"Sevgi etirafları" layihəsində
Onunla tanışlığımın yaşı elə də çox deyil. Feysbuk
sosial şəbəkəsindəki 5000 dostumdan biridir.
Tanışlığımız da elə burdan başlayıb. Dediyinə görə, yazdığım
statuslar, şeirlər və müəllifi olduğum yazılar ürəyincə olduğu üçün
mənimlə dost olmaq istəyib. Bir müddətdən sonra isə virtual
tanışlıq real dostluqla əvəzləndi. Doğrusu, görüşmək təklifi də
ondan gəldi və imkan tapan kimi görüşümüz baş tutdu. İlk
görüşümüzdəcə zarafatından qalmadı:
- Sən də ki maşallah, "görüşmək istəyirəm" deyən kimi əlbəəl
razılaşdın, - dedi.
Mən də zarafata saldım:
- Sən necə düşünürsən, mən kiminsə arzusunu gözündə
qoyan adama oxşayıram? Anam belə doğub məni...
Bu söhbət virtual tanışlığımızın ikinci ayında olmuşdu. O vaxta
qədər isə mənə şeirlərini göndərmişdi və xahiş etmişdi ki,
fikirlərimi bildirim. Şeirlərini oxuduqdan sonra eləcə, "səmimi
hisslərin var", - yazmışdım. Həm də bir neçə şeirinə də əl
"gəzdirmişdim". Əslində, həmin şeirləri demək olar ki, təzədən
yazmışdım. O, bunu bəyənsə də qəbul etməmişdi:
- Bu şeirlərin altına imzamı qoya bilmərəm, bunları sən
yazmısan,- demişdi. Mən isə onu inandırmışdım ki, sən o hissləri,
yaşamı yazıb, mənə hiss etdirib, mənə yaşatmasaydın, heç cürə həmin
şeirləri belə redaktə edə bilməzdim. O, buna inanmışdı. Və həmin
gündən bizim aramızda səmimi dostluq münasibətləri yaranmışdı.
Axırı biz onunla FB-nin hüdudlarından kənarda görüşüb yaxından
tanış ola bilmişdik.
Ağgül (ad şərtidir) ev xanımıdır. İki ali təhsil alıb. İlk
olaraq Tusi adına Pedaqoji Universiteti, sonradan isə Tibb
Universitetini bitirib. Gözəl rəsm çəkir. Ailə qurana qədər isə
xəstəxanaların birində həkim işləyib. Dediyinə görə, rəhmətlik
qayınatası çox hörmətli və pullu kişi olub. Qayınanası hələ də
məktəblərin birində direktor müavini çalışır. Həyat yoldaşı isə güc
strukturlarından birinin yüksək rütbəli zabitidir. Bir uşaq
anasıdır. Dediyinə görə, oxuduğu kitablar və yazdığı şeirlər
olmasa, yaşaya bilməz. Bir də qızı. Onu ən çox bu həyata bağlayan
da yeganə övladıdır. Ərini sevmir. Amma "ondan yaxşı adama da ərə
gedə biləcəyimi təsəvvür edə bilmirəm", - deyir.
Ağgül Azərbaycanın şimal-qərb rayonlarından birində doğulub.
Sarışın saçlı, ağbəniz xanımdır.
NÖVBƏTİ GÖRÜŞ
Bu dəfə də mənimlə görüşüb söhbət etmək istədiyini dedi və
qərara gəldik ki, şəhər kənarına - onun bağ evinə gedək.
Vədələşdiyimiz yerdə görüşürük. Onun maşınına əyləşirəm. Son
model xarici maşın sürür. Hiss olunur ki, naşıdır. Sükan arxasında
o qədər də sərbəst deyil. Təklif edirəm ki, yerimizi dəyişək,
maşını mən sürüm. Razılaşmır:
- Sürməyi təzə öyrənirəm, yol da basırıq deyil. Yoldaşıma
demişəm ki, bağa gedib qayıdacam. Həm də maşın sürüm. O, pis baxmır
belə şeyə.
Sonra da gözucu mənə baxır:
- Bilirsən, səninlə bu dəfə niyə görüşmək istədim?
O MƏNİM HƏYATIMI BİLİR
- Nə bilim, yəqin yuxuna girib ki, mən də səninlə
görüşmək istəmişəm, - zarafat edirəm.
- Yox, sən zarafat edirsən. Amma mən sənin bir neçə yazını
oxuyandan sonra həmin qadınların etirafına inandım. Qonşumuzda bir
gəlin var, həkim olduğum üçün mənə iynələrini vurdurur. Mehriban
qızıdır. O da oxumuşdu sənin yazını, demişdi ki, yazarın
fantaziyasıdır. Heç bir qadın belə etiraf etməz. Nəyi var, içində
saxlayar. Mən ona sübut edəcəm ki, qadınlar etiraf etməyi bacarır.
