Kim bilir, bəlkə də mən yaxşı bir yazıçı ola
bilərdim
Millət vəkili, politoloq Aydın Mirzəzadə ilə müsahibə üçün
vədələşəndə Azərbaycanda olmadığını dedi. Söz verdi ki, Bakıya
qayıdan kimi əlaqə saxlayacaq. Həm də razılaşdıq ki, çalışıb bir
qədər siyasətdən uzaq söhbət edəcəyik. Bu mənim üçün də sərfəli
idi, Aydın bəyi "Gerçəkləşməyən arzular" lahiyəsinə "qonaq"
edəcəkdim.
Aydın bəy də çox güman ki, siyasi şərhçiliyin və aktiv siyasətdə
olmanın "yorğunluğunu" unudacaqdı. Şənbə günü çay evlərindən
birinin sakit və səliqəli otağında "Axar.az"ın dəyərli oxucularının
oxuyacağı bu söhbət isə deyəsən heç də siyasətdən uzaq olmadı.
- Gəlin, başdan başlayaq, yeniyetmə, 15-16 yaşlı
Aydından danışaq. Heç düşünürdünüzmü nə vaxtsa Milli Məclisdə xalqı
təmsil edəcəksiniz?
- Böyüdüym ailə çox zəhmətkeş ailə olub, elmə həmişə önəm
verilib. Mən ali məktəbə daxil olanda artıq bir ali məktəbi
bitirmişdim. Atamın üniversitetini, həyat məktəbini deyirəm. Atam
bizi həmişə mədəniyyətə, tarixə, insanlığa, müasirliyə, inkişafa
istiqamətləndirib. Ailəmizdə olan bu mühit mənim ziyalı kimi
yetişməyimə münbit şərait yaratdı. Heç zaman düşnməzdim ki,
təmsillik mövqelərində olaram. Amma yaşadığım mühitin məni ziyalı
kimi yetişdirəcəyinə əmin idim. Çoxlu kitablar oxuyurudm. Bu
kitabların, yiyələndiyim təhsilin axarının məni hara aparacağını
bilmirdim. Amma bilirdim ki, mən ailəmə, atama, onun tövsiyyələrinə
layiq olacağam. Deputat olmağım və parlamentdə xalqı təmsil
etməyim, xarici dövlətlərə ölkəmin nümayəndəsi olaraq etdiyim
səfərlər isə mənim taleyimdir.
Bizi yönləndirməyiblər
- Valideyinlərinizin sizinlə bağlı olan arzuları çin
olubmu? Bu günkü durumunuz, millət vəkili olmanız bəllidir ki, o
arzuların gerçəkləşməsi kimi düşünülə bilər. Amma həqiqəti Siz
bilirsiz o arzularla bağlı...
- Ailədə altı uşaq böyümüşük. Bizi hansı sənəti seçmək
məsələsində yönləndirməyiblər. Birinci sinfə gedəndə gördüm ki,
oxumaq çox maraqlıdır. Orta məktəbi bitirdikdən sonra hər hansı ali
məktəbə qəbul olunmağım qarşıma məqsəd kimi qoyulmamışdı. Məqsəd
savadlanmaq, elm sahibi olmaq idi. Valideyinlərimiz bizə sərbəstlik
vermişdi. Arzuya qaldıqda isə hər bir valideyinin arzusudur övladı
sağlam böyüsün, ixtisasa yiyələnsin, möhkəm ailəsi olsun. Bu
baxımdan demək olar ki, valideyinlərimin arzuları gerçəkləşib.
Atam 60-cı illərdə latın qrafikalı əlifba
yaratmışdı
- Məktəb vaxtı hamının arzuları var idi. Bəs siz özünüzü
hansı yolun yolçusu kimi görürdüz? Kim idi idealınız, kimə oxşamaq
istəmisiz?
- 9-cu sinfə qədər hüquqşünas olmaq istəmişəm. Heç bilmirəm nəyə
görə. Ailəmizdə də, nəslimizdə də hüquqşünas yox idi. Daha sonra
isə mühəndisliyə marağım artdı. Ola bilsin ki, mən böyük bir sənaye
şəhəri olan Mingəçevirdə doğulub böyümüşdüm və hər il orada
yeni-yeni sənaye ocaqları tikilirdi. Buna görə də mühəndis olmaq
istəyi mənim arzularımı hüquqşünas olmaqdan çəkindirdi.
