Adam öldürməyə hazır olan taksi sürücüsü...
Adım Maildi. Əliyev Mail. Zəngilandan məcburi köçkünəm. 43 yaşım
var, ailəliyəm, üç uşaq (iki qız, bir oğlan) atasıyam. Saray
qəsəbəsində kirayədə yaşayıram. Taksi sürücüsüyəm.
İt günü
Günümü soruşan olsa, düşünmədən deyərəm: it günündə!
İldən-gündən xəbərim olmur. Nəyimə lazım, nə fərqi var?! Ancaq indi
bilirəm ki, sentyabrdı, (layihə sentyabrda hazırlanıb.- red.)
dərslər, daha doğrusu, dərdlər başlayır.
Alınmır, aldırırıq
Çörəyimi daşdan çıxarıb dolanmağa çalışıram. Alınmır. Aldırırıq.
Çünki buna məcburuq. Problemlərin altında xürd-xəşil olmuşuq.
Ailədə 6 nəfərik. Anam, yoldaşım, uşaqlarım. İşləyən tək mənəm.
Anam 80 manat pensiya alır, məcburi köçkün kimi 70 manat müavinət
verirlər. Sürücülükdən isə qazancım ayda üç-dörd yüz arası olur.
Onun da iki yüzünü verirəm maşının icarəsinə. Elə ay olur ki, onu
da verə bilmirəm.
İkisi də rüşvətdi, amma…
Lisenziyanı soruşursunuz, ancaq baxın, lisenziya belədi ki,
Nəqliyyat Nazirliyi ayda 60 manat istəyir. İşçiləriylə düz-qoş
etmişəm, ayda 30 verirəm. Düzdü, ikisi də rüşvətdi. Amma neynəmək
olar?! Birdəfəlik həll eləmək də olmur. İllik var, o da 1500
manatdı. Həm də bununla bitmir axı, bunun vergisi, sığortası,
sosialı var…
Onun pulunu verincə ölüb-dirilirəm
Mən nə yaxşı ata, nə yaxşı ər, nə də yaxşı övladam. Sadəcə,
onlara acından ölməmələri üçün çörək aparan bir fiquram. Qızımın
biri onda, biri səkkizdə, oğlumsa ikidə oxuyur. Məktəb açılır, mən
onlara hələ də paltar ala bilməmişəm. Hələ böyük qızın əlavə
məşğələləri var. Onun pulunu verincə ölüb-dirilirəm. Yoldaşıma da
demişəm ki, ac-susuz qalsaq da, uşaqları mütləq oxudub adam
etməliyik. Bizim çəkdiyimiz zülmü çəkməsinlər deyə. And içə bilərəm
ki, mənim uşaqlarım bir dəfə də olsun bulvara getməyib.
"SOCAR"a, "BP"yə sürücü götürməyə 2000 manat
istəyirlər
Vəziyyət çox çətindi. Ancaq yoldaşım anlayışlıdı. Düzdü, bəzən
onun da dözümü qalmır, deyinir, dava-dalaş çıxır evdə. Haqlıdı da.
Amma neynəmək olar?! Taleyimizdi də. Uşaqlar çox şey istəmir.
Telefon-filan, belə şeylər. Bircə böyük qızım hər gün deyir: @Ata,
mənə kompüter al". Mən də aldadıram. Hər gün deyirəm, alacam. Amma
necə?! Xəcalətliyəm ailəmin qarşısında. Belə, zəhmətkeş adamam ee,
işdən qorxmuram. Babat maaş versələr, 24 saat işləməyə hazıram.
Şirkətlərə müraciət edirəm, CV yazıb qoyuram, oralarda da iş yoxdu.
Olanda da maaşı elə eynidi, üç yüz manat. Yenə beş yüz olsa,
çulumuzu sudan birtəhər çıxararıq. Neft Şirkəti yaxşı maaş verir.
"Socar", "BP" - onlarda da 500 manat maaşa 1000, 800 manata isə
2000 rüşvət istəyirlər.
Bəs o iki ayı necə yaşayaq?
Düzdü, iki aylıq maaşımı verib işlərəm. Ancaq fikirləşirəm ki,
bəs o iki ayı necə yaşayaq? O hesabdan kənara çıxsaq, batarıq.
Bizdən o pulu istəyənlər orayla əlaqəsi olan adamlardı, hətta taksi
ilə durduğumuz əraziyə gəlib tez- tez təklif edirlər bizə.
Prezidentimiz yaxşıdı…
Gününü dəqiq bilməsəm də, bilirəm ki, prezident seçkisi
oktyabrda olacaq. Mən həmişə seçkilərə getmişəm. İlham Əliyevin
danışıqları məndə həmişə umid yaradır: Hər dəfə yaxşı olacağını
deyir axı. İnanıram ki, yaxşı olacaq. O boyda kişi özü deyir ee
bunu. O gün çıxışına baxdım, əlinə döndüyüm, gördüz necə tənqid
etdi məmurları?! Demişəm də, prezidentimiz yaxşıdı, ətrafdakı
məmurlar pisdi. Məncə, onun xəbəri olmur yerlərdəki məmurların
özbaşınalığından-zaddan.
