"KEÇMİŞ DUSTAQ HƏBSXANA QAPILARINDA"
LAYIHƏSINDƏ:
Mayın 27-də Prezidentin əfv sərəncamı ilə 170 nəfər dustaq
çəkdiyi cəzanın qalan hissəsindən azad olundu. Sərəncamın icrasını
müşahidə edən jurnalistlərin tərkibində Axar.az-ın nümayəndəsi
olaraq mən və foto-müxbirimiz İsmi Şahzadə də vardı.
4 qrupa bölünən jurnalist heyəti Ədliyyə Nazirliyinin
Penitensiar Xidməti idarəsinin nümayəndələri ilə birgə CÇM-də
oldular. Bizim qrup 4 və 10 saylı CÇM-ə düşmüşdü.
Qrupumuz əvvəlcə 4 saylı CÇM-də oldu. Dustaq qadınlar
ömürlərinin müəyyən vaxtını burda keçirir. Onları doğmalarından və
azadlıqlarından tikanlı məftillərlə əhatələnmiş xüsusi torpaq
şırımları və üstündən çarpaz məftillər keçən divarlar ayırır.
Üst-üstə 3-4 metr məsafəsi olan bu maneələri aşmaq, o biri üzə
keçmək üçün illərlə vaxt qət etmək lazım gəlir. Ani bir səhvin,
düşünülməmiş, yaxud düşünülmüş atılan bir addımın – törədilən
cinayətin fəsadı çox ağır olur.
MƏHKUM GÜLLƏR
Biz digər jurnalistlərdən bir qədər tez gəldiyimizdən, müşahidə
imkanlarımız daha çox oldu. Kiçik yoxlanışdan sonra CÇM-in
ərazisinə buraxılırıq. Cəza müəssisəsinin həyəti səliqəlisi ilə göz
oxşayır. Ağardılmış divar boyu əkilən qızılgüllər, az sayda da olsa
boy verən ağaclar tikanlı məftillərlə əhatələnmiş bir məkanda öz
gözəlliklərini qorumaqla yanaşı ətrafa da bir ekzotik gözəllik
verir. Bu güllər də sanki məhkum bir ömür yaşayır.
Bizi qarşılayan zabitlər suallarımı cavabsız qoymur. Rəsmi
törənin başlamasına isə bir neçə dəqiqə qalır. Digər jurnalistlər
hələ içəri keçməyib. Onları xüsusi avtobus gətirəcək.
Bir azdan növbətçi zabit jurnalistləri kluba dəvət edir. Onlar
üçün yer ayrıldığını və çəkiliş aparmaq üçün şəraitin yaradıldığını
deyir.
GENARAL ARZU EDİR
Əfv fərmanının icrasına start verilir. Ədliyyə Nazirliyinin
Penitensiar xidməti idarəsinin rəis müavini, general-mayor Hüseyn
Əlixanov çıxış edir. Bütün dustaqları Nazir Fikrət Məmmədov,
Penitensiar xidmətin rəisi general-leytenant Mədət Quliyevin
adından bayram münasibəti ilə təbrik etdikdən sonra, Prezidentin
əfv sərəncamı ilə azadlığa qovuşan məhbus xanımlara da gələcək
işlərində uğurlar arzulayır. Onlara azadlığa çıxmaları üçün
arayışları təqdim edir.
ÖLKƏDƏ QADIN HƏBSXANASI OLMASIN
Bərdə rayon sakini, Az. CM-in 178.2.4 maddəsi ilə həbs olunan
İbrahimova Kəklik Çoban qızı ölkə başçısına bu sərəncama görə
təşəkkürünü bildirir və çıxışının sonunda deyir:
- Arzu edirəm ki, ölkəmizdə qadın həbsxanası olmasın.
FİKİRLƏŞMƏYƏ VAXTI OLANLAR
Azadlığa qovuşan məhbus xanımlarla söhbət edirəm. İbrahimova
Kəklik:
- Özümü peşman sayıram. Sözümü isə bayaq dedim. Əlbəttə ki,
sevinirəm. Altı ildir ki dar bir yerdə günahlarımın cəzasını
çəkmişəm. Fikirləşməyə vaxtım çox olub.