Atama oxşamağa çalışmışam. O, zəhmətkeş, ailəcanlı idi və
ətrafın ona həmişə hörmət etdiyini görmüşəm. Onun kimi olmaq
istəmişəm. Atam şairdir - el şairi. Atam ötən əsrin 60-cı illərində
özü üçün Azərbaycan dilinin latın qrafikası üzərində əlifbasnı
yaratmışdı. Öz şeirlərini həmişə bu əlifba ilə yazırdı.
Heydər Əliyevə oxşamağa çalışmışam
- Necə qorumuşdu o əlifbanı? Axı o dövr çətin idi...
- Bilmirəm. Bəlkə də özünü qoruma mexanizmi düşünmüşdü. Amma
qoruyub saxlamışdı. O, milli adamdır. 1956-cı ildə Mirzə İbrahimov
Ali Sovetin sədri olanda Azərbaycan dilinin dövlət dili olması
haqda qərar qəbul olunmuşdu. Atam o zaman Mingəçevir Su Elektrik
stansiyasında növbə mühəndisi işləyirmiş. Həmin qərar qəzetdə dərc
olunan gün bütün növbə jurnallarını Azərbaycan dilində doldurub,
yazışmaları öz ana dilimizdə aparıb. 3 gün DTK-nın əməkdaşları
tərəfindən sorğu-sual olunub ki, sən hansı millətçi təşkilatın
üzvüsən ki, jurnalı rus dulində deyil, Azərbaycan dilində yazmısan?
Atam deyəndə ki, belə qərar var, deyiblər, o qərar boş şeydir.
Eyni zamanda da Heydər Əliyevə oxşamaq istəmişəm. 1969-cı ildə
Heydər Əliyev ölkənin rəhbəri seçildi. O zaman mənim 12 yaşım var
idi. Bir dəfə atamla əmim söhbət edəndə eşitdim ki, əmim atama
deyir, respublikanın birinci katibi cavandır. Görən necə işləyəcək?
Evimizdə həmişə müzakirələr gedirdi. Mənim fikrimdə artıq Heydər
Əliyev müsbət şəxs kimi formalaşmışdı. Heydər Əliyevi isə iilk
dəfə1975-ci ildə birinci kursda oxuyanda görmüşdüm. Bakıda
kondisioner zavodunun açılışı idi. Biz tələbələri də aparmışdılar.
Tribunaya yaxın durmuşdum. Üzündəki ləyaqət və liderlik diqqətimi
cəlb etdi.
İki romanım, 50-dən çox hekayəm var
- Aydın müəllim, Sizi həm də ədəbiyyat adamı
söyləyirlər. Amma nədənsə yazılarınız dərc
etdirmirsiniz.
- Müəyyən qədər yaradıcılığım olub. İki romanım, 50-dən çox
hekayəm var. Bəzilərini dərc etdirmişəm. Ciddi siyasətlə məşğul
olduğum üçün yaradıcılığımı saxlamışam. Çap olunmamış Qarabağ
mövzusunda romanım var. Bilirsiz, mənə elə gəlir ki, adam ancaq bir
işlə məşğul omalı və onu mükəmməl yerinə yetirməlidir. Düşünürəm
ki, cəmiyyətə iki Aydın Mirzəzadə təqdim etmək düzgün olmazdı.
Yaradıcılıq işi böyük məsuliyyət tələb edir.
Bəlkə də mən yaxşı bir yazıçı ola bilərdim
- Bəs mütaliə ilə aranız necədir?
- Çexovun hekayələrini xoşlayıram. Cəlil Məmmədquluzadənin,
Haqverdiyevin əsərlərini sevə-sevə oxumuşam. Klassiklərimizi, dünya
ədəbiyyatını oxumaqdan yorulmuram. Kim bilir, bəlkə də mən yaxşı
bir yazıçı ola bilərdim. Elə mənim hekayələrim Cəlil Məmmədquluzadə
tərzindədir. Çap olunmamış Qarabağ mövzusunda romanım var. Məndən
yaxşı ssenarist olardı. Bəzən avtomobillə səfərə çıxanda beynimdə
bir ssenari yazılır. Hiss edirəm ki, mən daha nələrisə edə
bilərdim. Beynimdə müəyyən bir model yaranır. Bu fikirləri sanki
yaddaşımın arxivinə atıram. Düzdür, yazılarımı dərc etdirmirəm.