Xalq azaddı, amma acdı
Düzdü, biz neft ölkəsiyik, daha yaxşı yaşamağa haqqımız var.
Odey, bax Kuveytə, ərəb ölkələrinə, gör xalqı necə yaşadırlar? Mən
işimlə əlaqəli xarici vətəndaşlara çox danışıram. Onlar deyir, siz
belə yaşayışa layiq deyilsiz. O gün bir türk vətəndaşı deyir: "İndi
gərək sizin ən kasıb vətəndaşınızın belə qapısının dəstəyi qızıldan
ola". Baxdım ki, düz deyir də, vallah. Hansı xalqdan əskiyik?!
Əvvəllər ANS-ə baxıb inanırdım
Televizora baxmağa vaxtım olmur. Axşam gedirəm evə, bir tikə
çörək yeyib yatıram. Əvvəllər ANS-ə baxıb inanırdım ki, düz
danışırlar. Düzünü desəm, bu dəqiqə evdə televizor işləmir.
Kanallar qarışıb bir-birinə. 20 manat lazımdı usta gətirib
kanalları yenidən yığdırmağa.
İsrail əjdaha sənətkardı
Ağadadaşı, Məhəbbət Kazımovu, Baloğlanı, İsrail xoşlayıram...
İsrail əjdaha sənətkardı. Yazıçılardan Bəxtiyar Vahabzadəni,
şairlərdən… hmmm… Nədi o, naxçıvanlı, Arazdı adı. Hə, ay sağ ol,
Məmməd Araz. Adlarını eşitmişəm də, şəxsən hardan tanıyacam?!
İyirmi beş ildi nazirdirlər
Millət vəkili nədi? Hə, deputat… Deputatlardan heç birini,
nazirlərin əksəriyyətini tanıyıram. İyirmi beş ildi nazirdilər də,
necə tanımayım?! Məsələn, cənab Ramil Usubov, cənab Ziya Məmmədov
və s.
Xəyalıın belə qura bilmədiyi arzu
Öz evimizin olmasıdı ən böyük arzum. Beş min manat tapsam,
torpaq alaram.
Heç birini bilmir
Vallah, başımı elə itimişəm, həyat yoldaşımın, uşaqların heç
birinin ad gününü bilmirəm. Bildiyim təkcə özümküdü. Fevralın 23-ü.
Balıq bürcündənəm.
Yoldaşına sonuncu hədiyyəsi
Üç ay əvvəl yoldaşıma ətir bağışlamışam. Ucuz da olsa, "8
mart"da, "Sevgililər günü"ndə hədiyyə alıram.
Heç vaxt
Yox əşi, nə danışırsız, ailəlikcə yeyib-içmək üçün hansısa bir
restorana, kafeye getmək nədi? Əlbəttə, bir qadın kimi belə şeylər
yoldaşımın ürəyindən keçə bilər. Bəzən deyirəm də: gedək, birlikdə
gəzək-filan. Deyir: çöldə xərclədiyimiz pulu bir dərdimizə-sovumuza
verərik.
"Bazlıq", xəyanət…
Kişiyik də. Bazlıq da olmalıdı. Amma elə işlərə də kasıbçılıq
imkan vermir. Hətta bir xanım deyəndə ki, gedək bir yerdə yemək
yeyək, məcburən "yox" deyirəm. Düzdü, yoldaşım mənə görə bütün
qadınların ən gözəlidi, amma bunun məsələyə dəxli yoxdu. Elə belə,
ötəri münasibətlər xəyanət sayılmır, məncə. Bir dəfə xəyanətimi
bilib bağışlayıb, ikinci dəfə bağışlamaz. Ona görə ehtiyat edirəm.
Ümumiyyətlə, kişilər gərək qadınına belə şeyləri hiss
elətdirməyə.
Adam öldürə bilərəm
Bəlkə də adam öldürə bilərəm. Namus üstündə. Necə yəni namus
nədi? Hər şey. Namussuz adam necə yaşaya bilər? Namus qeyrətdi.
Qeyrət nədi? Hər şey. İzah eləməkdə çətinlik çəkirəm, amma mənim
üçün hər şeydi.
Zəngilan qaytarılsa...
Oynaya-oynaya gedərəm. İnanıram ki, qaytarılacaq. Ancaq artıq
belə başa düşmüşəm ki, bizim taleyimiz öz əlimizdə deyil. Rusların
əlindədi.
Telefon zəngi
Evdəndi. Yox, yoldaşıma deyə bilmərəm ki, bir jurnalist xanımla
oturub, müsahibə verirəm. Gülməli gələr ona. Qısqanclığı bir yana,
deyəcək ki, işin-gücün yoxdu? Nə xeyri var onun bizə?..