"Axar.az" saytı bu gündən etibarən virtual məkanda, sosial
şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsinə
başlayır. Davamlı olaraq virtual aləmin məşhurları ilə
söhbətlərimiz olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox
paylaşılan və "feysbukun" "1" nömrəsi olduğunu isbatlayan
müsahibimiz mükafatlandırılacaq.
Layihənin birinci qonağı bloqçu, Reportyorların Azadlıq və
Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı və "Sancaq prodakşn"ın
direktoru Mehman Hüseynovdur.
Sosial şəbəkələrdə nə zamandan populyarlaşmağa
başladın?
- "Feysbuk"da, ümumiyyətlə virtual məkanda fəaliyyətim 5-6 il
öncədən başlayıb.
Populyarlıq sözündən xoşum gəlmir. Fəaliyyətim son 2-3 ildə daha
da aktivləşib. 2 ildir ki, Azərbaycanda ən çox izlənilən və
fəaliyyətdə olan "feysbuk" istifadəçilərindənəm.
Bu virtual populyarlığın avantajları və dezavntajları
nədir?
- Üstünlükləri çoxdur. Məşhurluq insana stimul verir. Ancaq
bunun xoşagəlməz tərəfləri də var. Bəzən virtual aləmdəki bu
tanışlıq və ünsiyyət real həyata keçməyə başlayır. Kimlərsə narahat
edir, fəaliyyətimi tənqid adı ilə təhqir edirlər. Bunların hamısı
paxıllıqdandır. Nəyisə bacarmırlarsa, bu o demək deyil ki,
bacaranları təhqir etməlidirlər.
Niyə son zamanlar daha çox polislərdən materiallar
hazırlayırsan?
- Son 5-6 ildə məmurların fəaliyyətini tənqid edirəm. Ancaq son
zamanlar polislərə daha çox yer verirəm və onların qanunsuz
hərəkətlərini daha çox işıqlandırmağa çalışıram. Düşünürəm ki,
onların bu cür hərəkətləri davamlı olaraq heç kim tərəfindən
işıqlandırılmır və tənqid olunmur. Mitinq və aksiyalardakı polis
özbaşınalıqlarını gördükcə mən bu fikrimdə daha da qətiləşirəm. Ona
görə qərara gəldim ki, polislərin qeyri-qanuni hərəkətlərini çəkib
göstərməyi öz öhdəliyimə götürüm.
Bu qədər amansız olmağının nəsə şəxsi bir səbəbi var
bəlkə?
- Bəli, bir az da şəxsi səbəblərdəndir. Açıq deyirəm ki,
polislərə qarşı antipatiyam var. 2012-ci ildə mənə qarşı cinayət
işi açılıb. Cinayət işində yazılmışdı ki, guya mən peşə
fəaliyyətimi yerinə yetirərkən 6 polisi döymüşəm. Özü də bu
polislər xüsusi təyinatlı sayılan çevik polis alayının
əməkdaşlarıdır. Gülə-gülə boynuma qoydular. Təsəvvür edirsən, səni
ifadə adı ilə bölməyə çağırırlar. Gəlirsən və sənə deyirlər ki, 6
çevik polisi döymüsən və onların da bir neçəsi xəstəxanadadır. Bu
cür qondarma ittihamla məni günahlandırandan sonra onlara qarşı bu
münasibətim yarandı.
Polis dostların var?
- Bütün rayonlardakı polislər məni tanıyır. Dost-tanışlarımın
vasitəsilə onların məni tanıdığını və haqqımdakı düşüncələrini
öyrənə bilirəm. Ancaq mənim şəxsən dostluq etdiyim polis yoxdur.
Çünki mənə görə polis peşəsini hədsiz dərəcədə gözdən salıblar.
Onlarla necə dostluq edə bilərəm? Onlara etibar etmirəm.
Mehman, yadımdadır ki, sən 2008-2011-ci illər arasında
"feysbuk"da çox söyüşlə yazırdın. İzləyicilərin artandan sonra isə
bu söyüşləri azaltdın, ümumiyyətlə heç yazmırsan. Bu nə ilə
bağlıdır, bəlkə söyüşlə yazmaq sənə populyarlaşmaq üçün lazım
idi?