Bilirsiz, mənə elə gəlir ki, adam bir işlə məşğul olar və həmin işi
mükəmməl yerinə yetirər. Düşünürəm ki, cəmiyyətə iki Aydın
Mirzəzadə təqdim etmək bəlkə düzgün olmazdı. Siyasi şərhçi,
politoloq, millət vəkili və yazıçı Aydın Mirzəzadə. Yaradıcılıq işi
daha məsuliyyətli olmalıdır.
Yaxşı ki, Hüseynbala Mirələmov var
- Düşünürsüz ki, siz politoq kimi, siyasətçi kimi
millətin yaddaşında daha çox qala bilərsiz, nəinki yazıçı
kimi?
- Mən artıq siyasətçi kimi beş kitab müəllifiyəm. Axrıncı
"Qarabağ düyünü" kitabımdır. Bir neçə dilə tərcümə olunub və
xaricdə dərci gözlənilir. Gələcəkdə yazacağım başqa siyasi kitablar
da olacaq. Amma bədii yaradıcılığa gəldikdə çox təəssüf ki, bu gün
bədii yaradıcılıqla məşğul olmaq istəyən gənclərimiz çox azdı. Və
bunun nəticəsidi ki, bu gün bizim dramaturqlarımız, uşaq
şairlərimiz yoxdu. Mən bir söz demirəm, cavanlarımızdan kimsə nəsə
yaza bilər, amma mən ədəbiyyatımızda böyük bir boşluq görürəm.
Hərdən fikirləşirəm ki 21-ci əsr Azərbaycan ədəbiyyatında kimlərlə
yadda qalacaq? Hansı əsəri, hansı romanıyla, hansı belə səs salan
yaradıcılığıyla. Yaxşı ki, Hüseynbala Mirələmov var. Gənc şairlərin
hansısa şeirləri sensasiyaya çevrilə bilər, düşündürə bilər. Mən
təəssüf ki, oları görə bilmirəm. Sevimli aktirisamız Həmidə
Ömərovanın gözəl hekayə yaradıcılığı var. Niyə o indi yazmır, mənim
üçün çox təəccüblüdü. Bəlkə o da mənim kimi fikirləşır ki, elə
aktirisa kimi tanındı, kifayətdi.
Aydın bəy gənc ədəbi nəsli izləmir
- Gənclərdən söhbət açdıq. Siz iki nəfərin adin çəkdiz
və bunların heç biri gənc ədəbi nəslə məxsus deyil. Qorxmursuz ki,
oxucuda bu təəssürat yarana bilər, Aydın bəy gənc ədəbi nəsli
izləmir?
- Əgər hörmətli oxucu bu qənaətə gələrsə, bəlkə də onun
dediyində həqiqət var. Mən onlarla mübahisə eləmək istəmərəm. Amma
mənim nəzərimdə yaradıcı insan o insandır ki, hətta bu sahə ilə
maraqlanmayan insanın belə yaddaşını vaxtaşırı döyür. Bəxtiyar
Vahabzadəni ədəbiyyatla maraqlanmayan insana tanıtmağa ehtiyac var
idimi? Bəlkə Səməd Vurğunu, İlyas Əfəndiyevi tanıtmağa ehtiyac var?
Və yaxud da ki, Hüseynbala Mirələmovu götürək, həm muhəndisdi, həm
siyasi xadimdi, həm də yazar. Onu oxucuya tanıtmağa nə ehtiyac?
Məsələn, gözəl bir şairimiz var, Musa Urud. Mən ona deyirəm ki,
Musa, cox təəssüf ki, sən deputat olmusan. Sən axı gözəl bir şair
ola bilərdin. Bura sərf elədiyin vaxta Azərbaycan ədəbiyyatını
zənginləşdirə bilərdin.
- Birdən o da sizə adekvat cavab verərdi. Deyərdi ki, Aydın
müəllim, siz də gözəl bir mühəndis ola bilərdiz. Bu gün şəhərimiz
demək olar ki, yenidən tikilir, niyə gəldiz deputat olduz,
siyasətlə məşğul oldunuz...
- O bunu demədi. Mən bir söz demirəm. Onun haqqı var idi deməyə.
Hərdən maraqli bir şeirə, yaxud hekayəyə təsadüf edirəm. Oxuyuram,
bəyənirəm. Görünür, istedadlı yazmaq da azdı. Gərək sözünü
cəmiyyətə çatdırmağa da enerjin, bacarığın çata. Kim fikirləşirsə
ki, mən yazıram və cəmiyyət bunu tanımağa və oxumaqa məcburdu,
fikirləşirəm ki, səhvə yol verirlər.