Ona çox şeyi danışmışam. Həyatımı bilir. İndi sənə danışacam.
Maşını aşağı sürətlə sürür və bu da bəzən arxadan gələn
maşınların haqlı etirazına – aramsız siqnallarına səbəb olur.
Əhəmiyyət vermir. Qısa ətəkdə ayaqlarını pedalın üstündə
"oynatması" gözəgəlimlidir. Ayaqalrına baxdığımı hiss edir, maşının
sandıqçasından siqaret çıxarır. Yandırdıqdan sonra:
- Bilirsən, o dediyim gəlin xoşbəxtdir. Sevdiyinə ərə gedib.
Baxmayaraq ki, ərinin qazancı o qədər də çox deyil, amma
xoşbəxtdir. Bilirsən, o, həm də xoşbəxt olmaq üçün nəyisə qurban da
verə bilir. Onunla keçmişim haqda söhbət edirəm, mənə deyir ki, sən
naşükürsən, o məni bəxtəvər kimi görür. Hələ desən, qibtə də
edir.
- O gəlin düz deyir də... Demək istəyirsən ki, sən
xoşbəxt deyilsən? Ailən var, uşağın, qayınanan dediyinə görə, səni
çox istəyir. Eviniz, bağınız, altında maşının, gəzmədiyin yer
qalmayıb, ərin də, maşallah polkovnik olsa da, qulluğunda çavuş
kimi durur.
- Səncə, bütün bunlar xoşbəxt olmağa bəs edər?
ƏRİM HƏR ŞEYİ BİLİR
- Hələ bir az da artıqdır. Səni döymürlər, incitmirlər.
Ailəndə sənə inananları "uff" demədən aldadırsan, başqa adla Fb-yə
girirsən, mənimlə sərbəst görüşüb paylaşa, dərdləşə, hətta öz
maşının da bağına apara bilirsən. İki ali təhsilin var. Müasir
xanımsan və hətta hər gün 5-10 şeir yazırsan. Təbin də səni yarı
yolda qoymur.
- Bunlar hamısı düzdür. Amma mən ərimi aldada bilmərəm. O, hər
şeyi bilir...
- Hər şey deyəndə, yəni nəyi bilir, mənimlə görüşməyini,
şeir yazmağını?
- Yox, o bilir ki, mən onu sevmirəm. Mənə özü dedi. Dedi, Ağgül,
bizim aramızda olan sevgi deyil. Sənə ölənə qədər hörmətim olacaq.
Atama, anama yaxşı gəlin, mənə diqqətli həyat yoldaşı olmusan,
qızımın anasısan. Yaşayaq beləcə...
BAĞDA
Artıq bağa çatmışıq. O qədər
də böyük olmayan ikimərtəbəli yaraşıqlı bağ evləri var. Birinci
mərtəbəsə böyük qonaq otağı, mətbəx və o qədər də böyük olmayan duş
və ayaqyolu var. İkinci mərtəbədə isə 3 yataq otağı və hər otağın
ayrıca hamamı. Otaqları gəzdikdən sonra aşağı həyətə düşürük və
söhbətimizi davam etdiririk.
- Gəl, belə danışaq, mənim sənə inanmadığımı qəbul et.
Mənə elə gəlir ki, sən 35 yaşının tamamında özünü 15 yaşlı kimi
aparırsan. Bəs sən niyə istədiyinə ərə getmədin?
- Atam verdi məni. Mənə qulaq asan vardı ki?
MƏNİ QAYINATAM
BƏYƏNİB
- Sən iki ali məktəb bitirmişdin, hələ vaxt tapıb
işləmişdin də. Uşaq deyildin ki. Necə ola bilərdi səni atan
verəydi?
- Hə, məni atam verdi. Sevdiyim adam isə artıq başqasını
almışdı. İçimdə boşluq vardı. Yoldaşımgil mənim əmim arvadının
qohumlarıdır. Əmim qızı ilə bunlara gəlmişdik. Kişi məni görüb,
bəyənib. Dedi ki, atana de, sizə qonaq gələcəyik. Dedim, gəlin.
Gözümüz üstə yeriniz var. Valideynlərim rayonda olur. Getdilər və
məni istədilər. Atam da anamla məsləhət edib razılıq verdi.
Yoldaşımla sonradan tanış olduq. İşlədiyim xəstəxanaya gəldi.
Yaraşıqlı, hündürboy oğlan idi. Qızlar onu görəndən sonra dedilər
ki, bəxtin gətirib, beləsi ələ düşməz.