GƏRƏK İRANA KÖÇMƏYƏYDİM
İran İslam Respublikasının vətəndaşı Fəttahova Gülnarə Fəttah
qızı:
- Mənim necə tutulmağımı soruşma, gərək İrana köçməyəydik. 234.4
maddəsi ilə həbsdə idim. 7,5 il həbs cəzam vardı. Sağ olsun
prezidentimizi, məni əfv etdi.
Gülnarə ona verilən cəzanın 1 il 10 ayını çəkmişdi.
- Gülnarə xanım, hansı hissləri keçirirsiz?
- Sevinirəm. 30 yaşında qızım var, nişanlıdır. Onun toyunu
edəcəm. Özüm Naxçıvanda doğulmuşam. Ailəm də elə Naxçıvanda
yaşayırdı. Onlar 1946-cı ildən İrandan köçmüşdülər. Qayınanam bizi,
müstəqilliyin ilk günündə yığıb apardı vətəninə. Getdik. Nə isə,
yaxşı ki, azad oluna bildim...
Gülnarənin sevinci aşkar duyulurdu. Suallara çəkinmədən cavab
verir, zarafat da edirdi...
QAPALI QALAN QADIN
Jurnalistlərə qapalı qalmağı ilə seçilən dustaq qadın isə Quba
rayon sakini Zülfüqarova Yeganə Abdulla qızı idi. 178.3.2 maddəsi
ilə 8 il azadlıqdan məhrum olan Yeganə 6 il qapalı rejimdə yaşasa
da, sanki burada özünü hər kəsdən ayrı, tənha hiss edirdi. Acıqlı
adam təsiri bağışlayırdı. Jurnalistlərə iradını bildirirdi. Ona
verilən suallar cavabsız qaldı. Sevincini isə gizlədə bilmir,
məhbus qadınların, eləcə də tədbirdə iştirak edənlərin təbriklərini
qəbul edirdi...
BİZİM QIZLAR...
Tədbirdən sonra 4 saylı CÇM-in növbətçi hissə üzrə rəis
köməkçisi, ədliyyə mayoru Çiçək xanım Biləndərli ilə söhbət edirəm.
Çiçək xanım uzun müddət burada çalışdığını deyir. Təcrübəli
işçilərdəndir. Dediklərindən məlum olur ki, təsadüf nəticəsində
cinayət törədən dustaqlar və qatı cinayətkarlarla çox üzləşib.
Müəssisənin hər tərəfində səliqə-sahmanın bu qədər ideal olmasına
da qısaca cavab verir:
- Bizim qızlar səliqəni sevir, müvəqqəti də olsa, bura onların
evidir.
SƏNƏT ÖYRƏNİRLƏR
- Cəza evində məhbus qadınların boş vaxtlarını səmərəli
keçirməsi üçün yüksək şərait yaradılıb. Burada məscid, kitabxana
fəaliyyət göstərir. Əmək fəaliyyəti ilə məşğul olan qadınlar isə
tikiş sexində çalışırlar. Qadınların əksəriyyəti buradan dərzi
sənətinə sahib olub azadlığa çıxırlar, - bunu da Çiçək xanım
deyir.
TƏƏSSÜF, YALVARIŞ, DONUQ BAXIŞLAR
Qadınların gözlərinə fikir verirəm. İfadələr müxtəlifdir. Həyata
sevgi, yaşamaq, azadlığa çıxmaq üçün təəssüfqarışıq yalvarış dolu
baxışlarla yanaşı, soyuq, donuq, heç bir məna kəsb etməyən baxışlar
da az deyil.
Yaşlı bir qadına yaxınlaşıram:
- Neçə ildir buradasan?
- 4 ildən çoxdur.
VAXTIN ÇOXLUĞUNDAN ƏZİYYƏT ÇƏKİRƏM
Və hiss edirəm ki danışmaq istəyi çoxdur. Lakin gözucu zabit
qadına baxır, dinmir.
- Xanım, necədir bura, heç olmasa fikirləşməyə,
götür-qoy eləməyə vaxt var?
- Burada vaxtın çoxluğundan əziyyət çəkirəm. Fikirləşirəm.
Fikirlər heç nəyi geri qaytarmır axı. Nə olsun?
KƏRTƏNKƏLƏ GİZLƏNİR
- Neçə ildir ki, burdayam, inan, hər xırda daşın, hansı küncdə
hörümçək torunun olduğunu dəqiq bilirəm. Bilirəm isti yay günləri
hansı daşın dibində kərtənkələ gizlənir. Hətta gül kollarının
yarpaqlarının da sayını bilirəm, vaxtımı belə öldürürəm.