Şekspir pyeslərini özü yazmayıb
- Aydın müəllim, bəzi yazarlarımız, xüsusən də
gənclərimiz belə bir ifadə işlədir. "Mənim on nəfər intelektual
oxucum olsa, bəsidir. On nəfər üçün yazım kütlə üçün yazmayım".
Bəziləri isə hətta o iddiadadır ki, Hüseynbala müəllim əsərlərin
özu yazmır, kimlərəsə yazdırır?
- Maraqli bir paralel gətimək istəyirəm. İndiyənə qədər mubahisə
gedir ki, Şekspir pyeslərini heç də özü yazmayıb. Amma bu
dedi-qodularla yanaşı Şekspir bu gün dünya ədəbiyyat tarixindədir.
Əgər Hüseynbala Mirələmovu bunda ittiham edirlərsə, yanılırlar.
Hüseynbala Mirələmov ədəbiyyata həmin əsərləri ilə özünəməxsus
töhfələr verir. Dramatrugiyadakı boşluğu doldurur.
- Siz gəncləri yox, daha çox orta və yaşlı nəsl
yazarların adını çəkdiz. Bəlkə doğurdan da sizin vaxtınız yoxdur
gənc yazarları oxumağa. Parlamentdə təmsil olunan yazıçı və şairlər
sizə kitablarını təqdim edir, ancaq vaxt tapıb onları izləyə
bilirsizmi?
- Dediyiniz faktorlar əlbəttə ki, var. Şübhəsiz, mənim tanışım
olan yazarlar kitablarını birinci mənə təqdim etməkləri onları daha
yaxından tanımağıma kömək edir. Amma bayaq mən sizə dedim heç vaxt
gənc yazar fikirləşməsin ki, mən istedadlıyam, mənə mütləq şərait
yaratmalıdırlar ki tanınım. Yaxşı əsər onsuz da müəllifini
tanıdacaq, bunun geci-tezi var.Amma istedadla yanaşı yazarın
içərisində bir enerji də olmalıdır. Onu qabaqa aparan, onu
tanıtdıran və s.
- Aydın müəllim, sizinlə söhbətdən belə başa düşdüm ki
ədəbiyyatımızda boşluq var.
- Mən bir az başqa cür baxıram. Mən deyərdim ki, boşluq görünür,
"boşluq var", yox. Bəlkə Aydın Mirzəzadənin oxumadığı, tanımadığı,
fikir vermədiyi istedadlı yazarlar var. Sabah kimsə bu musahibəni
oxuyandan sonra mənə etiraz edə bilər ki, sən filan kitabi
oxumamısan, filan əsərdən xəbərin yoxdur. Mən məmnuniyyətlə onu
dinləyərəm və razılaşaram. Amma mən yenə də demək istəyirəm ki,
istedad hətta o sahəylə maraqlanmayanın belə qafasını vaxtaşırı
döyür, onu həmin diqqətə gətirib çıxardır…
"Qanun" nəşriyyatı ədəbiyyata xidmət edir
- Şəhərlərimizdə yeni binalar tikilir, körpülər, gözəl yollar
çəkilir, hər şey yaxşılığa doğru gedir. Amma nədənsə kitab
mağazalarımız banklara, kommersiya obyektlərinə, marketlərə, hətta
saunaya çevrilir. Bir qrup iş adamı elə bil, başqa yerləri yox,
ancaq kitab mağazalarını zəbt edir.
- Şübhəsiz bu problemi görürəm və bu məsələlərə ürək ağrısı ilə
yanaşıram. Mərkəzdə heç olmasa bir-neçə kitab mağazası qalıb. O da,
belə deyək, bu işə həddən artıq bağlı olanların, yaxud da ki bir
kommersiya növü kimi qalıb. "Əli və Nino" kitab mağazası var.
"Qanun" nəşriyyatı var, kitab nəşri ilə məşğul olur. Düzdür,
onların da biznes maraqları var, amma kitaba, ədəbiyyata xidmət
edirlər. Düşünürəm ki, formatlar dəyişməlidir, baxmayaraq ki, həmin
o yeni format çox gec gəlir, amma arzu edək ki, bu olacaq.
- Sizin fikirinizcə bu nə zaman olacaq ?
- Zaman problemi yaratdığı kimi, özü də həll edəcək.