- Daha nə istəyirsən. Düz deyirlər də... yoxsa belə
sərbəstliyi tapa bilərdinmi? Ona deyirsən ki, bu şeirləri ona
yazırsan?
- Yox mən şeirlərimi Tərlana yazıram. Onu indi də sevirəm.
ATAM MƏNİ BƏDBƏXT
ELƏDİ
- Sən nə pis qızsan, qız.
Ağlayır. Gözlərinin içi qanla dolub. Əlləri ilə gözünün yaşını
silir.
- Atam məni bədbəxt elədi, - deyir. - Atamı bağışladım. Dedim,
ata, bu mənim taleyimdir, mənim həyatımdır. O mənə dedi ki,
bacarsan məni bağışla.
- Atan bildi ki, ərinlə soyuqsan?
- Yox, atam bilirdi Tərlanı sevirdim.
- Qoşulub qaçaydın da. – Əşi, bu nədir e, fikirləşirəm.
Sentimental həyat tərzi keçirən, rahat ömür sürən bir qadının
dərdlərini vərəqləyirəm. O isə artıq hıçqırır:
- Axı o, evlənmişdi.
- Bəs niyə ağlayırsan, o ki səni sevməyib. Səni
sevməyəni necə sevə bilərsən?..
- Sevib o məni, - artıq mənə qarşı bir qəzəb hiss olunur onda. O
mənim sinif yoldaşım idi. Onu çox sevirdim. O da mənə hey xəbər
göndərirdi ki, sevirəm, bir cavab ver. Mən heç nə demirdim. Əsgər
getdi-gəldi, yenə də xəbər göndərdi. Mən Bakıda oxuyurdum.
Utanırdım, "hə" deyə bilmirdim. Heç qızlara da demirdim ki, onu
sevirəm. O da başqasını aldı. O da bədbəxt oldu.
BACARSAN BAĞIŞLA
- Niyə?
- Saqqal saxlayır. Vəhabidir. Rayona gedəndə gördüm. Mənə xəbər
göndərdi ki, istəsə boşansın, onu da alaram. İkinizi də saxlayaram.
Amma mən razı deyiləm. Atam kənddə olanda otağıma keçdi. Boynumu
qucaqladı. "Bağışla qızım, səni bədbəxt etdim, - dedi. – Bacarsan,
bağışla".
Bilirsən, atam mənim rahat yaşamamı istəyirdi. İstəyirdi xoşbəxt
olam. Onda günah görmürəm.
- Sənin də qızın var.
- Mən qızımı xoşbəxt görmək istəyirəm. Kimi sevsə, qoy ona da
getsin. Amma çox istəyərəm ki, qızımın əri atası kimi olsun.
Yaraşıqlı, bacarıqlı, ailə qədri bilən.
TƏRLANA GETSƏYDİM...
- Amma sən düşünürsən ki, Tərlana getsəydin, xoşbəxt
olacaqdın?
- Yox, Tərlana getsəydim daha pis gün yaşayacaqdım, yəqin ki.
Onun durumu, düşdüyü mühit məni qane etmir. Mən indiki Tərlanı
sevmirəm ki. Mən Zaqatalada, orta məktəbdə oxuduğum, sevdiyim o
avar balasını sevirdim. İndiki Tərlan o Tərlanı da öldürdü.
Xəyalımdakı Tərlanıma şeirlər yazıram.
- Sən hər kəsdə Tərlandan nə isə görürsən, ürək
qızdırırsan, özün–özünlə danışırsan... Bax, elə çox güman ki, məndə
də sənin Tərlanının hansısa cizgisi olmalıdır.
- Yox, sən nə danışırsan. Sən sadəcə adamla FB-də elə danışırsan
ki, guya illərdir tanışıq və sən hər şeyi bilirsən.
Mən isə onun haqda doğrudan da bəzi şeyləri öyrənmişdim. Bunu
onun özü bir dəfə başqa bir rəfiqəsinin faciəsi kimi mənə nəql
etmişdi. Yazmışdı ki, rəfiqəmin əri qonşusunun arvadı ilə görüşür.
Həmin qadın rəfiqəsi gilə gedib gəlir. Dost kimi ailənin rəğbətini
də qazanıb. Əri bunu çox ustalıqla gizlədə bilir. Hələ məndən
soruşmuşdu ki, rəfiqəm nə etsin? Mən də demişdim ki, heç nə...
həyatını yaşasın və mənim telefonumu ver zəng etsin, görüşək,
söhbət edək. Razılaşmamışdı.
Bilirdim ki Ağgülün "rəfiqəsi" elə onun özüdür.