Bunları orta yaşlı, yaraşıqlı bir xanım deyir. Əlavə edir:
- Hə dustağam. Bilirəm ağır addır. Amma mənim həyatımdır bu.
Yaşamalıyam, gözləyənlərim var. Onlar üçün yaşayacam.
- Yanına gəlirlərmi?
NƏSLİN PAPAĞINI YERƏ SOXMUŞAM
Şərti olaraq Zeynəb adlandırdığım bu qadın ah çəkir:
- Əlbəttə, gəlirlər. Sovqat gətirirlər. Burda adamın olmasa,
yaşamaq çətindir. Elə çöldəki kimi. Yolumu gözləyən çoxdur.
Doğmalarım, balalarım darıxdığım adamlar var. Məndən üz döndərənlər
də az deyil, guya nəslin papağını yerə soxmuşam.
- Səncə, necədir - soxmusan nəslin papağını
yerə?
- Yox, düz deyil. Mən o zaman nəslimin, qardaşlarımın, atamın,
yoldaşımın papağını yerə soxmuş olardım ki, indi burda yox,
azadlıqda olmuş olsaydım. Mən peşmanam, törətdiyim cinayətə görə.
Həm də peşman deyiləm. Ərimin, oğlumun, qayınlarımın gözünün içinə
baxa biləcəm.
Daha heç nə demir. Soruşuram, dolmuş gözlərini göyə dikir. Sonra
qara paltarlı, qara taleli qadınların içərisində "əriyir", yoxa
çıxır.
BİR QƏLBDƏN ÇIXANLAR
Gözlərim onu axtarır, ilahi, burda bütün qadınlar demək olar ki,
bir-birinə oxşayır. Gənci, ortayaşlısı, ahılı – hamısı elə bil, bir
qəlibdən çıxıblar...
Klubun küncündə oturmuş yaşlı qadına yaxınlaşıram. Skamyada
yanında otururam, əllərinə baxıram. Ağappaq əlləri var. Gözlərinə,
sifətinə isə kədəri sanki qucaq-qucaq töküblər. Ağ bənizinin
qırışlarında qapqara bir kədər yuvalayıb. Əllərini tutub,
sığallamaqdan özümü güclə saxlayıram.
MƏNİN ADAMIM YOXDUR AXI
- Gözləyirdinmi ki, səni də əfv etsinlər?
Səsi də əlləri kimi titrəyir:
- Məni boşdamazlar, bala, mənim kimim var axı...
- Onları prezident əfv edib, sənin də adamın
prezidentdir, gərək müraciət edəydin.
- Prezidentə qurban olum. Amma adamım yoxdur axı... Ona deyən
gərəkdir.
- Niyə ki, rəisiniz cavan oğlandır. Fariz müəllimə
desəydin, sənin də müraciətini çatdırardı.
- Rəisimiz təzə gəlib, mən ondan da qabaq burdayam. O, yaxşı
oğlandır, amma mənim adamım yoxdur axı...
GÜNAHI OLMAYAN QADINI TUTMURLAR
- Hə, çətin şeydir adamsızlıq... Bəs yaxşı, nə günahın
sahibiydin axı, səni niyə tutdular.
- Bizdə günahı olmayan qadını tutmurlar... Günahım var... Günahımı
çəkirəm...
ÇÖLDƏ HAVALAR NECƏDİR?
Hamımızın günahımız var. Hamımız günahlarımızın ağrısını,
cəzasını çəkməliyik. Burada yaşayanların əksəriyyəti etdikləri
cinayətin cəzasını mənən çəkib qurtarıblar. Lakin qanunların sərt
dili kövrək ürəklərin çabalamasından, titrək-titrək döyünməsindən
xəbərsizdir. Qadının, ananın ən böyük cəzası onu sevdiyindən,
canından ayırıb dünyaya gətirdiyi balasından, ciyərparasından ayrı
salmaqdır. Axı burda namusunun, şərəfinin keşiyində durub cinayətə
əl atanlar da var...
Yaşlı qadından bu fikirlərlə aralanmaq istəyirəm. Bacarmıram.
Bir anlıq yerimdə donuram. Qadının titrək səsi məni ona tərəf
döndərir:
- Bala, çöldə havalar necədir?
- Soyuqdur, xala, çöldə havalar çox soyuqdur, -
deyirəm...