- Düzdür, əvvəllər söyüşlü statuslar çox yazırdım. Məncə, bu,
normal haldır. İndi isə azaltmışam və demək olar ki, söyüşsüz
yazıram. Bunun bir səbəbi də mənə qarşı açılmış cinayət işi ilə
bağlıdır. Çünki cinayət işinin sənədlərində polisləri söyüb təhqir
etməyimlə bağlı yazılar var idi. Başqa bir səbəbi də var. Mən özüm
üçün sosial şəbəkənin qaydalarını yaratdım. Daha çox insanları
ətrafımda cəmləməyə və fikirlərimi tənqidi şəkildə bildirməyə
çalışıram. İstəyirəm ki, təhqirə yol verməyim. İnsanları səhifəmə
daha çox cəlb etmək üçün çalışıram ki, söyüşlərdən istifadə etməyim
və daha korrekt şəkildə öz fikirlərimi çatdırım. Söyüşlə nəsə
yazmağa pis baxmıram. Bu da fikri çatdırmaq üçün bir vasitədir.
Sosial şəbəkə hər insanın şəxsi virtual həyatıdır. Bu baxımdan nə
istəyir, yaza bilər. Məsələn, məndə paylaşımlarda heç bir
məhdudiyyət yoxdur. Siyasi satira da var, ancaq yumordan ibarət
olanlar da var. Qəbul etmədiyim şey odur ki, kimdənsə xəbərsiz onun
şəxsi virtual həyatı sayılan hansısa yazışmaları və ya hansısa bir
şeyi paylaşasan.
Bəs necə düşünürsən, istisnalar yoxdur?
Yox var. Məsələn, hər hansısa lider və ya ətrafına insan kütləsi
toplamış birisinin heç kimin bilmədiyi mənfi əməlləri varsa və
geniş kütlələr bundan xəbərsizdirsə, bunu paylaşmaq lazımdır. Çünki
hər bir insan öz inandığı və özünə lider saydığı insanın gerçəkdə
kim olmasını bilmək haqqına sahibdir.
Özünü daha çox jurnalist hesab edirsən, yoxsa
bloqçu?
- Yaxşı sualdır. Çünki sosial mediadakı fəaliyyətimlə jurnalist
fəaliyyətimi qarışdırmaq istəməmişəm. "Feysbuk"da yazdıqlarım mənim
şəxsi fikirlərimdi və çalışdığım qurumun mövqeyi deyil.
Yox, mən onu demirəm. Bax, jurnalistika ilə məşğul olan
insan muxbirlikdən baş redaktorluğa və təsisçiliyə qədər uzun bir
yol keçir. Sən özünü redaktor və ya baş redaktor kimi
görürsənmi?
- Yox. Mənim fəaliyyətim əsasən foto-video və bloqçuluqdur.
Yəni ki, yeni media?
- Hə, məhz elə. Özümü yeni mediadan kənarda təsəvvür etmirəm.
Bu, elə sırf mənim işimdir.
Bəs öz medianı qurmağı düşünürsənmi, məsələn,
televiziya-filan?
- Hələ ki, qarşımda başqa bir məqsədim yoxdur. Ancaq birmənalı
olaraq nəsə demək istəmirəm. Zamanla ola bilər ki, belə bir şey
olsun. Ancaq bununla bağlı heç bir planım yoxdur.
Bir az da universitet illərindən danışaq. Sosial
mediadakı aktiv fəaliyyətin sənə problem yaratmayıb?
- Çox problemlər yaradıb. Mənim sosial mediadakı fəaliyyətim
özümə yox, universitetin dekanlıq və rektorluğuna əməlli-başlı
problem yaradırdı. Mən də çalışırdım ki, bu problemlərdən istifadə
edim.
Necə istifadə edirdin?
- Xatırlayırsınızsa, ərəb ölkələrində inqilablar olan zaman
Bakıda mart aylarında çoxlu aksiyalar keçirilirdi. Demişdilər ki,
guya gənclərimiz inqilab edəcək. Mən də videolar hazırlayırdım.
Həmin ərəfədə MTN işçiləri məni oğurlayıb rektorun yanına
aparmışdılar. Həmin gün rektorla şifahi razılığa gəldik. Dekan da
orda idi.
İqtisad Universitetində oxumuşdun da?
