Arxamızca sürücüyə səslənir:
- Sən daş, dəmir, çəngəl, bıçaq,
maşından ehtiyatlı ol…
Qapıyacan yola salır. Arxadan məni
çağırır, dönürəm:
- Sona, sağ ol!
Yorğunluqdan səsilə, sözüylə nəyə
eyham vurduğunu tuta bilmirəm.
P.S. Yolda yadıma düşür ki, hörmətli
ekstrasensimizdən anama nəvə istəmədim. Eybi yox, o birilərindən
alaram…