Hə İqtisad Universiteti idi. Dekanın iştirakı ilə rektor
Şəmsəddin Hacıyev ilə söhbət etdik. O zaman mənə dedi ki, sən
tələbələrə təsir edə bilirsən. Sənin fikrin bizim üçün ona görə
önəmlidir. Biz sənə icazə veririk ki, sən dərslərə gəlməyəsən və
imtahanlarda da biz sənə kömək edəcəyik. Amma bu razılaşma bizim
aramızda qalacaq. Mən fikirləşdim və onunla razılaşdım. Çünki hesab
edirəm ki, Azərbaycanda universitetə getməklə-getməməyin arasında
elə böyük bir fərq yoxdur, təhsilin səviyyəsi çox aşağıdır. Həmin
universitetdə dəyərli vaxtımı boşa verirdim.
Yaxşı, bəs bu razılaşmada rektorun qazancı nə
idi?
- Onların qazancı o idi ki, mən dərsə gəlməyəcəm və
universitetdəki tələbələrlə kontaktda olmayacam. Dolayısı ilə,
tələbələri etiraza kökləməyəcəm. Onlar qorxurdu ki, mən tələbələri
ayağa qaldıraram. Çünki tələbələrə təsir edə bildiyimi görürdülər.
Mən bir müəllimə etiraz edən zaman 20 nəfər məni dəstəkləyirdi və
ayağa qalxırdı. Bu barədə heç yerdə deməmişəm. Dekanla taksidə
rektorun görüşünə gedən zaman mənə maşında yalvarırdı ki, rüşvət
alması və digər qara işlərlə bağlı Şəmsəddin Hacıyevə heç bir
məlumat verməyim. Mən də bildirirdim ki, rektor məndən hansı sualı
soruşsa, ona cavab verəcəm. Əvəzində isə mənə deyirdi ki, biz sənə
kömək edəcəyik. Qorxduqlarına görə nə istəyirdim, edirdilər. Hətta
diplom işimi belə, başqası yazıb. Heç xəbərim yox idi ki, mənim
yerimə diplom işini kim yazıb, necə yazıb. Diplomu da çoxundan tez
aldım.
Bildiyim qədərilə sənə işlə bağlı çox yerdən təklif
gəlir. Niyə qəbul etmirsən?
- Heç zaman pul mənim üçün dəyər olmayıb. Öz bacarığımı
göstərmək üçün, öz vətəndaş borcumu yerinə yetirmək üçün əlimdən
gələni etmişəm. Azərbaycan mətbu orqanlarından eləsi olub ki, aylıq
2-3 min manat təklif ediblər. Azadlıq mənim üçün əsas faktordur.
Hazırladığım, çəkdiyim və yazdığım materiallara heç kim qarışa və
azadlığımı məhdudlaşdıra bilməz. Bütün bu yayımladığım
materialların məsuliyyətini özüm daşıyıram və istənilən zaman cavab
verməyə hazıram.
Rusiyadan da sənə iş təklifi gəlmişdi, eşitdiyimə görə,
yaxşı pul təklif edirdilər. Niyə razılaşmadın?
- Rusiyanın ən tirajlı media qurumlarından olan bir kanal
mənimlə əməkdaşlıq etmək istəyirdi. Dedilər ki, Bakıda ofis açırıq
və orda çalışan lazımdır. Həftə ərzində 4 videoreportaj hazırlamalı
idim. Bu da ay ərzində 16 reportaj edir. Hər reportajıma görə, 700
avro pul təklif edirdilər. Fantastik rəqəm idi. Mən bununla
razılaşdım. Çünki fikirləşirdim ki, bu yol ilə beynəlxalq mediaya
çıxa bilərik və bunun sayəsində ölkəmizdəki məsələləri dünya
ictimaiyyətinə çox rahatlıqla çatdıra bilərəm. Ancaq sonra vəziyyət
dəyişdi və mən əmin oldum ki, Azərbaycana qarşı Rusiyada başlayan
qaralama kampaniyasının içində mənə iş təklif edən kanal da var.
Orxan Zeynalov məsələsində məhz həmin telekanal bu kampaniyanın
arxasında idi. Mən sırf buna görə onların təklifinə verdiyim
razılığı ləğv etdim. Azərbaycan ingilis və rus dillərində olmaqla
press-reliz hazırladım və bütün qurumlara yayaraq bildirdim ki,
telekanalın təklifinə razılıq verməyimə baxmayaraq, o əməkdaşlığa
bu səbəbdən son qoyuram. Çünki orda çalışmağım vətəndaş mövqeyimə
tamamilə zidd olan bir şeydir. Həm də ki, bu mənim vətəndaş borcum
idi. Həmin zaman mənim vətənpərvərlik hisslərim hər şeydən üstün
idi.